Məhkəmə qərarları › İş №2(103)-5736/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5736/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5736/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1473/2018 saylı, 05 oktyabr 2020ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan əsas borc 420,33 manat, faiz borcu 285,12 manat olmaqla, ümumilikdə 705,45 manat və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli, 2(001)- 1473/2018 saylı qətnaməsinə əsasən Cavabdeh 420,33 manat əsas borc və 285,12 manat faiz borcu olmaqla, ümumilikdə 705,45 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Cavabdehin həmin qətnamədən 17 oktyabr 2018-ci il tarixdə verdiyi apellyasiya şikayəti Binəqədi Rayon Məhkəməsinin 2(001)-1473/2018 saylı, 22 oktyabr 2018-ci il tarixli qərardadına əsasən imzalanmadığından geri qaytarılmışdır. Cavabdehin həmin qətnamədən 30 sentyabr 2020-ci il tarixdə yenidən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1473/2018 saylı, 05 oktyabr 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Cavabdehin həmin qərardaddan verdiyi şikayət məhkəmənin eyni saylı, 27 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan poçt xəbərnaməsindən (i/v. 74) görünür ki, Cavabdeh Binəqədi Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli qətnaməsini 26 sentyabr 2018-ci il tarixdə şəxsən almış, 17 oktyabr 2018-ci il tarixdə apellyasiya şikayəti vermiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1473/2018 saylı, 22 oktyabr 2018-ci il tarixli qərardadı ilə şikayət imzalanmadığından geri qaytarılmışdır. Bundan sonra cavabdeh 30 sentyabr 2020-ci il tarixdə yenidən apellyasiya şikayəti versə də, ötürülmüş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Beləliklə də, müəyyən olunur ki, rayon məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qərardadı qanuni və əsaslıdır, cavabdehin şikayəti isə əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-364, 398, 400, 403, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1473/2018 saylı, 05 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar