Məhkəmə qərarları › İş №2(103)-5740/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5740/2025

02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5740/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4792/2025 saylı, 21 avqust 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nərimanov Rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 30 aprel 2025-ci il tarixli Qərarın surətindən görünür ki, araşdırma zamanı, Cavabdeh 2025-ci ilin yanvar ayında Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 ünvanında yerləşən “GirlsGym” idman zalını açmaq qərarına gəlmiş, orada rəngsaz işlərinin görülməsi üçün dostu X3 ilə danışmış, M.Vəliyev ona, şirkətində rəngsaz işləri ilə məşğul olan ustaları olduğunu bildirmiş, bundan sonra ona Rza adlı şəxsin nömrəsini verərək ona usta gətirəcəyini bildirmiş, fevral ayının əvvəllərində Rza rəngsaz ustası kimi təqdim etdiyi Babək və Bəşiri onunla tanış etmiş, onlarla söhbət edərək 148 kvadrat metrlik idman zalının kvadratını 3 manatdan, ümumilikdə təxminən 3445 manat müqabilində təmir edəcəklərini bildirmiş, onlar da razılaşaraq işə başlamışlar. Lakin bununla bağlı onlarla heç bir xidmət və yaxud əmək müqaviləsi bağlanmamışdır. Həmin müddət ərzində Babəkin “Unibank” bank kartına 875 manat əlbəəl isə 250 manat pul verərək ümumilikdə onlara 1125 manat pul vermiş və işi tam yekunlaşdırdıqdan sonra qalan məbləği yəni, 2320 manat pulu verəcəyini bildirmişdir. Təxminən 1 ay sonra işin 90 faizini görüb qurtarsalar da, onlara səbirli olmalarını, 2-3 gün ərzində pullarını verəcəyini demişdir. Lakin onlar 2320 manat pulu həmin gün verməli olduğunu, əks təqdirdə hüquq mühafizə orqanlarına şikayət edəcəklərini bildirmişlər. İzahatı alınmış Cavabdeh 2320 manatı qaytarmağa hazır olduğunu, işin yekunlaşan vaxtı maddi imkanı yaxşı olmadığı üçün iddiaçıların pulunu qaytara bilmədiyini etiraf etmişdir.

2. İş materiallarına əlavə olunan CD-diskdən də görünür ki, iddiaçılar Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən qeyri-yaşayış sahəsində təmir işləri aparmışlar.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.320 (iki min üç yüz iyirmi) manat pul və 43,20 (qırx üç manat iyirmi qəpik) manat dövlət rüsumunun, cəmi 2.363,20 (iki min üç yüz altmış üç manat iyirmi qəpik) manat pul alınaraq onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, tərəflərindən 2025-ci ilin yanvar-fevral aylarında Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində Cavabdeh məxsus qeyri-yaşayış sahəsində təmir işləri aparılmış, bununla əlaqədar cavabdehin onlara 2.320 (iki min üç yüz iyirmi) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Həmin qeyriyaşayış sahəsində işləmələrini təstiq edən fotoşəkillər və whatsap səs və video yazışmaları vardır. Cavabdeh 2.320 manat pulu tələb etmələrinə baxmayaraq, heç bir nəticəsi olmamaışdır. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmışdır. İddiaçı2 bu barədə hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət etmiş və Bakı şəhəri, Nərimanov Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla ona mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4792/2025 saylı, 21 avqust 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh 2.320 (iki min üç yüz iyirmi) manat pul tutularaq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda araşdırma zamanı cavabdeh izahat verərək, iddiaçılarla aralarında bağlanmış şifahi razılaşmaya uyğun olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən qeyri-yaşayış sahəsində təmir işlərinin görülməsi üçün 3445 manata razılaşdıqlarını bu məbləğdən 875 mnaat kart hesabına 250 manat isə nağd şəkildə ödənildiyini, 2320 manat borcu qaldığını hazırda həmin məbləği qaytarmağa hazır olduğunu, həmin zaman maddi imkanının yaxşı olmadığı üçün pulu qaytara bilmədiyini etiraf etmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 329.2, 329.3, 385.1, 442, 448.1, 752.1, 759.2 və 762.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4792/2025 saylı, 21 avqust 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları natamam araşdıraraq, iddiaçıların izahatlarını dinləyərək yalnış nəticəyə gəlmişdir. Məhkəmə yalnız iş materiallarına əlavə olunan Nərimanov Rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 30 aprel 2025-ci il tarixli Qərara əsaslanaraq iddianı təmin etsə də, bu tam əsassızdır. Belə ki, Nərimanov Rayon Prokurorluğunda yazılmış izahat onun iradəsini əks etdirmir və təhrif edilmişdir. Həmin işlə bağlı məhkəmədə araşdırma aparılmış və müəyyən edilmişdir ki, onun izahatında yazılanlar tam təhrif olunmuş ifadələrdir. Hadisə ondan ibarətdir ki, iddiaçılar X1 qarşı ərizə ilə Nərimanov Rayon Prokurorluğuna müraciət etmiş, Vəliyev Muxtarın onları işlədib pul vermədiyini qeyd etmişdirlər. Elə iş materiallarına əlavə olunan Nərimanov Rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 30 aprel 2025-ci il tarixli Qərarından açıq aydın bunu görmək olar. Halbuki məhkəmə buna məhəl qoymamışdır. X1 (məhkəməyə şahid qismində dəvət edilməsini xahiş edir) və onun müəssisəsinə qarşı edilən şikayətin baş tutmadığını görən iddiaçılar ona qarşı iddia təqdim etmişdir. Halbuki, məhkəmədə araşdırma zamanı məlum olmuşdur ki, iddiaçıların şikayəti təsdiqini tapmır. Belə olan halda həm vəzifəli şəxs kimi, həm də hüquqi şəxsin barəsində tərtib edilən protokollar məhkəmə tərəfindən ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Ona qarşı qaldırılmış iddia isə tam əsassız və absurddur. Onun həmin şəxslərə borcu yoxdur. Ümumiyyətlə məhkəmə araşdırmamışdır ki, iddiaçıların onun obyektində, icarə sahəsində, onun tapşırığı ilə, iş görüb yoxsa yox? Görülübsə hansı işlərdir? Miqdarı nə qədərdi? Hansı məbləğə razılaşdırılıb? Ona görə də qətnamə tamamilə əsassızdır və araşdırılmadan qətedilmişdir. Hakim işə baxan zaman iddianın əsasını təşkil edən sübutları tam araşdırmadan, araşdırılmış sübutlara düzgün hüquqi qiymət vermədən, formal mülahizələr əsasında onun üzərinə öhdəlik qoymuşdur. Halbuki, bu tamamilə əsassızdır və qanunsuzdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçnin bildirmişdir ki, iddiaçılar tikintini sona kimi çatdırmadılar, malyar işi ilə məşğul idilər. Ona görə də o, mütəxəssisi cəlb etdi, iddiaçılar onunla da mübahisə etdilər. İddiaçıların işi tam görmədiklərinə dair əlində sübutlar vardır. İstintaqda o iştirak etmişdir, lakin məhkəmədə iştirak etməmişdir. Prokurorluğa özü getmişdi, heç onu dəvət etməmişdilər. İddiaçı tərəf öz işini bitirməmişdir. İşi keyfiyyətli şəkildə təhvil verməyiblər. Ona ziyan vurmuşdur. Muxtar adlı şəxs barəsində inzibati qaydada protokol tərtib edilmişdir. Muxtar onun tanışıdır. Bu sahədə mütəxəssisdir. Onunla arasında müqavilə də vardır. İşlərin qüsurlu olması barədə iddiaçı tərəf məlumat verdi və həmin qüsurların aradan qaldırılması üçün onlara vaxt da verdi, lakin qüsur aradan qaldırılmadı. Bundan sonda iddiaçı tərəf təhqirlər etməyə başladı

12. Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onlar pis işləmişdisə cavabdeh tərəf niyə onlarla münasibətləri dayandırmadı?! İşlərində cüzi qüsurlar var idi, onlara vaxt veriləndən sonra həmin qüsurları aradan qaldırdılar. İşi təhvil verdikdən sonra cavabdeh yoxa çıxdı və onların pulunu vermədi.

13. Məhkəmə iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Onlar qarşı tərəflə bir yerdə izahat verməmişlər, ayrı vaxtlarda izahat vermişlər.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

18.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

19.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

20.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 21.442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 22.443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 23.445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün vəgecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 24.448.1-ci və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və yahərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 25.752.1-ci və 752.2-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icraetməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 26.759.2-ci maddəsinə görə, əgər sifarişçi tərəfindən müqaviləyəbilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 27.769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 28.770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

29.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 30.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 31.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 32.Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsitərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (372.2-ci maddə).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 34.Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 35.Nəzərə alınmalıdır ki, digər konsensual müqavilələrdən fərqli olaraq, podrat müqaviləsi bağlandığı andan icra edilə bilməz, çünki işlərin görülməsi ilə bağlı müəyyən vaxt sərf etmək lazımdır ki, tələb olunan nəticə əldə edilsin. Podrat müqaviləsinin predmetini görülmüş işlərin nəticələri təşkil edir. İşlərin görülməsi, podratçının öz vəzifəsinin icra edilməsi üçün ilk öncə müqavilə bağlanılır, burada hansı işlərin görülməsi (podratla bağlı smetanın tərtibi) və müddəti müəyyən edilir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 36.Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. 37.İş materiallarından göründüyü kimi iddiaçılar şifahi formada bağlanmış podrat müqaviləsi üzrə işlərin nəticələrini cavabdehə təhvil verdiyinə istinad etməklə bunun müqabilində razılaşdırılmış muzd ödəməyi tələb edirlər.

38. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda araşdırma zamanı cavabdeh izahat verərək, iddiaçılarla aralarında bağlanmış şifahi razılaşmaya uyğun olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən qeyri-yaşayış sahəsində təmir işlərinin görülməsini 3.445 manata razılaşdıqlarını, bu məbləğdən 875 manat kart hesabına, 250 manat isə nağd şəkildə ödənildiyini, 2.320 manat borcu qaldığını, hazırda həmin məbləği qaytarmağa hazır olduğunu, lakin maddi imkanının yaxşı olmadığı üçün pulu qaytara bilmədiyini etiraf etmişdir.

39. Beləliklə işdə olan sübutlara əsasən tərəflər arasında şifahi formada bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığı, iddiaçların həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etdikləri öz təsdiqini tapmış, bununla da həmin müqavilədən irəli gələn cavabdehin muzd ödəmək öhdəliyinin əmələ gəldiyi sübuta yetirilmişdir. Cavabdeh isə öz növbəsində öhdəliyi tərəflərin razılaşması ilə başqa formada icra etdiyini, bununla da öhdəliyə xitam verildiyini sübut edə bilməmişdir.

40. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

42. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

43. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4792/2025 saylı, 21 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar