Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5741/2022 24.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: alimentin miqdarının dəyişdirilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehn qarşı “alimentin miqdarının dəyişdirilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1683/2022 saylı 08 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 24 avqust 2022ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1680/2020 nömrəli qətnaməsi ilə iddiaçı X3 ilə cavabdeh X4 arasında qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 nikah pozulduqdan sonra iddiaçının yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iki uşaqlarının saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 2011-ci il tarixdə nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan iki uşaqları doğulmuşdur. Aralarında olan nikah qətnamə ilə pozulmuş və uşaqların saxlanılması üçün hər uşağa görə 130 manat məbləğində aliment tutulmuşdur. Hazırda təyin edilmiş 130 manat aliment uşaqların saxlanılmasına çatmır və ona məlum olmuşdur ki, cavabdeh Elektrik şəbəkədə işləyir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 iyun 2022-ci il tarixli 2(003)-1683/2022 saylı qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1680/2020 nömrəli qətnaməsi əsasında Cavabdeh iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilmiş, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1680/2020 nömrəli qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissə miqdarda alimentin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə, Ailə Məcəlləsinin 75.1, 76, 112.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnaməni heç nə ilə əsaslandıra bilməmiş, iddianın təmin olunması barədə formal qənaətə gəlmişdir. Məhkəmə onun iş yerinə dair məlumat olmadan, heç bir araşdırma aparmadan, onun qazancının 1/3 hissə miqdarında aliment tutmuşdur. Onun maddi və ailə vəziyyətində heç bir dəyişiklik olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.
10. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, göstərmişdir ki, hazırda rayonda olduğu üçün üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmir. Alimenti vaxtı-vaxtında ödəyir, lakin alimentin artırılmasına maddi imkanı yoxdur. Qarşı tərəf uşaqları ona göstərmir, bütün telefon nömrələrini bloka atdığı üçün uşaqlarla əlaqə saxlaya bilmir. Uşaqları görmək üçün evə getsə də, qapı bağlı olur, evdə heç kim olmur. İşə onun iştirakı olmadan baxılmasını və apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
11. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
12. Maddə 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment tutulur.
13. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
14. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
23. Cavabdehin apelyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən onun iş yeri barədə araşdırma aparılmadan qazancının 1/3 hissəsində aliment əsassız tutulmuşdur.
24. Kollegiya qeyd edir ki, “Elektron məhkəmə informasiya” sistemindən çıxarışdan görünür ki, cavabdeh "xxxx" ASC-də aparıcı mühəndis vəzifəsində işləyir və 1475 manat əmək haqqı alır.
25. Göründüyü kimi cavabdehin daimi iş yeri və müntəzəm qazancı var, bununla bağlı qeyd olunan dəlil əsassızdır.
26. Cavabdehin digər dəlili isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaması olmuşdur.
27. Bu dəlil də əsassız olmaqla iş materialları ilə təkzib olunur, belə ki, cavabdehin iş materiallarına əsasən məlum olan, həmçinin tərəfindən verilmiş apelyasiya şikayətində qeyd olunan telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilmişdir (iş.v.38).
28. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
29. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.
30. Bu baxımdan, “uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını, cavabdehin daimi qazancının olmasını əsas götürərək hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissə miqdarda alimentin tutulması qanuni və əsaslı olmuşdur.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1683/2022 saylı iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.