Məhkəmə qərarları › İş №2(103)-5742/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5742/2020

05.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5742/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, Cavabdeh vəkili X1 iştirakı ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-77/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35000 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, 1990-cı ildən ticarətlə məşğul olur. 2006-cı ildə Göygöl rayonunda torpaq sahəsi alaraq orada şadlıq sarayı tikmək qərarına gəlmişdir. 2015-ci ildə tikintinin ön hissəsini yəni fasadını şüşə elətdirmək qərarına gəlmiş və həmin vaxt tanışı Rasim onu Cavabdeh ilə tanış etmiş və onun yaxşı usta olduğunu bildirmişdir. Ramin özü də özünün yaxşı usta olduğunu bildirmişdir. Ramin tikintiyə baxıb, ölçü götürüb qiymət çıxartmış və demişdir ki, 1 il yarıma binanın 4 tərəfini şüşə edəcəkdir. Aralarında pulu hissə-hissə verməklə 105000 manata razılığa gəlmişdirlər. 2015-ci ildə Ramin təmir işlərinə başlamışdır. İlkin olaraq 20000 manat pulu Raminə Binəqədi rayonu, 6 mkr-da yerləşən “Röya” pərdə mağazasında vermişdir. Aradabir yaşadığı Bakı şəhərindən Göygöl rayonuna gedib Raminin gördüyü işlərə nəzarət edirmiş. Ancaq sonradan Bakıda müəyyən işlər olduğu üçün tez-tez Göygöl rayonuna gedib Raminin təmir etdiyi tikintiyə nəzarət edə bilməmiş, lakin hər dəfə telefonla danışanda Ramin hər işin qaydasında getdiyini demişdir. 2015-ci ildən 2016-cı ilin axırlarına kimi Ramin ondan hissə-hissə olmaqla 105000 manat pulu tikintini başa vuracağı adı ilə almışdır. Bundan əlavə arada Göygölə tikintiyə baxmağa gedəndə Ramin iddiaçıdan ustalara vermək adı ilə 1000 manat da pul almışdır. Tikintinin gecikdiyini görüb bu barədə Raminə xəbərdarlıq etmiş o, hər dəfə onu inandırmağa çalışırmış ki, qısa müddətdə tikintini təhvil verəcəkdir. Bundan sonra Ramin 2018-ci ilin mart ayında yenidən tikinti materiallarına görə 2000 manat, iki ay sonra isə Binəqədi rayonu, 6 mkr-da yerləşən “Röya” pərdə mağazasında, sonuncu dəfə 3500 manat ondan pul almışdır. İddiaçı onu da qeyd edir ki, 2017-ci ilin oktyabr ayında Ramin ona zəng edərək bir şəxsə 800 manat pul verməli olduğunu demiş, sonra Vadim adlı şəxs Göygöl rayonunda tikinti obyektinə gəlmiş və 800 manat pulu ona vermişdir. Cavabdeh iddiaçının etibarından sui-istifadə edərək 112400 manat pulunu mənimsəmişdir. Onu da qeyd edir ki, Ramin sonuncu dəfə 2000 və 3500 manat pulu alanda öz xətti ilə qəbz yazmışdır. İddiaçı bildirişdir ki, Göygöl rayon ərazisində inşa etdirdiyi ticarət obyektinin şüşələnməsi üçün 2017-ci ilin noyabr ayında Binəqədi rayonu, Gavadxan küçəsi 1 ünvanında yerləşən “Röya” pərdə satışı mağazasında 105000 manat, daha sonra əlavə olaraq 1000 manat, 2018-ci ilin mart ayında 2000 manat, iyun ayında isə 3500 manat olmaqla ümumilikdə 112400 manat ondan pul almış, lakin vədinə əməl etməyərək işi başa çatdırmamışdır. Raminin Göygöl rayonunda gördüyü tikinti işləri də keyfiyyətsiz aparıldığından bərbad vəziyyətə düşmüşdür. Ramindən tikintini başa vurmağı tələb etsədə o hər dəfə müxtəlif bəhanələr gətirərək işin icrasını başa çatdırmaqdan imtina etmişdir. Razılaşdığları məbləğdən əlavə də ondan pul aldığına baxmayaraq Ramin işi başa çatdırmaqdan imtina etmişdir. Hazırda işi başa çatdırmaq və Raminin qüsurla gördüyü işləri yenidən təmir etmək üçün təxminən 35000 manat pul sərf edilməli olduğunu bildirmişdir. Odur ki, həmin məbləğdə pul Cavabdeh tutulmalıdır. Bununla bağlı onunla danışsada cavabdeh tərəfindən heç bir tədbir görülmədiyindən, zərəri ödəməkdən və ya vəd verdiyi işi icra edib başa çatdırmaqdan imtina edildiyindən, danışıqların heç bir nəticəsi olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin təqsiri ilə ona həm maddi, həm də mənəvi ziyan vurulmuşdur. Tikinti ilə bağlı dəymiş maddi ziyan təmir-bərpa işləri və tamamlama işləri ümumilikdə 35000 manat təşkil edir. Mənəvi ziyan isə stress və əsəb oyanığını nəzərə almaqla, çox ağır zəhmətlə keçirdiyini vaxtı və əziyyəti, müxtəlif orqanlara müraciəti, içinə qapanmaqla uzun müddət belə şəraitdə yaşamağa məcbur olduğunu nəzərə alınmalı olduğunu bildirmişdir. Belə ki, şikayətin əsasında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində araşdırılma aparılmış və xx.xx.2018-ci il tarixli Qərarla cinayət işinin başlanılması rədd olunmuş, tələbin mülki xarakter olduğu izah olunmaqla məhkəməyə müraciət edilməsi barədə qərar verilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-77/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 17664 manat pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-77/2020 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi birtərəfli, qeyri-obyektiv, maddi və prosessual hüquq normalarının, bilavasitə Azərbaycan Respublikası MPMnin 8-ci, 9-cu, 14-cü, 386-cı, 387-ci, 388-ci, 389-cu və 390-cı maddələrinin tələblərinin kobud surətdə pozulması ilə qəbul edildiyindən aşağıdakılara əsasən, həmin qətnamə ləğv edilməlidir və pozulmuş hüquqlarının bərpa olunması barədə yeni qətnamə qəbul edilməlidir. İlk öncə ona görə ki, məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, həmin vaxtlarda o, Firəddinin obyektində işləyirdi və bu barədə Firəddin ona demişdi ki, məhkəməyə getmək lazım deyil. O, şikayətini geri götürəcək, onun getməyinə ehtiyac yoxdur, öz məsələlərini özləri həll edəcəklər. Bundan başqa, onun hazırkı mülki iş üzrə İddiaçı heç bir borcu yoxdur. Belə ki, 2015-ci ilin yanvar ayında İddiaçı məxsus obyektin ön hissəsini şüşə elətdirmək və digər təmir işlərini həyata keçirməkdən ötrü aralarında şifahi razılığa görə Firəddin mənə 105000 manat verməli idi. Daha sonra, işin gedişatında 2016-cı ilin fevral ayında manat dollar nisbətdə dəyərini itirərək devalivasiyaya uğradı. Bu səbəbdən də tikinti materialları, o cümlədən həmin obyektin təmirində istifadə olunan şüşənin də qiyməti artaraq bahalaşdı, Belə ki, 34 (otuz dörd) manata aldığı şüşə 56 (əlli altı) manat oldu. Qeyd etmək istəyir ki, həmin şüşələri Bakı şəhəri, Moskva prospektində Xudayar adlı şəxsdən alırdı. Dollar bahalaşanda Firəddinə təmirin əvvəl razılaşdığı məbləğlə sona yetirə bilməyəcəyini demişdi. O, da öz növbəsində devalvasiya səbəbindən qiymət artımını qarşılayacağını söz vermiş və ondan təmirin sona çatdırmağından ötrü əlindən gələni etməyini xahiş etmişdi. Beləliklə, onlar 2016-cı ilin fevral ayında baş vermiş məlum devalvasiyadan sonra ikinci dəfə şifahi olaraq razılığa gəlmişdilər. Belə ki, razılığa əsasən işin gedişatında şüşələri o, öz pulu ilə almalı, fəhlələri təmin etməli idi və öz növbəsində Firəddin onun həmin xərclərini qarşılayaraq ona qaytarmalı idi. Bəzən elə olurdu ki, onda pul olmurdu, sonradan verirdi. Lakin, Firəddin ona 112400 manatdan artıq pul vermədi, nəticədə o, təkcə təmirdə istifadə etdiyi şüşədən 27000 manat zərər etdi. Həmçinin bildirir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə də razı deyil, belə ki, görülən işlər İddiaçıla onunla aralarında şifahi razılaşma əsasında olmuşdur. Əgər İddiaçı onunla razılaşmasaydı onunla işə başlamazdı. Qeyd etdiyi faktları cavabdeh özü də təsdiqləyir. Bütün bunları təsdiq edən kifayət qədər şahidləri də var. Göründüyü kimi, məhkəmə işə baxarkən, işi tam və hərtərəfli araşdırmamış, yarımçıq qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, tərəflər arasında yazılı heç bir müqavilə olmamış, cavabdeh iddiaçıdan pul almamışdır. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnamənin ləğvini tələb etmişdir. Məhkəmə kollegiyası bu kontekstdə cavabdehin vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)- 77/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. İş materiallarında olan MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Xanlar şəhəri 0.50 ha torpaq sahəsi Xanlar rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı xeyrinə yüklü edilmişdir və bu barədə qeyd reyestr nömrəsi **********95, ********** qeydiyyat nömrəsi, xx.xx.2008-ci il tarixdə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində araşdırılma aparılmış və xx.xx.2018-ci il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı şikayəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından və qeyd edilən xüsusatlar mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan əlyazmalarından görünür ki, Cavabdeh iddiaçı Cavabdeh Firəddin oğlundan əlavə 2000 manat pulu aldığını və obyekti 3 tərəfli tam təhvil verəcəyini əl yazma şəkində bildirmişdir. İş materiallarında olan əlyazmadan görünür ki, Cavabdeh Gəncə şəhərində yerləşən Sadiq şadlıq sarayını təhvil verməsi üçün 3500 manat almışdır. Tam olaraq isə 112400 manat məbləğində vəsaiti iddiaçıdan almış və öz imzasıyla təsdiqləmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə X2 rayon Məhkəməsinə göndərdiyi xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiq olunan qeyri-yaşayış sahəsi üzrə Cavabdeh tərəfindən yerinə yetirilmiş işlərin ümumi həcminin 817 kv.metr təşkil etdiyini bazar qiymətlərinə uyğun olaraq 1 kv.metr şüşələrin salınması və paketlənməsi işləri üçün təqribən 5 manat əmək haqqı tələb olunduğunu nəzər alaraq, həmin obyekt üzrə Cavabdeh tərəfindən sərf olunmuş ümumi əmək haqqının dəyəri 4085 manat təşkil etmişdir. Lakin Cavabdeh tərəfindən tədqiq olunan obyektdə sərf edilmiş tikinti materiaalrının alınmasına dair qaimə sənədləri təqdim edilmədiyindən eləcə də yerinə yetirilmiş işlər yarımçıq qalaraq tamamlanmadığından və keyfiyyətsiz görüldüyündən, həmin obyekt üzrə Cavabdeh tərəfindən faktiki görülmüş işlərin dəyərini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə Göygöl rayonu Gəncə-Kəlbəcər yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binası üzrə yerinə yetirilməli şüşələnmə işlərin ümumi dəyərinin tərəflər arasında 105000 manat məbləğində razılaşdırıldığını, İddiaçı tərəfindən Cavabdeh ümumilikdə 112400 manat pul ödənildiyini nəzərə aldıqda tədqiq olunan obyekt üzrə yaranmış qüsurlarla əlaqədər dəymiş ziyanın ümumi dəyəri 17664 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 725.1-ci maddəsində qeyd olunmuşdur ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişci isə podratçıya razılaşdırlmış muzd ödəməyi öhdəsinə götürür. MM-nin 406.1-ci maddəsinin tələbinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulmuş hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Qanunvericiliyin tələbinə görə podrat müqaviləsinin hansı formada bağlanması nəzərdə tutulmadığından, tərəflər şifahi formaya üstünlük verməklə, aralarında binada şüşə işlərinin görülməsi ilə bağlı şifahi olaraq podrat müqaviləsi bağlamışlar. MM-nin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir.Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırlmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, görülmüş işlərə görə şərtləşdirilmiş muzd 105000 manat razılaşdırılmış, buna baxmayaraq, cəmi 112400 manat məbləğində pul alınmış, ekspert rəyinə əsasən işlər qüsurla yerinə yetirilmişdir. MM-nin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. MM-nin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. MM-nin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxta və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-nin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1-ci maddəsinə əasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Kollegiya hesab edir ki, məhkəmə iş üzrə keçirilmiş ekspertizanın rəyini nəzərə alaraq, cavabdeh tərəfindən qeyri-yaşayış binasında yaranmış qüsurların aradan qaldırılması və görülməmiş işlərin görülməsi üçün 17664 manat məbləğində pulun tutulub, iddiaçıya verilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Kollegiya apellyatorun vəkilinin cavabdeh tərəfindən iddiaçıdan pul alınmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin “cinayət işi başlanmasının rədd edilməsi” haqqında xx.xx.2018-ci il tarixli qərarından görünür ki, cavabdeh öz izahatında iddiaçıdan cəmi 112400 manat pul aldığını etiraf etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)- 77/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim imza: Xəyal Sarıyev Hakimlər imzalar: Emin Mehdiyev Şərafət Məmmədova Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar