Məhkəmə qərarları › İş №2(103)-5742/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5742/2025

17.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5742/2025 17.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Məstan oğluna qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, X2 Əziz qızının katibliyi, İddiaçının nümayəndələri X1 (anası), Vəkil3 (vəkili) və Cavabdeh2 Məstan oğlunun nümayəndəsi (vəkili) Ağalarova Aynurə xanım Mirimran qızının iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1353/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 Məstan oğlu və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 17 mart 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Sabunçu Rayon Məhkəməsinin 2(008)-786/2020 №-li xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məstan oğlu və Cavabdeh3 qarşı iddiası qismən təmin edilərək, cavabdehlərdən nişan üzüyü, nazik qızıl dəsti, dəyəri 65 manat olan uşaq maneji, dəyəri 125 manat olan karniz, dəyəri 108 manat olan sadə 12 çəngəl, 12 çay qaşığı, 12 xörək qaşığı, qənd qabı, ləpə qabı, dəyəri 400 manat olan qab dəsti zərli, dəyəri 350 manat olan qab dəsti lepkalı, dəyəri 1200 manat olan soyuducu, dəyəri 1800 manat olan künc divan qara rəngli, dəyəri 170 manat olan qara şüşəli jurnal masası, dəyəri 11000 manat olan yataq otağı qaralı-ağlı dəsti, dəyəri 400 manat olan iki ədəd tək nəfərlik çarpayıdan bir ədədi, 500 manat dəyərində gəbə (4x5 m), 300 manat dəyərində gəbə (2x3 m), dəyəri 400 manat olan gəbə (3x4m), dəyəri 400 manat olan çilçıraq yataq otağı, dəyəri 500 manat olan zaldakı çilçıraq, dəyəri 270 manat olan yataq örtüyü böyük, dəyəri 400 manat olan kətan pərdə lepkası, dəyəri 300 manat olan yataq otağı pərdəsi, dəyəri 600 manat olan dəhliz pərdəsi, dəyəri 200 manat zal pərdəsi, dəyəri 100 manat olan yumru döşəkcə, dəyəri 600 manat olan altı ədəd yorğandan üç ədədi, dəyəri 180 manat döşək 2 nəfərlik, dəyəri 680 manat olan dörd ədəd tək nəfərlik döşəkdən iki ədədi, dəyəri 570 manat olan altı ədəd balıncdan dörd ədədi, dəyəri 360 manat olan on iki ədəd döşəkcədən səkkiz ədədi, dəyəri 450 manat olan yataq örtüyü çantalı, dəyəri 180 manat olan on iki ədəd bədən dəsmalından bir ədədi, dəyəri 85 manat olan asılqan, dəyəri 120 manat olan ütü, dəyəri 250 manat olan stol süfrəsi, dəyəri 80 manat olan çamadan, dəyəri 90 manat olan ütü stolu, dəyəri 800 manat olan nahar servisi, dəyəri 310 manat olan künc güldanı, dəyəri 25 manat olan güldan gülləri, dəyəri 95 manat olan palma, dəyəri 475 manat olan qazan dəsti, dəyəri 300 manat olan tozsoran dəyəri, 150 manat olan şirəçəkən və dəyəri 1100 manat olan “LG” paltaryuyan maşının alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5980/2020 №-li xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Sabunçu rayon məhkəməsinin adıçəkilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra məmurları tərəfindən qətnamədə göstərilən əşyalardan aşağıda qeyd edilənlər yararsız olduğu üçün götürülməmiş və bu barədə Akt tərtib edilmişdir.

1. dəyəri 65 manat uşaq maneji

2. qara rəngli künc divanı-700

3. qara şüşəli jurnal masası yataq otağı-300

4. yataq otağı mebelinin şifoneri-1800

5. iki nəfərlik çarpayı (taxt)-700

6. dəyəri 100 manat olan döşəkcə

7. dəyəri 150 manat olan şirəçəkən Bundan başqa, aşağıda qeyd edilən əşyalar isə evdə aşkar edilməmiş və dəyəri ödənilməmiş, bu barədə akt tərtib edilmişdir:

1. dəyəri 25 manat olan karniz

2. dəyəri 25 manat olan qənd qabı və ləpə qabı

3. dəyəri 400 manat olan zərli qab dəsti

4. dəyəri 350 manat olan lepkalı dəst

5. dəyəri 400 manat olan yataq otağı üçün çilçıraq

6. dəyəri 500 manat olan yataq otağı üçün çilçıraq

7. dəyəri 270 manat olan yataq otağı örtüyü

8. dəyəri 400 manat olan lepkalı kətan pərdə

9. dəyəri 300 manat olan yataq otağı pərdəsi

10. dəyəri 600 manat olan dəhliz pərdəsi

11. dəyəri 200 manat olan zal pərdəsi

12. dəyəri 180 manat olan 2 nəfərlik döşək

13. dəyəri 570 manat olan 4 ədəd balınc-190azn

14. dəyəri 450 manat olan çantalı yataq otağı dəsti

15. dəyəri 80 manat olan çemodan

16. dəyəri 90 manat olan ütü stolu

17. dəyəri 475 manat olan qazan dəsti

18. dəyəri 300 manat olan tozsoran

19. dəyəri 1100 manat oian "LG" markalı paltaryuyan maşın

20. dəyəri 1200 manat olan soyuducu, cəmi 11730 manat məbləğində əmlaklar.

2. İddiaçı tərəfindən qətnamənin icrası qaydasında qətnaməyə izah verilməsi və icra üsulunun dəyişdirilməsi barədə Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət edilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə izahın verilməsindən imtina edilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə icra üsulunun dəyişdirilməsi barədə ərizəsi rədd edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3n və Cavabdeh2 Məstan oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (dəqiqləşdirilmiş tələblə) İddiaçı məxsus olan Sabunçu Rayon Məhkəməsinin 2(008) - 786/2020 №-li xx.xx.2020-ci il tarixli qətnaməsində qət edilən, icra zamanı yararsız vəziyyətdə olan və qaytarılmayan cehiz əşyalarının əvəzi olaraq 12000 manat pulun və 125 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2015-ci ildə tarixdə rəsmi nikaha daxil olmuş, cavabdehlərlə ünvan 1 ünvanında özbaşına tikilidə yaşamışlar. Keçmiş həyat yoldaşı eyni zamanda iddiaçının əmisi oğludur. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X3 adlı 1 uşaqları da var. Keçmiş yoldaşı iddiaçıya bildirmədən nikahın pozulması barədə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və iddiaçı məhkəmədən xəbər tutub məhkəməyə getmişdir. Məhkəmədə də boşanmaqda israrlı olduğundan birgə nikah məhkəmə qaydasında pozulmuşdur. Onun bu hərəkətlərini gördükdən sonra ailədaxili problemlər yaranmışdır. İddiaçı cavabdehlərdən qızıl-zinət əşyalarını və cehizləri barədə soruşarkən onlar iddiaçıya bildirmişdirlər ki, qızılları ve cehizləri sonra qaytaracaqlar. İddiaçı da onların qohumları olduğunu düşünüb, qızılları və cehizləri bir müddət istəməmiş, qaynanası tərəfindən qaytarılmasını gözləmişdir. Bundan sonra iddiaçı Sabunçu Rayon Məhkəməsinə cehiz əşyalarının və ya onlarının dəyərinin iddiaçıya geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, əşuyaların alınaraq, iddiaçıya verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan iki il sonra icra məmurları ilə cavabdehlərin evinə gedilmiş və qətnamədə göstərilən əşyalardan aşağıda qeyd edilənlər yararsız olduğu üçün götürülmədi və bu barədə Aktda qeyd edildi.

5. Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək ilk iddia tələbinin rədd edilməsi və İddiaçı məxsus əşyaların, yəni 1 ədəd uşaq maneji, 1 ədəd künc divani, 1 ədəd jurnal stolu, 1 ədəd yataq otağında şifoneri və 1 ədəd 2 nəfərlik yataq, 1 ədəd karniz, 3 ədəd pərdə, 1 ədəd qənd qabı və 1 ədəd ləpə qabı, 2 ədəd yataq otağı çılcırağı, 1 ədəd 2 nəfərlik döşək, 4 ədəd yastıq, 1 ədəd ütü stolu, 1 ədəd sokçəkən maşını, 1 ədəd tozsoran, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan maşınının onlara məxsus ünvan 2 ünvanından İddiaçı hesabına çıxarılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Cavabdeh1 qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, icra sənədi üzrə tələbkar ona və ailəsinə problem yaratmaq, onları incitmək üçün ona aid əşyaları dəqiq xatırlamadığını deyərək götürməmişdir. Qarşı tərəfin bu hərəkətləri nəticə etibarı ilə məhkəmə və icra orqanlarının işini ağırlaşdırmağa səbəb olur. Cavabdehə məxsus əşyalara görə onlar da əziyyət çəkirlər. Bu barədə icra məmuruna müraciətlər etmiş, lakin iddiaçı tərəf hər dəfə fərqli bəhanələrlə gəlib əşyaları aparmamışdır. Qarşı tərəf bilir ki, o, yenidən ailə qurmuşdur, bu səbəbdən fərqli yollara əl alaraq onlara qarşı iddialar qaldırır. Bu cehiz əşyaları barəsində iddia tələbinə baxılmış və qətnamə qəbul olunmuşdur. Qətnamə üzrə qəbul olunmuş əşyaların əksəriyyətini iddiaçı aparmış, qalan əşyalar isə hazırda evdədir. İstənilən zaman hətta ən qısa müddətdə gəlib aparsınlar. Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə əşyaların qaytarılması qət edilmişdir, onların dəyəri barəsində heç bir əsaslandırılmış subut yoxdur, hazırkı iddiada olan məbləğlərin hardan alınması nəyə əsasən yazılması məlum deyildir. Hazırkı iddia üzrə iddia müddəti 3 il olduğu üçün ilk öncə iddianın iddia müddəti keçmişdir. Ayrıca, İddiaçı tərəfindən qaldırılmış hazırkı iddia üzrə icraata xitam verilməlidir. Belə ki, eyni iddia üzrə məhkəmə qətnaməsi mövcud olduğu üçün icra mərhələsində həll edilməli olan məsələnin iddia şəklində qaldırılması baxılması yol verilməzdir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)- 1353/2025 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, cavabdehlərdən müştərək qaydada 11730 manat və 125 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 786/2020 №-li xx.xx.2020-ci il tarixli qətnaməsi tam icra edilməmiş, qətnamədə pul məbləğinin tutulması qət edilməmişdir. Məhkəmə hesab etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsində qeyd olunan qiymətlər cavabdehlər tərəfindən mübahisələndirilmədiyindən, həmin qiymətlər hazırda əsas götürülməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-ci maddələrinə istinadla əsaslandırmışdır.

10. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

11. a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qətnamədən apellyasiya şikayətləri vermiş və şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişlər.

13. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, dəfələrlə müraciət edilməsinə baxmayaraq iddiaçı 10 il əvvəldən gətirdiyi əşyalarını gəlib aparmamışdır.

14. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

16. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdehin (apelyatorun) nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

18. İddiaçının nümayəndələri məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətinin rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

19. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1091. Əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. Bu mənada birgə cavabdehlər torpaq üzərində mülkiyyət hüquqları (sənədləri) olmadan iddiaçının hesabına pul (əmlak) əldə etmişlər. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində miibahisələndirilmir və yenidən sübut edilmir.

Apellyasiya baxışının həddi

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırkı qətnamədən yalnız cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verdiyindən Məhkəmə kollegiyası qətnamənin əsaslılığını ilkin iddianın təmin edilən və qarşılıqlı iddianın rədd olunan hissələrində yoxladı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. İddiaçı cavabdehlər tərəfindən qətnamə tam icra olunmadığına, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qaytarılmalı olan cehiz əşyalarının ona tam qaytarılmadığına istinad edərək hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi cehiz əşyalarının əvəzi olaraq 12000 manat pulun və 125 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədədir.

26. Birinci instansiya məhkəməsi iddianı ilk iddianı 11730 manat və 125 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması hissəsində təmin etmişdir.

27. Apellyasiya baxışı zamanı cehiz əşyalarının mövcud olub-olmaması və istifadəyə yararsız olub-olmamasını müəyyən etmək üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, iş üzrə mütəxəssis rəyi alınmışdır.

28. "xxxx" MMC-nin 12 nömrəli, 29 yanvar 2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, əmlaklar (cehiz əşyaları) ünvan 3 ünvanda mövcuddur. Əmlaklar (cehiz əşyaları) istifadə olunmuş, istifadəyə yararli vəziyyətdədir. Əşyaların aşınma dərəcəsi nəzərə alınmaqla dəyəri 1175 manat təşkil edir.

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əşyaların dəyərinin 11730 manat olduğu qənaətinə gələrkən mövqeyini qətnamədə əsaslandıra bilməmişdir.

24. Məhkəmə kollegiyası mütəxəssis rəyində göstərilənləri mötəbər sübut kimi qəbul edərək bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin olunmuş hissəsində dəyişdirilməli və əşyaların dəyəri mütəxəssis rəyinə uyğun olaraq müəyyən edilməlidir.

25. Qarşılıqlı iddia tələbinə münasibətdə Kollegiya birinci insstansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edir və belə qənaətə gəlir ki, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. 26 Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdehlər Cavabdeh2 Məstan oğlu və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilk iddianın qismən təmin edilməsi, yəni cavabdehlərdən müştərək qaydada 11730 manat pulun iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilsin və onlardan tutulan pulun məbləği 1175 (bir min yüz yetmiş beş) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar