Məhkəmə qərarları › İş №2(103)-5743/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5743/2020

18.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5743/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Məmmədov Məmməd Allahverdi oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-97/20 saylı qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Qafarova, iş № 2(009)-97/20) iddia qismən təmin olunaraq Cavabdeh İddiaçı1 xeyrinə 3667,16 (üç min altı yüz altmış yeddi manat on altı qəpik) manat, İddiaçı2 xeyrinə isə vurulmuş mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pulun tutulması qət edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2018-ci il tarixdə Cavabdeh törətdiyi yol-nəqliyyat qəzası nəticəsində İddiaçı1 məxsus “Kia Soul” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismara yararsız vəziyyətə düşməsi ilə əlaqədar ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədilə 16.994 manat, avtomobilin əmtəəlik görünüşünü itirməsinə görə 7500 (yeddi min beş yüz) manat cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi, vurulmuş maddi ziyanın əvəzi olaraq 5.000 manat, mənəvi ziyanın əvəzi olaraq 5.000 manat, cəmi 10.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı2, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh hadisənin son zərurət vəziyyətində törədildiyini bildirərək iddianı qəbul etməmiş və onun rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilən hissəsində maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması, həmin hissədə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması ilə əsaslandırılmışdır. İddiaçıların nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin olunsa da, iddianın təmin olunan hissəsi işdə iştirak edən şəxslər tərəfindən apellyasiya qaydasında mübahisələndirilməmişdir. Qətnamədən yalnız iddiaçılar apellyasiya şikayəti vermiş və şikayətlərində qətnaməni yalnız iddianın rədd olunan hissəsində mübahisələndirmişlər. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız iddianın rədd edilən hissəsində iddiaçıların apellyasiya şikayəti üzrə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçıların nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə aır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh xx xxxx 2018-ci il tarixdə idarə etdiyi “BMW” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Bakı-Mərdəkan” şossesində hərəkətdə olarkən manevr qaydalarını pozaraq İddiaçı1 verdiyi etibarnamə əsasında X2 idarə etdiyi “Kia Soul“ markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış, nəticədə yolnəqliyyat hadisəsi törətmiş və İddiaçı1 məxsus avtomobil istismara yararsız vəziyyətə düşmüşdür. Həmçinin, “Kia Soul“ markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan İddiaçı2 yüngül dərəcəli bədən xəsarəti almış, digər sərnşinlər Y.Əzimzadə və M.Dadaşov da sağlamlığa zərərvurmayan xəsarətlər almışlar. Hadisə ilə əlaqədar araşdırma aparan Xəzər Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığı üçün barəsində inzibati təsir tədbirləri görülməsi məqsədilə materialın Xəzər DYPŞ-nin vasitəsilə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Xəzər Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qərarla inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 3(003)-670/2018 saylı qərarında göstərilmişdir ki, Cavabdeh sürət həddi 120 km/saat olan yolda həmin vəziyyətdə mövcud təhlükəni başqa vasitələrlə aradan qaldırmaq mümkün olmadığından digər obyektə zərər vurma yolu ilə müəyyən hərəkətlər etmiş, edilən hərəkət yeganə çıxış yolu olmuşdur. Məhkəmə “bu zaman son zərurət həddinin aşılmasına yol verilmədiyindən, yəni Cavabdeh son zərurət vəziyyətində hərəkət etdiyindən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” nəticəsinə gəlmişdir. İddiaçılardan “Kia Soul” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü İddiaçı1 hazırkı tələbində cavabdehdən törətdiyi yol-nəqliyyat qəzası nəticəsində mülkiyyəti olan avtomobilin istismara yararsız vəziyyətə düşməsi ilə əlaqədar ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədilə 16.994 manat, avtomobilin əmtəəlik görünüşünü itirməsinə görə 7500 manat tutulmasını, hadisə vaxtı qəza nəticəsində yüngül dərəcəli bədən xəsarəti almış digər İddiaçı2 isə tələbində cavabdehdən düşdüyü maddi zərərə görə 5000 manat və mənəvi zərərə görə 5.000 manat olmaqla, cəmi 10000 manat tutulub ona ödənilməsini tələb edir. Cavabdeh tərəf isə iddia ilə bağlı izahatında cavabdehin əməlində inzibati xəta olmamasına dair məhkəmə qərarı olduğu və hadisənin törənməsinə səbəb cavabdehin qarşısına iki piyadanın çıxması olduğu və belə olan halda iddiaçılara dəymiş zərərin ödənilməsinə dair tələbin cavabdehə qarşı deyil, hadisənin baş verməsinə səbəb olan piyadalara qarşı yönəlməli olduğu əsası ilə iddiaya etiraz etmişdir. Bununla yanaşı, cavabdeh tərəf məhkəmə araşdırması zamanı İddiaçı1 məxsus “Kia Soul” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismara yararsız vəziyyətə düşməsi ilə əlaqədar təqdim edilmiş zərər məbləğinin düzgün hesablanmadığını və iddia tələbində bununla bağlı göstərilən məbləğin ağlabatan olmadığını da bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə, iddianın “Kia Soul” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi İddiaçı1 aid hissəsi üzrə avtomobilin istismara yararsız vəziyyətə düşməsi ilə əlaqədar ona dəymiş maddi zərərin əvəzinin ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2ci maddəsi). Məhkəmə daha sonra qeyd etmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habeləəldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinəəsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət vəya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedidə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Məhkəmə belə qənaətə gəlmişdir ki, yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərərin əvəzini tam həcmdə ödəməlidir. Müəyyən edilmişdir ki, Cavabdeh son zərurət vəziyyətində hərəkət etdiyindən onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 3(003)-670/2018 saylı qərarı qanuni qüvvəsində olsa da, həmin qərarda əksini tapmış Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 22727 saylı rəyindən görünür ki, 1) qərardadda və hadisə yerinin müayinə olunması haqqında protokolda hadisə yerində “BMW” markalı, **- ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus tormoz izi qalması haqqında məlumat göstərilmədiyindən ekspertiza yolu ilə “BMW M5” markalı avtomobilin hərəkət sürətini müəyyən etmək mümkün deyildir; 2) rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə hərəkət üçün təhlükə yaranan anda “BMW” markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobilin piyadaların hərəkət xəttindən 107,4 metrdən kiçik məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində sürücü X1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda “BMW” markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobilin piyadaların hərəkət xəttindən 107,4 metrdən böyük məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində sürücü X1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmçinin, məhkəmə qərarından da görünür ki, son zərurət həddinin aşılmasına yol verilməməsinin əsaslandırılması kimi sürət həddi 120 km/saat olan yolda həmin vəziyyətdə mövcud təhlükəni başqa vasitələrlə aradan qaldırmaq mümkün olmadığından sürücü Cavabdeh digər obyektə zərər vurma yolu ilə müəyyən hərəkətlər etməsi, edilən hərəkətin yeganə çıxış yolu olması göstərilmişdir. Beləliklə də, birinci instansiya məhkəməsi hazırkı işin araşdırması zamanı müəyyən etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə cavabdehin xx xxxx 2018-ci il tarixdə idarə etdiyi “BMW” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Bakı- Mərdəkan” şossesində hərəkətdə olarkən manevr qaydalarını pozaraq İddiaçı1 verdiyi etibarnamə əsasında X2 idarə etdiyi “Kia Soul“ markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxması nəticəsində yolnəqliyyat hadisəsi törətməsi kimi hərəkəti son zərurət vəziyyətində həyata keçirildiyi üçün inzibati məsuliyyətdən azad edilməsinə baxmayaraq, onun göstərilən hərəkətləri iddiaçının mülkiyyətinə zərər vurma yolu ilə etməsi faktı mübahisəsizdir və cavabdeh tərəf hadisənin törənməsinə səbəb cavabdehin qarşısına piyadaların çıxması olduğu və iddiaçılara dəymiş zərərin ödənilməsinə dair tələbin cavabdehə qarşı deyil, hadisənin baş verməsinə səbəb olan piyadalara qarşı yönəlməli olduğunu göstərərək cavabdehə yönələn iddia tələblərini qəbul etməsə də, belə zərər vurma faktını da inkar etməmiş, hətta məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi avtomobilin təmirinə xərclənən məbləğ ilə razılaşmadığını bildirməklə, məhkəmə tərəfindən “dəyişdirilmiş və ya təmir edilmiş detalların və həmin detallara aid görülmüş işlərin qiymətlərinin müəyyən edilməsi” üçün iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsinə etiraz etmədiyini bildirmiş, həmçinin məhkəmə gedişatı zamanı «xxxxxxxxxxxx» ASC tərəfindən hadisə günü tərtib edilmiş qüsur aktı ilə ikinci qüsur aktı arasında həm detal sayında, həm də digər fərqlər olmasının ekpertiza rəyində nəzərə alınmamasını qeyd etməklə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin olunmasını da xahiş etmişdir. Birinci instansiya məhkəməsi işin sadalanan hallarını cavabdeh tərəfin faktiki olaraq “Kia Soul” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomaşına ziyan vurulması faktı ilə bağlı hissədə iddianı etiraf etməsi kimi qiymətləndirmişdir. Məhkəmə işin araşdırılan hallarına əsasən bu qənaətə gəlmişdir ki, İddiaçı1 məxsus avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün tələb edilən vəsaitin məbləğinin Azərbaycan Respublikiası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 32361 saylı ekspert rəyi ilə 2014-cü il buraxılışlı “Kia Soul” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7870,00 manat müəyyən edilməsi və “xxxxxxxxxxxx” ASC tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş sığorta aktı ilə 4202,84 manat məbləğində sığorta ödənişinin alınması nəzərə alınmaqla cavabdehdən İddiaçı1 xeyrinə 3667,16 manat (7870-4202,84= 3667,16) tutulması məqsədə müvafiqdir. Hazırkı iş üzrə apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, təkrar ekspertiza MPM-nin tələblərinə zidd olaraq birinci ekspertizanı aparmış Elvin Qəhrəmanova həvalə edilmişdir. Ekspert bu dəfə 1-ci suala əvvəlki rəyindən fərqli cavab vermiş, 10403 manat ziyan dəydiyini bildirmişdir. Halbuki sual eyni sualdı və dəyişən bir şey yoxdur. Lakin eyni ekspert bu dəfə ziyanın məbləğini xeyli az göstərmiş və bunu əvvəlki rəyindən fərqli heç nə ilə əsaslandırmamışdır. Məhkəmə kollegiyası göstərilən ziddiyyətə aydınlıq gətirilməsi məqsədilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli rəyinə əsasən (ekspert E.Həbibov) nəzəri hesablama yolu ilə, iş materiallarında olan “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2018-ci il tarixli qüsur aktına əsasən avtomobillərin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı, “Kia Soul” markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 7870 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan fiziki şəxs X3 məxsus avtoservisin xx.xx.2018-ci il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Kia Soul” markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 10403 manat müəyyən edilir. Azərbaycan Republikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, alınmış təkrar ekspertiza rəyi sonuncu rəyin nəticə hissəsi ilə eynilik təşkil edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Məhkəmə həmçinin hesab etmişdir ki, tərəflər arasında müqavilə münasibətləri olmadığından, mülki hüquq pozuntusu ilə əlaqədar mübahisə yarandığından mübahisənin həlli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1-ci maddələrinə əsasən həll edilməli olsa da, iddiaçılardan İddiaçı1 avtomaşının əmtəəlik görünüşünün itirilməsinə görə 7500 manat zərərə, İddiaçı2 isə maddi ziyana görə 5000 manat zərərə məruz qalmalarını təsdiq edən hər hansı mötəbər sübut təqdim etmədiklərindən onların iddiaları bu hissədə əsassız sayılmalı və rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə xüsusilə vurğulamışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, İddiaçı2 iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, İddiaçı2 yol qəza hadisəsi zamanı yüngül dərəcəli xəsarət alması faktı özüözlüyündə iddiaçının həmin qəza anında psixoloji sarsıntı, iztirab keçirməsi və buna müvafiq olaraq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Məhkəmə, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı göstərmişdir ki, Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) vəəmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti iləəlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan vəədalətli olmalıdır.” Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə” dair xx xxx 2002-ci il tarixli Qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Birinci instansiya məhkəməsi zərərin məhz İddiaçı2 sağlamlığına vurulmasını, onun qəza anında və sonra keçirdiyi mənəvi iztirab və sarsıntıları, habelə işin sair diqqətəlayiq hallarını (qəza törədən şəxsin ona mənəvi dəstək olmaması, hər hansı formada ona diqqət göstərməməsi və s. bu kimi hallar) nəzərə alaraq bu qənaətə gəlmişdir ki, cavabdehdən İddiaçı2 xeyrinə mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manat məbləğində pulun tutulması ədalətli və məqsədə müvafiqdir. Odur ki, mənəvi zərər tələbi həmin həcmdə təmin olunmalı, qalan hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya qaydasında mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçılar apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığına, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmamasına istinad etmişlər. Məhkəmə kollegiyası işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına istinad edərək apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, iddiaçılar iddia tələbinin əsası kimi istinad olunan halları iddianın rədd olunan hissəsində sübuta yetirə bilmədiklərindən birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddianın rədd olunan hissəsində işin hallarını düzgün müəyyən etmiş, həmin hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə, yəni iddianın rədd olunan hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə tədqiqatın dəyəri olan 100 manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: Məmməd Məmmədov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar