Məhkəmə qərarları › İş №2(103)-5744/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5744/2022

25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5744/2022 25.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 iyun 2022-ci il tarixli qətnamədən iddiaçı MMC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: (TƏSVİRİ HİSSƏ) a) İddia barədə məlumat

1. İddiaçı MMC-nin buna səlahiyyətli olan nümayəndəsi, kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ********* saylı "xxxx" üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyin icra edilməməsi səbəbindən yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan əsas borcun ödənilməsi məqsədi ilə 488,4 manat, həmin müqavilə üzrə öhdəliyin icra edilməməsi səbəbindən tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 73,2 manat, cəmi 561,6 manat; xx.xx.2019-cu il tarixli ********* saylı "xxxx" üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 868 manat, həmin müqavilə üzrə öhdəliyin icra edilməməsi səbəbindən tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 130,2 manat, cəmi 998,2 manat; xx.xx.2020-ci il tarixli ********* saylı "xxxx" üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 243 manat, həmin müqavilə üzrə öhdəliyin icra edilməməsi səbəbindən tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 36,4 manat, cəmi 279,4 manat; ümumilikdə isə 1.839,2 manat; iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38,40 manat məbləğində pulun cavabdehdən tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, iddiaçı MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli, ********* saylı “Nisyə alğı-satqı müqaviləsinə” əsasən, dəyərini hissə-hissə, yəni 12 ay ərzində ödəmək şərti ilə qiyməti 649 manat olan "xxxx" markalı mobil telefon almışdır. Müqavilənin şərtinə görə, cavabdeh, 11 ay ərzində, hər ay 56 manat, sonuncu ay isə 44 manat ödəməli idi. Buna baxmayaraq cavabdeh iddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, borcu qismən ödəmiş, 488,4 manat məbləğində borcu isə ödəməmişdir, baxmayaraq ki, MMC, borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb etmişdir. Bunu nəzərə almış MMC, onunla cavabdeh arasında razılaşdırılmış qaydada cavabdehə 73,2 manat məbləğində cərimə hesablamışdır.

3. Bundan başqa, cavabdeh, iddiaçı MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli, ********* saylı “Nisyə alğı-satqı müqaviləsinə” əsasən, dəyərini hissə-hissə, yəni 18 ay ərzində ödəmək şərti ilə qiyməti 1.049 manat olan "xxxx" markalı paltaryuyan maşın almışdır. Müqavilənin şərtinə görə, cavabdeh, 17 ay ərzində, hər ay 59 manat, sonuncu ay isə 46 manat ödəməli idi. Buna baxmayaraq cavabdeh iddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, borcu qismən ödəmiş, 868 manat məbləğində borcu isə ödəməmişdir, baxmayaraq ki, MMC, borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb etmişdir. Bunu nəzərə almış MMC, onunla cavabdeh arasında razılaşdırılmış qaydada cavabdehə 130,2 manat məbləğində cərimə hesablamışdır.

4. Daha sonra, cavabdeh, iddiaçı MMC ilə bağladığı xx.xx.2020-ci il tarixli, ********* saylı “Nisyə alğı-satqı müqaviləsinə” əsasən, dəyərini hissə-hissə, yəni 12 ay ərzində ödəmək şərti ilə qiyməti 299 manat olan "xxxx" markalı mobil telefon almışdır. Müqavilənin şərtinə görə, cavabdeh, 11 ay ərzində, hər ay 25 manat, sonuncu ay isə 24 manat ödəməli idi. Buna baxmayaraq cavabdeh iddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, borcu qismən ödəmiş, 243 manat məbləğində borcu isə ödəməmişdir, baxmayaraq ki, MMC, borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb etmişdir. Bunu nəzərə almış MMC, onunla cavabdeh arasında razılaşdırılmış qaydada cavabdehə 36,4 manat məbləğində cərimə hesablamışdır.

5. Borcun ödənilməsi barədə MMC tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, cavabdeh borcun ödənilməsindən yayınmışdır. Bu səbəbdən də, MMC hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddianın məhkəməyə verilməsi üçün 38,40 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) Birinci instansiya məhkəməsində icraat barədə məlumat

6. İddia ərizəsi Rayon Məhkəməsi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında icraata qəbul edilmişdir.

7. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz Rayon Məhkəməsinə təqdim edilməmişdir. c) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə

8. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli "xxxx" üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyin icra edilməməsi səbəbindən yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 488,4 manat, həmin müqavilə üzrə öhdəliyin icra edilməməsi səbəbindən tətbiq edilmiş cərimənin azadılmasını və azadılmış cərimənin ödənilməsi məqsədi ilə 5 manat; xx.xx.2019-cu il tarixli "xxxx" üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 868 manat, həmin müqavilə üzrə öhdəliyin icra edilməməsi səbəbindən tətbiq edilmiş cərimənin azadılmasını və azadılmış cərimənin ödənilməsi məqsədi ilə 5 manat; xx.xx.2020-ci il tarixli "xxxx" üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 243 manat, həmin müqavilə üzrə öhdəliyin icra edilməməsi səbəbindən tətbiq edilmiş cərimənin azadılmasını və azadılmış cərimənin ödənilməsi məqsədi ilə 3 manat; iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38,40 manat məbləğində pulun cavabdehdən tutularaq MMC-yə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

9. Rayon Məhkəməsi hər 3 müqavilə üzrə yaranmış əsas borcun iddia ərizəsində qeyd edilən məbləğdə cavabdehdən iddiaçı MMC-nin xeyrinə tutulmasını onunla əsaslandırmışdır ki, bu hissədə iddia tələbi əsaslıdır və təqdim edilmiş sənədlər, habelə hesablamalar ilə sübuta yetir.

10. Rayon Məhkəməsi hər 3 müqavilə üzrə yaranmış cərimə (dəbbə) borcunun iddia ərizəsində qeyd edilən məbləğdə deyil, azadılmış məbləğdə cavabdehdən iddiaçı MMC-nin xeyrinə tutulmasını onunla əsaslandırmışdır ki, bu hissədə iddia tələbi qismən əsaslıdır. Çünki cavabdehdən tutulması tələb edilən cərimə məbləğləri kreditorun (MMCnin) həm əmlak, həm də bütün əsasla mənafeyinə tənasübsüz surətdə yüksəkdir. d) Apellyasiya şikayəti barədə məlumat

11. İddiaçı MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

12. İddia ərizənin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, MMC ilə cavabdeh, onların arasında bağlanmış hər 3 müqaviləyə əlavə barədə razılığa gəlmiş, həmin “əlavələr” yazılı tərtib edilmiş "xxxx" öz əksini tapmış və MMC-nin təmsilçisi, habelə cavabdeh tərəfindən imzalanmışdır. “Əlavələrin” şərtlərinə görə, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı (cavabdeh) tərəfindən satıcıya (MMC-yə) ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu hər üç müqavilə üzrə ümumilikdə 2.398 manat təşkil edir. Buna baxmayaraq, MMC, həmin cərimə məbləğinin 90%-i güzəşt etmişdir. İşə baxmiş Rayon Məhkəməsi bu halı nəzərə almadan onsuz da azaldılmış olan dəbbə pulunu əsassız olaraq həddindən artıq azaltmışdır. Bu zaman açıq aşkar iddiaçı MMC-nin mənafeyi nəzərə alınmamışdır. e) Apellyasiya şikayətinə yazılı etiraz

13. Apellyasiya şikayətinə tərəflər çağırılmadan və onların izahatları alınmadan yazılı icraat qaydasında baxılmış, cavabdehə apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri Məhkəməyə göndərmək hüququ izah olunsa da, o, apellyasiya şikayətinə yazılı etirazını bildirməmişdir. f) Apellyasiya baxışının hədləri

14. MMC-nin iddia tələbinin bir qismi təmin edilsə də, cavabdeh, qətnamədən apellyasiya şikayəti verməmişdir.

15. Qətnamədən apellyasiya şikayəti iddia MMC tərəfindən verilmişdir. MMC, apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, MMC, iddianın bir qisminin təmin edilməməsi, yəni dəbbə pulunun tutulması barədə tələbin tam deyil, qismən təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirir.

16. Məhkəmə bildirir ki, MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (maddə 372.6.).

17. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) İş materiallarına əlavə edilmiş sənədlər

18. İddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış ********* saylı “Nisyə alğı-satqı müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, cavabdeh, qeyd edilən bu müqaviləyə əsasən, dəyərini hissə-hissə, yəni 12 ay ərzində ödəmək şərti ilə qiyməti 649 manat olan "xxxx" markalı mobil telefonu MMC-dən almışdır. Müqavilənin şərtinə görə, cavabdeh, 11 ay ərzində, hər ay 56 manat, sonuncu ay isə 44 manat məbləğində pulu MMC-yə ödəməli idi.

19. İddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış ********* saylı “Nisyə alğı-satqı müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, cavabdeh bu müqaviləyə əsasən, dəyərini hissə-hissə, yəni 18 ay ərzində ödəmək şərti ilə qiyməti 1.049 manat olan "xxxx" markalı paltaryuyan maşını MMC-dən almışdır. Müqavilənin şərtinə görə, cavabdeh, 17 ay ərzində, hər ay 59 manat, sonuncu ay isə 46 manat məbləğində pulu MMC-yə ödəməli idi.

20. İddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış ********* saylı “Nisyə alğı-satqı müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, cavabdeh bu müqaviləyə əsasən, dəyərini hissə-hissə, yəni 12 ay ərzində ödəmək şərti ilə qiyməti 299 manat olan "xxxx" markalı mobil telefonu MMC-dən almışdır. Müqavilənin şərtinə görə, cavabdeh, 11 ay ərzində, hər ay 25 manat, sonuncu ay isə 24 manat məbləğində pulu MMC-yə ödəməli idi.

21. İşdə olan sənədlərdən görünür ki, MMC ilə cavabdeh, onların arasında bağlanmış yuxarıda qeyd edilən hər 3 müqaviləyə əlavə barədə razılığa gəlmişlər. Həmin “əlavələr” yazılı tərtib edilmiş "xxxx" öz əksini tapmış və MMC-nin təmsilçisi, habelə cavabdeh tərəfindən imzalanmışlar. Həmin şərtlərə görə, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı (cavabdeh) tərəfindən satıcıya (MMC-yə) ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir.

22. İddiaçı MMC bildirir ki, cavabdeh, yuxarıda qeyd edilən hər üç müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, bunun nəticəsində cavabdehin ona borcu yaranmışdır.

23. MMC-nin təqdim etdiyi hesablamalarından görünür ki, xx.xx.2019-cu il tarixli "xxxx" üzrə cavabdehin MMC-yə 488,4 manat məbləğində əsas borcu var. Həmin müqavilə üzrə öhdəliyin icra edilməməsi səbəbindən cavabdehə tətbiq edilmiş dəbbənin məbləği 73,2 manat təşkil edir.

24. Həmin hesablamalardan görünür ki, xx.xx.2019-cu il tarixli "xxxx" üzrə cavabdehin MMC-yə 868 manat məbləğində əsas borcu var. Həmin müqavilə üzrə öhdəliyin icra edilməməsi səbəbindən cavabdehə tətbiq edilmiş dəbbənin məbləği 130,2 manat təşkil edir.

25. Hesablamalardan həmçinin görünür ki, xx.xx.2020-ci il tarixli "xxxx" üzrə cavabdehin MMC-yə 243 manat məbləğində əsas borcu var. Həmin müqavilə üzrə öhdəliyin icra edilməməsi səbəbindən cavabdehə tətbiq edilmiş dəbbənin məbləği 36,4 manat təşkil edir.

26. İş materiallarından görünür ki, MMC, cavabdehə bildirişlər göndədərərək borcun ödənilməsini tələb etmişdir.

27. İşin hallarından müəyyən edilir ki, cavabdeh xəbərdarlıq edilsə də, MMC-yə olan borcunu ödəməmişdir. (ƏSASLANDİRİCİ HİSSƏ) h) Məhkəmənin mövqeyi

28. Hazırki apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi dəbbə pulunun tam təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi tam təmin edilməlidir.

29. Belə ki, tərəflər arasında mübahisə doğurmur ki, satıcı olan MMC ilə alıcı olan cavabdeh arasında bağlanmış “Nisyə alğı-satqı müqavilələri” üzrə müvafiq olaraq qalan 488,4 manat, 868 manat və 243 manat məbləğində əsas borc cavabdeh tərəfindən MMCyə ödənilməmişdir.

30. Cavabdehin üzərinə götürdüyü öhdəliyin icra edilməməsini nəzərə almış MMC, onunla cavabdeh arasında bağlanmış müqavilələrin şərtlərinə görə cavabdehə müvafiq olaraq 73,2 manat, 130,2 manat və 36,4 manat məbləğlərində cərimə borcu hesablamış və cavabdehə qarşı irəli sürdüyü iddia ərizəsində həmin məbləğdə olan cərimələrin cavabdehdən onun xeyrinə tutulmasını Rayon Məhkəməsində xahiş etmişdir.

31. Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Öhdəliklərin icrası” adlı 21-ci Fəsilinin, “Öhdəliklərin icra edilməməsi” adlı 22-ci Fəsilinin, “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlı 23-cü Fəsilinin və “Öhdəliklərin icrasının təmin edilməsi” adlı 24-cü Fəslinin tələblərinə əsasən yuxarıda qeyd olunan hər üç müqavilə üzrə əsas borcun iddia ərizəsində qeyd edilən məbləğlərdə tutulması nəticəsinə gəlsə də, cərimə borcunun məbləğini tənasübsüz hesab edərək, müvafiq olaraq 5 manat, 5 manat və 3 manat məbləğlərində müəyyən etmişdir.

32. MMC isə Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş cərimə məbləğləri ilə razılaşmır və hesab edir ki, cərimə iddia ərizəsində göstərilən məbləğlərdə müəyyən olunmalıdır. Çünki onunla cavabdeh arasından yazılı qaydada razılaşdırılmış əlavə şərtlərə görə, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı (cavabdeh) tərəfindən satıcıya (MMC-yə) ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu hər üç müqavilə üzrə ümumilikdə 2.398 manat təşkil edir. Buna baxmayaraq, MMC, həmin cərimə məbləğinin 90%-i güzəşt etmişdir. İşə baxmiş Rayon Məhkəməsi bu halı nəzərə almadan onsuz da azaldılmış olan dəbbə pulunu əsassız olaraq həddindən artıq azaltmışdır. Bu zaman açıq aşkar iddiaçı MMC-nin mənafeyi nəzərə alınmamışdır.

33. Yuxarıda göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır (maddə 405.1.). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.).

34. Qeyd edilən maddi hüququ normalarının tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, borclu olan cavabdehin onunla kreditor olan MMC arasında bağlanmış müqavilələr üzrə MMC qarşısında icra edilməmiş öhdəliyi mövcuddur; cavabdeh, öhdəliyin icra edilməməsinə görə MMC qarşısında mülki məsuliyyət daşıyır; cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməlidir.

35. Məhkəmə qeyd edir ki, MMC ilə cavabdeh arasında bağlanmış müqavilənin tərkib hissəsi olan və əlavə şərtləri özündə ehtiva edən “Ödəniş cədvəllərindən” görünür ki, cavabdeh ödənişləri yerinə yetirmədikdə, hər gecikən günə ödəniş məbləğinin 1 faizi dəyərində MMC-yə cərimə ödəməlidir.

36. Göründüyü kimi, dəbbənin tutulması iş üzrə tərəflər arasında yazılı formada bağlanmış müqavilə ilə şərtləşdirilib.

37. Mülki Məcəllənin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır (maddə 467.).

38. Apellyasiya baxışı zamanı müəyyən edildi ki, iddiaçı MMC özü hər üç müqavilə üzrə dəbbə məbləğlərinin tənasüblüyünü nəzərə alaraq cavabdehə hesablanmış cəriməni azaldaraq müvafiq olaraq 73,2 manat, 130,2 manat və 36,4 manat, cəmi isə 239,8 manat məbləğində, yəni ödənilməsini tələb edə biləcəyi 2.398 manatın 10% miqdarında cərimənin cavabdehdən onun xeyrinə tutulmasını tələb etmişdir.

39. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi dəbbənin məbləğini müəyyən edən zaman yuxarıda qeyd edilən (bax: bənd 38) halı nəzərə almamaqla və hər üç müqavilə üzrə dəbbənin məbləğini müvafiq olaraq 5 manat, 5 manat və 3 manat müəyyən etməklə səhv nəticəyə gəlmişdir. Bu nəticə kreditor olan MMC-nin Mülki Məcəllənin 467-ci maddəsində nəzərdə tutulmuş mənafeyini pozur. Dəbbənin iddia ərizəsində göstərilən məbləğdə tutulması isə MMC-nin həmin mənafeyinə, tərəflər arasında əldə olunmuş razılığa və Mülki Məcəllənin tələblərinə uyğundur.

40. Beləliklə də, müəyyən edilir ki, MMC-nin iddia ərizəsi və apellyasiya şikayəti müzakirə edilən bu hissədə əsaslıdır. i) Apellyasiya baxışının nəticəsi

41. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsi işin hallarını səhv müəyyən etmiş və həmin hissədə iş üzrə işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən həmin hissəsinə aid dəlili əsaslıdır.

42. MPM-nin 385-ci maddəsinə görə isə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

43. Məhkəmə həmçinin qeyd edir ki, apellyasiya şikayətində MMC qətnamənin tam ləğv edilməsi xahiş etdiyi üçün apellyasiya şikayəti qismən təmin edilmiş hesab edilməlidir.

44. Bundan başqa Məhkəmə qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5.00 manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz. (NƏTİCƏVİ HİSSƏ)

45. Odur ki, yuxarıda göstərilənlərə və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan, MPM-nin 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 iyun 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni iddia tələbinin dəbbə pulunun qismən təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək, həmin tələb tam təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ********* saylı "xxxx" üzrə hesablanmış cərimənin ödənilməsi məqsədi ilə 73 (yetmiş üç) manat 20 (iyirmi) qəpik, xx.xx.2019-cu il tarixli ********* saylı "xxxx" üzrə hesablanmış cərimənin ödənilməsi məqsədi ilə 130 (yüz otuz) manat 20 (iyirmi) qəpik, xx.xx.2020-ci il tarixli ********* saylı "xxxx" üzrə hesablanmış cərimənin ödənilməsi məqsədi ilə 36 (otuz altı) manat 40 (qırx) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Müəyyən edilsin ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 08 iyun 2022-ci il tarixli qətnaməsinin qalan hissəsi, yəni İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ********* saylı "xxxx" üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 488 (dörd yüz səksən səkkiz) manat 40 (qırx) qəpik, xx.xx.2019-cu il tarixli ********* saylı "xxxx" üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 868 (səkkiz yüz altmış səkkiz) manat, xx.xx.2020-ci il tarixli ********* saylı "xxxx" üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 243 (iki yüz qırx üç) manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38 (otuz səkkiz) manat 40 (qırx) qəpik məbləğində pulun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar