Məhkəmə qərarları › İş №2(103)-5746/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5746/2025

27.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5746/2025 27.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi Nümayəndə Tofiq qızının, Cavabdeh nümayəndəsi X8 oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbi barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2(011)-464/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi ev 50, 804 saylı mənzilə cavabdehin mülkiyyətində olan həmin yaşayış evinin 807 saylı mənzilindən suyun axıdılması nəticəsində zərər dəymişdir. "xxxx" Firması tərəfindən aparılmış qiymətləndirmə nəticəsində müəyyən edilmişdir ki, dəymiş zərərin aradan qaldırılması üçün 911,04 manat məbləğində vəsait tələb edilir. Hazırda iddiaçı ona vurulmuş maddi ziyanın əvəzinin ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı cavabdehdən dəymiş zərərin əvəzi olaraq 911,04 manat pul vəsaitinin tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. 2024-cü ilin yanvar ayından mənzilinin üst qatında yerləşən Xətai rayonu, S.Vəzirov küçəsi ev 50, mənzil 807-dən su sızıntısı başlamışdır. Dəfələrlə cavabdehə müraciət etməyinə baxmayaraq, hərhansı bir təmir işləri aparılmadı, nəticədə xüsusi mülkiyyətində olan mənzilin təmiri pozuldu və ona maddi zərər vurulmuşdur. Bu haqda o binanı idarə edən "X10 LTD" MTK-ya müraciət etmişdir və baxış keçirələrək müvafiq akt tərtib edilmişdir. Habelə dəymiş zərərin miqdarının müəyyən edilməsi üçün qiymətləndirici "xxxx" Firmasına etdiyi müraciət əsasında rəy alınmışdır. Rəyə əsasən ona 911,04 manat maddi zərər vurulmuşdur. Cavabdehə zərərin ödənilməsi üçün müraciət etsə də, bundan imtina edildi və hazırda məhkəməyə müraciət etməkdən başqa yolu qalmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2(011)-464/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh maddi zərərin əvəzi olaraq 911,04 (doqquz yüz on bir manat dörd qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi ev 50, 804 saylı mənzilə cavabdehin mülkiyyətində olan həmin yaşayış evinin 807 saylı mənzilindən suyun axıdılması nəticəsində zərər dəymişdir. "xxxx" Firması tərəfindən aparılmış qiymətləndirmə nəticəsində müəyyən edilmişdir ki, dəymiş zərərin aradan qaldırılması üçün 911,04 manat məbləğində vəsait tələb edilir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh məhkəməyə təqdim etdiyi vəsatətdə iddiaçıya maddi zərərin evində qalan kirayəçi X4 təqsirli hərəkətləri nəticəsində dəydiyini bildirmişdir. Lakin, məhkəməyə təqdim edilmiş hökm və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarından görünür ki, X5 Cavabdeh məxsus evdə 2024-cü ilin fevral ayınadək yaşamışdır. Yəni, iddiaçının mənzilinə suyun axıdılması halı baş verdiyində həmin şəxs artıq mənzili tərk etmişdir. Digər tərəfdən, qeyd edilən məhkəmə qərarlarına əsasən X4 hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi ev 50, 804 saylı mənzilə suyun axıdıldığına görə maddi zərərin dəydiyi də müəyyən edilmir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş üzrə keçirilən iclas zamanı cavabdeh olaraq onun iştirakı təmin edilməmiş, qanunvericiliyə uyğun olaraq verdiyi vəsatətlərə əhəmiyyət verilməmiş, birtərəfli məhkəmə iclası keçirilmişdir. Nəticədə proses iştirakçısı olaraq onun məhkəmədə iştirakı təmin edilməmiş, konstitusion məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Məhkəmə qətnaməsində əsas gətirir ki, mənzilə vurulmuş ziyanın məhz cinayət hadisəsi nəticəsində olması təsdiqini tapmır. Qeyd etməyi vacib hesab edir ki, xüsusi mülkiyyətindən kirayəçi kimi istifadə edən şəxs mənzilinə xeyli miqdarda ziyan vuraraq mənzili yararsız hala salmışdır. Yararsız hala düşmüş mənzildə yaşamaq qeyri-mümkün olduğu halda məhkəmənin vurulmuş ziyanı cinayət törətmiş şəxsin mənzildən çıxdıqdan sonra baş verməsi kimi qiymətləndirməsi Ədalət Mühakiməsini şübhə altına alır. Çünki, iddiaçının özü də bu faktı təsdiq edir ki, həqiqətən onun evində baş verən cinayət hadisəsi məlum olduqdan sonra onun evində cari vəziyyətlə bağlı problem yaranmışdır və iddiaçının mənzilinə dəyən ziyan mənzilində baş vermiş cinayət hadisəsi səbəbindən baş vermişdir. İddiaçı isə dəfələrlə tələb etməsinə rəğmən mənzilini təmir etdirməyinə qətiyyən razılıq verməmiş, dəymiş ziyanın məbləğindən artıq vəsait tələb etmişdir. Əgər ziyanın aradan qaldırılması rahatlıqla mümkün olursa ağlabatan olmayan məbləğin ziyan adı altında tələb edilməsi və məhkəmənin yuxarıda qeyd edilən hallara əhəmiyyət vermədən öz qərarını qəbul etməsi qəbul edilmiş qətnamənin apellyasiya qaydasında mübahisələndirilməsinə bilavasitə əsasdır. Xüsusi mülkiyyətində olan mənzilini kirayə müqaviləsi adı altında kirayəyə götürərək ona xeyli miqdarda ziyan vuran və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə cinayət məsuliyyətinə cəlb edilən şəxsin törətdiyi cinayət hadisəsi nəticəsində iddiaçının mənzilinə ziyan vurulmuşdur. İddiaçı isə onun mənzili təmir etdirmək istəyini qətiyyən qəbul etməmiş və özü cuzi məbləğə mənzili təmir etdirmiş, əlavə olaraq isə ondan mənzilə vurulmuş ziyanın iki qat həddində pul tələb edir. Məhkəmə ərəfəsində edilmiş təmirin xərcini müəyyən etmək heç də çətin olmadığı halda məhkəmə tərəfindən buna cəhd belə edilməməsi işin birtərəfli-iddia meylli aparılmasına zəmanət verir. Göründüyü kimi tərəfindən subutlara lazımı hüququ qiymət verilməmiş və mövcud sübutlar tam araşdırılmamışdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə qətnamə qəbul etdikdə təbii ki, iddiaçının tələb etdiyi ziyan məbləğinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi üçün xüsusi biliyə malik olan ekspert-mütəxəssis hesablanmasına istinad etməli, həmçinin, iddia tələbinin predimeti olan ziyanın baş vermə səbəbini araşdırmalı, ziyanın hansı hadisə nəticəsində vurulmasını aydınlaşdırmalı, əsassız olaraq MMC-nin verdiyi arayışı qətiyyən qəbul etməməli idi. Bu xüsusata əhəmiyyət verməyən məhkəmə qəbul etdiyi qətnamədə təmin etdiyi iddia tələbinin doğruluğunu qanuni əsaslarla əsaslandıra bilməmiş, sadəcə formal mülahizələrinə istinadən qətnamə qəbul etmişdir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı iş materiallarında olan sübutlara lazımi hüquqi qiymət verməmiş, iclas iştirakçısı olaraq prosessual tərəf kimi üzrlü səbəbdən iştirak etməməyini qətiyyən nəzərə almamış, iddiaçı tərəfin tələb etdiyi əsassız və şişirdilmiş ziyanın hansı əsaslarla müəyyən edilməsinə heç bir əhəmiyyət verməmiş, vurulmuş ziyanın məhz cinayət hadisəsi nəticəsində yaranmasını hüquqi müstəvidə araşdırmamış, sadəcə MPM-nin iddia tələbinin təmin edilməsi ilə əlaqəsi olmayan ümumməlum normalarının şərhini vermişdir. Bundan başqa iddiaçının irəli sürdüyü iddia tələbi üzrə tələb edilən məbləğ hansısa fiziki şəxs tərəfindən yaradılmış MMC tərəfindən verilmişdir ki, məhkəmə qeyd edilən möhürlü sənədi mötəbər sübut hesab etmişdir. Hansı ki, hansısa məhkəmə tərəfindən qərardad əsasında təyin edilmiş ekspert mənzildə təmir işləri aparılması səbəbindən vurulmuş maddi ziyanın məbləğini müəyyən edə bilməyərək ekspertizaya göndərilmiş işi vəsatətlə geri qaytarmışdır. Bundan əlavə Azərbaycan Respublikası adından qəbul edilən qətnamədə məhz belə bir rəyə istinad edilməsi həqiqətən də təəccüb və təəssüf hissi doğuracaq haldır. Uzun illərin eksper təcrübəsinə malik olan X2 ekspertinin vurulmuş ziyanla bağlı rəy verə bilməməsinə rəğmən heç bir təcrübəsi və xüsusi lisenziyası olmayan MMC-nin dəyərindən artıq məbləğli rəy verməsi və birinci instansiya məhkəməsinin hakiminin şübhə doğuran rəyi əsas götürərək Dövlət adından qətnamə elan etməsi məhkəmə qətnaməsinin obyektivliyini şübhə altına alır. Halbuki, məhkəmə tərəfindən təyin ediləcək təkrar ekspertiza zamanı mübahisələndirilən mənzildəki edilmiş təmirə çəkilən xərc müəyyənləşdirmək heç də ekspert üçün məchul deyil. Sadəcə birinci instansiya məhkəməsi verdiyi əsaslandırılmış vəsatətlərə əhəmiyyət vermədən öz qərarını elan etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi ev 50, 804 saylı mənzilə cavabdehin mülkiyyətində olan həmin yaşayış evinin 807 saylı mənzilindən suyun axıdılması nəticəsində zərər dəymişdir. İş materiallarına əlavə olunmuş “X10 LTD” MTK-nın sədri və mühəndisi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov 50 (Xocalı 29) ünvanında yerləşən 804 saylı mənzilə şifahi müraciət əsasında baxış keçirilmişdir. Baxış zamanı aşkar edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov 50 (Xocalı 29) ünvanında mənzil 807-dən su trubasından axıntı zamanı 804-cü mənzilə maddi ziyan dəymişdir. Onlarda olan məlumata əsasən Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov 50 (Xocalı 29) ünvanında mənzil 807-nin sahibi Cavabdeh xanımdır. Bu hal kollegiya tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilərək tədqiq olunmuş, iş materiallarında olan qiymətləndirici "xxxx" Firmasın rəyin məzmunu ilə də tam təsdiq edilir. Cavabdeh apellyasiya şikayətində iddiaçıya maddi zərərin evində qalan kirayəçi X4 təqsirli hərəkətləri nəticəsində dəydiyini bildirmişdir. İş materiallarında hökm və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarından görünür ki, X5 Cavabdeh məxsus evdə 2024-cü ilin fevral ayınadək yaşamışdır. Yəni, iddiaçının mənzilinə suyun axıdılması halı baş verdiyində həmin şəxs artıq mənzili tərk etmişdir. Digər tərəfdən qeyd edilən məhkəmə qərarlarına əsasən X4 hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi ev 50, 804 saylı mənzilə suyun axıdıldığına görə maddi zərərin dəydiyi də müəyyən edilməmişdir. Beləliklə müəyyən edilir ki, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzildən axıdılması müəyyən edilmişdir. Həmçinin iddiaçının evinə suyun axıdılmasından digər şəxsin təqsirinin olması iş materialları ilə müəyyən edilməmişdir. Cavabdeh apellyasiya şikayətində həmçinin dəymiş ziyanın həcmini mübahisələndirmişdir. Bununla bağlı olaraq Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7518/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş rəy alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və mülki işin icraatı dayandırılmışdır. Lakin tədqiqat obyektinin ilkin vəziyyətdə saxlanılmadığı, təmir edildiyi müəyyən olunduğunda ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Göründüyü kimi hazırda iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi ev 50, 804 saylı mənzil təmir edildiyindən müvafiq ekspertizanın həyata keçirilməsi mümkün olmamışdır. Bununla belə iş materiallarında olan "xxxx" Firmasının 05/FŞ saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 29, 804 saylı mənzilə (yeni qaydalar ilə: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Süleymn Vəzirov küçəsi 50) qonşu tərəfindən su sızması nəticəsində dəymiş ziyanın ödənilməsi üçün xərclər smetasının hazırlanması məqsədi ilə baxış keçirilmişdir. Mənzildə görüləcək işlərin siyahısı tutularaq smetası hazırlanmışdır. Baxış zamanı müəyyən edilmiş işlərin icrası üçün 911,04 manat pul vəsaitinin tələb olunduğu müəyyən edilmişdir. Göründüyü kimi iddiaçıya məxsus su axıntısının baş verdiyi vaxta verilmiş rəyə əsasən dəymiş ziyanın 911,04 olması müəyyən edilmişdir. Bundan başqa cavabdeh həmin məbləğin şişirdilməsini bildirsə də, həmin halı təsdiq edəcək hər-hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə gəlincə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasları barədə bildirişlər kağız daşıyıcıda, eləcə də sms formasında cavabdehə göndərilmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Bu əsasdan kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Eyni zamanda cavabdeh məhkəmə iclaslarından məlumatı olmuş, birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə icraatın dayandırılması barədə ərizə və vəsatət də təqdim etmişdir. Həmin ərizə və vəsatət isə birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq əsassız hesab edilmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin əsaslarını təşkil edən dəlilləri məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən apellyasiya şikayəti göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Bununla Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qəanətə gəlmişdir ki, cavabdehin təqsirli qanuna zidd hərəkətləri nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 911,04 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2(011)-464/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar