Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5747/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Fərrux oğluna qarşı iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-504/2022 saylı, 07 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh Fərrux oğluna qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş 2.465,6 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2.495,6 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 04 may 2020-ci il tarixində 07-101 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında, o, abonentə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10009 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təmin edən qaz xəttinin üzərində isə Zenner G-4 markalı **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qaz xəttini talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xəttlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Həmçinin, qanunsuz qoşulma aradan qaldırılmış, bu barədə kəsim akları tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş 30 dekabr 2019-cu il tarixli ******* saylı akt əsasında 885,6 manat; 30 yanvar 2020-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat; 28 fevral 2020-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat; 30 mart 2020-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat; 30 aprel 2020- ci il tarixli ******* saylı akt əsasında 295,2 manat olmaqla cəmi 2.066,4 manat məbləğində zərərin dəyməsi müəyyən olunmuşdur. Cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq 04 may 2020-ci il tarixdə ünvanında quraşdırılmış **********3 nömrəli mexaniki sayğac üzrə 05/20xx-xx/2021 dövrləri arasında İddiaçı İB-yə 399,2 manat məbləğində ödənilməmiş sayğac göstəricisi üzrə qalıq borcu da vardır. İstehlakçı qazdan istifadə etdiyi bütün dövr ərzində bir manat da olsa ödəniş etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) 01 iyul 2021-ci il tarixi ümumi olaraq 2.465,40 manat təşkil edir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
3. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş 2.525,36 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2.555,36 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, 01 aprel 2022-ci il tarixə **********10009 saylı istehlakçı hesabında olan borc 2.525,36 manat təşkil etməkdədir. Borcun yaranması əsasları aşağıdakı kimi olmuşdur: 12/20xx-xx/2020 tarixlərə aktlar üzrə yaranan borc – 2.066,4 manat; 04 may 2020-ci il tarixdə quraşdırılmış **********3 saylı mexaniki sayğac üzrə sərfiyyatı olan borc məbləği – 451,76 manat, limiti keçdiyi üçün hesablanmış borc məbləği 7,2 manat, ödəniş – 0 manat, yekun olaraq 2.066,4+451,76+7,2 =2.525,36 manat.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-504/2022 saylı, 07 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Məhəmməd Rüstəmli) iddianın qismən təmin edilməsi, Cavabdeh Fərrux oğlundan təbii qazdan istifadəyə görə 458,96 (dörd yüz əlli səkkiz manat, doxsan altı qəpik) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 5 (beş) manatı İddiaçı xeyrinə tutulması, iddianın digər hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 102 (bir yüz iki) manat məbləğində vəsaitin 19 (on doqquz) manatının Cavabdeh Fərrux oğlundan, 83 (səksən üç) manatının isə İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3, 1.4, 2.5, 2.12, 3.4, 4.2, 4.8, 5.2, 5.6, 6.5, 6.6 və 6.7-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qeyri-qanuni qoşulma halının mövcud olub-olmaması halını yalnız ekspert rəyi əsasında həll edən məhkəmə, iş üzrə təqdim edilmiş digər sübutlara əlaqəli şəkildə qiymət verməmişdir. Belə ki, iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin küçə qaz xəttinə qeyri-qanuni qoşularaq, təbii qazı talan etməsi, paylayıcı ilə müqavilə bağlamadan, sayğac quraşdırılmadan, istehlakçı kodu verilmədən, küçədə guya içərisində qaz sayğacı varmış təsiri bağışlayan dəmir qutu quraşdırmaqla təbii qazı əvəzsiz və qanunsuz şəkildə talaması faktı aşkar edilmişdir. Bununla bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmiş, həmin aktlar tərtib edilərkən cavabdehin adına istehlakçı kodu açılmadığı üçün qeydiyyat işıq sayğacının mənsub olduğu şəxsə görə eyniləşdirmə aparılmaqla borc məbləğinin daxil edilməsi üçün **********10009 saylı kod açılmış, qeyri-qanuni qoşulma ləğv edilmiş, bu darədə də ayrıca aktlar tərib edilmişdir. Lakin cavabdeh qeyri-qanuni əməllərini yenə də davam etdirmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 dekabr 2019, 30 yanvar 2020, 28 fevral 2020, 30 mart 2020 və 30 aprel 2020-ci il tarixli aktlar tərtib edilmişdir. Nəhayət, tərəflər arasında 04 may 2020-ci il tarixində 07-101 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında alqısatqısı barədə müqavilə” imzalanmış, “Qaz sayğacının çıxarılması, quraşdlrılması və istismara qəbulu haqqında” xx.xx.2020-ci il tarixdə ******* saylı akt tərtib edilməklə **********3 saylı Zenner G4T Mexaniki tipli sayğac quraşdırılmışdır. Həmin aktda da qutuda sayğacın aşkar edilməməsi qeyd edilmişdir. Akt cavabdeh tərəfindən imzalanmaqla həmin dövrə qədər istifadəsində sayğacın olmaması, sayğacdan kənar təbii qazdan istifadə etməsi faktını imzası ilə təsdiq etmişdir. İş materiallarında olan saldodan da aktların yazıldığı dövrdə ödənişin həyata keçirilməməsi aydın şəkildə göründüyü, fotolarda küçə qaz xəttinə qoşulmanın aydın əks olunduğu halda məhkəmə yalnız ekspert rəyini əsas tutmaqla, hal şahidlərinin dəvət edilmədiyini qeyd etməklə iddianı həmin hissədə əsassız olaraq rədd etmişdir. Halbuki cavabdeh tərəfindən deliktin təqsirli şəkildə törədilməsi ( içərisində qaz sayğacının guya olması görüntüsünü yaratmaq niyyəti ilə evin divarına dəmir qutu quraşdırılması, küçə xəttinə qeyri-qanuni qoşulmanın həyata keçirilməsi ) və bu hərəkət nəticəsində paylayıcıya maddi ziyan vurulması iş materialları ilə sübut olunur. (Saldo, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar, “Qaz sayğacının çıxarılması, quraşdlrılması və istismara qəbulu haqqında” xx.xx.2020-ci il tarixdə ******* saylı akt, akta cavabdehin sayğacın olmaması barədə qeydlə razılaşaraq bunu imzası ilə təsdiq etməsi, fotolar, kəsim aktları). Təbii qazdan sayğacdan kənar istifadə etdiyi dövrdə, həmçinin xx.xx.2020-ci il tarixdə sayğac quraşdırıldıqdan sonra da bu günə qədər də heç vaxt ödəniş etməmişdir. Bu isə cavadehin ümumi qaydalara, müqavilə öhdəliklərinə, cəmiyyət və dövlət qarşısındakı vəzifələrinə münasibətinin aydın ifadə olunmuş təzahürüdür. Cavabdeh küçə qaz xəttinə qeyri-qanuni qoşulma həyata keçirmiş olsa da, aylarla qeyri-qanuni qoşulma faktını pərdələmək üçün içərisi boş dəmir qutunu divara bərkitməklə təbii qazdan istifadə etmiş olsa da, məhkəmə qanunsuz və əsassız olaraq iddia tələbinin həmin hissədə təmin edilməməsini qət etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh Fərrux oğlu isə məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun
10. Maddə 11.6 qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir..
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın
11. Maddə 1.3 qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
12. Maddə 1.4 istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
13. Maddə 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.
14. Maddə 2.12 istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.
15. Maddə 3.4 istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək;
16. Maddə 4.2 qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir;
17. Maddə 4.8 fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar;
18. Maddə 5.2 qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz;
19. Maddə 5.6. qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə).
20. Maddə 6.5. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir;
21. Maddə 6.6. qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir;
22. Maddə 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini xahiş etdiyindən apellyasiya baxışının hədlərini qətnamənin məhz həmin hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-504/2022 saylı, 07 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 dekabr 2019, 30 yanvar 2020, 28 fevral 2020, 30 mart 2020 və 30 aprel 2020-ci il tarixli aktlar tərtib edilmişdir. Həmin aktlarda cavabdehin sayğacdan kənar qeyri-qanuni birləşmə ilə qaz xəttinə qoşulması aşkar olunduğu göstərilmişdir. Həmin aktlara əsasən cavabdehə ümumilikdə 2.066,4 manat (885,6+1.180,8), qazdan istifadəyə görə isə ümumilikdə 458,96 manat (mexaniki sayğac üzrə sərfiyyata görə 451,76 manat, limiti keçdiyinə görə 7,2 manat) məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2022-ci il tarixli rəyindən görünür ki, ekspert mübahisəli ünvanına baxış keçirmiş, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni yol küçəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən İddiaçı İB-yə məxsus 76 mm-lik polad qaz borusunun üzərində hər hansı müdaxilə halları (əlavə qoşulmalar) müəyyən edilməmişdir.
32. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-504/2022 saylı, 07 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.