Məhkəmə qərarları › İş №2(103)-5748/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5748/2021

22.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5748/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbinə" dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(001)-1093/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 51235 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə “X15 Azərbaycan” QSC arasında bağlanmış 30 yanvar 2013-cü il tarixli 213/003 nömrəli kredit müqaviləsinə əsasən buraxılış tarixi 2009-cu il olan, 4CGBF86E99A506633 ban nömrəli, **-VE-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli "Mersedes Benz-GL 550" markalı nəqliyyat vasitəsinin ipoteka ilə yüklü edilməsi şərtilə illik 16% olmaqla, 51386 ABŞ dolları məbləğində kredit götürülməsi barədə razılığa gəlmişlər. İddiaçı kreditlə əlaqədar ödənişləri vaxtlı-vaxtında ödəmiş, lakin gözlənilməz hal kimi iş yerindəki ixtisarlarla bağlı işini itirdiyindən və yeni iş tapa bilmədiyindən ödənişləri edə bilməmiş və avtomobili sataraq banka olan borcunu ödəmək qərarına gəlmişdir. Buna görə də, Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən avtosalonun işçisi Elçinin köməyi ilə müştəri tapmışdır. X2 (*ad iddia ərizəsində səhv göstərilib, göstərilən şəxs cavabdehə verilmiş etibarnaməni tərtib və təsdiq edən notariusdur) bütün öhdəlikləri üzərinə götürərək, banka olan borcu qəbul etməklə nəqliyyat vasitəsini müvafiq qaydada rəsmiləşdirilməsi üçün bütün səlahiyyətlərin etibarnamə ilə ona verilməsini istədiyindən iddiaçı razılaşaraq, ona Yasamal rayonu 14 saylı notariat kontorunda 28.04.2014-cü il tarixli etibarnamə vermişdir. Həmin şəxslə müvafiq sənədləşmə işlərinin aparılması üçün banka getmişlər, bankda sənədləşmə işləri üçün xeyli vəsait (3200 manat) tələb olunduğundan, Əliyev Elman (*ad iddia ərizəsində yenidən səhv yazılıb) sənədləşməni daha sonra özü həll edəcəyini bildirmişdir. Lakin həmin şəxs heç bir rəsmiləşdirmə aparmadan iddiaçının adından banka borcun bir hissəsini ödəmiş və nəqliyyat vasitəsini etibarnamə ilə başqa şəxsə satmışdır. Bir müddət sonra bank tərəfindən iddiaçıya borcunun olması və hazırda ödənilmədiyi bildirilmişdir. Əldə etdiyi məlumata əsasən növbəti alıcılar borc məbləğindən heç bir ödəniş etməmişlər. Bundan başqa, sözügedən avtomobil başqa şəxsin istifadəsində olan zaman, yəni faktiki olaraq həmin avtomobili iddiaçı idarə etmədiyi müddətdə iddiaçıya dəfələrlə, Azərbaycan Respublikasının İXM-nin müvafiq maddələri ilə protokollar tərtib olunaraq, qeydiyyatda olduğu ünvana bildiriş gəlmişdir. Bununla bağlı dəfələrlə, Azərbaycan Respublikası DİNnə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə və Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə “Mersedes Benz GL 550 minik” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin tapılması istiqamətində sorğular göndərmişdir. Lakin sorğulara lazımi cavablar almamışdır. İddiaçı barəsində ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikası İXMnin müxtəlif maddələri ilə protokol tərtib olunduqdan sonra belə qənaətə gəlmişdir ki, Bakı şəhəri 14 saylı notariat kontorunda Cavabdeh vermiş olduğu ümumi etibarnaməni ləğv etdirsin. 25.12.2014-cü il tarixdə ərizə yazaraq, həmin etibarnaməni ləğv etdirmişdir. Etibarnamə ləğv olunan zaman mövcud olan hüquqlar da ləğv olunmalı idi, lakin Cavabdeh etibarnamə ilə əldə etdiyi əmlakı (nəqliyyat vasitəsini) iddiaçıya qaytarmaqdan imtina etmiş və bildirmişdir ki, o avtomobili satıb. Bank iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2(011)-8156/2014 saylı 24 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 30.01.2013-cü il tarixli 213/003 saylı kredit müqaviləsi üzrə 41400.64 ABŞ dolları əsas borc. 4773.87 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində penya, cəmi 46374.51 ABŞ dollar (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 8 manat poçt xidmətlərinə görə və 30 manat dövlət rüsumu “X15” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin banka girov qoyulmuş İddiaçı məxsus “Mercedes Benz-GL 550” markalı **-VE-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun “X15” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8156/2014 saylı 05 dekabr 2014-cü il tarixli qərardadı ilə İddiaçı məxsus “Mersedes Benz-GL 550” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Qüvvədə olan qətnamədə nəzərdə tutulmuşdur ki, həmin əmlak hərrac vasitəsilə satılaraq, satışdan əldə edilən vəsait hesabına banka olan borc ödənilsin və artıq qalan vəsait İddiaçı ödənilsin. Lakin Cavabdeh əmlakı qaytarmadığından həmin vaxt avtomobilin hərracda satılması mümkün olmamışdır. “Mercedes Benz-GL 550” markalı **- VE-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı əldə edərkən avtomobilin bank tərəfindən qiymətləndirilməsi həyata keçirilmişdir. Avtomobilə 30 yanvar 2013-cü il tarixdə 70000 ABŞ dolları qiymət qoyularaq 40000 ABŞ dolları kredit verilmişdir. 28.04.2014-cü il tarixdə, yəni 1 il 3 ay sonra etibarnamə ilə cavabdeh X4 (*ad yenidən səhv yazılıb) satmışdır. Sənədləşdirmə işini cavabdeh öz üzərinə götürmüşdür. Lakin cavabdeh avtomobili öz adına rəsmiləşdirmədən etibarnamə ilə üçüncü şəxslərə vermişdir. Göründüyü kimi, 70000 ABŞ dolları dəyərində olan avtomobil saz vəziyyətdə bocluya verilmişdir. 14.09.2020-ci il tarixdə, yəni 6 il sonra polis orqanları tərəfindən tapılıb icra və probasiya şöbəsinə təhvil verildikdən sonra Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzində “Mersedes Benz GL 550” minik markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil qiymətləndirilərək, ilkin satış qiyməti 35000 manat (20588 ABŞ dolları) müəyyən edilmişdir. Halbuki, 2014-cü il tarixdə həmin əmlakın dəyəri onun indiki qiymətindən qat-qat artıq olmuşdur və onun satışı ilə "xxxx" QSC-yə olan iddiaçının borcu tam ödənilə, məhkəmə qərarında qeyd edildiyi kimi qalan vəsait iddiaçıya qaytarıla bilərdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin müvafiq qətnaməsi 2014-cü ildən bəri icrasız qalmışdır. Beləliklə, cavabdeh vaxtında avtomobili qaytarsaydı, avtomobilin 1 il sonrakı qiyməti maksimum 10000 ABŞ dolları azala və avtomobil 60000 ABŞ dollarına satıla bilərdi. Cavabdehin təqsiri ücbatından nəinki 13626 ABŞ dolları vəsaiti iddiaçıya qaytarıldı, əksinə avtomobil 35000 manata, yəni 20588 ABŞ dollarına hərracda satışa çıxarıldı. 46374.51 ABŞ dolları - 20588 ABŞ dolları = 25786 ABŞ dolları məbləğində borc qalır. Belə olan halda iddiaçıya 60000 ABŞ dolları - 35000 manat, yəni 20588 ABŞ dolları = 39412 ABŞ dolları və həmin məbləğin 5% həcmində illik 1970.60 ABŞ dolları x 6 il = 11823.60 ABŞ dolları, ümumilkdə 51235 ABŞ dolları zərər vurulmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(001)- 1093/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin edilməsini xəhiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən hallarla yanaşı, onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi işin mühüm əhəmiyyət kəsb edən faktiki hallarını araşdırmamış və məhkəməyə təqdim edilən sübutlara lazımi qaydada hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının kobud şəkildə pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyə uyğun qaydada xəbərdar edilsə də, məhkəmənin çağırışna gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 30.01.2013-cü il tarixli, 213/003 saylı kredit müqaviləsindən görünür ki, “X15” QSC tərəfindən İddiaçı illik 16 % hesablanmaqla 36 ay müddətinə 51386 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 30.01.2013-cü il tarixli, 213/003 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə bank arasında bağlanmış 30.01.2013-cü il tarixli, 213/003 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə girov qoyan mülkiyyətində olan “MERCEDES BENZ-GL 550” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili (2009-cu il buraxlışlı, Ban:4CGBF86E99A506633, Rəngi: ağ) girov qoymaqla ona olan hüquq və maraqları girov saxlayana vermişdir. İş materiallarında olan 19.12.2014-cü il tarixli arayışdan görünür ki, İddiaçı 30.01.2013-cü il tarixli, 213/003 saylı kredit müqaviləsi üzrə 41400.64 ABŞ dolları əsas borcu, 4773.87 ABŞ dolları məbləğində faiz borcu, 1570.81 ABŞ dolları dəbbə borcu yaranmışdır. İş materiallarında olan bildirişdən görünür ki, “X15” QSC tərəfindən cavabdeh İddiaçı qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, MERCEDES BENZ-GL550 markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı məxsusdur. İş materiallarında surəti olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2(011)-8156/2014 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı borc üzrə cəmi 46374,51 ABŞ dolları, məhkəmə xərci üzrə 38 manat məbləğində pulun tutularaq "xxxx" QSC-yə ödənilməsi, tutumanın İddiaçı məxsus buraxılış tarixi 2009-cu il, BAN nömrəsi 4CGBF6E99A506633 olan, **-VE-*** d.q.n., ağ rəngli, Mersedes Benz- GL550 markalı avtomobilə yönəldilməsi qət edilmişdir. Həmin vaxt izahat verən İddiaçı iddiaya MERCEDES BENZ-GL550 markalı, **-VE- *** dövlət qeydiyyat nişanlı avtomobili 2014-cü ilin may ayında satması, həmin şəxsin banka olan borcu ödəməsi, lakin sonradan həmin şəxsin avtomobili başqa şəxsə verməsi, hazırda avtomobilin kimdə olmasının ona məlum olmaması əsası ilə etiraz edərək rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, mülkiyyətçi İddiaçı 28.04.2014-cü il tarixdə özünə məxsus daşınmaz əmlak istisna olmaqla, digər daşınar əmlakları ilə bağlı səlahiyyətləri Cavabdeh etibar etmişdir. Həmin etibarnamənin verilməsindən bir neçə gün sonra - 06.05.2014-cü il tarixdə Cavabdeh qeyd edilən etibarnamə əsasında etibar edilən hüquqlara dair X5 etibarnamə vermişdir. Bundan sonra qeyd edilən əmlaklara dair səlahiyyətlər müxtəlif şəxslərə bir neçə dəfə etibarnamə ilə ötürülmüş, 25.12.2014-cü ildə mülkiyyətçi İddiaçı həmin etibarnaməni ləğv etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 15.03.2021-ci il tarixli məktubundan görünür ki, “Mercedes Benz GL550” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil 30.01.2013-cü il tarixdən ünvan 2 ünvanda qeydiyyatda olan xx.xx.1973-cü il təvəllüdlü İddiaçı adında qeydiyyatdadır, ipoteka müqaviləsinə əsasən özgəninkiləşməsi qadağan edilmiş və həmin avtomobilə dair 22.06.2014-cü il tarixdə X3, 05.07.2014-cü il tarixdə isə X6 etibarnamə verilmiş və hər iki etibarnaməyə hal-hazırda xitam verilmişdir. İddiaçı tələbini bank qarşısında öhdəliyinin avtomobili etibarnamə əsasında satın almış cavabdehə keçməsi, sonuncunun isə öhdəliyini icra etməməsi nəticəsində bankın məhkəmədə ona qarşı iddia irəli sürməsi və uzun müddət sahibliyindən çıxmış avtomobilin dəyərdən düşməsi ilə bağlı zərərə uğraması ilə əsaslandırır. Məhkəmə kollegiyası iddiaçının dəlilləri üzrə ilk öncə onu qeyd etməyi zəruri sayır ki, Cavabdeh ilə “X15” QSC arasında 30.01.2013-cü il tarixli, 213/003 saylı kredit müqaviləsi üzrə İddiaçı öhdəliyininin birinciyə verilməsi barədə müqavilə olmadığından, eləcə də iş üzrə sübutlarla tərəflər arasında İddiaçı 30.01.2013-cü il tarixli, 213/003 saylı kredit müqaviləsi üzrə öhdəliyinin Cavabdeh veriləcəyi barədə razılaşmanın əldə edilməsi və “X15” QSC-nin bu razılaşmaya icazə verməsi təsdiq edilmədiyindən, avtomobilin satılıb-satılmamasından asılı olmayaraq, 30.01.2013-cü il tarixli, 213/003 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrası iddiaçının özünə aid olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin Məcəllənin 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Bundan başqa iş üzrə sübutlarla tərəflər arasında ipoteka predmetinin özgəninkiləşdirməsinə dair müqavilənin olması da təsdiq edilməmişdir. Halbuki, iddiaçının həmin avtomobil üzərində mülkiyyətçi hüququ mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü maddəsinə əsasən ipoteka verənin ipoteka saxlayan qarşısında öz üzərinə əşyanı özgəninkiləşdirməmək, əşyadan istifadə etməmək və ya onu digər şəkildə yüklü etməmək öhdəliyini götürməsini nəzərdə tutan razılaşma etibarsızdır. Bu cür əqdlərin üçüncü şəxslər üçün etibarlığı ipoteka saxlayanların razılığından asılı ola bilməz. Bakı şəhəri Xətai Rayon Məhkəməsi 24 dekabr 2014-cü il tarixli, 2(011)-8156/2014 saylı qətnaməsi ilə mübahisəni həll edərkən 30.01.2013-cü il tarixli, 213/003 saylı kredit müqaviləsi üzrə öhdəliyin İddiaçı aid olduğu nəticəsinə gəlmişdir. Bundan başqa, iddiaçının avtomobili cavabdehə satması barədə dəlilləri özünün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2(011)-8156/2014 saylı qətnaməsində əks olunmuş izahatı ilə təkzib olunmuşdur. Belə ki, avtomobilə dair etibarnamə Cavabdeh 28.04.2014-cü il tarixdə verilsə də, iddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2(011)- 8156/2014 saylı qətnaməsində əks olunmuş izahatında avtomobili may ayında satdığını bildirmişdir. Yanaşı yoxlanılmış sübutlarla isə müəyyən edilmişdir ki, avtomobilə dair etibarnamə 2014-cü ilin may ayında X8 adlı şəxsə verilsə də, iddiaçı tələbini həmin şəxsə deyil, cavabdehə qarşı yönəltmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 312.1-ci maddəsinə əsasən ipoteka verən əşyanın real dəyərini qorumağa borcludur. Məhkəmə kollegiyası iddiaçının dəlilləri üzrə onu da qeyd etməyi zəruri sayır ki, ipoteka ilə yüklü edilmiş avtomobilin real dəyərini qorumaq iddiaçının özünün borcu olduğundan və o, avtomobili özgəninkiləşdirmədən, yeni mülkiyyətçini 30.01.2013-cü il tarixli, 213/003 saylı kredit müqaviləsi üzrə öhdəliyinin ona verilməsi barədə müqavilə bağlanması üçün banka təqdim etmədən, eləcə də 30.01.2013-cü il tarixli, 213/003 saylı kredit müqaviləsi üzrə öhdəliyinin ona keçməsi barədə yeni mülkiyyətçi ilə razılaşma əldə etmədən, bu razılaşmaya “X15” QSC-dən icazə istəmədən ipoteka predmetini hər hansı təminat olmadan üçüncü şəxsin sahibliyinə verməklə, zərərin yaranmasına şərait yaratmış, nəticədə ödənilməmiş öhdəliyə görə bank ona qarşı məhkəmədə iddia qaldırmış, uzun müddət istifadədə olan avtomobilin dəyəri azalmışdır. Bundan başqa, iddiaçı Cavabdeh mübahisəli avtomobili qaytarmasını tələb etdiyini, lakin sonuncunun etibarnamə ilə əldə etdiyi əmlakı (nəqliyyat vasitəsini) iddiaçıya qaytarmaqdan imtina etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, iş materialları və tərəflərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin verdikləri izahatlarla müəyyən edilir ki, Cavabdeh iddiaçının etibarnamə ilə ona verdiyi səlahiyyətlər çərçivəsində hərəkət edərək mübahisəli avtomobilə dair 06.05.2014-cü il tarixdə başqa şəxsə etibarnamə verməklə, etibar edilmiş əmlak üzrə səlahiyyətləri ötürmüş və həmin vaxtdan avtomobil onun sahibliyində və istifadəsində olmamışdır. Belə bir şəraitdə, cavabdeh tərəfindən iddiaçının əmlakına münasibətdə ona ziyan vurulmasına səbəb ola biləcək hər hansı hüquqa zidd hərəkətə yol verilməsi müəyyən edilmir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və bu qənaətə gəlir ki, iş üzrə sübutlarla cavabdehin hərəkətləri nəticəsində iddiaçının zərərə uğrması təsdiq olunmadığından, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiysı yekun olaraq hesab edir ki, apellyasiya şikayətnin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: Cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(001)-1093/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar