Məhkəmə qərarları › İş №2(103)-5749/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5749/2022

30.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5749/2022 30.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3905/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 151,65 manat məbləğində maddi zərərin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 20 fevral 2019-cu il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və 28 oktyabr 2020-ci il tarixli e-2(001)-5330/2020 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı “X1 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış 04 iyul 2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx"xxxx"xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh17 fevral 2021-ci il tarixindəki 100 manat və 17 fevral 2022-ci il tarixindəki 911 manat məbləğlərindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 151,65 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən 04 iyul 2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh (lər) tərəfindən “X1 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15%-i həcmində, yəni ümumilikdə 151,65 manat məbləğində xidmət haqqı ödəmişdir. “X1 Azərbaycan” QSC ilə cavabdeh arasında bağlanmış 20 fevral 2019-cu il tarixli kredit müqaviləsinin 5 və 6-cı bəndində “borcverənin”-in hüquq və vəzifələri/Borcalanın hüquq və vəzifələrində (öhdəlikləri) “borcalan tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kredit və ona hesablanmış faiz borcunu, o cümlədən kredit üzrə gecikdirilmiş və /və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hesablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hesalanan cərimə məbləğlərini, kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və /və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmət ilə bağlı çəkdiyi/çəkməli olduğu) bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etmək (tutmaq/almaq) qeyd edilmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3905/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Məhəmməd Rüstəmli).

4. Həmin qətnamədən narazı qalan iddiaçı iddia tələbinin məzmununa uyğun apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir.

5. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti və dəlilləri:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “X1 Azərbaycan” QSC arasında xx.xx.2019-cü il tarixli Bank hesabı, debet kart, kredit kart və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2020- tarixli 2(001)-5330/2020-saylı Məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “Lider Legal MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyət orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində ödənilən 100 manat, və xx.xx.2022- ci il tarixində ödənilən 911 manat məbləğ "xxxx" MMC -nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə151.65 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yeTrmiş olduğu xidmətlərə görə “Lider Legal” MMC-yə cavabdeh(lər) tərəfindən “X1 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 151.65 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin 5 və 6-cı bəndində «Borcvеrən»-in hüquq və vəzifələri/Borcalanın hüquq və vəzifələri(öhdəlikləri)ndə qeyd edilmişdir ki: «Borcalan» tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yеrinə yеtirilmədikdə krеdit və ona hеsablanmış faiz borcunu, o cümlədən krеdit üzrə gеcikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hеsablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hеsablanan cərimə məbləğlərini, krеditin gеri qaytarılması ilə bağlı çəkdiyi və\və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmətl ilə bağlı çəkdiyi\çəkməli olduğu) bütün хərclərin (zərərin) əvəzinin, həbelə əldən çıxmış faydanın ödənilməsini tələb еtmək (tutmaq\almaq); Bu müqavilə üzrə öhdəliklərini lazımınca yеrinə yеtirmədikdə krеditin gеri qaytarılması ilə bağlı “Borcverənin” çəkdiyi və\və ya çəkməli olduğu bütün хərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi\çəkməli olduğu xərclərin) əvəzini, habelə “Borcverənin” əldən çıxmış faydasını ödəmək; Ödənilmiş xidmət haqqına dair "xxxx" QSC ilə "xxxx" MMC arasındakı ödənişlərə dair təhvil təslim aktları mövcuddur. Həmin aktlar iddia ərizəsinə də əlavə edilmişdi. Lakin Binəqədi rayon Məhkəməsinin hazırda şikayət verilən qətnaməsi ilə iddia təmin edilmədi. Hesab edirik ki birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən mühüm əhəmiyyətə malik hallar ətraflı araşdırılmamış işin faktiki hallarına görə görə işə düzgün qiymət verilməmiş maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Tərəflərin izahatları:

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

8. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə bamayaraq iddiaçı kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsiinn səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

10. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:

11. Belə ki, işin materiallarında olan “X1 Azərbaycan” QSC ilə qızı arasında 20 fevral 2019-cu il tarixdə bağlanmış “Bank hesabı, debet kartı, Cavabdeh kredit kartı və zaminlik” haqqında qarışıq müqaviləsinə əsasən sonuncuya kredit verilməsi üçün kredit xətti açılmışdır. Müqavilənin 6.4-cü bəndinə əsasən, borcalam öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi səbəbindən yaranmış (ödənilməmiş) borclarınj geri qaytarılmasının təmin edilməsi məqsədilə “borcverən” borcun qaytarılamasını üçüncü şəxslərə tapşırmaq və bu məqsədlə qanunvericilklə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçirilmədi üçün (məhkəmə instansiyalarına, orqanlarına müraciət və.s) “borcalana” aid olan məlumatları həmin şəxslərə təqdim etmək, bu işlərin aparılmasına görə həmin şəxslərə ödənilən xərclərin və yaxud çəkilən (çəkilməli olan) məsrəfləri (xərcləri) “borcalanadan” tələb etmək (tutmaq/almaq) hüququna malik olduğu ilə razılaşır, bəyab edir və təsdiq edir.

12. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(001)- 5330/2020 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh əsas borc 872,08 manat, faiz borcu 90,59 manat, cərimə 16,62 manat olmaqla, cəmi 979,29 manat pulun, 1,5 manat məbləğində bildirişlərin göndərilməsi üzrə poçt xərci və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq “X1 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir.

13. "xxxx" MMC ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış 04 iyul 2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilədən görünür ki, bu müqavilə İstehlak kreditləri, avtomobil kreditləri və/ və ya təminatı avtomobil, nəqliyyat və.s olan kreditləri, kredit kartları və /və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsaən istifadə edilən kreditlərdən bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Müqavilənin 5.1.1-ci bəndinə əsasən bank, müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənilməsindən) cəmi 15% nisbətində hüquqi xidmət haqqı (vəkillik) xərci ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında).

14. "xxxx" MMC və “X1 Azərbaycan” QSC arasında tərtib edilmiş 16 mart 2022-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC və “X1 Azərbaycan” QSC arasında bağlanmış 04 iyul 2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin ayrılmaz tərkib hissəsi olan, 30 yanvar 2018-ci il tarixli əlavə razılaşmanın 5.1.1-ci maddəsinə əsasən 2021-ci ilin fevral ayı üzrə MMC tərəfindən borclu İstehlak krediti müştərilərinin etdiyi geri ödənişlərin 15.033,86 manat məbləğinin 15 faiz xidmət haqqının 2.255,07 manat və geri ödənişin 130 manat (76,47 ABŞ dolları üzrə) 15 faiz xidmət haqqı, yəni 19,50 manat icra edilərək QSC-yə təhvil verilmiş və QSC tərəfindən qəbul edilmişdir.

15. "xxxx" MMC-nin 16 mart 2022-ci il tarixli 0195 saylı hesab fakturadan görünür ki, görülmüş iş və xidmətlər üzrə geri ödənilmiş məbləğ 15.163,86 manat və büroya ödəniləcək məbləğ 2.274,57 manat təşkil edir. "xxxx" MMC-nin 16 mart 2022-ci il tarixli təhvil aktından görünür ki, 310432 nömrəli Cavabdeh 17 fevral 2022-ci il tarixdə 911 manat məbləğində ödəniş etmişdir. Həmçinin həmin aktdan görünür ki, 136,65 manat məbləğində büroya ödəniş edilmişdir.

16. "xxxx" MMC və “X1 Azərbaycan” QSC arasında tərtib edilmiş aktdan görünür ki, "xxxx" MMC və “X1 Azərbaycan” QSC arasında bağlanmış 04 iyul 2017-ci il tarixli “Hüqqui xidmət haqqında” müqavilənin ayrılmaz tərkib hissəsi olan, 30 yanvar 2018-ci il tarixli əlavə razılaşmanın 5.1.1-ci maddəsinə əsasən 2022-ci ilin fevral ayı üzrə MMC tərəfindən borclu “World Card” krediti müştərilərinin etdiyi geri ödənişlərin 10.199,48 manat məbləğinin 15 faiz xidmət haqqı, yəni 1.529,92 manat icra edilərək QSC-yə təhvil verilmiş və QSC tərəfindən qəbul edilmişdir.

17. "xxxx" MMC-nin 16 mart 2022-ci il tarixli 0196 saylı hesab fakturadan görünür ki, görülmüş iş və xidmətlər üzrə geri ödənilmiş məbləğ 10.199,48 manat və büroya ödəniləcək məbləğ 1.529,92 manat təşkil edir.

18. Maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən 17 fevral 2021-ci il tarixdə ödənilən 100 manat və 17 fevral 2022-ci il tarixində ödənilən 911 manat "xxxx" MMC tərəfindən təmin edilmişdir və bu ödənişlərə görə də X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 151,65 manat məbləğində xidmət haqqı ödənilmişdir.

19. “X1 Azərbaycan” QSC tərəfindən Cavabdeh ünvanlanmış 24 fevral 2022-ci il pretenziya bildirişinin surətindən görünür ki, ondan "xxxx" MMC-yə köçürülmüş 151,65 manat məbləğində xidmət haqqının 5 iş günü müddətində ödənilməsi xahiş edilmişdir. Qeyd olunan bildirişin göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, bildiriş Cavabdeh çatdırılmışdır. Hüquqi dəyərləndirmə:

20. Beləliklə, iş materiallarında olan sübutlarla müəyyən edildi ki, cavabdeh tərəflər arasında bağlanmış 20 fevral 2019-cu il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi” üzrə öhdəliklərini yerinə yetirməmiş, bununla bağlı iddiaçı bank iddia ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Daha sonra iddiaçı bank "xxxx" MMC ilə bağlanmış 04 iyul 2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini sonuncuya sifariş etmiş və bunun üçün bank tərəfindən 151,65 manat xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı həmin məbləği cavabdehdən tutulmasını tələb edir, cavabdeh isə iddianı qəbul etmir.

21. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun:

22. 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası“icra məmurları“tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir;

23. 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar“icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir;

24. 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir;

25. 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir;

26. 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir.

27. Kollegiya qeyd edir ki, qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, məhkəmə qətnaməsi icrası məcburi olan akt olmaqla onu çıxarmış məhkəmə tərəfindən icraya yönəldilir və hər hansı bir orqana müraciət edilib-edilməməsindən asılı olmayaraq icra məmuru tərəfindən həyata keçirilir. Məhkəmə qətnaməsi ilə iddiaçının borcun ödənilməsi barədə iddiası təmin edilmiş, həmin qətnamə qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə tərəfindən icraya yönəldilmiş və məcburi icrası icra məmuru tərəfindən həyata keçirilmişdir. Qanunvericilikdə məhkəmə aktının məcburi icrası, o cümlədən tərəflər arasında bağlanmış müqavilənin 4.19-cu bəndində qeyd olunmuş “icra tədbiqini həyata keçirmək” səlahiyyətləri hər hansı hüquqi şəxsə, o cümlədən iddiaçıya və "xxxx" MMC-yə verilməmişdir və onlar tərəfindən hər hansı məcburi icra hərəkətlərinin (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin tələblərinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və s.) həyata keçirilməsi də qeyri-mümkündür.

28. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericilikdə tələbkardan, yəni hazırki iş üzrə iddiaçıdan icra məmuru tərəfindən həyata keçirilən icra hərəkətləri ilə bağlı hər hansı ödənişin alınması nəzərdə tutulmamışdır, əksinə, həmin ödəniş borclu tərəfindən həyata keçirilir.

29. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə nəzərdən keçirərək qeyd edir ki, icra sənədi üzrə borcun ödənilməsinin təmin edilməsi icra məmuru tərəfindən həyata keçirilir.

30. Qanunvericilikdə icra mərhələsində çəkilən xərclərin alınmasını icra məmurunun müstəsna səlahiyyətlərinə aid edilməklə, həmin məbləğin tutulmalı olan məbləğin 7 faizi həcmində müəyyən edilmiş, iddiaçı tərəfindən icra ilə bağlı çəkilən xərclərin cavabdehlərdən tələb edilməsi isə qanunla nəzərdə tutulmamışdır.

31. Belə olan halda, kollegiya yuxarıda gösətrilənlərə uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti özü qanunverici tərəfindən müəyyən edilən üsul və vasitə qaydasını seçməmiş, özü müstəqil olaraq digər müstəqil xidmət sahəsinin seçmiş və xidmətin qarşılığında könüllü olaraq müəyyən məbləğ ödəmişdir ki, bu halda iddiçıya həmin xidmət haqqının cavabdehdən tutulması üçün əsaslar mövcud deyildir.

32. Sadalanan xüsusatlara əsasən Kollegiya qeyd edir ki, iddia tələbinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

33. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

35. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

36. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

37. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:

İddiaçı “X1 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3905/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar