Məhkəmə qərarları › İş №2(103)-5750/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5750/2020

31.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5750/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlə.r: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-ə qarşı “maddi zərərin ödənilməsi” tələblərinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-283/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-ə qarşı “maddi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 12 837 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, baş etibarnamə ilə özünə məxsus olan “KİA Sorento” markalı, ** SH *** nömrə nişanlı, 2009-cu il buraxılışlı minik maşınını xx xxxxxx 2019-cu il tarixdə ayda 800 manat icarə haqqı ödəmək şərtilə Cavabdeh MMC-nin direktoru X6 ilə razılıqlarına əsasən ona müvəqqəti etibarnamə ilə bir illik, yəni xx xxxxxx 2020-ci il tarixədək istifadəyə vermişdir. Elvin Camalov da həmin maşını xx xxxxxx 2019-cu il tarixdə Cəmiyyətin adından yol vərəqəsi ilə idarə etmək üçün X3 icarəyə vermişdir. S.Məmmədova da avtomobili idarə edərkən avtoqəza törətmiş və avtomobilin qabaq sol tərəfi əzilərək avtomobilə xeyli məbləğdə ziyan dəymişdir. Avtomobil 1 aydan çox cərimə meydançasında saxlanılmışdır. Buna görə də o, E.Camalova ciddi etirazını bildirərək maşının təcili təmir edilməsini tələb etmişdir. Bundan sonra o, avtomobili cərimə meydançasından çıxararaq təmir üçün ustaya aparmışdır. Orada da onun avtomobili 2 ay boş dayanaraq heç bir təmir işi görülməmişdir. Dəfələrlə etiraz edəndən sonra E.Camalov ona cəmisi 550 manat pul və 1 ədəd təkər verərək xahiş etdi ki, işləri çoxdur və vaxtı yoxdur deyə avtomobili o, özü təmir etdirsin, təmirə nə qədər xərc çıxarsa, ödəyəcəyinə söz verdi. O, Elvin Camalova inanaraq onunla razılaşmış və maşının təmir edilməsi üçün bütün zəruri xərcləri çəkmiş və avtomobili 2019-cu ilin iyul ayının ortalarınadək təmir etdirib başa çatdırmışdır. Avtomobilin təmirinə və egtiyat hissələrinə 6187 manat məbləğində xərci çıxmışdır. Bununla əlaqədar avtomobili təmir edən usta Rahil Ağayevdən avtomobilin ehtiyat hissələrinə və zəhmət haqqına çəkilən xərc barəsində arayış da almışdır. Bundan başqa avto qəza nəticəsində 5 aydan artıq müddətə maşın təmirə dayanmışdır. Bu müddət ərzində o dostlarının maşınından və taksi maşınlarından istifadə edərək dəfələrlə maşına ehtiyat hissələri almaq və onun təmiri ilə əlaqədar təmir yerinə gedib gəlmişdir. Bu məqsəd üçün o, 1200 manat pul xərcləmiş və eləcə də ciddi mənəvi əziyyət çəkmişdir. Ona görə də mənəvi zərər olaraq 2000 manat məbləğində pul tələb edir. Bundan əlavə 5 ay ərzində ayda 800 manat olmaqla ümumilikdə 4000 manat məbləğində pul da boş dayanmaya görə E.Camalov tərəfindən ödənilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-283/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Cavabdeh MMC-dən 5587 (beş min beş yüz səksən yeddi) manat məbləğində pul vəsaitinin və 15 (on beş ) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh MMC-dən tutularaq, 120 manat məbləğində pulun Az.MEM, VÖEN **********,AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Tofiq Məmmədov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılması təşkil edir. Çünkü, iddiaçı yalnız iddia tələbinin təmin edilməyən hissəsində qətnaməni mübahisələndirmiş, qətnaməni cavabdeh isə mübahisələndirməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyər birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan xx xxxxxx 2019-cu il tarixli Etibarnamənin surətindən görünür ki, İddiaçı baş etibarnamə əsasında istifadəsində olan “KİA Sorento” markalı, ** SH *** nömrə nişanlı, 2009-cu il buraxılışlı minik maşınını xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh MMC-ə müvəqqəti etibarnamə ilə xx xxxxxx 2020-ci il tarixədək istifadəyə vermişdir. İş materiallarında olan Yol vərəqəsinin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən “KİA Sorento” markalı, ** SH *** nömrə nişanlı, 2009-cu il buraxılışlı minik maşını 11 – xx xxxxxx 2019-cu il tarixlərində X3 verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- 1436/2019 nömrəli xx xxxx 2019-cu il tarixli Qərardadının surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə təqsirləndirilir. İş materiallarında olan fiziki şəxs R.Ağayev tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli Qüsur Aktından görünür ki, “KİA Sorento” markalı, **-SH-*** nömrə nişanlı avtomaşına ümumilikdə 6187 manat məbləğində zərər dəymişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli № 31700 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan avtomobillərə texniki xidmət stansiyasının xx xxxxxxxx 2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2009-cu il buraxılışlı “KİA Sorento” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 6137 manat müəyyən edilir. Birinci instansiya məhkəməsi işin məhz qeyd olunan hallarını əsas götürərək və Mülki Məcəllənin 21-ci, 1096-cı, 1097-ci və 1108.1-ci maddələrinə istinad etməklə iddianın qismən təmin edilməli olduğu qənaətinə gəlmişdir. Yuxarıda qeyd olunduğu kimi qətnamənin həmin hissəsi hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırki mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, İddiaçı ilə Cavabdeh MMC arasında “KİA Sorento” markalı, ** SH *** nömrə nişanlı, 2009-cu il buraxılışlı minik maşınına dair icarə müqaviləsi bağlanmamış, iddiaçı avtomobili cavabdehə məhz icarəyə verdiyi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Kollegiya həmçinin, iddiaçının mənəvi ziyan tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, həmin tələb kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüş, onun əsaslı olduğuna dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”. Kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-283/2020 saylı, 10 mart2020ciil tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar