Məhkəmə qərarları › İş №2(103)-5750/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5750/2022

01.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5750/2022 01.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 6 saylı notariat kontoruna qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: icra sənədinin icraatına xitam verilməsi, icra sənədinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh2 və Bakı şəhəri 6 saylı notariat kontoruna qarşı “kredit müqaviləsinin ləğv olunması və icra sənədinin icraatına xitam verilərək geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh2 arasında 6 saylı notariat kontorunda xx.xx.2019-cu il tarixdə bağlanmış 3M-2923 №-li kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı 3300 ABŞ dolları (Mərkəzi Bankın həmin dövrə olan məzənnəsi ilə 5610 manat) borc vermiş, İddiaçı həmin məbləği xx.xx.2020-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür.

2. Bakı şəhəri 6 saylı notariat ofisinin notariusunun xx.xx.2021-ci il tarixdə apardığı icra qeydi əsasında İddiaçı Cavabdeh2 xeyrinə sözügedən müqavilə üzrə 3300 ABŞ dollarının tutulmasına göstəriş verilmiş, icra qeydi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə icra icraatına başlanılmışdır.

3. İddiaçı xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə Bakı şəhəri 6 saylı notariat ofisinin notariusuna, xx.xx.2022-ci il tarixdə isə həm notariusa, həm də Cavabdeh2 müraciətlər ünvanlayaraq kredit müqaviləsinin ləğv olunmasını və icra sənədinin icraatına xitam verilərək geri qaytarılmasını xahiş etmiş, bu müraciətlərə cavab verilməmişdir.

a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

4. Rəhimov X3 Asif Seydəddin oğluna və Bakı şəhəri 6 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2la aralarında 6 saylı notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarxli 3M-2923 №-li kredit müqaviləsi üzrə aldığı 3300 ABŞ dolları (Milli Bankın həmin günə olan məzənnəsinə əsasən 5610 manat) borcunu hissə-hissə olmaqla tam ödədiyi üçün kredit müqaviləsinin ləğv edilməsi, Bakı şəhər Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X1 xx.xx.2021-ci il tarixdə icraatına daxil olmuş Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən verilən xx.xx.2019-cü il tarixli 3M- 2923 nömrəli icra sənədinin icraatına xitam verilərək geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarxli 3M- 2923 №-li kredit müqaviləsinə əsasən 3300 ABŞ dolları (Azərbaycan Respublikası Milli Bankının həmin günə olan məzənnəsinə əsasən 5610 manat) məbləğində borc almış, Cavabdeh2 elə həmin gün notariat kontorunda 3300 ABŞ dollarından kredit müqaviləsinə görə ödənilmiş 92 manat rüsumla birlikdə 800 ABŞ dollarını ondan 3 aylıq faiz kimi tutaraq ona nəğd 2500 ABŞ dolları pul vermiş, kredit müqaviləsinin 3-cü bəndində isə pulun faizsiz verildiyi yazılmışdır. Həmin kredit müqaviləsinin 2-ci bəndində borcun xx.xx.2020-ci il tarixə kimi qaytarması nəzərdə tutulmuş, 1325 manatı 3 ay əzində birdəfəyə ödəmişdir. Qalıq 2925 manatı da tam ödəyərək cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi tam yerinə yetirmiş, ona görə də Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusuna ərizə ilə müraciət edərək borcunu tam ödədiyi üçün kredit müqaviləsini ləğv edərək Nəsimi İcra Şöbəsinə verilmiş icra sənədini geri götürülməsini xahiş etmişdir. Belə ki, kredit müqaviləsi üzrə icra qeydinin mövcud olması və hazırda icra edilmədiyi üçün icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsi hüquqlarını məhdudlaşdırır. Halbuki, borcunu ödədiyi üçün icra qeydi öz hüquqi əhəmiyyətini itirmişdir. Lakin notarius müraciətlərinə heç bir cavab verməmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış borc müqaviləsi qanunla müəyyən edilmiş əsaslarla bağlanmış, müqavilənin formasına əməl edilmiş və müqavilənin şərtləri aydın şəkildə ifadə edilmişdir. ...İddiaçının irəli sürdüyü iddia tələbinin hüquqi tənzimlənməsi Mülki Məcəllənin 529-cu maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir (529.1-ci maddə). Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir (529.3-cü maddə). Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər (529.6-cı maddə). Göstərilən müddəalardan da görünür ki, öhdəliyin icrasının sübut edilməsi vəzifəsi borc alanın üzərinə düşür. Öhdəliyin icarısnın sübuta yetirilməsinin bir neçə qaydası isə adı çəkilən 529-cu maddədə əks olunmuşdur. Lakin iddiaçı aldığı borcun qaytarılmasını və öhdəliyini icra etməsini təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllə müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1 -ci maddə).

8. Məhkəmə, iddiaçının xx.xx.2019-cu il tarixli borc (kredit) müqaviləsinin həmin müqavilə üzrə öhdəliyini tam icra etməsi əsası ilə ləğv edilməli olması arqumenti ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində müqavilənin ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı kredit müqaviləsinin ləğv edilməsini öhdəliyini icra etdiyi üçün tələb etsə də, öhdəliyin icra edilməsi müqavilənin ləğvi deyil, xitamı üçün əsasdır. Belə ki, Mülki Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

9. Gəldiyi qənaətin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 739.1-ci, 421.2-ci, 528-ci, 529-cu maddələrinə istinad etmişdir.

10. Həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür.

b) Apelyasiya baxışı zamanı keçirilən məhikəmə iclası və verilən izahatlar

11. İşə baxılmasının yeri (vaxtı) barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçı (nümayəndəsi) məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən Cavabdeh2 şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdeh Bakı şəhəri 6 saylı notariat ofisinin notariusu isə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu

12. Maddə 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 261.0.1. İş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

14. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

15. Maddə 387.2.8. İddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

Apellyasiya baxışının həddi

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

19. Kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı “Bakı şəhər Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X1 xx.xx.2021-ci il tarixdə icraatına daxil olmuş Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən verilən xx.xx.2019-cü il tarixli 3M-2923 nömrəli icra sənədinin icraatına xitam verilərək geri qaytarılması” tələbinin təmin edilməməsi ilə bağlı hissədə qətnamə ləğv olunaraq, həmin tələb üzrə işin icraatına xitam verilməlidir.

20. İşin hallarından aydın olur ki, iddiaçı, Cavabdeh2 olan borcunu tam ödədiyini irəli sürərək icra qeydi (icra sənədi) üzrə icraata xitam verilməsini istəmiş, bundan əvvəl icra məmurunun “İcraata başlamaq haqqında” qərarından şikayət etmişdir.

21. Qeyd olunmalıdır ki, icra qeydi (icra sənədi) üzrə icraata xitam verilməsi tələbini notariusa və icra sənədi üzrə tələbkara qarşı yönəltsə də, faktiki olaraq icra məmurunun üzərinə müəyyən vəzifə qoyulmasını istəmişdir; icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi isə “İcra haqqında” Qanunun 87.1-ci maddəsi ilə tənzimlənir (§ 13).

22. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır; 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün isə aşağıdakı məsələlər nəzərə alınmalıdır: “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə görə, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da önəmlidir. ...Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər”.

23. Şərh olunanlardan göründüyü kimi, icra icraatının gedişində icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) narazı qalan tərəflər sözügedən halları bu barədə ayrıca iddia qaldırmaqla deyil, şikayət verməklə mübahisələndirə bilərlər. Müvafiq olaraq belə şikayətlərə əsas işin davamı kimi baxılmalı, şikayətlə bağlı materiallar və ona dair qəbul edilmiş məhkəmə aktları ayrıca icraatda toplanmamalı, məhz həmin əsas işin tərkibində olmalıdır.

24. Mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı (iddia icraatı və ya xüsusi icraat) qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi başqa icraat qaydasında baxılmanı tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Birinci instansiya məhkəməsi isə göstərilənləri nəzərə almadan iddia ərizəsini icraata qəbul etmiş, işə iddia icraatı qaydasında baxmış və qətnamə çıxarmışdır.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2379/2022 saylı iş üzrə 20 iyun 2022-ci il tarixli qətnaməsi “Bakı şəhər Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X1 icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən verilən xx.xx.2019-cü il tarixli 3M-2923 nömrəli icra sənədinin icraatına xitam verilərək geri qaytarılması” tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunsun. İddiaçı “Bakı şəhər Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X1 xx.xx.2021-ci il tarixdə icraatına daxil olmuş Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən verilən xx.xx.2019-cü il tarixli 3M-2923 nömrəli icra sənədinin icraatına xitam verilərək geri qaytarılması” tələbi üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, icra məmurunun qərar və hərəkətlərini (hərəkətsizliyini) ayrıca iddia qaldırmaqla deyil, müvafiq məhkəməyə şikayət verməklə mübahisələndirə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar