Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5751/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər:alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3660/2024 nömrəli 04 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 doğulmuşdur.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 3702/2022 nömrəli 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, 10 may 2022-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
3. “Elektron məhkəmə” İnformasiya sistemindən olan çıxarışa görə Cəfərov X2 rayonu İcra Hakimiyyətində baş mühasib vəzifəsində işləyir, aylıq əmək haqqı 979.5 manat təşkil edir.
4. “Elektron məhkəmə” İnformasiya sistemindən olan çıxarışa görə İddiaçı "xxxx" MMCdə əməliyyatçı vəzifəsində işləyir, aylıq əmək haqqı 555 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nəzərdə tutulmuş aliment miqdarının dəyişdirilərək hər uşaq üçün 235 manat, cəmi 705 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixində nikahını dövlət qeydiyyatından keçirməklə cavabdehə ərə getmişdir. Həmin nikahdan xx.xx.2013-cü ildə qızları X6, xx.xx.2015-ci ildə X7 və xx.xx.2017-ci ildə X8 anadan olmuşdur. Tərəflər hazırda ayrı yaşayırlar və uşaqlar onunla birgə yaşamağa davam edirlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun uşaqların saxlanması üçün cavabdehdən aliment tutulması barədə ərizəsi olmuş və hər uşağa 170 manat olmaqla aliment tutulması qət edilmişdir. Hazırda uşaqlar böyümüşlər, məktəblidirlər, onların xərcləri də artmışdır və bu xərcləri qarşılamaq imkanı olmadığından valideynlərinin köməyi ilə uşaqları saxlayır. Yəni təyin olunmuş aliment uşaqların maddi təminatını qismən də olsa ödəmir. O, poçtda xidmət göstərir və aylıq əmək haqqı 400 manata qədərdir. Uşaqların artıq yuxarı siniflərə keçməsi, böyümələri onun maddi vəziyyətinin pis tərəfə dəyişməsinə səbəb olur.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 iyul 2024-cü il tarixli 2(011)-3660/2024 nömrəli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia təmin edilmiş, Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3702/2022 saylı, 30 iyun 2022-ci il tarixli qətnaməsinə 09 avqust 2013-cü il təvəllüdlü X3, 21 sentyabr 2015-ci il təvəllüdlü X4 və 01 sentyabr 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, Cavabdeh 50 manat dövlət rüsumunun dövlət büdcəsinə tutulması, alimentin yeni məbləğdə tutulmasının qətnamə qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğundan iddia təmin edilməli Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 3702/2022 saylı, 30 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən 09 avqust 2013-cü il təvəllüdlü X3, 21 sentyabr 2015-ci il təvəllüdlü X4 və 01 sentyabr 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır .
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1, 78.2-ci maddələri, «Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə və mülki işin baxılmamış saxlanılmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, artırılmış alimentin məbləği onun aylıq əmək haqqından 90 manat azdır. O və yeni evləndiyi həyat yoldaşı 90 manata necə dolana bilər, eyni zamanda 2-ci qarabağ müharibə veteranıdır və hər ay dərmana 150 manat məbləğində pulu çıxır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
14. İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
15. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
16. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
17. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
25. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.
26. Kollegiya qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin, bu zaman tərəflərin maddi və ailə vəziyyəti, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.
27. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan alimentin məbləği hissəsində dəyişdirilməlidir.
28. “Elektron məhkəmə” İnformasiya sistemindən olan çıxarışa görə Cəfərov X2 rayonu İcra Hakimiyyətində baş mühasib vəzifəsində işləyir, aylıq əmək haqqı 979.5 manat təşkil edir.
29. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh vətən müharibəsi iştirakçısı olmaqla 80 manat pensiya alır.
30. “Elektron məhkəmə” İnformasiya sistemindən olan çıxarışa görə İddiaçı "xxxx" MMCdə əməliyyatçı vəzifəsində işləyir, aylıq əmək haqqı 555 manat təşkil edir.
31. Məhkəmə kollegiyası işin hallarını, hazırkı vəziyyətdə tərəflərin maddi vəziyyətini, iş üzrə müəyyən edilmiş digər diqqətəlayiq halları, habelə uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə hər ay 210 manat sabit pul məbləğində aliment tutulmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3660/2024 nömrəli iş üzrə 04 iyul 2024-cü il tarixli qətnaməsi Cavabdeh 09 avqust 2013-cü il təvəllüdlü X3, 21 sentyabr 2015-ci il təvəllüdlü X4 və 01 sentyabr 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçının xeyrinə hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilərək, alimentin məbləği hər ay hər uşaq üçün 210 manat məbləğində müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.