Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5751/2025 12.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Əliverdi qızına qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh Əliverdi qızının iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2586/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. "xxxx" ASC ilə X9 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********12 saylı kredit müqaviləsindən görünür ki, X9 "xxxx" ASC-yə 36 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə hesablanmaqla, 10000 manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür.
2. Biləsuvar rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2022-ci ildə ölmüşdür.
3. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş- X6 vərəsəsi bunlardır: ünvan 1 ünvanında qeydiyyatda olan arvadı - Cavabdeh Əliverdi qızıdır. Şəhadətnamə verilən miras əmlak – baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 30 oktyabr 2022-ci il tarixdə vəfat etmiş X1 adına 5000 manat məbləğində olan sığorta pulundan ibarətdir.
4. "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Cavabdeh Əliverdi qızına ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, ASC-nin Şirvan filialı ilə X9 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********12 saylı Kredit Müqaviləsinə əsasən ona 36 ay müddətinə 10000 manat məbləğində kart kredit limiti verilmişdir. Qeyd edilən müqaviləyə əsasən kart kredit limiti üzrə 9517.33 manat əsas borc, 4.94 manat cərimə borcu olmaqla, cəmi 9522.27 manat borcu mövcuddur. X2 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hacıqabul rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 2V-61 saylı Vərəsəlik hüququ haqqında şəhadətnamə ərindən görünür ki, X6 mirası qəbul etmiş vərəsəsi Cavabdeh Əliverdi qızı olduğu müəyyən edilmişdir. Odur ki, kredit borcunu və bu borclara müvafiq olaraq hesablanmış faiz məbləğini 5 gün ərzində Banka ödəməyəcəyi təqdirdə iddiaçı tərəfindən borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağına dair xəbərdar edilmişlər.
5. 04.03.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X6 iddiaçı banka əsas borca görə 9517,33 manat, cərimə borcu 4.94 manat məbləğində borcu vardır.
6. 09 iyul 2025-ci il tarixli №442E saylı qiymətləndirici mütəxəssis rəyindən görünür ki, Cavabdeh Əliverdi qızının yaşadığı ünvan 3 ünvanında yerləşən bir ədəd divan və kreslo, bir ədəd televizor və bir ədəd divar mebelinin qiyməti 1150 manat müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Əliverdi qızına qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh X6 vərəsəsi Cavabdeh Əliverdi qızından iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli BPM**********12 saylı kredit Müqaviləsinə əsasən kredit üzrə 9517.33 manat əsas borc, 4.94 manat cərimə borcu olmaqla cəmi 9522.27 (doqquz min beş yüz iyirmi iki tamyüzdə iyirmi yeddi) manat və ödənilmiş 115.23 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X9 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli BPM**********12 saylı Kredit Müqaviləsinə əsasən ona 36 ay müddətinə 10000 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit Müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2022-ci il tarixdə X2 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh X9 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********12 saylı Kredit Müqaviləsinə əsasən kredit üzrə 9517.33 manat əsas borc, 4.94 manat cərimə borcu olmaqla cəmi 9522.27 manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli AZ-İİ № 302337saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X9 xx.xx.2022ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 35 saylı Natariat ofisinin xx.xx.2024-cü il tarixli 2V-61 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, mirasa Cavabdeh Əliverdi qızına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə X2nun vərəsəsi Cavabdeh Əliverdi qızına xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2586/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Rübabə Qafarova) iddianın qismən təmin edilməsi, X1 vərəsəsi Cavabdeh Əliverdi qızından xx.xx.2022-ci il tarixli BPM**********12 saylı kredit müqaviləsi üzrə 5575 (beş min beş yüz yetmiş beş) manat, ödənilmiş dövlət rüsumuna görə 75.75 (yetmiş beş manat yetmiş beş qəpik) manat olmaqla, cəmi 5650,75 (beş min altı yüz əlli manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Cavabdeh Əliverdi qızından mütəxəssis xidmətinin qiymətləndirmə xərci olan 200 (iki yüz) manat məbləğində vəsaitin alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.1, 425.2, 442, 445.1, 445.2, 445.2.1, 445.7, 448.1, 448.2, 739.1, 739.2, 1146, 1151.1, 1255, 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2, 32.2.2, 32.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4, 220.4, 222.2, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə vərəsənin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsinin olmasına baxmayaraq, vərəsəlik şəhadətnaməsində qəbul edilən əmlakın 5000 manat məbləğində olmasını və eyni zamanda xx.xx.2025-ci il tarxli № 442E saylı qiymətləndirici mütəxəssis rəyini ilə müəyyən edilmiş- Cavabdeh Əliverdi qızının ünvan 4 ünvanında yerləşən bir ədəd divan və kreslo, bir ədəd televizor və bir ədəd divar mebelinin qiyməti 1150 manat müəyyən olunmasını əsas götürərək iddianı qismən təmin etmişdir. Miras qoyanın borclarının mirasdan çox olduğunu cavabdeh sübut etməli olsa da məhkəməyə mərhumdan qalan miras kütləsinin bununla yekunlaşması barədə heç bir sübut təqdim etməmişdir. Bu isə mülki və mülki-prosessual qanunvericiliyin kobud pozulmasıdır. Eyni zamanda məhkəmə Mülki 1306.5-ci maddəsini nəzərə almamışdır. Belə ki, MM-in 1306.5-ci maddəsinin tələbinə əsasən Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Göründüyü kimi cavabdeh X3 Bakı şəhəri 35 saylı Notariat Ofisinə mirasın qəbul edilməsi üçün ərizə ilə müraciət etmiş və həmin ərizə əsasında vərəsəlik işi açılaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da cavabdeh X3 mirası qəbul etmişdir. Lakin vərəsəlik haqqında şəhadətnamə mirasın notarius tərəfindən siyahıya alınması demək deyil. Ona görə də vərəsə vərəsəlik haqqında şəhadətnamədə göstərilən miras əmlakdan başqa miras əmlak qəbul etmədiyini sübut etmək vəzifəsi daşıyır. Cavabdeh X3 tərəfindən miras qoyanın borcunun mirasdan çox olduğu barədə məhkəməyə sadəcə yaşadıqları evdə olan əşyaları təqdim etmiş və bunla bağlı rəy alınmış olsa da belə, bu fakt mərhum X8qan qalan mirasın bununla məhdudlaşması fikrinə gəlmək üçün əsas ola bilməz. Məhkəmə öz mülahizəsinə əsasən iddianı qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MülkiMəcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarına istinad etməklə göstərmişdir ki, Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Bu isə mülki və mülki qanunvericiliyin kobud pozulmasıdır. Belə ki, məhkəmənin qətnamədə istinad etdiyi MM-nin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar fikrini cavabdeh mərhumdan qalan əmlakı tam pay həcmində qəbul etməsi fikrini deyil, qəbul etdiyi əmlakın miqdarı fikri kimi qiymətləndirməsi isə maddənin təhrif edilməsidir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarından da görünür ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Lakin məhkəmə tərəfindən mərhumdan qalan miras kütləsinin şəhadətnamədə qeyd olunan və cavabdehin etiraf etdiyi məişət əşyalarından başqa olub-olmaması araşdırılmamış və cavabdehə miras kütəsinin bundan əlavə olmamaması bartədə sübut ətqdim etməyi təklif edilməmişdir. Hesab edir ki, qətnamə əsassızdır. Məhkəmə miras qoyanın borcunun mirasdan çox olması araşdırmadan və sübut olmadan mülki iş üzrə qətnamə qəbul etmişdir. Belə ki, MM-nin 1306.5-ci maddəsinin tələbinə əsasən miras qoyanın borclarının mirasdan çox olduğunu vərəsə sübut edilməli olduğundan və bununla bağlı məhkəməyə kifayət edə biləcək qədər sübut təqdim edilmədiyindən iddia tam təmin edilməlidir. Həmçinin məhkəmə iş üzrə qərar qəbul edərkən vahid məhkəmə təcrübəsini də pozmuşdur. Belə ki, vahid məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-900/2024 saylı qərarının (3 ulduzla işarələnmiş) 33-cü bəndində qeyd olunur ki, “bununla da, apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuş olmuşdur. Belə ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidi. Yuxarda qeyd edilən hüquq normalarından da görünür ki, vərəsə miras qoyanın borclarını kreditor qarşısında miras aktivi həddində ödəməyə borcludur. Həmçinin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsi vərəsələrin üzərinə qoyulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, hal-hazırda işləmir, oğlu ona baxır, pulu ödəməyə imkanı yoxdur.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
16. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
17. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
18. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
20. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
21. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır;
22. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır;
23. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;
25. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır;
26. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
27. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
28. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır;
29. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
30. 1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarına əsasən borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etsə də, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2586/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, cavabdeh X6 vərəsəsi Cavabdeh Əliverdi qızından xx.xx.2022-ci il tarixli BPM**********12 saylı kredit Müqaviləsinə əsasən kredit üzrə 9517.33 manat əsas borc, 4.94 manat cərimə borcu olmaqla cəmi 9522.27 (doqquz min beş yüz iyirmi iki manat 27 qəpik) manat və ödənilmiş 115.23 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, Cavabdeh Əliverdi qızından mütəxəssis xidmətinin qiymətləndirmə xərci olan 200 (iki yüz) manat məbləğində vəsait alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməli, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh Əliverdi qızından alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
41. Kollegiya işin halları ilə bağlı qeyd edir ki, iddiaçı bankla cavabdehin əri mərhum Bəymirzə Mərdanov arasında xx.xx.2022-ci il tarixində kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" ASC onun sərəncamına 10000 manat məbləğində pul vəsaiti vermiş, Bəymirzə Mərdanov isə həmin pul vəsaitini illik 19 faiz dərəcəsi ilə hesablanmaqla, 36 ay müddətinə geri qaytarmağı öhdəsinə götürmüşdür. Bəymirzə Mərdanov xx.xx.2022-ci il tarixində vəfat etmiş, iddiaçı banka 9522.27 manat məbləğində borcunu ödəməmişdir. Biləsuvar rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2022-ci ildə ölmüşdür. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş- X6 vərəsəsi bunlardır: ünvan 1 ünvanında qeydiyyatda olan arvadı - Cavabdeh Əliverdi qızıdır. Şəhadətnamə verilən miras əmlak – baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 30 oktyabr 2022-ci il tarixdə vəfat etmiş X1 adına 5000 manat məbləğində olan sığorta pulundan ibarətdir.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarına əsasən Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
43. İddiaçı Bank mərhum borcalanla aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, borcalanın müqavilə öhdəliyi yerinə yetirilməmişdir. Nəzərə alınmalıdır ki, borclunun ölümü onun bank qarşısında kredit öhdəliklərinin xitamına səbəb olmur. Belə ki, yuxarıda istinad edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi, kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.
44. Kollegiya qeyd edir ki, iddiaçı Bank ilə X5 arasında kredit müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranması, iddiaçının müqavilə üzrə öhdəliyini yerinə yetirərək, Mərdanov Bəymirzəyə müəyyən müddətə qaytarılmaq və faiz ödəmək şərtilə müəyyən məbləğdə kredit verməsi, Mərdanov Bəymirzənin borcunu ödəyə bilmədən müqavilə müddətində vəfat etməsi, onun vəfatından sonra vərəsəliyi arvadı – hazırkı iş üzrə Cavabdeh qəbul etməsi və miras kütləsinə daxil olan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alması, iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, mərhum ərinin banka olan borcunu ödəməməsi hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallardır.
45. Kollegiya qeyd edir ki, iddiaçı hazırki iddia tələbini cavabdehə qarşı irəli sürməkdə haqlı olmuşdur.
46. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamaqla hesab edir ki, məhkəmə miras qoyanın borcuna görə vərəsənin məsuliyyətinin mirasın həcmi ilə məhdudlaşmasını əsas gətirərək cavabdehin sığorta ödənişini və ev əşyalarını öz aktivinə qəbul etdiyinə görə cavabdehin Bank qarşısında alınmış miras aktivin dəyərinə mütənasib məsuliyyət daşımalı olduğunu hesab etməklə düzgün nəticəyə gəlməmişdir.
47. Belə ki, birinci instansiya məhkəməsi AR Mülki Məcəlləsinin 1306.1-ci maddəsinin tələbini nəzərə alsa da, həmin Məcəllənin 1306.5-ci maddəsinin tələbini nəzərə almamış, mərhumdan qalan miras kütləsinin şəhadətnamədə qeyd olunan və cavabdehin etiraf etdiyi məişət əşyalarından başqa olub-olmaması araşdırılmamış və cavabdehə miras kütəsinin bundan əlavə olmaması barədə sübut təqdim etməyi təklif edilməmişdir.
48. Belə ki, AR Mülki Məcəlləsinin 1306.5-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.
49. Bununla da, kollegiya hesab edir ki, birinci instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuş olmuşdur. Göründüyü kimi, miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsi vərəsələrin üzərinə qoyulmuşdur.
50. Belə ki, işin hallarından və təqdim edilmiş sübutlardan görünür ki, cavabdeh vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu təsdiq edən sübutları təqdim etməmişdir.
51. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
52. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPMin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPMin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
53. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
54. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
55. Beləliklə kollegiya hesab edir ki, qanunvericiliyin tələbinə əsasən miras qoyanın borclarının mirasdan çox olduğunu vərəsə sübut edilməli olduğundan və bununla bağlı məhkəməyə kifayət edə biləcək qədər sübut təqdim edilmədiyindən, eyni zamanda tərəflər arasında ödənilməmiş borc məbləğinin həcmi mübahisələndirilmədiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
58. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edildiyindən iş üzrə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, Cavabdeh Əliverdi qızından mütəxəssis xidmətinin qiymətləndirmə xərci olan 200 (iki yüz) manat məbləğində vəsait alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2586/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh X6 vərəsəsi Cavabdeh Əliverdi qızından xx.xx.2022-ci il tarixli BPM**********12 saylı kredit Müqaviləsinə əsasən kredit üzrə 9517.33 manat əsas borc, 4.94 manat cərimə borcu olmaqla cəmi 9522.27 (doqquz min beş yüz iyirmi iki manat 27 qəpik) manat və ödənilmiş 115.23 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh Əliverdi qızından mütəxəssis xidmətinin qiymətləndirmə xərci olan 200 (iki yüz) manat məbləğində vəsait alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh Əliverdi qızından tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.