Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5753/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(011)-3976/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı müraciəti əsasında 21 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, materialda göstərilən xüsusatlar mülki xarakterli olduğundan İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, arada ev və avtomobil alqı-satqısı işi ilə məşğul olur. Belə ki, təxminən 2023-cü ilin noyabr ayının 6-da Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrosunun yaxınlığında yerləşən ev alqı-satqı ofisində olan zaman bir nəfər xanım yaxınlaşmış, kirayə ev axtarmış, o da İddiaçı demişdir ki, məlumatlı olduğu evlər vardır. Onlar birlikdə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən həyət evlərinə baxmışlar, qiyməti yuxarı olduğu üçün İddiaçı istəməmişdir. Sonradan xanımla münasibət yaranmış, Aynurə xanım ona faizə pul verdiyini, həmin işin sərf etmədiyini demiş, daha yaxşı nə iş görə biləcəklərini soruşmuş, o isə ev alıb sata biləcəyini, evi alıb təmir edib sata biləcəyini, maşın alıb sata biləcəklərini, həmçinin “Porsche Cayenne” markalı avtomobil var, onu ucuz alıb sata biləcəyini demişdir. Sonra isə ona mağazada göstərmiş, Aynurə xanım seçim içərisində qalmış, fikirləşdikdən sonra avtomobil alıb satmalarını demiş, həmçinin dediyi “Porsche Cayenne” markalı avtomobili alıb satmağı demişdir. Bu səbəblə o, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən bankın qarşısında xx.xx.2023-cü il tarixdə Aynurə xanımdan 21000 manat pul almış, Aynurə xanıma isə “Porsche Cayenne” markalı avtomobilin qiymətinin 48000 manat olacağını, qalan pulu isə özü düzəldib üstünə qoyacağını, həmin avtomobili alacağını, İddiaçı adına keçirəcəyini demiş, Aynurə xanım isə ona ehtiyac olmadığını, avtomobili alıb öz adına keçirməsini bildirmişdir. Cavabdeh ona avtomobili satdıqdan sonra isə əlavə olan puldan yarı-yarı götürəcəklərini demiş, Aynurə xanım da onunla razılaşmışdır. O, Aynurə xanıma avtomobilin ola bilər ki, 3 günə, 10 günə, 1 aya satıla biləcəyini, buna görə də səbrli olmasını demiş, Aynurə xanım da bununla razılaşmışdır. Təxminən 2 gündən sonra Aynurə xanım 10000 manat faizə pul verməli olduğunu, buna görə ona 10000 manat pul lazım olduğunu demiş, o isə əlində o qədər pulun olmadığını bildirmişdir. Təxminən 2-3 gündən sonra Aynurə xanım ona 5000 manat pul lazım olduğunu, mağazaya mal almalı olduğunu demiş, o, isə tanıdığı varsa götürməsini, maşın satılandan sonra pulu verməsini bildirmişdir. Lakin sonradan İddiaçı pulunu qaytarmasını, onun danışığından xoşu gəlmədiyini demişdir. Cavabdeh ona avtomobili satın pulunu qaytaracağını demişdir. A. Rzayeva sonradan ona maşının şəkillərini göndərməsini, kürəkəninin avtomobili satmaq üçün kömək edəcəyini demiş, o, da şəkilləri göndərmişdir. Sonradan eşitmişdir ki, Aynurə xanım şikayət etmişdir. O, “Porsche Cayenne” markalı Az **-MX-*** dövlət nömrə nişanlı avtomobildən söhbət etdiklərini, Aynurə xanım ilə danışığı avtomobili ucuz alıb baha qiymətə satacağını, əlavə əldə olunan qazanc pulu isə yarı böləcəklərini, lakin Aynurə xanım bunu gözləmədiyini, o, yenə də avtomobil satılan kimi Aynurə xanımın pulunu qaytaracağını, avtomobilin satılması üçün elan yerləşdirdiyini bildirmişdir, söz vermişdir ki, Aynurə xanıma olan borcunu tezliklə qaytaracaq. Hazırda Aynurə xanıma 21000 manat borcu olduğunu bildirmişdir.
2. Qəbzlərdən görünür ki, iddiaçının hesabına 19 dekabr 2023-cü il tarixdə 400 manat, 16 yanvar 2024-cü il tarixdə 550 manat, 17 yanvar 2024-cü il tarixdə 200 manat, 17 yanvar 2024-cü il tarixdə 50 manat pul vəsaiti ödənilmişdir.
3. CD diskdə olan səs yazılarından müəyyən edilir ki, Cavabdeh İddiaçı ilə “What`s up” sosial şəbəkədə danışıqlar zamanı borclu olduğunu qəbul etmiş, İddiaçı kart hesabını vermədiyinə görə onun (İddiaçı) istəyi ilə 5000 manat məbləğində pul vəsaitini polisə verdiyini, bundan başqa 400 manat pul vəsaitini hesabına göndərdiyini bildirmişdir. Digər səs yazısında “What`s up” sosial şəbəkədə danışıq zamanı iddiaçı cavabdehə 19800 manat borcundan 2500 manat hissəsini çıxdığını, cavabdeh isə 17300 manat borc qaldığını bildirmiş, həmin danışıqda İddiaçı “polisə verdiyini də çıxım burdan” ifadəsini işlətmişdir. Həmin səs yazıları tədqiq edilərkən İddiaçı həmin danışıqların onun tərəfindən cavabdehlə aparıldığını təsdiq etmişdir
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21000 manat məbləğində pul vəsaitinin, ödənilmiş 154 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manatın, cəmi 21454 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, 2023-cü ilin noyabr ayının ortalarında iddiaçı kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən bina evində olan mənzildən çıxacağı üçün yenidən kirayə ev axtarmaq məqsədilə Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyasının yaxınlığında olan ev alqı-satqı kirayə ofisinə yaxınlaşmışdır. İddiaçı orada olan xanımla söhbət edərək ev axtaran zaman, kənarda olan bir nəfər, sonradan adını bildiyi Malik adlı şəxs ona bildirmişdir ki, ev kirayəsi işi ilə məşğul olur. O, iddiaçıya demişdir ki, burada ev axtarmasın, çünki o, daha yaxşı təkliflər edəcək. Bu səbəbdən onlar çölə çıxmış və bir-birinin mobil telefon nömrələrini götürmüşlər. Həmin gün axşamüstü Malik adlı şəxs iddiaçıya zəng edərək bildirmişdir ki, sabah görüşsünlər ki, ev barəsində məlumat versin. Növbəti gün onlar Bakı şəhəri, Xətai rayonu, N,Tusi küçəsində yerləşən həyət evlərinə baxmışlar və ev iddiaçının xoşuna gəlməmişdir. Cavabdeh iddiaçıya təklif etmişdir ki, burada ikisi yaşasın və evin kirayə pulunu cavabdeh ödəsin. İddiaçı isə bildirmişdir ki, onun cavabdehin puluna ehtiyacı yoxdur, ona kirayə ev lazımdır. Bundan sonra cavabdeh iddiaçıya bir neçə obyekt göstərmiş və bildirmişdir ki, 50000 manat iddiaçı və 50000 manat isə cavabdeh düzəltsə, işlər görmək olar. İddiaçı isə o qədər pulunun olmadığını ona bildirmişdir. Bundan sonra cavabdeh bildirmişdir ki, birlikdə nəsə iş görüb şərikli pul qazansınlar. İddiaçı 20000 manat pulu olduğunu və bu civarda nəsə iş görə biləcəyini demişdir. Cavabdeh bir neçə təklif etmiş, iddiaçı isə onlardan avtomobil alışı və satışına razılaşmışdır. Bu səbəblə iddiaçı 26 noyabr 2023-cü ildə 20000 manat pulu, 27 noyabr 2023-cü ildə isə 1000 manat pulu, ümumilikdə 21000 manat pulu ünvan 1 ünvanda H.Aslanov metrostansiyasının yaxınlığında olan bankomatdan çıxardaraq cavabdehə vermişdir. İddiaçı təxminən bir həftədən sonra cavabdehlə əlaqə saxlamış, cavabdeh ona “Porsche Cayenne” markalı avtomobil aldığını və onu inandırmaq üçün həmin avtomobilin fotoşəkillərini göstərmişdir. İddiaçı demək olar ki, hər gün cavabdehə zəng edərək nə olduğunu, avtomobilin satılmadığını soruşurdu. Cavabdeh isə avtomobil bahalı olduğu üçün satışın bir az gec olduğunu demişdir. Cavabdeh iddiaçıya “Porsche Cayenne” markalı avtomobili 47000 manata aldığını, satışa isə 55000 manata çıxardığını demişdir. İddiaçı cavabdehin avtomobili sata bilmədiyini görüb demişdir ki, verdiyi 21000 manat pulu geri qaytarsın. Cavabdeh ona bildirmişdir ki, əlində pulu yoxdur, ancaq əvəzində ona obyekt verə bilər. İddiaçı isə ondan yalnız pulunu tələb etmişdir. Cavabdeh pulunu qaytarmadığı üçün iddiaçı polisə müraciət etmişdir. Cavabdeh Xətai rayon Pİ-nin TŞ-na dəvət olunmuş və orada izahatı alınmışdır, cavabdeh polis idarəsində etiraf etmişdir ki, hazırda iddiaçıya 21000 manat borcu var və tezliklə qaytaracaqdır. Polis idarəsində iddiaçıya iş mülki xarakterli olduğundan, pul tələbinə dair məsələyə baxılması üçün məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur.
6. Cavabdeh etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı ondan tələb etdiyi pul ona faizlə borca verdiyi pul məbləği olmuş və həmin məbləğin böyük hissəsini qaytarmışdır. Belə ki, münasibətləri yaxşı olduğu üçün ona dəfələrlə pul vermiş, lakin bununla bağlı heç bir sübut toplamamış, çünki onun ağlına da gəlməzdi ki, ona qarşı belə haqsız hərəkət edər. İddiaçı ondan polisə şikayə etdiyi vaxt ona elə polis idarəsində 5000 manat pul da vermişdir. Bundan sonra da, cavabdeh müxtəlif vaxtlarda 1200 manat, 550 manat, 1000 manat, 400 manat, 2500 manat və 250 manat pul vəsaitlərini iddiaçıya ödəmiş, bununla bağlı sübutları (qəbzlər, yazışmalar, səsli mesajlar) mövcuddur, ona borcu 5100 manat təşkil edir. Cavabdeh həmçinin qeyd etmişdir ki, onu prosesdə təmsil edən vəkili Nümayəndə fəaliyyəti dayandırılmışdır və ona məlum olmuşdur ki, ona təqdim etdiyi sübutları məhkəməyə təqdim etməmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(011)- 3976/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq Cavabdeh 11000 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, vəkilə ödənilmiş 300 manat və 154 manat məbləğində dövlət rüsumundan ibarət məhkəmə xərcinin 50%-i, yəni 227 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir.
8. Qətnamənin əsaslarına görə iddiaçının izahatı və mülki işdə olan sübutlarla təsdiq edilir ki, tərəflər arasında avtomobil alveri ilə bağlı şifahi razılaşma olmuş, İddiaçı Cavabdeh 21000 manat pul vermiş, onlar şərikli “Porsche Cayenne” markalı avtomobil almış, cavabdeh həmin avtomobil satıldıqdan sonra əldə olunan qazancı bölüşdürməyi öhdəsinə götürmüşdür. Bu hal 21 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda cavabdehin izahatı ilə təsdiq olunmuşdur. Cavabdeh avtomobili sata bilməmiş, iddiaçıya olan 21000 manatdan müxtəlif vaxtlarda (iş materiallarında olan qəbzlər və səs yazıları ilə müəyyən edilmiş) 9900 manat ödəniş etmiş, ümumilikdə 11000 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı məhkəmə iclasında səs yazılarını dinlədikdən sonra cavabdehin 1200 manat məbləğində ödəniş etdiyini etiraf etmiş, lakin ödənişlərin olunmasını iddia ərizəsində qeyd etməyərək, məhkəmədən gizlətməyə çalışmışdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 21000 manat borcunun olması, sonradan həmin borcla bağlı 9900 manat pul vəsaitinin qaytarılması, cavabdehin qalan pulun iddiaçıya geri qaytarmaması təsdiq olunduğundan, iddia qismən təmin edilməli, Cavabdeh 11000 manat məbləğində borc pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətinin dəlillərinə görə, qətnamədə qeyd edilir ki, “cavabdeh iddiaçıya olan 21000 manatdan müxtəlif vaxtlarda 9900 manat ödəniş etmiş, ümumilikdə 11000 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı məhkəmə iclasında səs yazılarını dinlədikdən sonra cavabdehin 1200 manat məbləğində ödəniş etdiyinietiraf etmiş, lakin ödənişlərin olunmasını iddia ərizəsində qeyd etməyərək, məhkəmədən gizlətməyə çalışmışdır”. Məhkəmə işə baxan zamani işin həqiqi hallarını araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə əsaslandırılmış hallara uyğunluq təşkil etməmişdir. Guya polisə verilmiş 5000 manat pulun iddiaçıya çatdırıldığını dəqiqləşdirmədən, habelə məhkəməyə təqdim olunmuş sübut, dəlil və faktları araşdırmadan, özişində qeri-dəqiqliyə və subyektivliyə yol vermiş, əsasən cavabdehin maraqları istiqamətində iş görmüş və bu səbəbdən də iddianı qismən təmin etdiyindən, haqsız olaraq cavabdeh tərəfindən iddiaçıya ödənməli olan 8800 manat məbləğində pul vəsaiti azaldmışdır. Cavabdeh məhkəməni çaşdirmaq üçün eyni qəbzdən 5 nüsxə çıxararaq məhkəməyə göndərmişdir. Bu hala diqqət yetirilmədiyindən, belə çıxır ki, guya cavabdeh mənə borclu olduğu məbləğdən ödəniş etmişdir. Hakim isə bu cür çox vacib hal və məqamları diqqətə almamış, üstündən sükutla keçmişdir. O cümlədən, işin materiallarına əlavə edilmiş 400 manatlıq qəbzin və 50 manatlıq qəbzin surətini 2 dəfə çıxararaq məhkəməyə göndərmişdir. Buradan da aydın görünür ki, cavabdeh tərəf məhkəməni aldatmağa çalışmışdır. Onun adına olan **********147676 nömrəli karta xx.xx.2024-cü ildə tanımadığı şəxsdən 550 manat pul köçürülmüşdür. Bir az keçdikdən sonra ***-***-**-** nömrəli telefondan zəng edilərək bildirilmişdir ki, sizin kartınıza səhvən 550 manat pul köçürmüşəm, zəhmət olmasa, onu geri qaytarın. Bir saat keşdikdən sonra cavabdeh Malik ona zəng edərək bildirdi ki, adamı tanıyır, sənin adına olan karta səhvən pul göndərilib, həmin pulu o şəxsə qaytar. Belə vəziyyətdə səhvən ona göndərilmiş 550 manatdan 200 və 50 manatı Dostbank kartları olan 416973*****4435 və 417973*****1412 nömrəli kartlara geri qaytarmağa məcbur olmuşdur. Lakin, ona mənə bildirmişdir ki, qalan 250 manatı borclu olduğu 21000 manatdan çıxarsan. Cavabdehin polis idarəsində 5000 manat pulu kimə verməsi barədə heç bir sübüt təqdim etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddiaçı tərəfindən qətnamə qismən - iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən, cavabdeh isə apellyasya şikayəti vermədiyindən, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin edilməyən hissədə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə nəticəyə gəlinir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə qismən – iddianın rədd olunduğu hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq həmin hissədə iddia qismən təmin olunmalıdır.
20. Birinci instansiya məhkəməsi o qənaətə gəlmişdir ki, 21000 manat pul vəsaiti iddiaçı tərəfindən cavabdehə verilmiş, həmin pul vəsaitinin 9900 manat hissəsi qaytarılmışdır və buna görə də iddianın 11000 manat məğləğində hissəsi təmin olunmalıdır.
21. Hətta bu qənaətin düzgün olduğu təqdirdə belə, birinci instansiya məhkəməsi tərəfindən riyazi hesablamada səhvə yol verilmişdir. Çünki, 21000 manat məbləğində pulun 9900 manat məbləğində hissəsi qaytarıldığı halda (21000 – 9900 = 11100) qalan məbləğ 11100 manat təşkil edir.
22. Birinci instansiya məhkəməsi iddianın rədd olunduğu hissədə qənaətini bu cür əsaslandırmışdır ki, iddiaçı məhkəmə iclasında səs yazılarını dinlədikdən sonra cavabdehin 1200 manat məbləğində ödəniş etdiyini etiraf etmiş, lakin ödənişlərin olunmasını iddia ərizəsində qeyd etməyərək, məhkəmədən gizlətməyə çalışmışdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 21000 manat borcunun olması, sonradan həmin borcla bağlı 9900 manat pul vəsaitinin qaytarılması, cavabdehin qalan pulun iddiaçıya geri qaytarmaması təsdiq olunduğundan, iddia qismən təmin edilməli, Cavabdeh 11000 manat məbləğində borc pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir.
23. Məhkəmə kollegiyası ilkin olaraq birinci instansiya məhkəməsinin hüquqi əsas kimi Mülki Məcəllənin 21-ci maddəsinə istinad olunmasını düzgün hesab etmir. Çünki bu norma ümumi normadır və iddianın konkret hüquqi əsasını təşkil edə bilməz. Cavabdehin əməlində cinayət tərkibinin olmaması istintaq orqanının qərarı ilə təsdiqini tapdığından deliktlə bağlı normaların tətbiqi də istisna olunur. İşin hallarından da görünür ki, tərəflər birgə vəsait hesabına avtomobil alınması və baha qiymətə satılması barədə razılığa gəlmiş və mübahisə iddiaçı tərəfindən bu məqsədlə cavabdehə verilmiş pulun qaytarılması iə bağlıdır. Buna görə də mübahisəyə mülki qanunvericiliyin öhdəlik, müqavilə ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq olunmalıdır.
24. Cavabdehin istintaq orqanına verdiyi izahatda qeyd olunmuşdur ki, “... o, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən bankın qarşısında xx.xx.2023-cü il tarixdə Aynurə xanımdan 21000 manat pul almışdır.” Birinci instansiya məhkəməsi də 21000 manat pulun iddiaçı tərəfindən cavabdehə verilməsi qənaətinə gəlmişdir və məhkəmə kollegiyası bu qənaətlə razılaşır. Həmçinin, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilmədiyindən bu hal mübahisələndirilmir.
25. İşin mübahisə edilən halı 21000 manat məbləbğində pul vəsaitinin hansı hissəsinin cavabdeh tərəfindən iddiaçıya qaytarılmasıdır. Birinci instansiya məhkəməsi 9900 manat məbləğində pulun qaytarılması qənaətinə gəlsə də, hansı səbəbdən bu qənaətə gəlməsi qətnamənin məzmunundan aydın olmur.
26. Məhkəmə kollegiyası işin müəyən olunmuş hallarına əsasən qeyd edir ki, 21000 manat məbləğində pul vəsaitinin 1200 manat məbləğində hissəsinin cavabdeh tərəfindən təqdim olunmuş qəbzlərə əsasən qaytarılması təsdiqini tapır. (21000 – 1200 = 19800)
27. Həmçinin CD diskdə olan səs yazılarından göründüyü kimi, iddiaçı cavabdehə 19800 manat borcundan 2500 manat hissəsini çıxdığını, cavabdeh isə 17300 manat borc qaldığını bildirmişdir. Buna görə də məhkəmə kollegiyası pulun 2500 manat məbləğində hissəsinin qaytarılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə də razılaşır. (19800 – 2500 = 17300)
28. Birinci instansiya məhkəməsi səs yazılarına əsasən 5000 manat məbləğində pulun polis şöbəsinə verilməsi barədə xüsusatı da əsaslı hesab edərək bu hissəsi borc məbləğindən çıxmışdır. Lakin məhkəmə kollegiyası qeyd edir ki, pulun polis orqanında kimə, hansı məqsədlə verilməsi, hətta verildiyi təqdirdə belə bu məbləğin iddiaçıya qaytarılması ilə bağlı heç bir sübut mövcud olmadığından işin bu halı öz təsdiqini tapmır. Buna görə də bununla bağlı məhkəmənin gəldiyi qənaət əsassızdır.
29. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri normalar baxımından işin halları ilə qismən təsdiq olunur, dəlillər qətnamənin qismən ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın rədd olunduğu hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin olunmalıdır.
30. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(011)-3976/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(011)-3976/2024 nömrəli qətnaməsi qismən – iddianın rədd olunduğu hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilsin. 6300 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(011)-3976/2024 nömrəli qətnaməsi qalan hissələrdə (iddianın təmin olunduğu hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Günay Axundova
Xəyal Sarıyev