Məhkəmə qərarları › İş №2(103)-5754/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5754/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5754/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(009)-1496/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1 "xxxx" KB ASC (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 39ukYSM/23 saylı kredit müqaviləsinə əsasən iddiaçı illik 18% dərəcəsi ilə faiz ödəmək və 48 ay müddətinə qaytarmaq şərti ilə 8.116 manat məbləğində kredit verməyi, cavabdeh isə həmin məbləği qəbul etməyi və kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə hesablanmış faizləri və gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh ilk ödənişin xx.xx.2023-cü il tarixdə, sonuncu ödənişi isə xx.xx.2027-ci il tarixdə həyata keçirməklə ilk 6 ay 121,80 manat, sonrakı aylar ərzində isə hər ay 263 manat (sonuncu ay 205,50) manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişə əsasən cavabdehə həmin tarixə 8.114,03 manat əsas, 423,46 manat faiz, 36,64 manat cərimə borcunun yarandığı bildirilərək, cavabdehə bütün borc məbləğinin tam olaraq 3 iş günü müddətində ödəməklə bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv edilməsi təklif edilmiş, əks təqdirdə bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq ödənilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə həmin tarixə cavabdehin 8.114,03 manat əsas, 421,24 manat faiz, 65,60 manat cərimə borcu vardır. Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən bankın xeyrinə 8.114,03 manat əsas, 421,24 manat faiz, 65,60 manat cərimə, cəmi 8.600,87 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 106,01 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia işin faktiki hallarına istinad edilməklə əsaslandırılmışdır.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1496/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim X4)

5. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank yaranmış borcun cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Cavabdeh bağlanmış kredit müqaviləsi üzrə kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin cavabdeh kredit vəsaitini ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci, 442ci, 443-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla iddiaçı arasında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanmış və bu müqavilə üzrə cavabdehə bank tərəfindən 5.000 manat məbləğində kredit verilmişdir. Əvvəllər kredit öhdəliklərinə müqavilə çərçivəsində riayət olunsa da, sonralar üzrlü səbəbdən ödənişdə gecikmələr yaranmışdır. Belə ki, 2021-ci il tarixdə dünyada tüğyan edən Covid-19 pandemiyası səbəbindən işsiz qalmış, ümumiyyətlə, heç bir gəliri olmamışdır. Lakin buna baxmayaraq, qismən də olsa, ödənişlərinə davam etmişdir. Bundan sonra 2023-cü il tarixdə bank tərəfindən ona təklif olunmuşdur ki, yeni kredit müqaviləsinin bağlanması hesabına birinci müqavilənin tam ödənilməsini mümkün etmək olar. Cavabdeh bu təkliflə razılaşmışdır. Yəni faktiki olaraq ona xx.xx.2023-cü il tarixli müqavilə üzrə 8.116 manat pul məbləği verilməmişdir. Bu müqavilə üzrə də onun tərəfindən qismən ödənişlər həyata keçirilmişdir. Nəticədə 5.000 manat kredit götürmüş, tərəfindən 3 il ərzində banka təxmini 7.000 manatdan artıq pul ödənildiyi halda, məhkəmə qətnaməsi ilə onun banka hələ 8.706 manat borcu qalmışdır. Məhkəmə işin bu hallarını araşdırmamış, öhdəliyin hansı hissədə icra edildiyini yoxlamamışdır. Onun məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə şifahi vəsatətinə heç bir əhəmiyyət verməmiş, iddia tələbinin faiz və dəbbə pulu hissəsinin iddiaçı tərəfindən şişirdilərək irəli sürülməsini yoxlamamışdır. Məhkəmə öncəki və hazırki kredit müqavilələri üzrə cavabdeh tərəfindən hansı məbləğdə ödənişlərin edilməsi barədə bir söz belə yazmamışdır. Cavabdehin 2021-ci ildə ödəniş qabiliyyətinin itirilməsinin, qlobal pandemiya səbəbi ilə bütün sahələrdə (dövlət və qeyri-dövlət) güzəştlərin tətbiq edildiyi halda iddiaçı tərəfindən restrukturizasiya qaydalarından suiistifadə edilərək, ödəniş qabiliyyəti olmayan onun daha da əlverişsiz və borclu vəziyyətə salınması göz qabağındadır. Birincisi qeyd olunmalıdır ki, iş materiallarından görünür ki, cavabdehə verilmiş 8.116 manat kreditin məqsədli təyinatı xx.xx.2021-ci il tarixli müqavilənin (4.999 manat) bağlanmasıdır. Müqavilə şərtində faiz dərəcəsi 18% həddində qeyd edilsə də, 5 000 manatın 8.600 manat olması üçün üstünə 72% ödəniş gəlməlidir. 4.999 * 72% = 8.600. Elə bu səbəbdən də məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi zəruri idi. Məhkəmə 2021 və 2023-cü il tarixli kredit müqavilələri üzrə yaranmış borcun hansı hissəsinin əsas borc, hansı hissəsinin faiz borcu olduğunu araşdırmamışdır. Sadəcə olaraq iddiaçının heç bir sübut gətirmədən təqribi olaraq bildirdiyi məbləğlərə əsaslanaraq qətnamə çıxarmışdır. Hazırkı iş üzrə hər hansı dəbbə sanksiyası tətbiq edilə bilməzdi, çünki müqavilə öhdəliyi üçün nəzərdə tutulan müddət bitməmişdir. Fazilərin hesablanması hələ davam edir və faizlərin mütləq əksər hissəsi artıq ödənilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən iddiaçı "xxxx" KB ASC nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.4-cü maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur; 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında əks etdirilən hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyinpozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Qərarda həmçinin göstərmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

15. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni cavabdehdən iddiaçının xeyrinə tutulan faiz borcunun, ümumi borcun, habelə dövlət rüsumunun məbləği hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməlidir.

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, xx.xx.2023-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 18 faiz dərəcəsi ilə faiz hesablanması və 48 ay müddətinə qaytarılması şərti ilə 8.116 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə kredit məbləğinə hesablanmış faiz məbləğini və gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirə bilməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə bildiriş (pretenziya məktubu) göndərilərək, həmin müqavilə üzrə yaranmış borc məbləği barədə məlumat verilmiş və həmin məbləği tam olaraq 3 iş günü müddətində ödəməklə müqavilənin ləğv edilməsi təklif edilmiş, əks halda bütün borc məbləğinin qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin bu da bir nəticə verməmiş, öhdəlik bundan sonra da lazımi qaydada icra edilməmişdir. İddiaçı həmin müqavilə üzrə cavabdehin xx.xx.2024-cü il tarixə 8.114,03 manat əsas, 421,24 manat faiz, 65,60 manat cərimə, cəmi 8.600,87 manat borcunun yarandığını iddia edərək, bu məbləğin cavabdehdən tutulmasını tələb etmişdir.

19. Cavabdeh iddia üzrə tələb edilən borcu qəbul etmir. Bankla aralarında xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə (5.000 manat kredit verilmişdir) öhdəliklərini icra edə bilmədiyindən borcunun yarandığını və məhz həmin müqavilə üzrə yaranmış borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə hazırda mübahisələndirilən müqavilənin bağlandığını, müqavilədə göstərilən 8.116 manat məbləğində pulun ona verilmədiyini, qeyd etdiyi xx.xx.2021-ci il tarixli müqavilə üzrə aldığı 5.000 manat məbləğində kredit müqabilində 7.000 manatdan artıq pul ödədiyini, bundan sonra hələ 8.116 manat borcunun qalmasının mümkün olmadığını, bununla belə ondan şişirdilmiş məbləğlərdə borcun tələb etdiyini bildirir və bu səbəbdən iddianın rədd edilməsini tələb edir.

20. Məhkəmə kollegiyası xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə və həmin müqavilə üzrə ödənişləri əks etdirən hesabdan çıxarışa istinadən ilk növbədə qeyd edir ki, həmin müqavilədə göstərilən 8.116 manat məbləğində kreditin 3.110,98 manat hissəsi 1668sYSM/21 saylı, 4.999,65 manat hissəsi isə 959nkYSM/21 saylı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsinə yönəlmişdir. Bu da birmənalı şəkildə xx.xx.2023-cü il tarixli müqavilədə göstərilən məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Bu müqavilələrdən biri (xx.xx.2021-ci il) üzrə borcunun yaranmasını apellyasiya şikayətində cavabdeh özü də etiraf edir. Digər tərəfdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2023-cü il – xx.xx.2024-cü il tarixləri ərzində cavabdeh tərəfindən 10 dəfədən artıq ödəniş edilmişdir. Başqa sözlə, cavabdeh müqaviləni imzaladıqdan sonra da müqavilənin şərtləri, habelə kreditin məbləği ilə bağlı iddiaçıya hər hansı pretenziya bildirməmiş, əksinə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməklə müqavilə ilə razılaşdığını nümayiş etdirmişdir. Qeyd edilənlər öz növbəsində xx.xx.2021-ci il tarixli müqavilə üzrə öhdəliklərin icrası vəziyyətinin, o cümlədən ödənilmiş və mövcud olmuş borcun məbləğinin araşdırılmasını ümumiyyətlə istisna edir. Bu səbəbdən məhkəmə kollegiyası xx.xx.2021-ci il tarixli müqavilə üzrə götürülmüş və bunun müqabilində ödənilmiş məbləğlərə istinad etməklə hazırda mübahisələndirilən müqavilədə göstərilən kredit məbləğinin şişirdilmiş olması və reallıqda ona verilməməsi barədə cavabdehin dəlillərini əsassız hesab edir.

21. Bununla belə, məhkəmə kollegiyası vurğulayır ki, mülki qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər normalarının tələbləri, habelə müqavilə şərtləri baxımından tərəflər arasında məhz kredit müqaviləsindən irəli gələn münasibətlər yaranmış və həmin münasibətlər çərçivəsində iddiaçı tərəfindən cavabdehə 8.116 manat məbləğində pul vəsaiti kredit qismində verilmişdir. Lakin cavabdeh bu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.

22. Məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan əsas kredit borcunun məbləği ilə bağlı qeyd edir ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə ilk altı ay (14 aprel – 14 sentyabr) ərzində hər ay 121,80 manat faiz məbləğinin ödənilməsi şərtləndirilmişdir. Həmin aylar ərzində də bu məbləğ həddində ödəniş aparılmış, yalnız 1,97 manat məbləğində artıq ödəniş olmuşdur ki, bu məbləğ də xx.xx.2023-cü il tarixdə mövcud olan 8.116 manat əsas borcdan silinmiş, nəticədə (8.116 – 1,97 = 8.114,03) 8.114,03 manat məbləğində əsas borc qalmışdır. 2023-cü ilin sentyabr ayından sonrakı 8 ay ərzində (2023-cü il otyabr – 2024-cü il may) ümumilikdə 6 dəfəyə (xx.xx.2023-cü il – 200 manat, xx.xx.2024-cü il – 150 manat, xx.xx.2024-cü il – 95 manat, xx.xx.2023-cü il – 150 manat, xx.xx.2024-cü il – 160 manat, xx.xx.2024-cü il – 100 manat) cəmi 855 manat məbləğində ödəniş edilmişdir. Bütün bu məbləğ də ödəniş dövrünə yaranmış faiz borcundan silinmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (121,80 + 119,70 + 117,60 + 115,50 + 113,10 + 111 + 108,60 + 106,50 = 913,80) ümumilikdə 913,80 manat məbləğində faiz borcu ödənilməli idi. Başqa sözlə, qeyd edilən müddət ərzində ödənilməli olan faiz borcundan daha az məbləğdə faiz borcunun ödənilməsi aparılmış ödənişlərin hər hansı hissəsini mövcud olan əsas borcdan silinməsini qeyrimümkün etmişdir. Bu səbəbdən müqavilə üzrə cavabdehin iddiaçıya məhz 8.114,03 manat məbləğində əsas borcu yaranmışdır. Birinci instansiya məhkəməsi də haqlı olaraq, bu məbləğdə əsas borcu cavabdehdən iddiaçının xeyrinə tutmuşdur.

23. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulmuş faiz borcunun məbləği ilə razılaşmır və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyi əsas götürərək, qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə faiz borcunu xx.xx.2024-cü il tarixədək hesablamaqda haqlı olmamışdır. Belə ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə bildiriş (pretenziya məktubu) göndərərək, müqavilə üzrə həmin tarixə 8.114,03 manat məbləğində əsas, 423,46 manat məbləğində faiz və 36,64 manat məbləğində cərimə borcunun yarandığını bildirmiş və bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsini təklif etmiş, əks halda vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Həmin bildiriş xx.xx.2024-cü il tarixdə cavabdehin ünvanı üzrə təqdim edilmişdir.

24. Bununla belə, iddiaçı artıq xx.xx.2024-cü il tarixdə cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması ilə əlaqədar müqavilənin ləğv edilməsi ilə bağlı iradə ifadəsini cavabdehə yazılı qaydada bildirmiş və bunun üçün 3 iş günü müəyyən etməklə, həmin müddət ərzində də bütün borcun ödənilməsini tələb etmişdir. Həmin məsələni özündə əks etdirən bildiriş xx.xx.2024-cü il tarixdə cavabdehin ünvanı üzrə təqdim edilmişdir. Bu baxımdan iddiaçı xx.xx.2024-cü il tarixdə müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) iki əsasdan biri mövcud olduqda, yəni 1) digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozması halında; 2) Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda mümkündür.

25. Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

26. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. İddiaçı da cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması ilə əlaqədar müqavilənin ləğv edilməsi ilə bağlı iradə ifadəsini cavabdehə yazılı qaydada bildirmiş və bütün, o cümlədən 423,46 manat məbləğində faiz borcunun ödənilməsini tələb etmişdir. Hüquqi nəticə etibarı ilə də xx.xx.2024-cü il tarixdə həmin müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Buna baxmayaraq, iddiaçı müqavilədə nəzərdə tutulmuş faizləri həmin tarixdən sonra da hesablamaqda davam etmiş və xx.xx.2024-cü il tarixə yaranmış 421,24 manat məbləğində faiz borcunun ödənilməsini tələb etmişdir.

27. Bu səbədən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən faiz borcunun məbləği iddiaçının cavabdehə ünvanlanlıdığı, faktiki olaraq müqavilənin birtərəfli qaydada ləğvinə yönəlmiş xx.xx.2024cü il tarixli bildirişə (iradə ifadəsinə) əsasən həmin bildirişin təqdim edildiyi tarix əsas götürülməklə xx.xx.2024-cü il tarixə hesablanmalı, həmin tarixdən sonra ödənilmiş faiz borcu xx.xx.2024-cü il tarixli bildirişdə göstərilən faiz borcundan silinməlidir.

28. Beləliklə, xx.xx.2024-cü il tarixli bildirişdə həmin müqavilə üzrə 423,46 manat məbləğində faiz borcunun yarandığı göstərildiyindən, bu tarixdən sonra ümumilikdə (135,42 + 135,75 + 60 = 331,17) 331,17 manat məbləğində faiz borcu ödənildiyindən, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan faiz borcu (423,46 – 331,17 = 92,29) 92,29 manat məbləğində müəyyən edilməlidir.

29. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ödənişlərin gecikdirilməsinə yol verildiyi halda borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40% miqdarında cərimənin (dəbbə pulunun) tədbiq edilməsi barədə tərəflər razılığa gəlmişdilər. Bu razılaşma (vəd) yazılı şəkildə həmin müqavilənin 2.1-ci və 2.8-ci bəndlərində öz əksini tapmışdır. Hazırda da iddiaçı müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 65,60 manat məbləğində cərimə borcunun ödənilməsini tələb edir.

30. Məhkəmə kollegiyası aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehdən 65,60 manat məbləğində cərimə borcu tutmuşdur. Bu məbləğ tənasübsüz surətdə yüksək hesab edilə bilməz və onun azaldılması üçün hər hansı əsas yoxdur.

31. Məhkəmə kollegiyası iddianın təmin edilmiş hissəsinin qiymətini (8.114,03 + 92,29 + 65,60 = 8.271,82) nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun 102,72 manat hissəsi tutulmalı, qalan 3,29 manat hissəsi iddiaçının özünə aid edilməlidir.

32. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan faiz və ümumi borcun, habelə dövlət rüsumunun məbləği hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 92,29 manat məbləğində faiz borcu, bu məbləğə uyğun olaraq cəmi 8.271,92 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 102,72 manat hissəsi tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən cavabdehə aid edilməlidir.

33. Hazırkı iş üzrə təmin edilən hissədə iddianın qiyməti (silinən faiz borcun məbləği) beş min manatdan az olduğundan iddiaçı qətnamədən kassasiya şikayəti verə bilməz.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1496/2024 nömrəli qətnaməsi Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulan faiz və ümumi borcun, habelə dövlət rüsumunun məbləği hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 92,29 (doxsan iki manat, iyirmi doqquz qəpik) manat məbləğində faiz borcu, bu məbləğə uyğun olaraq cəmi 8.271,92 (səkkiz min iki yüz yetmiş bir manat, doxsan iki qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 102,72 (bir yüz iki manat, yetmiş iki qəpik) manat hissəsi tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Cavabdeh Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar