Məhkəmə qərarları › İş №2(103)-5756/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5756/2022

19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5756/2022 19.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1043/2022 saylı işi üzrə 16 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı "AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin "AccessBank” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 021A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 Əlövsət oğlundan, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada "AccessBank” QSC-nin xeyrinə 13917.76 manat məbləğində kredit borcu, 145.07 manat məbləğində faiz borcu və 6406.7 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 20469 manat 53 qəpik məbləğində borcun və ödənilmiş 151.41 manat məbləğində dövlət rüsumunun tutulmasına dair iddiası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1043/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsi ilə (Mülki Məcəlləsinin 421.2, 423.2, 465.1, 466, 467; Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadən) qismən təmin edilmiş, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 021A********** nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019-cu il tarixli 021A********** nömrəli kredit razılaşması üzrə 13917,76 manat əsas, 145,07 manat faiz borcu, 700 manat cərimə borcu olmaqla, cəmi 14762,83 manat və dövlət rüsumuna görə ödənilmiş 151,41 manatın İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Cavabdeh1 ilə İddiaçı QSC arasında 60 ay müddətinə aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planı üzrə qaytarmaq şərti ilə 13967,76 manat məbləğində kredit verilməsi haqqında xx.xx.2019-cu il tarixli 021A********** nömrəli kredit müqaviləsi bağlanmışdır; - Kredit verilməsi barədə köçürmə qəbzinə əsasən kredit razılaşması üzrə 13967,76 manat bank tərəfindən hesaba köçürülmüş və Cavabdeh1 həmin pulu götürmüşdür; - Cavabdeh3 ilə Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən onlar, xx.xx.2019-cu il tarixli nömrəli kredit müqaviləsi üzrə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşlər; - İddiaçı QSC tərəfindən verilmiş maliyyə arayışına əsasən, X5 xx.xx.2019-cu il tarixli 021A********** nömrəli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə əsas borcu 13917,76 manat, faiz üzrə 145,07 manat, cərimə üzrə borcu 6406,70 manat təşkil edir; -Cavabdehlərə ünvanlanmış xəbərdarlıqla bank borcun qaytarılması barədə xəbərdarlıq etmişdir(iş.səh.8-13, 15-22, 42, 87-92, 96-98). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

3. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin faiz və cərimə məbləği hissəsində ləğv edilməsi, müəyyən edilmiş hallar, işə əlavə edilmiş rəsmi sənədlər, sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Prosessual Məcəllənin 14.1, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə əsasız olaraq əsas borcun, faizin və dəbbə pulunu müəyyən edərkən və qarar qəbul edərkən cavabdehin təyin edilmiş qrafik üzrə ödənişləri vaxtı-vaxtında etməsini, Azərbaycan Respublikasında koronavirus (COVİD-İ9) infeksiyasının yayılmasının təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının miüvafiq qərarları əsasında sahibkarlıq sahələrinin fəaliyyəti məhdudlaşdırıldığı üçün faktiki hər hansı bir ödəniş etmək iqtidarında olmamasını nəzərə almamışdır.Məhkəmə işin həlli üçün əsas borcun, faizin və dəbbə pulunun düzgün hesablanıb-hesablanmadığını düzgün aydınlaşdırmaqdan ötəri məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə təşəbbüs göstərməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

4. İddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, Cavabdeh1 kreditinin xx.xx.2019-cu il Prezident fərmanına əsasən restruktrizasiya edilmiş kreditlərdən olduğunu, buna əsasən 5 il müddətinə 1 faizlə cavadehlə kredit müqaviləsi bağlandığını, cavabdehin aylıq ödənişlərinin ilk aylar 10,11,13 manat, 2021-ci ilin yanvar ayında 297 manat təşkil etdiyini və bu məbləğlərin 13967 manat borca münasibətdə kiçik bir məbləğ olduğunu qeyd etmiş,mühasibatlıq ekspertizasının keçirilməsinə ehtiyac olmadığını, ödədiyi 50 manat məbləğin əsas borcdan silindiyini, 13917 manat borcun qaldığını, bunun üçün xüsusi hesablamaya gərək duymadıqlarını bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.

5. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

7. Birinci instansiya məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 324, 385.1, 425.1, 427.3, 439-449, 467, 522, 551-554, 560,739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385-390-cı maddələrinə, kredit (zaminlik) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar.

8. Mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərini sübuta yetirən və ya ona dəlalət edən sübutlar, habelə hər hansı ekspertizanın təyin edilməsi üçün əsaslar müəyyən edilmir. Şikayətin dəlilləri cavabdehin vəzifələrinə rəğmən öhdəliklərdən yayınmaya yönəlik hüquqdan sui-istifadəyə şərait yaradan hal və buna cəhd kimi qiymətləndirilməlidir.

9. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.

10. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1043/2022 saylı işi üzrə 16 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar