Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5757/2020 21.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-485/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1700.5 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağazadan Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən ona 18 ay müddətinə ümumi qiyməti 2623 manat dəyərində olan Samsung televizoru satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601 maddəsinə və alqı-satqı müqaviləsinin 132.39 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 922.5 manat ödəniş etmiş, qalan 1700.5 manat əsas borcu indiyədək ödəməmiş, bununlada alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-485/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddia tələbi təmin edilərək, Cavabdeh alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1700.5 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 1730.5 (bir min yeddi yüz otuz manat əlli qəpik) manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-485/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və borcun hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə birinci instansiya məhkəməsində baxılan zaman cavabdeh borcun tam şəkildə deyil hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə isə həmin hala qiymət vermədən borcun tam ödənilməsinə dair qətnamə çıxarmışdır. Cavabdeh apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və MPM-in 357.1, 384, 385, 372-ci maddələrinə istinad etmişdir. İşə baxılması vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh ilə İddiaçıarasında dəyəri 2383 manat olan Samsung UE55M5550AU markalı televizorun satışı haqqında bağlanmışdır. İş materiallarında olan aktdan görünür ki, Samsung UE55M5550AU markalı televizor Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 1700.5 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin halları və apellyasiya şikayətinin məzmununa əsasən müəyyən edilir ki, cavabdeh iddiaçıya 1700.5 manat borcunun olmasını inkar etməmiş və həmin borcun mövcudluğu işin mübahisələndirilməyən halını təşkil edir. Cavabdeh tərəfindən borcun hissə-hissə ödənilməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə Kollgiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qeyd olunan normanın mahiyyətinə görə, hissə-hissə icra mövcud qanuni qüvvəyə minmiş qətnaməyə münasibətdə nəzərdə tutulmuşdur. Cavabdeh hissə-hissə icra tələbini iş üzrə qətnamə qanuni qüvvəyə minməzdən əvvəl təqdim edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehin mübahisələndirdiyi hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-485/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5757/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5757/2020
21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver