Məhkəmə qərarları › İş №2(103)-5760/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5760/2022

16.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5760/2022 16.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh-nə qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, MMC-dən vurulmuş 78 480 manat maddi ziyanın əvəzinin və 30 manat Dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh-nin İddiaçı qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmış, həmin qərardaddan Cavabdeh-nin nümayəndəsinin (vəkilinin) verdiyi şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, ərizəçi qarşılıqlı iddia ərizəsini məhz məhkəmə iclasında təqdim etməyi düşünmüş, məhkəmə iclası barədə ona məlumat verilmədiyindən iclasda iştirak edə bilməmiş və qarşılıqlı iddianı təqdim etmək mümkün olmamış, daha sonra dəftərxana vasitəsilə vermişdir. Qarşılıqlı iddia tələbi ilk iddianın ödənilməməsinə yönəlmişdir və qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın qismən və ya tam təmin edilməsini aradan qaldıracaqdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1 -ci maddəsində nəzərdə tutulmuş müddət ərzində, yəni iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1 -ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir Məcəllənin 156-cı maddəsinə görə, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, yaxud qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa və ya qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə, hakim qarşılıqlı iddianı qəbul edir. Göründüyü kimi, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmiş və yaxud ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmış olsa belə, yuxarıda göstərilən müddət ötürülməklə verilmiş ərizə o halda icraata qəbul edilə bilər ki, həmin müddətin üzrlü səbəbdən ötürülməsi kifayət qədər əsaslandırılmış olsun. İş materiallarından görünür ki, mülki iş üzrə hazırlıq iclası xx.xx.2021-ci il tarixdə, birinci baxış iclası xx.xx.2021-ci il tarixdə keçirilmiş və həmin tarixdə iddia ərizəsinin baxılmamış saxlanması qərara alınmış, xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən verilmiş şikayətə əsasən iddia ərizəsinin baxılmamış saxlanmasına dair qərardad ləğv edilmiş və mülki iş üzrə iclas xx.xx.2022-ci il tarixə təyin edilmiş, həmin iclasda Cavabdeh-nin nümayəndəsi (vəkili) Vəkil1 iştirak etmişdir. Daha sonra iclas xx.xx.2022-ci il tarixə təxirə salınmış və Cavabdeh-nin nümayəndəsi məhkəmə bildirişini imzalamış, lakin hakim xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək məzuniyyətində olduğundan həmin günlərə təyin edilmiş məhkəmə iclası xx.xx.2022-ci il tarixə təxirə salınmışdır. xx.xx.2022ci il tarixdə isə MMC-nin nümayəndəsi dəftərxana vasitəsilə qarşılıqlı iddia ərizəsini təqdim etmişdir. Göründüyü kimi, Cavabdeh-nin nümayəndəsi xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş və onun həmin iclasda və ya daha əvvəl qarşılıqlı iddia ərizəsini təqdim etmək imkanı olmuş, lakin bunu etməmişdir. Həmçinin qarşılıqlı iddia üzrə ərizəçi, ərizənin məhkəmə baxışı zamanı verilməsi üçün əsasların sonradan əmələ gəldiyini və yaxud ərizənin qanunla müəyyən edilmiş müddətlərdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkünsüz olduğunu əsaslandırmamışdır. Belə ki, qarşılıqlı iddia üzrə şikayət ərizəsində göstərilmiş hallar, yəni ərizəçinin ərizəni məhz məhkəmə iclasında təqdim etmək istəməsi və bunun alınmaması səbəbindən qanunla müəyyən edilmiş müddətləri ötürməsi üzrlü hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-272/2022 saylı iş üzrə 01 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar