Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5761/2025 03.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi, tutmanın mallara yönəldilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6225/2024 saylı iş üzrə xx.xx.2024cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (İcarəyə verən-birinci tərəf) ilə icarəçi (ikinci tərəf) "xxxx" MMC-nin direktoru X4 arasında Bakı şəhəri, 1212 məhəllə, 8 Noyabr (Nobel) prospekti 15-də yerləşən 159 saylı ofisin (398.1 kv.m) icarəyə verilməsinə dair 01 may 2022-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin şərtlərinə əsasən “İcarəyə verən” qeyriyaşayış sahəsini “İcarəçi”yə verir, “İcarəçi” isə ofis istifadəsi üçün icarəyə götürür. İcarə sahəsinin yerləşdiyi ünvan: ünvan 1 sahəsi 398,1 kv.m tam sahədən ibarətdir (fərdi mətbəx və sanitar qovşaq daxil). İcarə müqaviləsinin müddəti 2(iki) il olmaqla 01 may 2022-ci il tarixindən 01 may 2024-cü il tarixədək müəyyən edilir. “İcarəçi” müvafiq icarə haqqını qabaqcadan 10 iş günü ərzində “İcarəyə verən”in Bank hesabına köçürmə yolu ilə ödəməlidir; “İcarəçi” icarə haqqından əlavə icarə sahəsinin kommunal ödənişlərini (elektrik enerjisi, su sərfiyyatı) və bina servis xərclərini öz hesabına ödəməlidir; “İcarəçi” Vergi Qanunvericiliyinə uyğun olaraq bu müqaviləyə aid olan vergilərin ödəməsini öhdəsinə götürür. “İcarəçi”, 01 mart 2022-ci il tarixindən etibarən hər ayın 10-dan gec olmamaq şərtilə cari ay üçün qabaqcadan “İcarəyə verən”ə hər ay 1 (bir) kvadrat metr üçün 17.53 AZN (on yeddi manat əlli üç qəpik) olmaqla cəmi 6976,75 AZN (altı min doqquz yüz yetmiş altı manat yetmiş beş qəpik) (ödəmə mənbəyində vergi daxil olmaqla) icarə haqqın qeyrinəğd qaydada ödəməyə razılıq verir. İcarə haqqının 976.75 AZN (doqquz yüz yetmiş altı manat yetmiş beş qəpik) hissəsi ödəmə mənbəyinə vergi olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada tutularaq dövlət büdcəsinə ödənilir. İcarə haqqının yerdə qalan 6000 AZN (altı min manat) hissəsi isə bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə və nağd qaydada və ya bank köçürməsi yolu ilə “İcarəyə verən”ə ödənilir; “İcarəçi” İcarə haqqını 01 May 2022-ci il tarixindən 05 avqust 2022-ci il tarixinə qədər olan 3 aylıq icarə ödənişini yəni 6000 AZN (altı min manat) depozit olaraq “İcarəyə verən”ə ödəməlidir. Ödəniş nağd qaydada və ya bank köçürməsi yolu ilə aparılır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 01 may 2022-ci il tarixli icarə müqaviləsinə əsasən 2024-cü ilin yanvar, fevral, mart və aprel ayları üzrə yaranmış və ödənilməmiş əsas borc üzrə 24.000 manat, xidmət haqqı olaraq 3860 manat, habelə ödənilmiş dövlət rüsumuna görə 174 manat, ümumilikdə 28.034 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qeyd olunan müqavilənin şərtlərinə əsasən cavabdeh bu günədək 2024-cü ilin yanvar, fevral, mart və aprel ayları üzrə ümumilikdə 24.000 manat və xidmət haqqı olaraq 3 860 manat, cəmi 27 860 manat ödəniş etməmişdir. Cavabdehin əvəzinə məcbur olub 3860 manat kommunal ödənişlərini etmişdir. Hazırda 27.860 manat ödənilməmiş borc qalmışdır. "xxxx" MMC icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bu borcun ödənilməsi üçün dəfələrlə edilmiş müraciətlərə baxmayaraq borc məbləğinin ödənilməsindən cavabdeh müxtəlif bəhanələrlə yayınmışdır. Borcun qaytarılması ilə bağlı iddiaçı tərəfindən "xxxx" MMC-yə 14 may 2024cü il tarixdə kağız daşıyıcıda pretenziya məktubu və bildiriş göndərilməsinə baxmayaraq qeyd olunan borc məbləği ödənilməmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 6225/2025 nömrəli qətnaməsi ilə (hakim S.Eyvazova) iddianın təmin edilməsi, Cavabdeh MMC-dən 01 may 2022-ci il tarixli icarə müqaviləsinə əsasən 2024-cü ilin yanvar, fevral, mart və aprel ayları üzrə yaranmış və ödənilməmiş əsas borc üzrə 24 000 (iyirmi dörd min) manat, xidmət haqqı olaraq 3860 (üç min səkkiz yüz altmış) manat olmaqla, ümumilikdə 27860 (iyirmi yeddi min səkkiz yüz altmış) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174 (yüz yetmiş dörd) manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 390.1, 442, 443.1, 448.1, 448.2, 700.1, 700.2, 700.3, 704.1, 704.2, 1097.1, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7.5, 8.5, 12, 13.1, 14, MPM-nin 14.2, 76.1, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
6. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, e-2(011)-6225/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən "xxxx" MMC-nin Dövlət Vergi Xidmətinə təsərrüfat subyektinin (obyektinin) qeydiyyatdan çıxarılması ərizəsi ilə müraciət etməsi nəzərə alınmamışdır. Müraciətə əsasən həmin təsərrüfat subyekti xx.xx.2023-cü il tarixində vergi ödəyicisinin uçot məlumatlarından çıxarılmışdır. Sözügedən ofis barəsində "xxxx" MMC ilə bağlanılmış müqaviləyə cavabdeh tərəfindən 29 dekabr 2023-cü il tarixində xitam verilmişdir. Məhkəmə həmçinin nəzərə almamışdır ki, "xxxx" MMC 16 dekabr 2023-cü il tarixindən etibarən icarəyə verənin müqaviləni ləğv etməsinə görə ofisdə faktiki olaraq fəaliyyət göstərməmişdir. "xxxx" MMC ilə Müşfiq Məmmədli arasında imzalanmış 01 fevral 2024-cü il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC digər ofisdə fəaliyyətini davam etdirmişdir. Bununla da "xxxx" MMC 16 dekabr 2023-cü il tarixindən etibarən icarəyə verənin müqaviləni ləğv etməsinə görə icarəçi ilə icarəyə verən arasında 2024-cü ilin yanvar, fevral, mart və aprel aylarında icarə münasibətləri mövcud olmamışdır. İddiaçı tərəf 2024-cü ilin yanvar, fevral, mart və aprel ayları üzrə icarə haqlarını tələb etsə də, bu tarixlərdə icarəyə verənlə icarəçi arasında icarə münasibətlərinin mövcud olduğuna dair mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin nəzərə almamışdır ki, icarəçi "xxxx" MMC ilə başqa icarədar Müşfiq Məmmədli arasında imzalanmış 01 fevral 2024-cü il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC digər ofisdə fəaliyyətini davam etdirmişdir və faktiki olaraq sözügedən obyektdə fəaliyyət göstərməmişdir. Bu kimi hallar məhkəmə tərəfindən sübut edilməmişdir. Məhkəməyə təqdim edilmiş Whatsapp yazışmaların mahiyyətindən məlum olur ki, ofisin açarları məhz icarədar İddiaçı təlimatı ilə dəyişdirilmişdir. Həmçinin, icarəçiyə məxsus ofis mebelləri girov götürülmüşdür. Buna dair yazışmalar mövcuddur və məhkəməyə təqdim edilmişdir. Qeyd edilən faktlar məhkəmə araşdırması zamanı Whatsapp yazışmaları, həmçinin şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Bununla da, məhkəmə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2317/2025 saylı, 05 may 2025-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.İsgəndərov, hakimlər S.Səlimova və M.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli, 2(011)-6225/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 390.1, 442, 443.1, 448.1, 448.2, 700.1, 700.2, 700.3, 704.1, 704.2, 1097.1, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 7.5, 8.5, 12, 13.1, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, MPM-nin 14.2, 77.1, 119.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində icraat
10. Qətnamədən cavabdeh "xxxx" MMC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, icarəçi ilə icarəyə verən arasında 2024-cü ilin yanvar, fevral, mart və aprel aylarında icarə münasibətləri olmadığından, həmin aylar üzrə icarə haqlarının ödənilməsinin tələb edilməsi əsassızdır və bu tələb icarəyə verənin əsassız varlanması kimi qiymətləndirilməlidir. "xxxx" MMC 16 dekabr 2023-cü il tarixindən etibarən icarəyə verənin müqaviləni ləğv etməsinə görə ofisdə faktiki olaraq fəaliyyət göstərmədiyindən icarəçi ilə icarəyə verən arasında 2024-cü ilin yanvar, fevral, mart və aprel aylarında icarə münasibətləri olmamışdır. Belə olan halda həmin aylar üzrə icarə haqlarının ödənilməsinin tələb edilməsi əsassızdır. Belə ki, icarəyə verən icarə obyektinin açarlarını dəyişdirmiş, "xxxx" MMC-nin həmin ofisdə fəaliyyətinə maneçilik törətmiş, bir sözlə, icarə müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. Bununla yanaşı, icarəyə verən tərəfindən bina.az və caspro.az saytlarında ofisin icarəsi üçün elan yerləşdirilməsi, artıq həmin münasibətlərə xitam verildiyini və icarəyə verənin yeni icarəçi axtarışlarında olduğunu bir daha təsdiq edən faktlardandır.
12. Kassasiya şikayətinə qarşı yazılı etirazda şikayətin əsassız olması, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması xahiş olunmuşdur.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 2623/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X6 və X2) kassasiya şikayətinin təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 may 2025-ci il tarixli, 2(103)-2317/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmələr həmin cavabdehin dəlilləri üzrə sübutetmə yükünü düzgün müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişlər.
15. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işin müəyyən edilmiş faktiki halları və yuxarıda göstərilən normalar çərçivəsində müqaviləyə nə vaxtdan xitam verilməsi, bunun tərəflərin hansı hərəkətləri ilə bağlı olması, cavabdehin qeyri-yaşayış sahəsindən istifadəsinin mədudlaşdırılıb-məhdudlaşdırılmaması, bu hal baş vermişdirsə bunun baş verməsinin hansı tarixə təsadüf etməsi, bununla yanaşı cavabdehin irəli sürdüyü digər dəlillərinə mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən qiymət verilməlidir. Belə qiymətləndirmə isə dindirilmiş şahid ifadələrinin tədqiqi, Mərkəzdə xidməti həyata keçirən MMC-dən məlumatların alınması, yeni sahədə fəaliyyətə başlanması ilə bağlı bağlanmış müqavilənin icrasına başlanma müddətinin əvvəli, əvvəlki sahənin boş olması və təkrar icarəyə verilməsinə dair cavabdehin təqdim etdiyi sübutların (elanların) tədqiqi, bu elanların mübahisəli sahəyə aidiyyətinin olubolmamasının və digər dəlillərin aydınlaşdırılması baxımından zəruri olan prosessual hərəkətlərin həyata keçirilməsi yolu ilə təmin edilə bilərdi. Baxılan işdə isə bu tələblərə əməl olunmamış, sübutetmə yükü düzgün müəyyən edilməmiş, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmamışdır.
16. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 442, 443.1, 445.2.1, 445.4, 448.1, 448.2, 700.1, 700.2, 700.3, 704.1, 704.2-ci maddələrinə, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 7.5, 8.5, 12, 13.1, 14-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 407.2, 416.1-ci maddələrinə istinadən əsaslandırmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq məhkəməyə mülahizə təqdim edərək qeyd etmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və bunu aşağıdakılarla əsaslandırır. “Brain Academy" MMC Dövlət Vergi Xidmətinə təsərrüfat subyektinin (obyektinin) qeydiyyatdan çıxarılması ərizəsi ilə müraciət etmişdir. Müraciət nəzərə alınaraq, həmin təsərrüfat subyekti xx.xx.2023-cü il tarixində vergi ödəyicisinin uçot məlumatlarından çıxarılmışdır. Sözügedən ofis barəsində "xxxx" MMC ilə bağlanılmış müqaviləyə cavabdeh tərəfindən 29 dekabr 2023-cü il tarixində xitam verilmişdir. Məhkəmə həmçinin nəzərə almamışdır ki, "xxxx" MMC 16 dekabr 2023-cü il tarixindən etibarən icarəyə verənin müqaviləni ləğv etməsinə görə ofisdə faktiki olaraq fəaliyyət göstərməmişdir. "xxxx" MMC ilə Müşfiq Məmmədli arasında imzalanmış 01 fevral 2024-cü il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC digər ofisdə fəaliyyətini davam etdirmişdir. Bununla da "xxxx" MMC 16 dekabr 2023-cü il tarixindən etibarən icarəyə verənin müqaviləni ləğv etməsinə görə icarəçi ilə icarəyə verən arasında 2024-cü ilin yanvar, fevral, mart və aprel aylarında icarə münasibətləri mövcud olmamışdır. İddiaçı tərəf 2024-cü ilin yanvar, fevral, mart və aprel ayları üzrə icarə haqlarını tələb etsə də, bu tarixlərdə icarəyə verənlə icarəçi arasında icarə münasibətləriniin mövcud olduğuna dair mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin nəzərə almamışdır ki, icarəçi "xxxx" MMC ilə başqa icarədar Müşfiq Məmmədli arasında imzalanmış 01 fevral 2024-cü il tarixli icarə müqaviləsinə əsasən “Brain Academy" MMC digər ofisdə fəaliyyətini davam etdirmişdir və faktiki olaraq sözügedən obyektdə fəaliyyət göstərməmişdir. Məhkəməyə təqdim edilmiş Whatsapp yazışmaların mahiyyətindən məlum olur ki, ofisin açarları məhz icarədar İddiaçı təlimatı ilə dəyişdirilmişdir. Həmçinin icarəçiyə məxsus ofis mebelləri girov götürülmüşdür. Buna dair yazışmalar mövcuddur və məhkəməyə təqdim edilmişdir. Qeyd edilən faktlar məhkəmə araşdırması zamanı Whatsapp yazışmaları, həmçinin şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, iş üzrə məhkəmə araşdırılması obyektiv aparılmamış, iş üzrə təqdim edilmiş mötəbər sübutlara tətbiq edilməli hüquq normasına uyğun hüquqi qiymət verilməmişdir. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İcarəçi ilə icarəyə verən arasında 2024-cü ilin yanvar, fevral, mart və aprel aylarında icarə münasibətləri olmadığından, həmin aylar üzrə icarə haqlarının ödənilməsinin tələb edilməsi əsassızdır və bu tələb icarəyə verənin əsassız varlanması kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 686-cı maddəsinə əsasən əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. İcarəyə verən icarə obyektinin açarlarını dəyişdirərək, "xxxx" MMC-nin həmin ofisdə fəaliyyətinə maneçilik törətmiş, yəni icarə müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəf 2024-cü ilin yanvar, fevral, mart və aprel ayları üzrə sözügedən ofisdə cavabdehin fəaliyyət göstərməsinə dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh "xxxx" MMC 16 dekabr 2023-cü il tarixindən etibarən icarəyə verənin müqaviləni ləğv etməsinə görə ofisdə faktiki olaraq fəaliyyət göstərməmiş, hətta "xxxx" MMC ilə Müşfiq Məmmədli arasında imzalanmış 01 fevral 2024-cü il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC digər ofisdə fəaliyyətini davam etdirmişdir. Bununla bağlı təsdiqedici müqavilə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Konstitusiyasın 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Həmçinin qeyd edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq məhkəməyə mülahizə təqdim edərək bildirmişdir ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş mülahizənin bəndlərində göstərilənlər təmamilə əsassızdır. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixində icarə müqaviləsi bağlanılmışdır. İcarə müqaviləsinin 1.2-ci maddəsinə əsasən icarə müqaviləsinin müddəti 2 (iki) il olmaqla 01 may 2022-ci il tarixindən 01 may 2024-cü il tarixinədək müəyyən edilmişdir. İcarə müqaviləsinin 5.1-ci maddəsinə əsasən hər bir tərəf müqavilənin xitamı, müqaviləyə dəyişiklik edilməsi və ya uzadılması haqqında bir-birlərini 2 (iki) ay qabaqcadan məktub, e-mail və ya WhatsApp vasitəsi ilə yazılı qaydada xəbərdar etməlidirlər. Yəni bu o deməkdir ki, qeyd olunan müqavilənin 5.1-ci maddəsində göstərilənlər imperativ xarakter daşıyır. Lakin, cavabdeh tərəf müqavilənin tələblərinə əməl etməmiş və icarəyə verənə məlumat verməmişdir. Cavabdeh bildirir ki, "xxxx" MMC ilə bağlanmış xidmət müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmiş, bundan savayı "xxxx" MMC Dövlət Vergi Xidmətinə təsərrüfat subyektinin (obyektinin) qeydiyyatdan çıxarılması ərizəsi ilə müraciət etmiş, xx.xx.2023-cü il tarixində vergi ödəyicisinin uçot məlumatlarından çıxarılmışdır. Bunların heç birindən iddiaçının məlumatı olmamışdır. Müqaviləyə əsasən cavabdeh şirkət 2 ay qabaqcadan İddiaçı məlumatlandırmalı idi, lakin bunu etməmişdir, özləri də birinci instansiya məhkəməsində bildirmişər ki, iddiaçıya bu barədə məlumat verməmişlər. Bundan başqa, mülahizənin 2-ci bəndində qeyd olunur ki, "xxxx" MMC 16 dekabr 2023-cü il tarixindən etibarən icarəyə verənin müqaviləni ləğv etməsinə görə ofisdə faktiki olaraq fəaliyyət göstərməmişdir. "xxxx" MMC ilə Müşfiq Məmmədli arasında imzalanmış 01 fevral 2024-cü il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC digər ofisdə fəaliyyətini davam etdirmişdir. Bununla bağlı qeyd edir ki, iddiaçı 2023-cü ilin dekabr ayında müqaviləni ləğv etdirməmişdir, həmçinin ofisdə fəaliyyət göstərmək üçün heç bir məhdudiyyət qoymamışdır. Hesab edir ki, "xxxx" MMC ilə Müşfiq Məmmədli arasında bağlanılmış yeni icarə müqaviləsi "xxxx" MMC-nin iddiaçıya məxsus ofisdə fəaliyyət göstərməməsini pərdələmək niyyəti ilə bağlanılmış müqavilədir. Bundan başqa, mülahizənin 3-cü bəndində qeyd olunur ki, iddiaçı tərəf 2024-cü ilin yanvar, fevral, mart və aprel ayları üzrə icarə haqqlarını tələb etsə də, bu tarixlərdə icarəyə verənlə icarəçi arasında icarə münasibətlərinin mövcud olduğuna dair mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Əvvəla tərəflər arasında icarə münasibətlərinin mövcud olması ilə bağlı ən mötəbər sənəd elə icarə müqaviləsinin özüdür ki, həmin sənəddə məhkəməyə təqdim edilmişdir. O ki qaldı hər hansı sənəd təqdim edilməsinə icarə müqaviləsi üzrə “icarəyə verənin” əsas işi: əmlakın icarəyə verilməsi və icarə üzrə pulun icarəçidən alınmasıdır. Cavabdeh "xxxx" MMC sübut təqdim etməlidir ki, həqiqətən də o qeyd olunan aylarda fəaliyyət göstərməmişdir. İddiaçı 2024-cü ilin yanvar, fevral, mart aylarında icarə haqqı ödənilmədiyindən yəni 18 000 manat yığıldığından məcbur olub aprel ayında cavabdehə şifahi müraciət edərək icarə haqqı ödənilmədiyi halda ofisə məhdudiyyət qoyması barədə bildirmişdir. Yuxarıda qeyd edilənlərə əsasən cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
24. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
25. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur.
26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
28. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
29. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
30. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
31. Maddə 704.1. Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir.
32. Maddə 704.2. İcarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur.
“İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu
33. Maddə 7.5. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar.
34. Maddə 8.5. İcarəçi icarə haqqından savayı, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş vergiləri və digər tədiyyələri də ödəyir, bir şərtlə ki, bu, icarəyəverənin vəzifəsinə daxil edilməsin.
35. Maddə 12. İcarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir.
36. Maddə 13.1. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər.
37. Maddə 14. İcarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn mübahisələrə məhkəmə baxır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Maddə 384.0.3 apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
42. Maddə 420 kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
45. Hazırki halda iddia tələbi təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası tərəflərin izahatını, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq, həmçinin kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6225/2024 saylı iş üzrə 20 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilməli, Cavabdeh MMC-dən 01 may 2022-ci il tarixli icarə müqaviləsinə əsasən 2024-cü ilin yanvar, fevral və mart ayları üzrə yaranmış və ödənilməmiş əsas borc üzrə 18 000 (on səkkiz min) manat, xidmət haqqı olaraq 2895 (iki min səkkiz yüz doxsan beş) manat olmaqla, ümumilikdə 20895 (iyirmi min səkkiz yüz doxsan beş) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 174 (yüz yetmiş dörd) manat dövlət rüsumunun 130,50 (yüz otuz manat əlli qəpik) manat hissəsi Cavabdeh MMC-yə, qalan 43.50 (qırx üç manat əlli qəpik) manat hissəsi İddiaçı aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 87 (səksən yeddi) manat dövlət rüsumunun 21.75 (iyirmi bir manat yetmiş beş qəpik) manat hissəsi İddiaçı, qalan 65.25 (altmış beş manat iyirmi beş qəpik) manat hissəsi Cavabdeh MMC-yə aid edilməlidir.
47. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
48. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
49. İşin hallarından görünür ki, iddiaçı iddia tələbində qeyd etmişdir ki, Bakı şəhəri, 1212 məhəllə, 8 Noyabr (Nobel) prospekti 15-də yerləşən 159 saylı ofisin (398.1 kv.m) icarəyə verilməsinə dair 01 may 2022-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh 2024-cü ilin yanvar, fevral, mart və aprel ayları üzrə ümumilikdə 24.000 manat və xidmət haqqı olaraq 3.860 manat, cəmi 27.860 manat ödəniş etməmişdir. Cavabdehin əvəzinə 3860 manat kommunal ödənişləri edilmişdir. Hazırda 27.860 manat ödənilməmiş borc qalmışdır. "xxxx" MMC icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bu borcun ödənilməsi üçün dəfələrlə edilmiş müraciətlərə baxmayaraq borc məbləğinin ödənilməsindən cavabdeh müxtəlif bəhanələrlə yayınmışdır. Borcun qaytarılması ilə bağlı iddiaçı tərəfindən "xxxx" MMC-yə 14 may 2024cü il tarixdə kağız daşıyıcıda pretenziya məktubu və bildiriş göndərilməsinə baxmayaraq qeyd olunan borc məbləği ödənilməmişdir.
50. Cavabdeh iddiaya etirazında və apellyasiya şikayətində göstərir ki, MMC ilə İddiaçı arasında xx.xx.2022-ci ildə icarə müqaviləsi bağlanılmışdır. İcarə obyekti (bundan sonra "ofis") X8 23-cü mərtəbəsində yerləşən 159 saylı ofis olmuşdur. “X13”ində kommunal xidmətlər həmin Mərkəzdə fəaliyyət göstərən "xxxx" MMC tərəfindən həyata keçirilir və həmin mərkəzdə yerləşən ofislərdə faktiki fəaliyyət göstərən şəxslərlə müqavilələr bağlanılır. MMC tərəfindən 2023-cü ilin noyabr və dekabr ayları üzrə ödənişlər gecikdirilmiş, lakin sonradan icra edilmişdir. Baş verən gecikmələrə görə iddiaçı tərəfindən 2023-cü ilin 15 dekabr tarixində ofisin qapısının açarı dəyişdirilmiş, icarəyə verən tərəfindən icarə müqaviləsinə xitam verilərək "xxxx" MMC-nin ofisə daxil olmaq imkanı məhdudlaşdırılmışdır. "xxxx" MMC Dövlət Vergi Xidmətinə təsərrüfat subyektinin (obyektinin) qeydiyyatdan çıxarılması ərizəsi ilə müraciət etmişdir. Müraciət nəzərə alınaraq, həmin təsərrüfat subyekti xx.xx.2023-cü il tarixində vergi ödəyicisinin uçot məlumatlarından çıxarılmışdır. Ofisə xidmət göstərən "xxxx" MMC ilə bağlanılmış müqaviləyə cavabdeh tərəfindən 29 dekabr 2023-cü il tarixində xitam verilmişdir. MMC 15 dekabr 2023-cü il tarixindən etibarən icarəyə verənin müqaviləni ləğv etməsinə görə ofisdə faktiki olaraq fəaliyyət göstərməmiş, Müşfiq Məmmədli arasında imzalanmış 01 fevral 2024-cü il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC digər ofisdə fəaliyyətini davam etdirmişdir. İddiaçı 28 dekabr 2023-cü il tarixində ofisin icarəyə verilməsi ilə bağlı bina.az və caspro.az saytında elanlar yerləşdirmişdir. Beləliklə icarə müqaviləsinə icarəyə verən tərəfindən 2023-cü ilin dekabr ayında xitam verilmişdir.
51. İşin hallarından görünür ki, İddiaçı ilə icarəçi "xxxx" MMC-nin direktoru X4 arasında Bakı şəhəri, 1212 məhəllə, 8 Noyabr (Nobel) prospekti 15-də yerləşən 159 saylı ofisin (398.1 kv.m) icarəyə verilməsinə dair 01 may 2022-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin 1.1-ci bəndinə əsasən icarəyə verən qeyri-yaşayış sahəsini icarəçiyə verir, icarəçi isə ofis istifadəsi üçün icarəyə götürür. İcarə sahəsinin yerləşdiyi ünvan: ünvan 1 sahəsi 398,1 kv.m tam sahədən ibarətdir (fərdi mətbəx və sanitar qovşaq daxil). Müqavilənin 1.2-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti 2(iki) il olmaqla 01 may 2022-ci il tarixindən 01 may 2024-cü il tarixədək müəyyən edilir. İcarə müqaviləsinin 2.3-cü bəndinə əsasən icarəçi müvafiq icarə haqqını qabaqcadan 10 iş günü ərzində icarəyə verənin Bank hesabına köçürmə yolu ilə ödəməlidir, 2.5-ci bəndinə əsasən icarəçi icarə haqqından əlavə icarə sahəsinin kommunal ödənişlərini (elektrik enerjisi, su sərfiyyatı) və bina servis xərclərini öz hesabına ödəməlidir, 2.6-cı bəndinə əsasən icarəçi Vergi Qanunvericiliyinə uyğun olaraq bu müqaviləyə aid olan vergilərin ödəməsini öhdəsinə götürür. İcarə müqaviləsinin 4.1-ci bəndinə əsasən icarəçi, 01 mart 2022-ci il tarixindən etibarən hər ayın 10-dan gec olmamaq şərtilə cari ay üçün qabaqcadan icarəyə verənə hər ay 1 (bir) kvadrat metr üçün 17.53 AZN (on yeddi manat əlli üç qəpik) olmaqla cəmi 6976,75 AZN (altı min doqquz yüz yetmiş altı manat yetmiş beş qəpik) (ödəmə mənbəyində vergi daxil olmaqla) icarə haqqın qeyri-nəğd qaydada ödəməyə razılıq verir. İcarə haqqının 976.75 AZN (doqquz yüz yetmiş altı manat yetmiş beş qəpik) hissəsi ödəmə mənbəyinə vergi olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada tutularaq dövlət büdcəsinə ödənilir. İcarə haqqının yerdə qalan 6000 AZN (altı min manat) hissəsi isə bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və nağd qaydada və ya bank köçürməsi yolu ilə icarəyə verənə ödənilir, 4.2-ci bəndinə əsasən icarəçi icarə haqqını 01 may 2022-ci il tarixindən 05 avqust 2022-ci il tarixinə qədər olan 3 aylıq icarə ödənişini, yəni 6000 AZN (altı min manat) depozit olaraq icarəyə verənə ödəməlidir. Ödəniş nağd qaydada və ya bank köçürməsi yolu ilə aparılır; 4.3-cü bəndinə əsasən bu müqavilənin 4.1 və 4.2-ci bəndlərində yazılmış icarə haqqı 1 ABŞ dolları=1,70 AZN məzənnəsinə uyğun hesablanmışdır. İş üzrə iddiaçının cavabdehə müqavilənin pozulması və icarə haqqının ödənilməsi ilə bağlı olaraq 14 may 2024-cü il tarixdə kağız daşıyıcıda pretenziya məktubu və bildiriş göndərilməsi müəyyən olunur.
52. Qanunvericiliyə görə, icarə müqaviləsi əmlak kirayə müqaviləsinin bir növüdür. Həmin müqaviləyə görə icarəyə verən icarəçiyə icarə götürdüyü obyektdən istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir, icarəçi isə icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəyir. İcarə müqaviləsi elə bir hüquqi formadır ki, bunun əsasında əmlak müvəqqəti istifadə üçün bir şəxsdən digərinə keçir. İcarə müqaviləsinin bağlanması ilə əmlakın istifadəyə verilməsi üzrə öhdəlik yaranır. İcarə müqaviləsi üzrə icarəyə verənin əsas vəzifəsi icarəçiyə əmlakı müqavilə şərtinə uyğun vəziyyətdə, icarəçinin istifadəsi üçün yararlı vəziyyətdə verməkdən ibarət olduğu kimi, icarəyə götürənin də əsas vəzifəsi icarəyə götürdüyü əşyadan müqavilə şərtinə uyğun surətdə istifadə etməsindən, icarə haqqının vaxtında ödəməkdən ibarətdir.
53. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur.
54. İşin müəyyən edilmiş hallarından aydın olur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada icarə müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh MMC icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, icarə haqqını müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, icarə haqqını razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
55. Cavabdeh tərəf 2023-cü ilin noyabr, dekabr aylarına görə icarə müqaviləsi üzrə öhdəliyini icara etmədiyini qəbul edir, bunun əvəzinin və xidmət haqqının həmin qeyriyaşayış sahəsində olan ona məxsus əmlakların iddiaçı tərəfindən satılaraq əldə olunmuş vəsait hesabına əvəzləşdirildiyini göstərir, şikayətini xx.xx.2023-cü il tarixdən etibarən açarın dəyişməsi səbəbində qeyri-yaşayış sahəsinə girişin məhdudlaşdırılmasından sonra onlar arasında bağlanmış müqaviləyə xitam verilməsi ilə əsaslandırır. Göstərilənlər işin mübahisə edilməyən halıdır.
56. Apellyasiya şikayətinin dəlilləri icarəyə verənin icarə obyektinin açarlarını dəyişdirməsi və bununla da müqavilənin birtərəfli ləğv etməsinə görə ofisdə "xxxx" MMCnin 16 dekabr 2023-cü il tarixindən etibarən faktiki olaraq fəaliyyət göstərməməsi və "xxxx" MMC ilə Müşfiq Məmmədli arasında imzalanmış 01 fevral 2024-cü il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-nin digər ofisdə fəaliyyətini davam etdirməsi, iddia olunan aylarda icarə münasibətlərinin mövcud olmaması və buna görə də həmin dövrlərdə ödəniş etməməsi ilə bağlı olmuşdur.
57. Kollegiya qeyd edir ki, iş materiallarında olan tərəflər arasındakı 01 may 2022-ci il tarixli icarə müqaviləsinin 5.1-ci maddəsinə əsasən hər bir tərəf müqavilənin xitamı, müqaviləyə dəyişiklik edilməsi və ya uzadılması haqqında bir-birlərini 2 (iki) ay qabaqcadan məktub e-mail və ya Whatsapp vasitəsilə yazılı qaydada xəbərdar etməlidirlər. Cavabdeh icarəçi qapıların icarəyə verən tərəfindən kilidlənməsini və icarə müqaviləsinə icarəyə verən tərəfindən xitam verilməsini ehtimal edərək, onlar arasında bağlanmış İcarə Müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmiş və icarə haqqını ödəməmişdir. Cavabdeh həmin müqavilənin 5.1-ci maddəsinin tələblərini pozmuş və müqavilənin xitam, müqaviləyə dəyişiklik edilməsi və ya uzadılması haqqında bir-birini 2 (iki) ay qabaqcadan, məktub, e-mail və ya WhatsApp vasitəsi ilə yazılı qaydada xəbərdar etmək qaydasına riayət etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında verdiyi izahatda da bildirmişdir ki, tərəflər arasında bununla bağlı danışıqlar və zənglər olsa da, yazılı qaydada xəbərdar edilməmişdir. Bundan sonra icarəçi başqa icarə müqaviləsi bağlamış və icarəyə verənə müqavilə üzrə icarə haqqını ödəməmişdir. Qeyd edilməlidir ki, cavabdehin başqa icarə müqaviləsi bağlaması halında belə hazırki mübahisələndirilən müqavilə üzrə öhdəliyi mövcud olmuş, lakin bu öhdəlik onun tərəfindən yerinə yetirilməmişdir. Bununla belə birinci instansiya məhkəməsi cavabdehdən 01 may 2022-ci il tarixli icarə müqaviləsinə əsasən 2024-cü ilin yanvar, fevral, mart və aprel ayları üzrə yaranmış və ödənilməmiş əsas borc üzrə 24 000 (iyirmi dörd min) manat, xidmət haqqı olaraq 3860 (üç min səkkiz yüz altmış) manat olmaqla, ümumilikdə 27860 (iyirmi yeddi min səkkiz yüz altmış) manat pul vəsaitini tutmaqda düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi mülahizədə bildirmişdir ki, 2024-cü ilin yanvar, fevral, mart ayları üzrə cavabdeh tərəfindən icarə haqqı ödənilməmiş, 18 000 manat ödənilməmiş əsas borc mövcuddur. Aprel ayında cavabdehə şifahi müraciət edərək icarə haqqı ödənilmədiyi halda ofisə məhdudiyyət qoyması barədə bildirmişdir. Cavabdeh icarəyə verənin icarə obyektinin açarlarını dəyişdirməsi və bununla da müqavilənin birtərəfli ləğv etməsinə görə ofisdə "xxxx" MMCnin 16 dekabr 2023-cü il tarixindən etibarən faktiki olaraq fəaliyyət göstərməməsini bildirsə də, cavabdeh müqavilənin məhz icarəyə verən tərəfindən ləğv edilməsini təsdiq edən hər hansı mötəbər sübut (açarların məhz İddiaçı oğılu tərəfindən və bu niyyətlə dəyişdirilməsini təsdiqləyəcək sübut) təqdim etməmişdir. Yuxarıda qeyd edildiyi kimi müqaviləyə xitam verilməsi tərəflərin bir-birlərini 2 (iki) ay qabaqcadan məktub e-mail və ya Whatsapp vasitəsilə yazılı qaydada xəbərdar etməsi halında mümkündür. Bu xüsusat iş materiallarında öz əksini tapmamışdır. Bununla belə iddiaçının izahatında 3 aya görə ödənilməmiş əsas borc olduğundan borcun ödənməməsi halında aprel ayında məhdudiyyət qoyması barədə bildirmişdir. Kollegiya müqavilənin bəndinə uyğun qaydada tərəflər müqaviləyə xitam verilməməsini, yəni müqavilə üzrə öhdəlik münasibətlərinin davam etməsini və müqavilənin 1.2-ci bəndinə əsasən müqavilənin müddətinin 2 il olmaqla xx.xx.2025-ci il tarixədək olmasını, cavabdehin başqa icarə müqaviləsi bağlaması halında belə hazırki müqaviləyə xitam verilmədiyindən öhdəliyin mövcud olmasını, lakin cavabdeh tərəfindən ödənilməməsini, iddiaçının iddia tələbində 4 aya görə borcu tələb etsə də, öz izahatında aprel ayında girişə məhdudiyyət qoymasını bildirməsini, bu halın əksinə dair cavabdehin hər hansı sübut təqdim etməməsini nəzərə almaqla, o qənaətə gəlir ki, apellyasiya şikayəti qismən əsaslı hesab edilməklə, Cavabdeh MMC-dən 01 may 2022-ci il tarixli icarə müqaviləsinə əsasən 2024-cü ilin yanvar, fevral və mart ayları üzrə yaranmış və ödənilməmiş əsas borc üzrə 18 000 (on səkkiz min) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
58. Həmçinin, onu da qeyd etmək lazımdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli İcarə Müqaviləsinin 2.5-ci maddəsinə əsasən icarəçi digər xərclərlə yanaşı bina Servis xərclərini öz hesabına ödəmək öhdəliyi daşıyır. Qeyd edilənlərə əsasən, əsas borc yanvar, fevral və mart ayları üzrə tutulduğundan, qətnamə əsas borc hissəsində dəyişdirildiyindən xidmət haqqı hissəsində də dəyişdirilərək xidmət haqqı olaraq 2895 manat(iki min səkkiz yüz doxsan beş) pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
59. Şikayətin dəlilləri ilə bağlı əlavə olaraq qeyd edilməlidir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həqiqətin müəyyən edilməsi isə ilkin növbədə yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə və ya məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla təmin olunur.
60. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
63. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
64. Kollegiya məhkəmə xərclərinə münasibətdə hesab edir ki, təmin edilmiş tələblərə uyğun olaraq iddia ərizəsinin verilməsi üçün ödənilmiş 174 (yüz yetmiş dörd) manat dövlət rüsumunun 130,50 (yüz otuz manat əlli qəpik) manat hissəsi Cavabdeh MMC-yə, qalan 43.50 (qırx üç manat əlli qəpik) manat hissəsi İddiaçı aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 87 (səksən yeddi) manat dövlət rüsumunun 21.75 (iyirmi bir manat yetmiş beş qəpik) manat hissəsi İddiaçı, qalan 65.25 (altmış beş manat iyirmi beş qəpik) manat hissəsi Cavabdeh MMC-yə aid edilməlidir.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6225/2024 saylı iş üzrə 20 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh MMC-dən 01 may 2022-ci il tarixli icarə müqaviləsinə əsasən 2024-cü ilin yanvar, fevral və mart ayları üzrə yaranmış və ödənilməmiş əsas borc üzrə 18 000 (on səkkiz min) manat, xidmət haqqı olaraq 2895 (iki min səkkiz yüz doxsan beş) manat olmaqla, ümumilikdə 20895 (iyirmi min səkkiz yüz doxsan beş) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 174 (yüz yetmiş dörd) manat dövlət rüsumunun 130,50 (yüz otuz manat əlli qəpik) manat hissəsi Cavabdeh MMC-yə, qalan 43.50 (qırx üç manat əlli qəpik) manat hissəsi İddiaçı aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 87 (səksən yeddi) manat dövlət rüsumunun 21.75 (iyirmi bir manat yetmiş beş qəpik) manat hissəsi İddiaçı, qalan 65.25 (altmış beş manat iyirmi beş qəpik) manat hissəsi Cavabdeh MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.