Məhkəmə qərarları › İş №2(103)-5766/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5766/2022

04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5766/2022 04.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, X1 və X2 qarşı “ipoteka qoyulmuş əmlakın satılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2010-cu il tarixli, 2(004)-6510/2010 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, X1 və X2 qarşı “ipoteka qoyulmuş əmlakın satılması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh1 58.741 manat və 46.128 ABŞ dolları məbləğində borcun tutulması, Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospektində istifadədə olan 0.14875 ha torpaq sahəsində yerləşən 18/7 nömrəli, 9 mərtəbəli binada, 42.5 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 06 nömrəli mənzilin açıq hərrac yolu ilə satılması, qeyd olunan mənzildə qeydiyyatda olan şəxslərin mənzilə olan istifadə hüququna xitam verilməsi və göstərilən əmlakın boşaldılması, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prosepktində istifadədə olan 0.14875 ha torpaq sahəsində yerləşən 18/7 nömrəli, 9 mərətbəli binada, 42.5 kv.m yaşayış sahəsində ibarət 2 otaqlı 6 nömrəli mənzilin satışından əldə olunmuş pul pul vəsaitinin Cavabdeh1 "xxxx" ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, 07 mart 2008-ci il tarixli G-1098/N/MF saylı girov müqaviləsinin Əlavə №1-də göstərilən ev əşyaları və dövriyyədə olan malların açıq hərrac yolu ilə satılması və Cavabdeh1 olan borcuna yönəldilməsi, girov qoyulmuş əmlakın satışından əldə olunmuş pul vəsaii borcu təmin etmədiyi təqdirdə kredit götürən Cavabdeh1 tutulması, məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23 dekabr 2010-cu il tarixli, 2(004)- 6510/2010 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh1 (bundan sonra cavabdeh) 20 iyul 2022-ci il tarixdə qeyd edilən qətnamədən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2(004)-6510/2010 saylı qərardadı ilə apellyasiya şikayətinin müddəti ötürülməmiş hesab edilərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalı, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Baxılan işdən görünür ki, Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2010-cu il tarixli tarixli qətnaməsinin surəti 24 dekabr 2010-cı il tarixli məktubla tərəflərə, o cümlədən cavabdehə qeydiyyatda olduğu ünvan (ünvan 1 MPM-in 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Eyni zamanda qeyd edilməlidir ki, işdə olan məhkəmə bildirişlərindən və xəbərnamələrdən görünür ki, cavabdeh tərəf məhkəmə iclaslarının yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişlərini almış, beləliklə məhkəmə icraatından məlumatlı olmuşdur. Qanunla müəyyən olunmuş müddət ərzində şikayət verilmədiyindən 25 fevral 2011cı il tarixdə icra vərəqəsi verilərək, qətnamə icraya yönəldilmiş və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 10 mart 2011-cı il tarixli qərarı ilə icra icraatına başlanılmışdır. Cavabdeh isə qətnamənin qəbulundan və icraya yönəldilməsindən uzun müddət, yəni 10 il sonra apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsi isə icra vərəqəsi verərək qətnaməni icraya yönəltməsinə və bundan uzun müddət keçməsinə baxmayaraq, prosessual müddətin ötürülüb-ötürülməməsini tam və hərtərəfli araşdırmamış, xüsusilə icra şöbəsindən cavabdehin icraya hansı tarixdə cəlb olunması, qətnamədən (icra sənədindən) nə vaxt məlumatlı olması və ondan sonrakı hərəkətləri və s. barədə məlumatları yoxlamadan sadəcə müddətin buraxılmamış sayılması barədə formal qərardad çıxarmaqla kifayətlənmişdir. Halbuki, apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi MPM-in 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır (cavabdeh prosessual müddətin bərpasına dair vəsatət verməmişdir). Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmiş, şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, X1v və X2 qarşı “ipoteka qoyulmuş əmlakın satılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6510/2010 saylı 23 dekabr 2010-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar