Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5770/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı Qapalı Səhmdar Cəmiyyəti ‘’Bank Standard‘’ Kommersiya Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi” barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 aprel 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə iddiaçı Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, cavabdehin özünün və cavabdehin vəkili (nümayəndəsi) X2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında 18.12.2014-cü il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 1.688,87 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faizin ödənilməsi məqsədi ilə 246,29 manat, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 409,24 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank ilə cavabdeh arasında bağlanmış 18.12.2014-cü il tarixli, 100/04/5905/14/1 saylı “Kredit müqaviləsinə” əsasən, cavabdeh, illik 24 faiz hesabı və 26 ay ərzində hissə-hissə, aybaay ödəmək şərti ilə Bankdan 1.896,86 manat borc almışdır. Lakin cavabdeh iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, Bankdan aldığı borcu hissə-hissə və aybaay Banka ödəməmişdir. Nəticəsində cavabdehin 1.688,87 manat məbləğdə əsas borcu, 246,29 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu yaranmışdır. Kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə, Bank, onunla cavabdeh arasında bağlanmış “Kredit borcunun” şərtlərinə görə cavabdehə 409,24 manat məbləğində cərimə (dəbbə) hesablamışdır. Bank borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 05.04.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iddia üzrə 3 illik iddia müddətinin ötürülməsinə baxmayaraq iddianı təmin etmişdir. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh və cavabdehin vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdilər. Onlar əlavə olaraq bildirdilər ki, cavabdeh iddia müddətinin tətbiqini Rayon Məhkəməsindən xahiş etsə də, Rayon Məhkəməsi buna əhəmiyyət verməmişdir. İddiaçı Bankın ləğv edicisi olan Fondun nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı Bank ilə cavabdeh arasında bağlanmış 18.12.2014-cü il tarixli “Kredit müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən, cavabdeh, illik 24 faiz hesabı və 26 ay ərzində hissə-hissə, aybaay qaytarmaq şərti ilə Bankdan 1.896,86 manat borc almışdır. İşin hallarından müəyyən edilir və borcalan olan cavabdeh tərəfindən mübahisə edilmir ki, cavabdeh iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, Bankdan aldığı borcu hissə-hissə və aybaay Banka ödəməmişdir. Bankın ləğvedicisi olan Fond tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, cavabdehin Banka 1.688,87 manat məbləğdə əsas borcu, 246,29 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, 409,24 manat məbləğində isə kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə (dəbbə) borcu var. Bank tərəfindən cavabdehə ünvanlanmış məktublardan görünür ki, Bank qeyd edilən borcun ödənilməsini cavabdehdən tələb etmişdir. “Ödəniş qəbzindən” görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə, bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın – hazırki halda cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh, öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir və ümumiyyətlə bu halı mübahsələndirmir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, borcalan olan cavabdeh icra etmədiyi öhdəliklərə görə Bank qarşısında məsuliyyət daşıyır və Banka olan borclarını ödəməlidir. Hazırda cavabdeh iddiaçı Bankın iddiasına iddia müddətinin tətbiq edilməsini xahiş edir. Məhkəmə bildirir ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə görə, bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi qeyd edilən maddi hüquq normalarında aydın şəkildə ifadə edilib ki, iddia müddətini tətbiqi barədə ərizə məhkəmə qərarı çıxarılanadək veriləməlidir. Lakin işin materiallarından görünür ki, Rayon Məhkəməsi tərəfindən işə baxılması zamanı məhkəmə baxışı iclasında iştirak etmiş cavabdeh iddia müddətinin tətbiqi barədə Rayon Məhkəməsinə ərizə verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq bildirir ki, Rayon Məhkəməsi tərəfindən işə baxılması zamanı məhkəmə baxışı iclasında iştirak etmiş cavabdeh iddia müddətinin tətbiqi barədə nəinki yazılı, hətta şifahi qaydada Rayon Məhkəməsinə müraciət etməmişdir. Apellyasiya şikayətində bu barədə qeyd edilməsə də, apellyasiya baxışı zamanı cavabdeh tərəf bildirdi ki, cavabdeh iddia müddətinin tətbiqini Rayon Məhkəməsindən şifahi qaydada xahiş etsə də, Rayon Məhkəməsi buna əhəmiyyət verməmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər (MPM; maddə 273.). Protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır, qeydlərlə razılaşarsa, onların düzgünlüyünü təsdiq edir, razılaşmadıqda isə onların tamamilə və ya qismən rədd edilməsinə dair əsaslı qərardad çıxarır. Hər bir halda qeydlər işə əlavə edilir (MPM; maddə 274.1.). İş materiallarından görünür ki, cavabdeh məhkəmə iclas protokollarına dair qeyd verməmişdir. Belə olan halda hesab edilməlidir ki, cavabdeh məhkəmə iclas protokolunun mətninin düzgünlüyü ilə razılaşmışdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 aprel 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5770/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5770/2021
25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver