Məhkəmə qərarları › İş №2(103)-5771/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5771/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5771/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2946/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2178rstDNG/19 nömrəli Güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh 60 ay müddətinə, 12 ay güzəşt müddəti və komission haqqı 0 manat olmaqla, illik 1 faiz dərəcəsi ilə 1.417,70 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

2. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğini güzəştli şərtlərlə cavabdehə versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 1.398,05 manat əsas, 1.57 manat faiz borcu yaranmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borc görə 1.398,05 manat, faiz borcuna görə 1,57 manat olmaqla cəmi 1.399,62 manat borcun, ödənilmiş dövlət rüsumuna görə 34 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Unibank KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2178rstDNG/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərti ilə 1417,7 manat məbləğində kredit ayrılmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 1.398,05 manat, faiz borcu üzrə 1,57 manat olmaqla cəmi 1.399,62 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2946/2022 saylı 17 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Aslanova) iddia təmin edilmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli 2178rstDNG/19saylı güzəştli kredit və bank hesabı müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya əsas borca görə 1.398,05 manat, faiz borcuna görə 1,57 manat olmaqla cəmi 1.399,62 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi əsaslıdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1, 425.1 və 442-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2946/2022 saylı 17 may 2022-ci il tarixli qətnaməsinin ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansdan kənar hesablarında olan əsas kredit borclarına münasibətdə – faiz və dəbbə pulları aşağıdakı qaydada silinir: kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduqda – tam şəkildə; kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən az olduqda – kompensasiyanın əsas kredit borcuna nisbətindən az olmamaqla. Kredit təşkilatları bu Qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş güzəştlərlə bağlı borcalanları məlumatlandırır (yazılı və ya elektron formada (elektron poçt, SMS) bildiriş göndərməklə) və hər ay üzrə həmin güzəştlər tətbiq edilən şəxslərin siyahısını bu Qaydanın 2 nömrəli əlavəsində müəyyən olunmuş qaydada Palataya təqdim edir. Lakin iddiaçı ona münasibətdə bu tədbirləri görməmiş, bizə yeni qrafik açmamış və borcumuzu hissə-hissə ödəmək üçün şərait yaratmamışdır. Belə olan halda, həmin şəraitin yaradılması zəruri idi. Fərmanın preambulasında da göstərildiyi kimi, onun təyinat məqsədi Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək, vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşması, yoxsulluq səviyyəsinin daha da azalması, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etməkdir. Belə olan halda, istinad edilən maddi hüquq normasına əsasən, iddiaçı ona yeni güzəştli kredit müqaviləsi bağlanması üçün təklif göndərməli, borcun restrukturizasiya olunmasını təmin etməklə, borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görməli idi. Lakin iddiaçı ona münasibətdə bu tədbirləri görməmiş, hətta yeni qrafik belə açmamış və borcun hissə-hissə ödəmək üçün şərait yaratmamışdır. Halubki, onunla eyni vəziyyətdə olan digər vətəndaşlara münasibətdə həmin şərait yaradılmışdır və onlara münasibətdə borcun bir dəfəyə ödənilməsi kimi kəskin hüquqi prosedurlar həyata keçirilməmişdir. Məhkəmə iddiaçının həmin Fərmandan irəli gələn tədbirləri görmək öhdəliyini icra etmədiyi halda, iddianı təmin etməklə yalnız iddiaçının mövqeyinə uyğun qərar qəbul etmişdir. Məhkəmə prosesi barədə heç bir məlumat almadığı üçün etirazını əsaslandıran halları məhkəməyə təqdim etmək imkanından məhrum olmuşlar. Belə ki, qeydiyyatda olduğu ünvan Binəqədi Rayon Polis İdarəsinin İnzibati binasıdır. Məhkəmə tərəfindən ona göndərilən bildirişləri qəbul etmək imkanına malik deyil. Məhkəmə tərəfindən bu hal nəzərə alınmamış və yekun qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi məhkəmə müdafiəsi hüququnu pozmuşdur. Hazırki iş üzrə qəbul edilmiş qətnamədən xəbərsiz olmuşdur. Yalnız aylıq pensiyanın həmişəkindən az olduğunu görəndə bankdan maraqlanmış və icra şöbəsində borca görə pensiyama yönəlmə olduğunu bilmişdir. İş materiallarındakı bütün hesablamalar və arayışlar iddiaçı tərəfindən aparılmış və tərtib edilmişdir. Bunun üçün də borcun məbləği qərəzsiz və işdə şəxsi marağı olmayan ekspert tərəfindən müəyyənləşdirilməli, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli idi. Lakin bu hallar nəzərə alınmamış və nəticədə onun hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

12. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

14. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

15. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

17. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 19.739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

20.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 21.284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 22.284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 24.Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2178rstDNG/19 nömrəli Güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh 60 ay müddətinə, 12 ay güzəşt müddəti və komission haqqı 0 manat olmaqla, illik 1 faiz dərəcəsi ilə 1.417,70 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 25.Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi arqumenti əsassızdır. Belə ki, iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə mülki işlərə Mülki Prosessual Məcəllənin müvafiq fəslinə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Qarşılıqlı iddia verildiyi, üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edildiyi, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyi və ya iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yarandığı hallarda məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. 26.İş materiallarından göründüyü kimi məhkəmə iddianı, qiyməti beş min manatdan az olduğundan sadələşdirilmiş qaydada baxılması üçün icraatına qəbul etmiş, işə iddia icraatı qaydasında baxılmasını zəruri edən halların olmadığı qənaətinə gəlmiş, ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində cavabdehə qeydiyyatda olduğu ünvan üzrə rəsmi qaydada bildiriş göndərmişdir. 27.Bundan başqa, iş materiallarına əsasən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, 2178rstDNG/19 nömrəli Güzəştli kredit və bank hesabı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğini güzəştli şərtlərlə cavabdehə versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2019-cu il tarixli, 2178rstDNG/19 nömrəli Güzəştli kredit və bank hesabı müqaviləsi üzrə 1.398,05 manat əsas, 1,57 manat faiz, cəmi 1.399,62 manat məbləğində borcu yaranmışdır.

28. Göründüyü kimi cavabdeh müqavilə şərtlərinə zidd olaraq ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 425.1-ci maddəsinin tələblərini pozmuşdur. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). 29.İddiaçı cavabdeh-borc alandan kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malik olduğundan, cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozduğundan sonuncunun MPM-nin 4.1-ci maddəsinə əsasən, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. 30.Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək kredit müqaviləsinin ləğv edlməsini, müqavilə üzrə verilmiş əsas məbləğlə pul vəsaitindən istifadə haqqını (faizləri) ödənilməsini tələb etmək hüququ yaranır. 31.Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. 32.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 33.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 34.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 35.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2946/2022 saylı 17 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar