Məhkəmə qərarları › İş №2(103)-5777/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5777/2024

25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5777/2024 25.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 2(007)-52/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Tərəflər arasında borcun qaytarılmasına dair məhkəmə mübahisəsi olmuş və qanuni qüvvəsini almış məhkəmə aktına əsasən cavabdehdən ümumilikdə 903.790,96 manat pul məbləğinin tutulması müəyyən edilmişdir. Hazırda iddiaçı, Cavabdeh "Yelo Bank” ASC nin xeyrinə 07 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 22720.30 manat məbləğində əldən çıxmış fayda borcun və 158.16 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "Yelo Bank” ASC-nin xeyrinə 07 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 22720.30 ABŞ dolları məbləğində əldən çıxmış fayda borcun və 158.16 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 21 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 20 faizlə 24 ay müddətinə 180000 ABŞ dolları kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında icra etməmişdir. 07 dekabr 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 12 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 22720.30 ABŞ dolları məbləğində əldən çıxmış fayda borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Daha sonra İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, texniki səhvə yol verilməsi nəzərə alınmaqla, Cavabdeh "Yelo Bank” ASC-nin xeyrinə 07 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 22720.30 manat məbləğində əldən çıxmış fayda borcun və 158.16 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 2(007)-52/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5%-lə hesablanmış 22720.30 manat pul vəsaitinin və ödənilmiş 158.16 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması və iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisəsi olmuş və həmin iş üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında əks olunmuş mövqe də nəzərə alınmaqla, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddiaçının iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə hazırki iş üzrə iddiaçının qanunsuz və əsassız mövqeyini qəbul edib, cavabdeh tərəfindən əldən çıxmış fayda şəklində iddiaçıya zərər vurulmasını (delikt törədilməsini), bununla da cavabdehdən illik 5% dərəcəsi ilə iddiaçının xeyrinə məbləğ tutulmalı olması qənaətinə gəlsə də, ümumiyyətlə real və ya əldən çıxmış formasında zərər vurulması halı işdə olan sübutlarla təsdiq olunmur. Kredit müqaviləsinin bağlanması nəticəsində nəinki iddiaçıya zərər vurulmamış, əksinə iddiaçı əsassız varlanmışdır. Belə ki, məhkəmənin də əsaslandığı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-22/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən Cavabdeh 180000 ABŞ dolları məbləğində illik 20% olmaqla 24 ay müddətinə kredit verilmişdir. Yekunda iddiaçının xeyrinə məhkəmə qətnaməsi ilə 385.341,46 manat məbləğində əsas, 498.449,5 manat faiz borcu, 20.000,00 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 903.790,96 manat pul məbləği tutulmuşdur. Həmçinin diqqət çəkən məqam ondan ibarətdir ki, hazırki iş üzrə məhkəmə iddiaçının xeyrinə 20.000,00 manat məbləğində cərimə borcunun tutulması kimi müstəsna halı nəzərə almamışdır. Belə ki, bütün hallarda iddiaçının uğraya biləcəyi bütün zərər məbləğləri (o cümlədən əldən çıxmış fayda) əvvəlki məhkəmə tərəfindən nəzərə alınmış və cavabdehdən tutulmuşdur. Buna baxmayaraq, məhkəmənin yenidən cavabdehdən iddiaçının xeyrinə əldən çıxmış fayda şəkildə vəsait tutması haqlı və ədalətli yanaşma kimi qəbul oluna bilməz. Məhkəmə iddiaçının mülahizəsinə əsaslanan öz yalnış mövqeyini Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarına istinad edərək əsaslandırmağa çalışsa da, nəzərə almamışdır ki, həmin qərarlara və Konstitusiya məhkəməsinin hüquqi mövqeyinə istinad o halda doğrudur ki, işin həqiqi halları ilə məhkəmənin verəcəyi hüquqi qiymət uyğunluq təşkil etsin. Hazırki halda isə heç bir əldən çıxmış fayda halı və zərər olmadığı təqdirdə həmin münasibətləri tənzimləyən normativ hüquqi aktlara və Konstitusiya Məhkəməsinin qərarlarına formal şəkildə istinad etməklə məhkəmənin iddianı təmin etməsi doğru deyil. Bildirir ki, məhkəmə hər nə qədər iddiaçının birtərəfli və qəsdən öz xeyrinə təhrif etdiyi məlumatlar əsasında hazırda mübahisələndirilən qətnamədə öhdəliyin icra edilməməsini cavabdehlə və onun hərəkətsizliyi ilə əlaqələndirsə də, əslində bu gecikmənin səbəbi obyektiv amillərlə yanaşı kreditordan (iddiaçıdan) qaynaqlanmışdır. Ona görə ki, cavabdeh dəfələrlə iddiaçı tərəfindən aparılmış hesablamanın doğru olmamasını, ödənişlərin düzgün silinməməsini və bütövlükdə borc məbləğinin düzgün müəyyən edilməməsini bildirsə də, iddiaçı buna məhəl qoymamış, qəsdən xüsusən faiz borcunun həcmini xeyli həcmdə şişirtmişdir. Təsadüfi deyil ki, iddia ərizəsindən və iş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 385.341,46 manat məbləğində əsas, 498.449,5 manat məbləğində faiz borcu tələb etmişdir, başqa sözlə iddiaçının faiz borcu ilə bağlı tələbi əsas məbləğdən artıq təşkil etmişdir. Bütün göstərilən xüsusatlar öhədliyin həcminin artmasında və icrasının mümkünsüzlüyündə iddiaçının təqsirinin olmasını təsdiq edir. Qanunvericiliyə görə belə halda məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaltmalı olduğu halda bunu etməməklə, maddi hüquq pozuntusuna yol vermişdir. Bundan başqa məhkəmə sübutları düzgün qiymətləndirməmiş, ekspertin kifayət qədər əsaslandırılmayan rəyini əlavə heç bir araşdırma aparmadan və təkrar ekspertiza təyin etmədən qəbul edərək, həmin rəyə əsaslanmışdır. Halbuki ekspertin rəyi işin halları ilə təsdiq olunmadığı halda və rəy kifayət qədər əsaslandırılmadığı təqdirdə məhkəmə rəyi nəzərə almaya, təkrar ekspertiza təyin edə bilərdi. Həmçinin rəyin əsassızlığı elə ilkin olaraq ondan görünür ki, ekspert məhkəmənin qərardadına əsasən əgər varsa borcun məbləğini və düzgün hesablanıb-hesablanmamasını müəyyən etməli olduğu halda, ekspert hazırki rəydə iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışına və digər sənədlərə istinad etmiş, bir növ iddiaçı tərəfindən öz xeyrinə tərtib olunmuş həmin sənədə əsaslanmışdır. Belə olan halda isə həmin rəy heç bir halda obyektiv və həqiqi rəy kimi qəbul oluna bilməzdi, tərəfin məhkəmədə iştirak edib-etməməsindən, vəsatət veribverməməsindən asılı olmayaraq, öz təşəbbüsü ilə təkrar ekspertiza təyin etməli idi. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.1 və 445.2. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir ( köhnə redaksiya ). 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarı; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi:

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan vəsaitin məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-22/2022 saylı qətnaməsi ilə, iddiaçı “Yelo Bank" ASC-nin cavabdehlər Cavabdeh, X3 və X6 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair ilkin iddiası və iddiaçı Cavabdeh "Yelo Bank” ASC-yə qarşı "pul” tələbinə dair qarşılıqlı iddiası üzrə-ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 385.341,46 manat məbləğində əsas borc, 498.449,5 manat məbləğində faiz borcu, 20.000,00 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 903.790,96 manat pul məbləği və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, 159.4 kv.metr ümumi sahədən ibarət 11 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 551.000,00 manat müəyyən edilməsi və həmin mənzilin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə edilən məbləğ qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutulma ipoteka predmetinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra X2 mənzilə istifadə hüquqları itirilmiş hesab edilməklə, ünvan 1 ünvanında yerləşən, 159.4 kv.metr ümumi sahədən ibarət 11 nömrəli evin 2 nömrəli mənzili boşaldılaraq banka təhvil verilməsi, Cavabdeh ilə "xxxx" İKB asc arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, "Yelo Bank” ASC-dən Cavabdeh xeyrinə məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla 5.876,03 ABŞ dolları məbləğində vəsait və qarşılıqlı iddia ilə bağlı ödənilmiş 120 manat dövlət rüsumunun əvəzinin tutulması, tutulmalı olan vəsaitin Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASCnin xeyrinə tutulmalı olan 903.790,96 manat pul məbləğinə yönəldilərək həmin məbləğdən çıxılması və.s qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. xx.xx.2022-ci il tarixli, KBD13188 nömrəli pretenziyadan görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli müqavilə öhdəliyinin vaxtında icra edilməməsi səbəbindən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 22720,30 ABŞ dolları məbləğində əldən çıxmış faydanın ödənilməsi, əks halda qanunvericiliklə nəzərdə tutulmuş prosessual hərəkətlərin icrasına başlanılacağı barədə bank tərəfindən xəbərdar edilmişdir. xx.xx.2022-ci il tarixli, KBD13404 saylı maliyyə arayışından görünür ki, xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh qətnamə üzrə tutulmuş borca illik 5%-lə hesablanmış 22720.30 ABŞ dolları əldən çıxmış fayda borcu vardır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2024-cü il tarixli, 2(007)- 647/2023 nömrəli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/1706 saylı rəyindən görünür ki, iddiaçı bank tərəfindən təqdim edilmiş maliyyə arayışı məlumatlarına əsasən tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və həmin müqavilə çərçivəsində imzalanmış saziş üzrə kreditin qalıq məbləğinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə hesablanmış borc məbləği (həyata keçirilmiş ödənişlərlə bağlı silinmələr də nəzərə alınmaqla) 22.720,3 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Qərar ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu belə nəticəyə gəlmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, bununla yanaşı, Mülki Məcəllənin 445.7 ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin- gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. İşin faktiki hallarından görünür ki, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında icra etməmişdir və iddiaçı haqlı olaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Çünki tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmüş Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, göstərilən maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Cavabdeh apellyasiya şikayətində gecikmənin səbəbinin obyektiv amillərlə yanaşı kreditordan (iddiaçıdan) qaynaqlanmasını bildirməsi, cavabdehin dəfələrlə iddiaçı tərəfindən aparılmış hesablamanın doğru olmamasını, ödənişlərin düzgün silinməməsini və bütövlükdə borcun məbləğinin düzgün müəyyən edilməməsini bildirməsinə baxmayaraq iddiaçının buna məhəl qoymaması, qəsdən xüsusən faiz borcunun həcmini xeyli həcmdə şişirtməsi kimi dəlillərini iddia ərizəsindən və iş materiallarında iddiaçının xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 385.341,46 manat məbləğində əsas, 498.449,5 manat məbləğində faiz borcu tələb etməsi, başqa sözlə iddiaçının faiz borcu ilə bağlı tələbinin əsas məbləğdən artıq təşkil etməsi ilə əsaslandırmışdır. Apelyator bütün göstərilən xüsusatların öhədliyin həcminin artmasında və icrasının mümkünsüzlüyündə iddiaçının təqsirinin olmasını təsdiq etməsini göstərmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edir. Belə ki, cavabdehin istinad etdiyi borcun məbləği qanuni qüvvəsini almış məhkəmə aktına əsas müəyyən edilmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, cavabdeh mötəbər sübutlarla borc öhdəliyinin onun təqsiri üzündən icra edilməməsini sübut edə bilməmişdir. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iddiaçının xeyrinə 20.000,00 manat məbləğində cərimə borcunun tutulması kimi müstəsna halı nəzərə almamasını bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi - Cavabdeh "Yelo Bank” ASC-nin xeyrinə 07 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 22.720.30 manat məbləğində əldən çıxmış fayda borcunun tutulması təşkil edir ki, bu zaman nəzərə alınmalı olan amillər məhz cavabdehin müqavilə üzrə öhdəliklərinin gecikdirilməsidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur, çünki tərəflər arasında mübahisə olan vaxt qüvvədə olan Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işin halları ilə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qətnamə ilə müəyyən edilmiş pulun ödənilməsi vaxtında icra etmədiyindən iddiaçının gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borcun tutulması barədə iddiası əsaslı olmuşdur. Kollegiya xüsusilə vurğulayır ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün borclunun (hazırki işdə cavabdehin) icranı gecikdirməsində təqsirli olub-olmamasının hər hansı hüquqi əhəmiyyəti yoxdur. Kollegiyanın qənaətinə görə bu yalnız tələbkar icra vərəqəsinin geri qaytarılmasını xahiş etdiyi və ya icra hərəkətlərinin dayandırılması barədə rəsmi müraciəti olduğu halda borclunun (hazırki işdə cavabdehin) icranı gecikdirməsində təqsirli olmaması haqda mühakimə yürütmək olar. Lakin məhkəmə kollegiyasının iclasında tələbkarın, yəni iddiaçının belə bir müraciətlərinin olması müəyyən olunmadı. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin cavabdehdən tutulmalı olan məbləğ hissəsi istisna olmaqla digər hissələr üzrə qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddia tələbini mahiyyəti üzrə əsaslı hesab etməklə düzgün nəticəyə gəlsə də, cavabdehdən tutulmalı olan məbləğ hissəsini düzgün müəyyən etməmişdir. İş materiallarından görünür ki, iddiaçı tələbində Cavabdeh "Yelo Bank” ASC-nin xeyrinə 07 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 22.720.30 manat məbləğində əldən çıxmış fayda borcun və 158.16 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası isə - tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və həmin müqavilə çərçivəsində imzalanmış saziş üzrə kreditin qalıq məbləğinə münasibətdə illik 5% dərəcəsi ilə hesablanmış borc məbləğini müəyyən etmişdir. Halbuki, illik 5% dərəcəsi ilə hesablanmış borc məbləği kreditin qalıq məbləğinə münasibətdə deyil, əsas borca münasibətdə hesablanmalı idi. Göründüyü kimi, birinci instansiya məhkəməsi həmin hala diqqət yetirməmiş və nəticədə cavabdehdən tutulmalı olan məbləği düzgün müəyyən etməmişdir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 22/2022 saylı qətnaməsi ilə cavabdehin əsas borcu 385.341,46 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, illik 5% dərəcəsi də məhz həmin məbləğə münasibətdə hesablanmalıdır və həmin məbləğ 6 ay 1 gün - xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icra edilmədiyi müddətdə bir il üçün 5 faiz hesablanmaqla (385341,46x5%=19267,07; 19267,07:360gün=53,52; 53,52x181gün(6ay+1gün)=9687,12) 9687,12 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi–cavabdehdən tutulmalı olan borcun məbləği hissəsində dəyişdirilməli və gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5%) 9687,12 manat məbləğində borc Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 2(007)-52/2024 nömrəli qətnaməsi – Cavabdeh tutulmalı olan borcun məbləği hissəsində dəyişdirilsin. Gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5%) 9687,12 (doqquz min altı yüz səksən yeddi manat, on iki qəpik) manat məbləğində borc Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Sabit Bəhrəmzadə Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar