Məhkəmə qərarları › İş №2(103)-5780/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5780/2023

18.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5780/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Açar sözlər: qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 avqust 2023-cü il il tarixli, e- 2(009)-1593/2023 nömrəli qərardadından Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi, 4A saylı evin 58 saylı mənzilindən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi, 4A saylı evin 58 saylı mənzilə və həmin mənzilə və həmin mənzildə qalmış ona məxsus əşyaların İddiaçı alınaraq ona verilməsi, sonuncunun həmin mənzildən çıxarılmaqla, mənzildən sərbəst istifadəsinə maneçilik törədilməsinin qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 avqust 2023-cü il il tarixli, e-2(009)- 1593/2023 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin qəbulundan imtina edilmişdir.

4. Qərardad onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbi “yaşayış sahəsindən istifadə hüququnun tanınması”, qarşılıqlı iddia tələbi isə “əmlakın qanunsuz istifadədən geri qaytarılması” ilə bağlıdır və qarşılıqlı iddianın təmini ilkin iddianı aradan qaldırmır. Həmçinin qarşılıqlı iddia üzrə ərizə AR MPM-nin 149-cu maddəsinin tələblərinə cavab vermir. Belə ki, qarşılıqlı iddia üzrə ərizədə AR MPM-nin 149.2.3-cü maddəsində göstərilən ərizəçinin tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı ərizədə qeyd olunmamışdır. Həmçinin AR MPM-nin 149.2.5-ci maddəsində qeyd olunan ərizəyə əlavə edilən sənədlərin siyahısı qarşılıqlı iddia üzrə ərizədə göstərilməmişdir.

5. Cavabdeh qərardaddan şikayət verərək ləğv olunmasını, qarşılıqlı iddianın icraata qəbul edilməsini və ilkin iddia ilə bir icraatda baxılmasını xahiş etmişdir.

6. Şikayətin dəlillərinə görə, ilkin və qarşılıqlı iddianın predmeti Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi, 4A saylı evin 58 saylı mənzildir. Həmin mənzil mülkiyyət hüquqları əsasında tərəflərdən biri olan Cavabdeh məxsusdur. İlkin iddia üzrə iddiaçı həmin mənzildə istifadə hüququnun tanınmasını, cavabdeh isə həmin mənzili iddiaçının qanunsuz istifadəsindən alınıb ona verilməsi, cavabdehin həmin mənzildən çıxarılmaqla, mənzildən sərbəst istifadəsinə maneçilik törədilməsinə son qoyulmasını tələb edirlər. Aşkar şəkildə görünür ki, iddialar qarşılıqlı tələblər olmaqla, qarşılıqlı iddianın təmin edilməsi ilkin iddianın təmin edilməsini tam şəkildə aradan qaldırılması ilə nəticələnmiş olur. Lakin məhkəmə qarşılıqlı iddianın icraata qəbul etməməklə qarşılıqlı iddianın qəbul edilməsi şərtləri təsbit olunmuş prosessual qanunvericiliyin tələbinə riayət etməmişdir. Bu baxımdan qərardad prosessual normaların tələbinə ziddir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 avqust 2023-cü il il tarixli, e- 2(009)- 1593/2023 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 149.1. İddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Maddə 149.2.3. İddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Maddə 149.2.5. Ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir Maddə 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Maddə 156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: Maddə 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; Maddə 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; Maddə 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair 27 avqust 2012-ci il Qərarı: “..., qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə - iddiaçıya qarşı irəli sürülə bilər. Qarşılıqlı iddia prosesdə müəyyən marağı olan üçüncü şəxsə, prokurora və ya dövlət orqanına qarşı irəli sürülə bilməz. Əgər işdə bir neçə cavabdeh çıxış edirsə qarşılıqlı iddianın cavabdehlərdən biri və ya bir neçəsi (müştərək qarşılıqlı iddia) tərəfindən irəli sürülməsi mümkündür. MPM-in 156-cı maddəsi qarşılıqlı iddianın qəbul olunması şərtlərini müəyyən edir: - qarşılıqlı tələb ilkin tələbin ödənilməsinə yönəlmişsə; - qarşılıqlı iddianın təmin edilməsi ilkin iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilkin iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılması ilə nəticələnərsə. Qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Burada nəzərə almaq lazımdır ki, tələbin ödənilməsi o zaman mümkündür ki, tələblər xarakterinə görə oxşar olsunlar. Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.”

Apellyasyia instansiyası məhkəməsinin mövqeyi

10. MPM-nin 156.1-ci maddəsinin tələbinə görə 3 haldan biri mövcud olduğu təqdirdə hakim qarşılıqlı iddianı qəbul edir: qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə.

11. Həm ilkin, həm də qarşılıqlı iddia ərizələrinin nəzərdən keçirərkən görünür ki, hər 2 iddianın predmeti eynidir, yəni, ilkin iddia Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi, 4A saylı evin 58 saylı mənzilindən istifadə hüququnun tanınması ilə bağlıdırsa, qarşılıqlı iddia həmin mənzilə və həmin mənzildə qalmış ona məxsus əşyaların İddiaçı alınaraq ona verilməsi, sonuncunun həmin mənzildən çıxarılmaqla, mənzildən sərbəst istifadəsinə maneçilik törədilməsinin qadağan olunması ilə bağlıdır.

12. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini nəzərdən keçirərkən iddianın yalnız “əmlakın qanunsuz istifadədən geri qaytarılması” hissəsinə istinad edərək qarşılıqlı iddianın qəbulundan imtina etməklə düzgün olmayan nəticəyə gəlmişdir.

13. Belə ki, həmin tələblə yanaşı qarşılıqlı iddia ərizəsində “İddiaçı həmin mənzildən çıxarılması” tələbi də yer alır ki, məhz bu tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişdir və qarşılıqlı iddianın məhz bu hissəsinin təmin edilməsi ilk iddianın təmin edilməsini aradan qaldırır.

14. Digər tələblərə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu tələblərlə ilk iddia arasında qarşılıqlı əlaqə vardır və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılması ilə nəticələnir.

15. MPM-nin 156.1-ci maddəsinin tələbinə görə 3 haldan birinin mövcudluğu qarşılıqlı iddianın qəbulu üçün əsasdırsa, hazırkı situasiyada qarşılıqlı iddianın qəbulu üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsasların hər üçü mövcuddur.

16. Bundan başqa birinci instansiya məhkəməsi qarşılıqlı iddianın qəbulundan imtinanın əsası kimi ərizədə AR MPM-nin 149.2.3-cü maddəsində göstərilən ərizəçinin tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısının ərizədə qeyd olunmadığını və Məcəllənin 149.2.5-ci maddəsində qeyd olunan ərizəyə əlavə edilən sənədlərin siyahısının göstərilmədiyini qeyd etmişdir.

17. Bu xüsusatla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan hallar qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtinanın əsası kimi deyil, MPM-nin 155.3-cü maddəsinin tələbi nəzərə alınaraq (Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir.) ərizənin geri qaytarılmasının əsası ola bilərdi.

18. Digər tərəfdən qarşılıqlı iddia ərizəsindən görünür ki, ərizəyə hər hansı bir sübut əlavə olunmamışdır və işin hallarına dair sübutlar ilk iddia üzrə iddiaçı tərəfindən təqdim olunmuşdur. Qarşılıqlı iddia ərizəsində qərardadda göstərilənlərin əksinə tələbin əsası kimi istinad edilən fakt və hallar göstərilmişdir. Qanunvericiliyin tələbinə görə iddiaçının (qarşılıqlı iddia üzrə iddiaçının) iddia ərizəsinə mütləq yazılı sübut əlavə etməsi ilə bağlı hər hansı bir imperativ norma mövcud deyildir. Heç bir yazılı sübut əlavə olunmadığı halda məhkəmənin bu formal əsasla qarşılıqlı iddia ərizəsinin qəbulundan imtina etməsi ilə bağlı gəldiyi nəticə də əsaslı deyildir.

19. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məsələ ilə bağlı düzgün qənaətə gəlməmiş və qarşılıqlı iddia ərizəsinin qəbulundan əsassız olaraq imtina etmişdir.

20. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslı deyildir, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Buna görə də şikayət təmin olunaraq qərardad ləğv edilməli, işə baxılmasının davam etdirilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir.

21. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 avqust 2023-cü il il tarixli, e- 2(009)-1593/2023 nömrəli qərardadından verdiyi şikayət təmin edililsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 avqust 2023-cü il il tarixli, e- 2(009)- 1593/2023 nömrəli qərardadı ləğv edilsin və mülki iş materialları sonrakı prosessual hərəkətlərin aparılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar