Məhkəmə qərarları › İş №2(103)-5780/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5780/2025

24.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5780/2025 24.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: ərazi aidiyyəti, dövlət rüsumunun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “faiz borclarının artırılmasının dayandırılması, borcun uzunmüddətli aylara bölünərək ödəniş qrafikinin müəyyən edilməsi, güzəştli mexanizmin tətbiq edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-5523/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “faiz borclarının artırılmasının dayandırılması, borcun uzunmüddətli aylara bölünərək ödəniş qrafikinin müəyyən edilməsi, güzəştli mexanizmin tətbiq edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.

2. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 5523/2025 nömrəli qərardadı (hakim F.A.Əlizadə) ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

3. Qərardad belə əsaslandırılmışdır ki, iş materiallarına əsasən müəyyən edilir ki, tələb üzrə dövlət rüsumunun ödənilməsi təmin edilməmişdir. Həmçinin, iddiaçı dövlət rüsumu ödəməkdən azad edilməsi ilə bağlı müvafiq materiallar təqdim etməmiş, iddia ərizəsində bu barədə hər hansı qeyd aparmamışdır. Həmçinin “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən olunur ki, cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 1arın pozulması ilə icraata qəbul edilməsi yolverilməzdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

4. İddiaçı qərardaddan şikayət verərək onun ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, “Dövlət rüsumu haqqında” Qanunun 9cu maddəsinə əsasən, bir sıra sosial müdafiə ilə bağlı iddialarda rüsumdan azadolma halları mövcuddur. İddiaçının işsiz olması və ailənin sosial vəziyyəti nəzərə alınmadan birbaşa imtina verilməsi düzgün deyil. MPM-in 79-cu maddəsinə əsasən, məhkəmə rüsumun təxirə salınması və ya hissə-hissə ödənilməsi barədə qərar qəbul edə bilərdi. Hakim bu imkanları izah etmədən ərizəni qaytarmışdır. MPM-in 36.1-ci maddəsinə görə iddiaçı istədikdə müqavilənin icra yeri üzrə də məhkəməyə müraciət edə bilər. Kredit müqaviləsinin icrası faktiki olaraq Yasamal ərazisində həyata keçirilmişdir. Bu hal nəzərə alınmadan iddianın geri qaytarılması əsassızdır. Konstitusiyanın 60-cı maddəsinə və Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəsin məhkəməyə müraciət etmək hüququ vardır. Hakim tərəfindən prosessual imkanların hamısı tətbiq edilmədən iddiaçının ərizəsi geri qaytarılmışdır ki, bu da ədalətli məhkəmə hüququnun pozulması deməkdir.

6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

9. İddiaçı məhkəməyə vəsatət ünvanlayaraq bildirmişdir ki, maddi vəziyyətinin ağır olması səbəbindən apellyasiya instansiyası üzrə dövlət rüsumunu ödəməyə imkanı yoxdur. Həmçinin, ünvanlı dövlət sosial yardım ödənişi almır, bu barədə ƏƏSMN-in xx.xx.2025-ci il tarixli arayışında məlumat mövcud deyil. Daimi gəliri və sosial təminat ödənişi olmadığından, dövlət rüsumunun ödənilməsi onun üçün real çətinlik yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: “Məhkəmə, fiziki şəxsin maddi vəziyyətini nəzərə alaraq onu dövlət rüsumunun və digər məhkəmə xərclərinin ödənilməsindən tam və ya qismən azad edə bilər.” “Dövlət rüsumu haqqında” Qanunun 20.1.2-ci maddəsinə əsasən: “İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddialar üzrə fiziki şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar.” Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi rəsmi sənədlərlə sübut olunur ki, ona “DOST Bakı” Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixindən işsiz statusu verilmişdir. Həmçinin, ünvanlı dövlət sosial yardım ödənişi almır, bu barədə ƏƏSMN-in xx.xx.2025-ci il tarixli arayışında məlumat mövcud deyil. Maddi vəziyyəti və sosial statusunu nəzərə alaraq, apellyasiya şikayəti üzrə dövlət rüsumunun ödənilməsindən azad edilməyinə qərar verilməsini və ərizə üzrə baxışın yazılı icraat qaydasında davam etdirilməsini xahiş edir.

10. Cavabdeh "xxxx" ASC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq bildirilmişdir ki, İddiaçı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5523/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət versə də, həmin şikayətin məzmununun əksinə olaraq eyni zamanda Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə eyni predmetlə iddia ərizəsi ilə müraciət etmiş və hal-hazırda xx.xx.2025-ci il tarixinə proses təyin edilmişdir. Bunun özü də göstərir ki, iddiaçı işə aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olduğunu qəbul edir. Hazırkı halda qərardadın ləğv edilib işin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılması məhkəmə sisteminin vahidliyini pozacaqdır. Bu halı nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsi xahiş olunur.

Tətbiq edilən hüquq normaları:

11. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı: Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddə 36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Maddə 108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 152.1.5. Müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Mülki Prosessual Məcəllədə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur.

15. Mülki-prosessual qanunvericiliyin imperativ tələblərindən göründüyü kimi, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir və hazırki tələb üzrə iddia cavabdehin ünvanının olduğu yerə görə verilməlidir.

16. Bundan əlavə, hazırki tələb üzrə dövlət rüsumunun ödənilməsi barədə sənəd iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçının göstərdiyi əsaslar ilə dövlət rüsumundan azad edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

17. Həmçinin məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-5420/2025 nömrəli qərardadından müəyyən olunur ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı kredit müqaviləsi üzrə mübahisələrə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və iddia ərizəsi icraata qəbul edilmişdir.

18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 5523/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar