Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5782/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "AccesBank” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3, Səmədova (Dəmirova) Aynurə Xalıq qızına və Cavabdeh5 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: "borcun girov predmetinə yönəldilməsi” hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X3 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakı ilə, iddiaçı "AccesBank” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3, Səmədova (Dəmirova) Aynurə Xalıq qızına və Cavabdeh5 qarşı "borcun girov predmetinə yönəldilməsi” tələbi barədə mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2101/2019 saylı işi üzrə 04 sentyabr 2019-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı "AccesBank” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3, Səmədova (Dəmirova) Aynurə Xalıq qızına və Cavabdeh5 qarşı borcun girov predmetinə yönəldilməsi tələbinə dair iddiası Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2101/2019 nömrəli 04 sentyabr 2019-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-124/2015 saylı işi üzrə xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş cəmi 153120 ABŞ dolları məbləğində borcun Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsindəki 19 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 300 000 manat olmaqla açıq hərracdan satılması və hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, evə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra X6, Cavabdeh2, Cavabdeh3, Səmədova (Dəmirova) Aynurə Xalıq qızı və Cavabdeh5 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılaraq alıcıya təhvil verilməsi qət edilmişdir.
2. İşin icraatı zamanı baxılan hissəyə aid müəyyən edilmişdir ki:- 31 iyul 2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və digər cavabdehlərin arasında bağlanmış 13 iyun 2008-ci il tarixli 02L000002764 saylı kredit razılaşmasının təminatı kimi cavabdehlərə mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsindəki 19 saylı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin dəyəri tərəflərin razılığı ilə 163,661 manat müəyyən edilmişdir; - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş mənzilin qiymətləndirilməsinə dair xx.xx.2019-cu il |tarixli rəyə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsindəki 19 saylı fərdi yaşayış evinin hazırki dövrə olan orta bazar qiyməti 300 000 manat təşkil edir; - "Sərraf- N” MMC-nin 15 yanvar 2015-ci il tarixli, 10 nömrəli rəyinə əsasən ipoteka predmeti olan evin dəyəri 135000 manat müəyyən edilmişdir (iş 1-ci cild səh. 12,78, 105).
3. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-217/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "AccesBank” Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 sentyabr 2019-ci il tarixli, 2(008)- 2101/2019 saylı qətnaməsinin mübahisələndirilən hissədə - əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsindəki 19 saylı fərdi yaşayış evinin ilkin likvid satış qiyməti 240000 manat müəyyən edilməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi icraatı zamanı müəyyən edilmişdir ki: -"Barat Consultancy” MMC-nin 15 yanvar 2020-ci il tarixli, 001-15/YV/01 nömrəli hesabatına əsasən ipoteka predmeti olan evin bazar dəyəri 105000 manatdır; - "AB Consulting” MMC-nin 03 iyun 2020-ci il tarixli, G-06/20-114 nömrəli rəyinə əsasən həmin əmlakın bazar dəyəri 368000 manat müəyyən edilmişdir; -"AB Consulting” MMC-nin 23 oktyabr 2020-ci il tarixli, G-10/20- 242 nömrəli rəyinə əsasən mübahisəli evin bazar qiyməti 368000 manat, likvid qiyməti isə 348000 müəyyən edilmişdir; -"Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirmə Xidməti MMC-nin 02 iyun 2021-ci il tarixli, 39 nömrəli hesabatına əsasən, əmlakın bazar qiyməti 260000 manat, likvid qiyməti isə 240000 manat müəyyən edilmişdir( iş səh 1-cild 140, 212, 215, 2-ci cild 1).
5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-217/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh5 kassasiya şikayəti vermiş və Ali Məhkəmənin 2(102)-3283/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh5 kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-217/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli qətnaməsinin ipoteka predmeti olan evin qiyməti hissəsində ləğv edilməsi, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Qərarda Mülki Prosessual Məcəllənin 14, 77.1, 88, 103.1, 103.2, 407.2, 416.1, 416.2, 417.1.1, 417.1.2. 417.1.3, 417.1.4, 418.1, 418.3; “İpoteka haqqında” Qanunun 1.0.9, 33, 34.1.2, 39.3.3, 59.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı birinci instansiya məhkəməsinin təyin etdiyi 11 iyul 2019-cu il tarixli rəyə əsasən əmlakın bazar qiyməti 300000 manat müəyyən edilmiş və məhkəmə həmin rəyi əsas götürmüşdür. Apellyasiya baxışında iddiaçının vəsatətləri əsasında üç dəfə qiymətləndirmə keçirilmişdir. "AB Consulting” MMCnin 03 iyun 2020-ci il tarixli rəyinə əsasən əmlakın bazar dəyəri 368000 manat, həmin MMC-nin 23 oktyabr 2020-ci il tarixli rəyinə əsasən əmlakın bazar qiyməti 368.000 manat, likvid qiyməti isə 348.000 müəyyən edilmişdir. Sonuncu "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nin 02 iyun 2021-ci il tarixli rəyinə əsasən evin bazar qiyməti 260.000 manat, likvid qiyməti isə 240.000 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi əmlakın satış qiyməti ilə bağlı qiymətləndirmə şirkətləri tərəfindən müəyyən edilən məbləğlər arasında kəskin fərq olmasına baxmayaraq, birinci instansiya məhkəməsinin buna lazımi diqqət ayırmamasına, həmin rəylərdən yalnız birinə istinad etməsini göstərsə də, özünün keçirdiyi rəylər arasında da ciddi fərq olmuş, lakin nəyə görə məhz sonuncu rəyi əsas göstərməsini, digər rəyləri qəbul etməməsini qətnamədə əsaslandırmamışdır. Halbuki ekspert rəyi də sübutun bir növüdür, məhkəmə üçün məcburi deyildir və MPM-in 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Üstəlik, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (MPM, 103-cü maddə).Qeyd edilən hallar göstərir ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə formal istinad etməklə, MPMin 88 və 103-cü maddələrinin tələblərini pozmuşdur.Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə formal istinad etdiyi üçün həmin rəy əsasında gəlinən nəticənin əsaslılığına məhkəmə kollegiyası qiymət verə bilmir.Sonuncu rəydə ipoteka predmeti olan evin qiymətinin orta qiymət olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyinə gəldikdə, bu mövqe istinad edilən ekspert rəyinin qanunvercilikdə nəzərdə tutulmuş qaydada qiymətləndirilməsi kimi qəbul edilə bilməz.Çünki sonuncu rəyin orta qiyməti əks etdirdiyini bildirsə də, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, birinci instansiya məhkəməsində keçirilmiş qiymətləndirmə üzrə alınmış və iddiaçı tərəfindən təqdim olunmuş rəylərdə əmlakın likvid deyil, bazar qiyməti müəyyən edilmişdir. Həmçinin orta qiymət götürülərkən bütün rəylər üzrə alınmış məbləğlərin cəmi rəylərin sayına bölünməklə müəyyən edilməlidir. Buna baxmayaraq, apellyasiya məhkəməsi orta qiymət kimi yalnız sonuncu rəydəki qiyməti göstərmiş, bunu da nəyə görə qəbul etdiyini qətnamədə əsaslandırmamışdır. Bu baxımdan, apellyasiya məhkəməsinin orta qiymət kimi əsas götürdüyü meyarlar da düzgün olmamışdır.Birinci instansiya məhkəməsinin mübahisəli evin boşaldılması tələbini təmin etməklə cavabdehin və ailə üzvlərinin hüquqlarının pozulması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermədiyi üçün bu dəlil hazırki kassasiya baxışının predmeti deyil.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlmişdir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmeti olan evin qiyməti hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bundan sonra tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
6. Apelyasiya şikayətində Sabunçu Rayon Məhkəməsinin 2(008)-2101/2019 saylı 04 sentyabr 2019-ci il tarixli qətnaməsinin ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, həmin əmlakın ilkin satış qiymətinin yenidən qiymətləndirilmə keçirilməklə və qiymətləndirilmənin keçirilməsinin başqa qiymətləndirici təşkilata həvalə edilməklə müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edilmişdir. Şikayətdə “İpoteka haqqında” Qanunun 1.0.9; “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun 2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 217, 389, 357.1,360-cı maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli 2(008)-2101 /2019 saylı qətnaməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissədə əsassızdır, buna görə də apellyasiya qaydasında baxılaraq həmin hissədə dəyişdirilməlidir. Birinci instansiya məhkəməsi işə baxarkən ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi üçün "xxxx" MMC-yə müraciət etmiş və rəy alınmışdır. "xxxx" MMC-nin 11 iyul 2019-cu il tarixli rəyinə əsasən Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Şərq yaşayış sahəsindəki 19 saylı fərdi yaşayış evinin dəyəri 300000 manat müəyyən edilmişdir. Halbuki tərəflər arasında ipoteka müqaviləsi bağlanarkən əmlakı dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 163661 manat müəyyən edilmişdir. Həmin əmlakın 300000 manat dəyərində olması yəni ipoteka müqaviləsi bağlanarkən tərəflərin razılığa gəldikləri qiymətdən 1,8 dəfədən çox olması real deyildir. Bu səbəbdən hesab edir ki, MMC tərəfindən sözügedən əmlaka qiymət həddindən artıq hesablanmışdır. Açıq aydın görünür ki, rəy ilə ipoteka müqaviləsində göstərilmiş qiymətlər arasına kifayət qədər böyük fərq mövcuddur. İpoteka müqaviləsi bağlandıqdan hal-hazıradək ipoteka predmeti olan əmlakın dəyəri rəydə qeyd edildiyi kimi bir neçə dəfə arta bilməz. Mövcud iqtisadi vəziyyətdə və dünyada baş verən iqtisadi böhran şəraitində daşınmaz əmlakların satış qiymətlərində ipoteka müqaviləsi bağlanan vaxta nisbətdə cüzi fərq ola bilər. Bu fərq isə özünü əmlakın dəyərinin artması ilə yanaşı ipoteka müqaviləsi bağladığı tarixə nisbətən dəyərinin azalması şəklində büruzə verə bilər, Premium Legal Services” MMC-nin rəyində qiymətləndirici tərəfindən qiymətin müəyyən edilməsi meyarları, qiymətləndirmə metodunun təsvirini ümumi olaraq göstərilmişdir: bu cür məlumat standart olaraq bütün rəylərdə olur; qiymətləndirici isə həmin metodlardan (xərc metodu, uyğun satışların müqayisəli metodu və s.) konkret əmlakın qiymətləndirilməsində necə istifadə etdiyini, göstərilən nəticəyə necə gəldiyini, həmin ipoteka predmetlərinin məbləğini necə aldığını göstərməli idi. Qanunvericilikdə “xüsusi bilik” dedikdə məhz bunlar nəzərdə tutulur, çünki istənilən şəxs (xüsusi bilikə malik olmayan) istədiyi qiyməti əmlaka verə bilər; yalnız mütəxəssis-ekspert-qiymətləndirici verdiyi qiyməti təffərrüatı ilə əsaslandıra bilər. MPM-yə görə də ekspert suallara əsaslandırılmış cavablar verməlidir. Həmçinin qiymətləndirici tərəfindən əmlakların qiyməti müəyyən edilərkən ərazi üzrə əmlak bazarının monitorinqinin aparıldığı, təhlil edildiyi, monitorinq bazasında toplanan əməkdaşlıq edilən rieltor qurumlarından, alqı-satqı sahəsində fəaliyyət göstərən internet resurslarından və digər mənbələrdən alınan məlumatlara istinad olunduğu rəydə qeyd edilmişdir. Lakin əməkdaşlıq edilən rieltor qurumlarının nə adı, nə ünvanı, ümumiyyətlə onlardan konkret hansı məlumatın alındığı, bu sahədə onların fəaliyyət göstərməsini təsdiq bn hər hansı bir sənəd rəydə öz əksini tapmamış və əlavə edilməmişdir."xxxx" MMC-nin rəyində əmlakların qiymətlərini müəyyən edərkən analoqlardan istifadə edildiyi qeyd edilsə də, ipoteka predmetinin (qiymətləndirilməsi zamanı istifadə etdiyi oxşar əmlakların ünvanları, xüsusiyyətləri, mövcudluğu barədə rəydə hər hansı bir məlumat yoxdur.Bundan başqa qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlak daha əvvəl “Sərraf-N” MC tərəfindən qiymətləndirilmiş və əmlakın dəyəri 135 000 manat müəyyən edilmişdir. İş üzrə təkrar qiymətləndirmə təyin edilməsi barədə vəsatətləri də birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq təmin edilməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. Ekspert rəyində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 25 noyabr 2022-ci il tarixinə hesablanmış likvid dəyəri 170000 manat təşkil etdiyi müəyyən edildiyi qeyd edilmişdir.
8. İddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəflə mübahisənin barışıq yolu ilə həll edilməsinin mümkün olmadığını, iş üzrə digər rəylərdə əsaslandırmanın edilmədiyini, sonuncu qiymətləndirmə ilə razılaşdıqlarını bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qiymətləndirmə ilə razılaşmadığını bildirmiş, iş üzrə keçirilmiş qiymətləndirmə rəylərinə əsasən ortaq məxrəcə gəlinərək qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3, Səmədova (Dəmirova) Aynurə Xalıq qızına və Cavabdeh5 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372ci maddəsinə və əsasən: işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Bununla bərabər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən qeyd edilməlidir ki, qətnamə mübahisələndirilən hissədə yoxlanılsa da, kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə müəyyən edilən hissədə baxılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-maddəsinə əsasən: 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
13. Məcəllənin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.
14. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9-ci maddəsinə əsasən: ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
15. Qanunun 10.5-ci maddəsinə əsasən: ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir
16. Həmin qanunun 39-cu maddəsinə əsasən: 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən: 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
23. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 24.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 36, 47, 59; Mülki Məcəllənin 269-270, 319, 324, 385.1, 425.1, 442, 443, 448.1, 560; Mülki Prosessul Məcəllənin 76, 77, 80-82, 106.2, 119, 217.4, 372, 385-390, 420-cı maddələrinə və kassasiya instansiya məhkəməsinin göstərişlərinə əsasən, kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, mübahisə edilən (araşdırılan) hissədə apellyasiya şikayətinin dəlilləri təsdiq edildiyindən, qətnamə sonuncu ekspert rəyinə müvafiq (əmlakın ilkin satış qiyməti hissəsində) dəyişdirilməli, fərdi yaşayış evinin ilkin satış qiyməti 170000 manat müəyyən edilməlidir. Qeyd edilməlidir ki, sonuncu ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməsinə əsas olan hallar müəyyən edilmir və tərəflər buna dair fərqli əsaslar müzakirəyə təqdim etməmişlər. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin dediyi kimi orta məxrəcə gəlməklə ilkin satış qiymətinin müəyyən edilməsi ekspert rəyləri üzrə sübutların qiymətləndirilməsi baxımından düzgün deyil və məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Bundan əlavə, diqqətə çatdırılmalıdır ki, sonuncu rəy üzrə likvid dəyərin məbləği ipoteka müqaviləsi üzrə razılaşdırılan qiymətə yaxındır və zamana münasibətdə qiymətlərin (əmlakların dəyərinin) dəyişməsi (artması və ya azalması) sübuta yetirilmir .
25. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərclərinin iddiaçıya və ekspertiza xərcinin isə cavabdehlərə aid edilməsini, cavabdehlərin öhdəliklərindən irəli gələn vəzifələrinin yerinə yetirməməsi (mütənasiblik) baxımından kollegiya münasib hesab edir.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ: İddiaçı "AccesBank” QSC oğlunun apellyasiya şikayəti baxılan hissədə qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2101/2019 saylı işi üzrə 04 sentyabr 2019-ci il tarixli qətnaməsi mübahisələndirilən (baxılan) hissədə-əmlakın ilkin satış qiyməti hissəsində dəyişdirilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsindəki 19 saylı fərdi yaşayış evininin ilkin satış qiyməti - 170 000 (yüz yetmiş min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 300 (üç yüz)manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3, Səmədova (Dəmirova) Aynurə Xalıq qızına və Cavabdeh5 tutularaq Azərbaycan Respublikası "xxxx" MMC qiymətləndirmə şirkətinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.