Məhkəmə qərarları › İş №2(103)-5787/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5787/2024

22.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5787/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “aliment məbləğinin artırılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2720/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan uşaqların- xx.xx.2012-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan X2 və xx.xx.2013-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan X1 üçün hər ay 470 azn alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 2012-ci il tarixində rəsmi bağlanmış nikah Nərimanov Rayon Məhkəməsinin 2(005)- 7542/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə pozulmuşdur və tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 anası İddiaçı himayəsində saxlanılmışdır. 2(005) 7649/2016 saylı xx.xx.2016-cı il tarixli qətnamə ilə, xx.xx.2016-cı il tarixindən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər uşağa görə 117 (yüz on yeddi) manat stabil pul məbləğində alimentin tutulması qət edilmişdir. Daha sonra Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)- 1085/2020 nömrəli qətnaməyə əsasən müəyyən edilmiş aliment məbləğinin həcmi artırılaraq, hər uşağa 170 (yüz yetmiş) manat qət edilmişdir. İddiaçı hesab edir ki, hazırda 170 manat hər uşağın saxlanılması üçün yetərli məbləğ deyildir. Maddi köməyə ehtiyacı olmasına tutulması baxmayaraq, iddaçı uşaqların saxlanılması ilə maraqlanmır. Bildirir ki, günü-gündən ərzaq və məişət məhsullarının qiymətləri və Respublika üzrə müəyyən olunmuş minimum əmək haqqının miqdarı da artır. Hazırda övladları 10 və 11 yaşlarında olmaqla 5-ci sinifə gedillər. Cavabdeh isə bir valideyn olaraq öhdəliklərini tam yerinə yetirmir. Uşaqların ehtiyaclarının böyük qismi bir ana kimi tək iddiaçının üzərinə qalmışdır.

3. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, o, İddiaçı ilə nikahının pozulmasından sonra başqa bir şəxslə rəsmi ailə həyatı qurmuş və bu nikahdan da övladı dünyaya gəlmişdir. Bildirir ki, ailə başçısı kimi bu övladını və həyat yoldaşını maddi cəhətdən təmin etmək onun borcudur. Qeyd edir ki, o, İddiaçı iddiası ilə əlaqədar qəbul edilmiş məhkəmə qətnaməsi əsasında müəyyən edilmiş alimenti ödəyir. Lakin İddiaçı qərəzli şəkildə hər dəfə alimentin məbləğinin artırılması barədə məhkəməyə iddia ərizəsi verərək cavabdeh üçün əlavə problemlər yaratmaq istəyir. Belə ki, iddiaçı, onun hal-hazırda işləmədiyini və maddi vəziyyətinin çətin olduğunu bilir. Özü isə hal-hazırda özəl bir şirkətdə aylıq 1000 manatdan artıq əmək haqqı almaqla işləyir. Lakin buna baxmayaraq o, cavabdehin inzibati qaydada həbsinə nail olmaq üçün hər dəfə alimentin məbləğinin artırılması barədə iddia ərizəsi verərək cavabdehi çıxılmaz vəziyyətə salmaq istəyir. Qeyd edir ki, cavabdeh hal-hazırda işsiz kimi məşğulluq idarəsində qeydiyyata alınmışdır. Müxtəlif idarə və təşkilatlara iş ilə əlaqədar müraciət etsə də, bu günə kimi işlə təmin edilə bilməmişdir. Eyni zamanda bildirir ki, onun əvvəl mülkiyyətində avtomobil var idi. Cavabdeh həmin avtomobil ilə əhaliyə sərnişindaşıma xidməti göstərib gəlir əldə edirdi. Cavabdeh bildirir ki, bu gəlir ilə iddiaçıya həm aliment ödəyir, həm də özünün digər problemlərini həll edə bilirdi. Ancaq onun iddiaçıya aliment borcu yarandığına görə o həmin avtomobilin satılmasını tələb etmiş, həmin avtomobil hərrac yolu ilə satılaraq pulu iddiaçıya ödənilmişdir. Cavabdeh qeyd edir ki, ondan sonra yenidən avtomobil almaq üçün maddi imkanı olmadığına görə artıq sərnişindaşıma xidməti ilə məşğul ola bilmir. Həmçinin bildirir ki, qanunvericiliyə görə, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Cavabdeh bildirir ki, o da bir valideyn kimi üzərinə düşən vəzifələri yerinə yetirir. Lakin iddiaçının maddi vəziyyəti ondan daha yaxşı olduğu halda o, cavabdehdən əlavə vəsait tələb edir. Bu isə cavabdehin onsuz da çətin olan maddi vəziyyətini daha da çətinləşdirir. Eyni zamanda bildirir ki, iddiaçı cavabdehin uşaqlarla ünsiyyətdə olmağına şərait yaratmır. O, qərəzli şəkildə onların görüşməyini əngəlləyir. Cavabdeh bildirir ki, o, dəfələrlə uşaqlarla onların təhsil aldığı məktəbdə görüşmək istəsə də, uşaqları məktəbə gətirən şəxs buna imkan yaratmamış və aralarında mübahisə yaranmışdır. Bu halın özü də iddiaçı tərəfindən cavabdehin həbs edilməyi üçün qərəzli şəkildə şəraitin yaradılması deməkdir. Yəni işin bütün nalları açıq-aydın sübut edir ki, İddiaçı əsas məqsədi guya ki, maddi vəziyyətinin çətinliyi ilə əlaqədar alimentin məbləğinin artırılması yox, cavabdeh üçün qərəzli şəkildə əlavə çətinliklər və problemlər yaradaraq onun yenidən inzibati qaydada həbs edilməyinə nail olunmasıdır. Ona görə də hesab edir ki, İddiaçı iddiası əsassız olduğu üçün rədd edilməlidir.

4. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2720/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia ərizəsi rədd olunmuşdur.

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. İddiaçı apellyasiya şikayəti verərək göstərmişdir ki, günü-gündən ərzaq və məişət məhsularının qiymətləri və Respublika üzrə müəyyən olunmuş minimum əmək haqqının miqdarı da artır, hazırda 170 manat hər uşağın saxlanılması üçün yetərli məbləğ deyildir. Hazırda övladları 10 və 11 yaşlarında olmaqla 5-ci sinifə keçiblər. Cavabdeh isə bir valideyn olaraq öhdəliklərini tam yerinə yetirmir, uşaqların saxlanılması ilə maraqlanmır. Uşaqların ehtiyaclarının böyük qismi bir ana kimi tək iddiaçının üzərinə qalmışdır. Uşaqların hər ikisi məktəbdən sonra əlavə dərnəklərə qatılırlar, müə lim yanına gedirlər. Bu xərclər tək iddiaçı tərəfindən qarşılanır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qətnamə qəbul etməmişdən öncə işin faktiki hallarını araşdırmamış, cavabdehin hazırda başqa bir şəxslə rəsmi nikahda olduğunu və bu nikahdan bir övladı olduğunu, cavabdehin rəsmi iş yeri olmamasına dair təqdim etdiyi arayışı və iş materiallarına əlavə olunmuş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)-2053/2022 saylı qərarı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1085/2020 saylı icra sənədi üzrə Cavabdeh 9020 manat borcunun mövcudluğunu əsas götürərək onun maddi vəziyyətində yaxşılığa doğru dəyişikliyin olmadığı və iddiaçının iddiasının təmin olunub alimentin məbləğinin artırılması cavabdehin maddi vəziyyətinə təsir edərək məhkəmə aktının icrasını mümkünsüz edəcəyi və cavabdehin süni surətdə hüquqi məsuliyyətə (inzibati və cinayət) cəlb olunmasına səbəb olacağı qənaətinə gəlmişdir. Halbuki, cavabdehin rəsmi iş yerinin olmaması hələ onun maddi vəziyyətinin aşağı olması anlamına gəlmir, eləcə də, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin hazırda istifadəsində avtomobil mövcuddur. Həmçinin iddiaçının aylıq qazancı cavabdehin bildirdiyi kimi 1000 manat deyil. Eyni zamanda cavabdehin aylıq qazancının aşağı olması onu valideyn kimi öhdəliklərinin icrasından azad etmir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında bildirdi ki, hazırda ikinci dəfə nikaha daxil olmuş, həmin nikahdan da bir övladı var və maddi vəziyyəti iddiaçının tələb etdiyi alimenti ödəməyə imkan vermir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

9. AZE 11152376 seriya №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdir.

10. AZE 11152393 seriya №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2013-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdir.

11. Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli, 2(005)- 7542/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında bağlanmış və 28 avqust 2012-ci il tarixdə 661 nömrə ilə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması, birgə nikahdan anadan olmuş 05 oktyabr 2012-ci il tarixində doğulmuş X7 və 29 sentyabr 2013-cü il tarixində doğulmuş X8 anaları İddiaçı yanında qalması qət edilmişdir.

12. Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2016-cı il tarixli, 2(005) 7649/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, xx.xx.2016-cı il tarixdən başlayaraq 05 oktyabr 2012-ci il təvəllüdlü X2 və 29 sentyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir.

13. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1085/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7649/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq. xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment İddiaçı ödənilməsi qət edilmişdir.

14. Azərbaycan Respublikasının ƏƏSMN DOST Agentliyinin 4 saylı Bakı DOST Mərkəzinin 21 iyun 2024-cü il tarixli arayışının məzmunundan görünür ki, Cavabdeh AR ƏƏSMN Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.

15. Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 02 mart 2022-ci il tarixdə verilmiş AZ-İV 654474 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X5r.

16. 5 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 04 mart 2021ci il tarixdə verilmiş, AZ-İİ 425421 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 xx.xx.2021-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Novruzov, arvada Novruzova soyadı verilmişdir.

17. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)-2053/2022 saylı qərarının surətindən görünür ki, Cavabdeh AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyası:

18. 17 (İİ). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

19. 34 (İV). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

20. 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir.

21. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

22. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

23. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

24. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

25. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu:

26. 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

27. 19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

32. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

33. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

34. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

37. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

38. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

39. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

40. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması.

41. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

42. Hazırkı halda Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Apellyasiya Məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1085/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılmalı, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində aliment İddiaçı ödənilməlidir.

44. Belə ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 1085/2020 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7649/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq. xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment İddiaçı ödənilməsi qət edilmişdir.

45. Hazırda iddiaçı uşağın xərclərinin artdığını bildirərək qeyd olunan qətnamə ilə müəyyən olunmuş aliment məbləğinin artırılmasını xahiş edir.

46. İddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki iş materiallarından və işdə iştirak edən şəxslərin izahatlarından məhkəmə iclasında aydın oldu ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh ailə və ya maddi vəziyyətində müsbət yöndə dəyişiklik olmamışdır. İddiaçı alimentin miqdarının artırılmasına əsas olan cavabdehin gəlirləri və ya başqa qazanclarına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

47. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, ailə qanunvericiliyi qanunda nəzərdə tutulmuş hallarda aliment ödəyən şəxsə təyin olunmuş aliment məbləğinin dəyişdirilməsi imkanlarını nəzərdə tutmuşdur. Belə ki, aliment ödəyən şəxsin, eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa bu hal alimentin miqdarının dəyişdirilməsi üçün əsasdır. Bu barədə məhkəməyə mötəbər sübutlar təqdim olunmalıdır. Hazırkı iddia tələblərində göstərilən hallar qətnamə ilə müəyyən edilmiş alimentin artırılması üçün əsas hesab edilə bilməz.

48. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni eyni zamanda onunla əsaslandırmışdır ki, cavabdehin əvvəlki icra sənədi üzrə yaranmış aliment borcu qalmaqda davam edir. Belə bir halda, iddiaçının iddiasının təmin olunub alimentin məbləğinin artırılması aliment ödəyicisinin (cavabdehin) maddi vəziyyətinə təsir edərək məhkəmə aktının icrasını mümkünsüz edəcək və cavabdehin süni surətdə hüquqi məsuliyyətə (inzibati və cinayət) cəlb olunmasına səbəb olacaqdır. Qeyd olunanlarla yanaşı, məhkəmə bildirmişdir ki, iddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatında cavabdehin maddi imkanının kifayət qədər olmasını, mülkiyyətində daşınmaz əmlaklar olmasını bildirsə də, o, qeyd olunan halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmiş, beləliklə, iddiasının dəlillərini əsaslandıra bilməmişdir.

49. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və gəldiyi nəticə ilə bağlı maddi hüquq normalarının tələbləri pozulmuşdur.

50. Belə ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir.

51. Hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir.

52. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

53. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin birgə nikahında olan yetkinlik yaşına çatmayan uşaqlara ilk dəfə aliment məbləği - hər ay hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində, daha sonra isə hər ay hər bir uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində müəyyən edilmişdir.

54. Həmçinin iş materiallarından görünür ki, sonuncu dəfə alimentin məbləği Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1085/2020 saylı qətnaməsi ilə müəyyən edilmişdir.

55. Hazırda isə “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

56. “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir.

57. Həmin Qanunun 1.0.2, 1.0.3-cü maddələrinə görə yaşayış minimumuminimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Əhalinin əsas sosial-demoqrafik qrupları- yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s).

58. Məhkəmə kollegiyası qeyd edir ki, sabit məbləğdə müəyyən edilən aliment məbləğinin uşaqlar üçün həmin dövrün yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum tələblatlarının tam təmin edilməsi yönəlmiş hüquqi tədbirdir.

59. Hazırkı mübahisə üzrə isə birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdehin əvvəlki icra sənədi üzrə yaranmış aliment borcu qalmaqda davam edir. Belə bir halda, iddiaçının iddiasının təmin olunub alimentin məbləğinin artırılması aliment ödəyicisinin (cavabdehin) maddi vəziyyətinə təsir edərək məhkəmə aktının icrasını mümkünsüz edəcək və cavabdehin süni surətdə hüquqi məsuliyyətə (inzibati və cinayət) cəlb olunmasına səbəb olacaqdır.

60. Məhkəmə kollegiyası rayon məhkəməsinin mövqeyi ilə razılaşmır və bildirir ki, cavabdehin qətnamə ilə tutulmalı alimenti ödəməməsi və onun borcunun olması uşağın üstün mənafeyinin təmin edilməsi, eləcə də onun artan tələbatının ödənilməsi ilə bağlı cavabdehi öz valideynlik vəzifələrini yerinə yetirməkdən azad etmir.

61. Həmçinin Kollegiya qeyd edir ki, aliment öhdəliyi olan valideynin əvvəlki qətnamə və ya digər əsasla müəyyən edilmiş alimenti ödəməməsi səbəbindən aliment borcunun olmasına əsaslanmaqla, alimentin artırılması barədə yeni tələbin təmin edilməməsi ona gətirib çıxara bilər ki, aliment ödəməli tərəf bundan sui-istifadə edə, yəni alimenti ödəməyib süni borc yaratmaqla artırılmalı olan alimentin artırılmasını əngəlləyə bilər, eləcə də belə yanaşma həm də aliment borclularınını həmin öhdəliyin icrasından yayınmağa sövq edə bilər ki, bu da yolverilməzdir.

62. Məhkəmə kollegiyası hazırkı dövrdə ərzaq məhsullarının qiymətinin artması, uşaqların tələbatının artması baxımından hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur.

63. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1085/2020 saylı qətnaməsi ilə alimentin məbləği hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat müəyyən edilmişdir.

64. Hazırda isə uşaqlara görə müəyyənləşdirilmiş yaşayış minumumu 2024-cü il üçün 235 manat nəzərdə tutulmuşdur.

65. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.

66. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mahiyyəti üzrə əsaslı olmuşdur.

67. Cavabdehdən tutulmalı olan alimentin məbləğinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

68. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

69. Bu baxımdan məhkəmə kollegiyası, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1085/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir.

70. Göründüyü kimi birinci instansiya məhkəməsi işin qeyd olunan hallarını düzgün müəyyən etməyərək, maddi hüquq normasının tələblərini pozaraq yanlış nəticəyə gəlmişdir.

71. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi, xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Nəticə:

72. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqi və təfsirində səhvə yol verildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığından apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 1085/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində aliment İddiaçı ödənilməlidir.

73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

74. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 112.1.3cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə də alimentin məbləği ümumilikdə 340 manatdan artırılaraq 400 manat müəyyən edilmişdir ki, aradakı fərq 60 manat təşkil edir və həmin məbləğin bir il ərzində ödəmə məcmusu 720 manat təşkil edir. Göründüyü kimi iddianın qiyməti mübahisələndirilən hissədə beş min manatdan az, yəni 720 manat təşkil edir ki, istinad edilən normanın tələbləri baxımından həmin qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna edilmişdir, yəni apellyasiya instansiya məhkəməsinin hazırkı qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

75. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2720/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1085/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar