Məhkəmə qərarları › İş №2(103)-5793/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5793/2021

24.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5793/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (oğlu) X1, Cavabdeh nümayəndəsi (vəkili) X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 20.05.2020-ci il tarixdə etibarnamə olmadan idarə etdiyi ** PR *** dövlət nişanlı avtomobillə oğlunun idarə etdiyi özünə məxsus “KİA Optima" markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq ona zərər yetirdiyini, baş vermiş hadisə ilə bağlı dövlət yol polisi müfəttişliyinin əməkdaşı tərəfindən protokol tərtib olunduğunu, hadisənin törənməsində cavabdehin təqsirli bilindiyini və İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə cərimə edildiyini, verdiyi izahatda cavabdehin hadisənin onun təqsiri üzündən baş verdiyini etiraf etdiyini, hadisədən sonra avtomobilini servisə apardığını, servisdə onun təmirinə 6898 manat xərc çəkiləcəyinin müəyyən edildiyini, sığorta şirkəti tərəfindən ona 4950 manat sığorta vəsaitinin ödənildiyini, lakin əlavə 1948 manat da lazım olduğunu, cavabdehin həmin əlavə xərci könüllü olaraq ödəməkdən imtina etdiyini bildirmiş, buna görə də cavabdehdən 1948 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, eyni zamanda 100 manat ekspertiza xərcinin Cavabdeh tutulub Dövlət büdcəsinə köçürülməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini Tovuz rayonunda qeydiyyatda olduğu halda işə aidiyyat qaydalarının pozulması ilə baxıldığı, iddiaçıya dəymiş ziyanın sığorta şirkəti tərəfindən ödənilməsi səbəbindən iddianın əsassız olduğu, bunun ekspert rəyi ilə də təsdiq edildiyi arqumentləri ilə əsaslandırmışdır. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, iddiaçı və onun nümayəndəsi (oğlu) X4 isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, qətnamə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pulun məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, Cavabdeh 20.05.2020-ci il tarixdə saat 18:30 radələrində etibarnaməsiz idarə etdiyi “BMW 535İ minik” markalı ** PR *** qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərinin Qara-Qarayev prospektindən Şirin Mirzəyev küçəsi istiqamətində hərəkət edən zaman iddiaçıya məxsus “KİA Optima” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobillərə ziyan dəymiş, hadisənin törənməsində Cavabdeh təqsirli bilinmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, “KİA Optima” markalı avtomobilin rəsmi servisi olan “KİA Motors” tərəfindən avtomobilə dəymiş zərərin məbləği 6898 manat müəyyənləşdirilmiş, “BMW 535İ minik” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətinin icbari sığorta edildiyi “xxxx” ASC tərəfindən iddiaçının hesabına 5000 manat icbari sığorta məbləği köçürülmüş, iddiaçı özü “KİA Motors” servis mərkəzinə 6200 manat ödəmiş, servis mərkəzinin tərtib etdiyi aktda onun, əlavə 698 manatı da ehtiyat hissə sifarişdən gəldikdən sonra ödəyəcəyi göstərilmişdir. İddiaçının iddiasına görə, hadisə nəticəsində ona məhz 6898 manat ziyan dəymiş, ziyanın 4950 manat hissəsi “xxxx” ASC tərəfindən ödənilsə də, qalan 1948 manat hissəsi ödənilməmiş qalmışdır və bu məbləğ məhz cavabdeh tərəfindən ödənilməlidir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu kontekstdə nəzərə alınmalıdır ki, “İcbari sığortalar haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Həmin Qanunun 20.5-ci maddəsinə görə, üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının iddia tələbi üzrə irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır və birinci instansiya məhkəməsi, yüksək təhlükə mənbəyi olan “BMW 535İ minik” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğu zərərin qalıq hissəsini ödəmək vəzifəsini həmin avtomobili idarə etmiş və yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu mübahisələndirilməyən Cavabdeh üzərinə qoymaqda haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bununla belə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləği müəyyənləşdirərkən səhvə yol vermişdir; çünkü iddiaçının hesabına sığorta şirkəti tərəfindən 5000 manat köçürülmüşdür və buna görə də cavabdehdən 1898 manat (6898 - 500 = 1898) tutula bilər. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyində iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5024 manat təşkil etdiyi nəticəsinə gəlinsə də, avtomobilə dəymiş ziyanın həcmi ilə bağlı mötəbər sübut kimi məhz “KİA Optima” markalı avtomobilin rəsmi dilerinin verdiyi aktdakı qiymətlər əsas götürülməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, həmin avtomobil məhz “KİA Motors” Servis Mərkəzində təmir olunmuş, iddiaçı 6200 manatı həmin servisə ödəmişdir. Apellyatorun, işə Tovuz rayon Məhkəməsində baxılmalı olması arqumentinə münasibətdə qeyd olunmalıdır ki, iş materiallarından, 2019-cu il tarixdə aldığı sürücülük vəsiqəsində onun qeydiyyat ünvanının Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşdiyi aydın olur; Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə isə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərcləri ilə bağlı gəldiyi nəticə ilə də razılaşaraq eyni zamanda hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği də apellyatora aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-129/2021 saylı iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi Cavabdeh İddiaçı xeyrinə 1948 manatın tutulması hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə maddi ziyanın əvəzi qismində 1898 (min səkkiz yüz doxsan səkkiz) manat tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar