Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5793/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" X1 Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" X1 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, e-2(011)- 3426/2022 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh 11 may 2021-ci il tarixdə mülkiyyətində olan “Mercedes Benz 200” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Xətai rayonu 8 noyabr küçəsində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçıya məxsus 1 ədəd “Çuğun” altlıqlı “Polermo” tipli 2 çıraqlı işıq dirəyi sıradan çıxaraq müəssisəyə maddi ziyan dəymişdir.
2. Bakı şəhər Xətai rayon DYPŞ-nin 11 may 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inibati xətanı törətməkdə təqsirli bilinərək, 11 may 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 40 manat məbləğdə cərimə edilmişdir.
3. Dəymiş zərər iddiaçı tərəfindən 11 may 2021-ci il tarixdə tərtib edilmiş akta əsasən 6448 manat məbləğdə müəyyən edilmiş və həmin zərərin 5000 manat hissəsi cavabdehin mülki məsuliyyətini icbari qaydada sığortalamış “Dövlət Sığorta” Kommersiya şirkəti tərəfindən iddiaçıya ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ona vurulmuş maddi ziyandan qalıq qalan 1448 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, 11 may 2021-ci il tarixdə cavabdeh idarə etdiyi “Mercedes Benz 200 minik” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, Bakı şəhəri Xətai rayonu 8 noyabr küçəsində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə müəssisəyə 6448 manat məbləğdə maddi ziyan yetirmişdir. Hadisə yerinə gəlmiş Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* nömrəli inzibati xəta haqqında protokola və 11 may 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən təqsirli şəxs cavabdeh tanınmışdır. Cavabdehin avtomobilini sığortalamış “Dövlət Sığorta” Kommersiya şirkəti tərəfindən iddiaçının bank hesabına 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin 1448 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün iddiaçıya dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, e-2(011)- 3426/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Qətnamənin əsaslarına görə, işin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, 11 may 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində cavabdehin təqsiri tam sübuta yetirilərək, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə, inzibati qaydada tənbeh edilmişdir. Cavabdehin təqsiri nəticəsində iddiaçıya maddi zərər dəymişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097, 1108-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
10. Şikayətin dəlillərinə görə, məhkəmə işi araşdırarkən və qərar qəbul edərkən onun tərəfindən cavadehə 1448 manat ziyanın hansı əsaslarla yaranmasına dair hər hansı sübuta istinad etməmişdir. Belə ki, ziyan dəymiş həmin 1 ədəd çıraqlı işıq dirəyinin dəyərini əks etdirən hər hansı qəbz, qiymətləndirmə rəyi və s. hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, məhkəmə işin bu halına ümumiyyətlə hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edildiyindən məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
18. İşdə olan mötəbər sübutların məcmusu ilə təsdiq olunur ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdehə məxsus avtomobil iddiaçıya məxsus işıq dirəyini sıradan çıxarmaqla sonuncuya maddi ziyan vurmuşdur.
19. Cavabdeh apellyasiya şikayəti ilə dəymiş zərərin məbləğini mübahisələndirmiş, bununla bağlı mötəbər sübut təqdim edilmədiyini bildirmişdir.
20. İş materiallarında olan "xxxx" EŞM-nin 11 may 2021-ci il tarixli aktı, həmçinin ekspert rəyi ilə dəymiş zərərin məbləği müəyyənləşdirilmişdir.
21. Göründüyü kimi iş materiallarında dəymiş zərərin məbləğini təsdiq edən sübutlar mövcuddur və bunun əksini sübut edən isə hər hansı sənəd təqdim edilməmişdir. Cavabdehin özü də şikayətə bununla bağlı hər hansı sübut əlavə etməmiş, şikayətini yalnız formal mülahizələrlə əsaslandırmışdır.
22. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı və qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
23. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, e-2(011)- 3426/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, e-2(011)- 3426/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev