Məhkəmə qərarları › İş №2(103)-5793/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5793/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5793/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kredit müqaviləsi üzrə borcun tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, Cavabdeh iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-1837/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 11286,55 (on bir min iki yüz səksən altı manat, 55 qəpik) manat, bundan 4209,68 (dörd min iki yüz doqquz manat, 68 qəpik) manat əsas, 3532,69 (üç min beş yüz otuz iki manat, 69 qəpik) manat faiz, 2927,06 (iki min doqquz yüz iyirmi yeddi manat, 06 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 617,12 (altı yüz on yeddi manat, 12 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 123,86 (yüz iyirmi üç manat, 86 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədləri üçün 24 ay müddətinə illik 25% dərəcəsi ilə 6400 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 01 saylı Əlavə Sazişə əsasən Kreditin qalıq məbləği 5483 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği konvertasiya edilmiş (1 USD=1.65 AZN) 5690,57 (beş min altı yüz doxsan manat, 57 qəpik) manat hesablanmışdır. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 25% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 11286,55 (on bir min iki yüz səksən altı manat, 55 qəpik) manat təşkil edir.

3. Yasamal Rayon Məhkəməsinin 2(004)-1837/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 2659,24 (iki min altı yüz əlli doqquz manat iyirmi dörd qəpik) manat əsas borc, 1865,16 (bir min səkkiz yüz altmış beş manat on altı qəpik) manat faiz borcu, 200 (iki yüz) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 617,12 (altı yüz on yeddi manat on iki qəpik) manat faiz borcu olmaqla, cəmi 5341,52 (beş min üç yüz qırx bir manat əlli iki qəpik) manat məbləğində pulun tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, ödənilmiş 123,86 (yüz iyirmi üç manat səksən altı qəpik) manat dövlət rüsumunun 59 (əlli doqquz) manat hissəsi Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, cavabdeh isə qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onların dəlilləri:

5. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Mübahisələndirilən qətnamədə məhkəmə əsas və faiz borclarını azaldarkən ekspert rəyinə istinad etmiş, lakin özünün bu istinadını əsaslandırmamışdır. Eyni zamanda tələb olunan 2.927,06 manat məbləğində cəriməni əsassız olaraq azaltmaqla MM-in 467-ci maddəsində göstərilən kreditorun əmlak mənafelərini və bütün əsaslı mənafelərini nəzərə almayaraq, qeyd edilən maddənin müddəalarını pozmuşdur. Beləliklə də, iddia tələblərini qismən təmin edərək düzgün nəticəyə gəlməmişdir. Bu əsaslarla da qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı

6. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclası barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

8. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

9. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 25 faiz dərəcəsilə 6400 ABŞ dolları məbləğində kredit verilmişdir.

10. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli, 01 saylı Əlavə Sazişə əsasən kreditorun borcalana 6400 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 5483 (beş min dörd yüz səksən üç) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2018-ci il tarixinədək uzadılmışdır.

11. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişə əsasən borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı Bankın mövcud məzənnəsinə uyğun olaraq konvertasiya edilməklə 5690,57 (beş min altı yüz doxsan manat, 57 qəpik) AZN hesablanmışdır. Kreditin müddəti xx.xx.2022-ci il tarixədək təyin olunmuşdur.

12. 1/44/73066443 USD nömrəli 28 oktyabr 2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 6400 (altı min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir.

13. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC ilə bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 4209,68 manat əsas, 3532,69 manat faiz, 2927,06 manat cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 617,12 manat faiz borcu olmaqla, cəmi 11286,55 manat məbləğində borcu vardır.

14. Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehə ünvanladığı xx.xx.2024-cü il bildirişlərdən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış borc məbləğinin tam olaraq 3 (üç) iş günü müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə, bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh xəbərdar edilmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/1928 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka olan kredit borcu - əsas borc üzrə 2659,24 manat, faiz borcu üzrə 1865,16 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır.

16. 04.02.2025-ci il tarixli **********83 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 123,86 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən maddi hüquq normaları:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (kredit müqaviləsinin bağlandığı tarixdə qüvvədə olan redaksiyada). Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1-739.2. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır (kredit müqaviləsinin bağlandığı tarixdə qüvvədə olan redaksiyada). Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Tətbiq edilən prosessual hüquq normaları:

18. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Hazırkı halda, rayon məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edildiyindən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı bank ilə cavabdeh Q.Allahverdiyev arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olmuş, bank müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etsə də, cavabdeh öz öhdəliyini tam və vaxtında icra etməmişdir.

23. Rayon məhkəməsi hesab etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirildiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə qismən haqlı olmuşdur.

24. Tərəflər arasında arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədləri üçün 24 ay müddətinə illik 25% dərəcəsi ilə 6400 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 01 saylı Əlavə Sazişə əsasən Kreditin qalıq məbləği 5483 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği konvertasiya edilmiş (1 USD=1.65 AZN) 5690,57 (beş min altı yüz doxsan manat, 57 qəpik) manat hesablanmışdır. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.

25. Mülki iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/1928 saylı ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatlarına əsasən, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka olan kredit borcu - əsas borc üzrə 2659,24 manat, faiz borcu üzrə 1865,16 manat təşkil edir.

26. İddiaçı apellyasiya şikayətində tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə əsas, faiz borcu və cərimə ilə bağlı tələb olunan məbləğlərin rayon məhkəməsi tərəfindən əsassız olaraq azaldıldığını mübahisələndirir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin kredit müqaviləsi üzrə əsas və faiz borcu ilə dəlillərinə dair qeyd edir ki, mülki iş materiallarında olan ekspert rəyi ilə iddiaçı və cavabdeh arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc məbləğinin 2659,24 manat, faiz borcunun isə 1865,16 manat olduğu müəyyən olunmuşdur. İddiaçı bank məhkəməyə həmin rəylə müəyyən olunmuşları şübhə altına ala biləcək hər hansı sübutlar verməmişdir.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin kredit müqaviləsi üzrə cərimə məbləğinin əsassız azaldılması dəlilinə münasibətdə isə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

29. Həmçinin qeyd olunmalıdır ki, mülki qanunvericiliyin əsasm- ümdə prinsiplərindən biri də mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

30. Hazırkı işin hallarından görünür ki, cavabdehin 4209,68 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı tərəfindən 2927,06 manat cərimə borcu hesablayıb tələb etmişdir. Kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı, mütənasib və həm də ədalətlidir. Eyni zamanda cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 200 manat həddində müəyyənləşdirilməsi barədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətlidir.

31. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

34. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

35. Belə olan halda müəyyən olunur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır, rayon məhkəməsinin qətnaməsi onun şikayətinə münasibətdə mübahisələndirilən hissədə qanuni və əsaslı olmuşdur. Nəticə:

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslı, apellyasiya şikayətlərinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

38. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

39. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-1837/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar