Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5795/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «təyin olunmuş alimentin miqdarının artırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-6038/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «təyin olunmuş alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahdan olan xx xxxxxx 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin miqdarı məhkəməyə müraciət etdiyi tarixdən artırılaraq bir uşağa hər ay 160 manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx xxxxxxxx 2013-cü il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx xxxxxx 2013-cü il təvəllüdlü Kazımlı Miray adlı bir qızları vardır. Birgə yaşadıqları dövrdə həyat yoldaşı ticarətlə məşğul olaraq işləmiş, onun aylıq qazancı 800 manatdan 900 manatadək olmuşdur. Cavabdeh ona qarşı «nikahın pozulması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, o isə qarşılıqlı iddia verərək aliment tələb etmiş və məhkəmənin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə aralarında nikahları pozulmuş, nikahları pozulduqdan sonra X3 ona verilməsi və uşağın saxlanması üçün onun xeyrinə 108 manat aliment tutulması qət edilmişdir. Hazırda 108 manat aliment uşağın tələbatını ödəmir. Cavabdeh uşağın maddi təminatını, həmçinin müalicəsi ilə bağlı xərcləri ödəməkdən yayınır. Uşaq körpədir və mütəmadi müalicə olunur, ona görə də məsrəfləri yeterincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minumumu da dəyişdirilmiş və 2019-cu ildə hər uşaq üçün ehtiyac meyarı 160 manat müəyyən edilmişdir. O, valideynlərinin maddi köməyi ilə uşağın bütün zəruri ehtiyaclarını ödəməyə çalışır, övladının qayğısını çəkir. Cavabdeh fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur, onun gəliri və qazancı sabit deyildir, maddi imkanı kifayət qədər var. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)- 6038/2019 saylı qətnaməsi ilə (hakim Nərminə Rzayeva) iddianın təmin olunması, cavabdehlə birgə nikahdan olan xx xxxxxx 2013-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin miqdarı məhkəməyə müraciət etdiyi tarixdən artırılaraq hər ay 160 (yüz altmış) manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, alimentin qətnamənin qanuni qüvvəyə mindiyi gündən ödənilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsi hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, xx.xx.2015-ci il tarixdə nikahlarının pozulması, həmin tarixdən daimi olaraq hər ay 108 manat alimenti iddiaçıya ödəməsi, uşaqda heç bir xəstəliyin olmaması, birinci instansiya məhkəməsinin müəyyən etdiyi 160 manat alimenti ödəməyə maddi imkanının yetərli olmaması və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak etmiş cavabdeh apellyasiya şikayətini müdafiə edərək,orada göstərilən dəlillərə uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş,lakin məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də,məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib,iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektiv araşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki,apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT-nin xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «Uşaq hüquqları haqqında» Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi,istər daxili,istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarədəri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. AM-in 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Uşaq hüquqları haqqında ”Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında»Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndindəki mövqeyinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. «Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 160manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 170manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası,işin faktiki hallarını,qanunvericiliyin qeyd edilən normalarını və azyaşlının mənafeyini nəzərə alaraq,hesab edir ki,birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan alimentin miqdarını minimumdolanacaqxərclərihəddində müəyyən etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi əsaslar (yeni nikaha daxil olması,həmin nikahdan biruşağının olması,qazancının az olması və s.)isə onu bir valideyn kimi uşağını saxlamaq vəzifəsində azad etmir. Həmçinin, qeyd edilməlidir ki,qanunverici müvafiq zərurət yarandığı təqdirdə alimentin miqdarının dəyişdirilməsi barədə məhkəməyə müraciət olunmasını istisna etməmişdir. Bununla yanaşı,məhkəmə kollegiyası hesab edir ki,birinci instansiya məhkəməsi əsassız olaraq alimentin əvvəlinin məhkəməyə müraciət etdiyi tarixdən (iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən)hesablanması və qətnamənin qanuni üvvəyə mindiyi gündən ödənilməsi nəticələrinə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli 8- 2/2016 nömrəli Qərarının 8.14-cü bəndindəki mövqeyinə görə məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hissələrdə düzgün hüquqi nəticəyə gəlməmiş,maddi və prosessual hüquq normalırını pozmuşdur.Bu səbəbdən də,qətnamə qeyd edilən hissələrdə əsaslı və qanuni hesab edilə bilməz. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə – alimentin əvvəlinin məhkəməyə müraciət etdiyi tarixdən hesablanması və qətnamənin qanuni üvvəyə mindiyi gündən ödənilməsi hissələrində ləğv edilməli, cavabdehdən miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, qətnamə apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd edilməlidir ki, alimentin artırılmış məbləği 160 manat təşkil etmişdir ki, həmin məbləğ üzrə MPM-nin 112.1.3-cü maddəsinə əsasən 1 il ərzində ödəmənin məcmusu 2000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «təyin olunmuş alimentin miqdarının artırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-6038/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-6038/2019 saylı qətnaməsi qismən, yəni «cavabdehdən tutulan alimentin miqdarının məhkəməyə müraciət etdiyi tarixdən artırılması və qətnamənin qanuni qüvvəyə mindiyi gündən ödənilməsi» hissələrində ləğv edilsin, iddia həmin hissədə qismən təmin olunsun. Cavabdeh miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamə apellyasiya şikayətinə əsasən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5795/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5795/2020
25.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver