Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5796/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər:zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 16 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh2 işlətdiyi və Cavabdeh1 çalışdığı ünvan 1 ünvanda yerləşən binanın zirzəmi hissəsindəki “Arzum Fit” gözəllik salonuna getmiş və Cavabdeh1 tərəfindən İddiaçı bədənində “kriolipoliz” aparatı ilə lazer preseduru aparılmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyanın əvəzi olaraq 3000 manat və mənəvi zərərin əvəzi olaraq 2000 manat pul vəsaitinin tutularaq ona ödənilməsi, dərinin əvvəlki vəziyyəti bərpa edilənə qədər hər ay zəruri olan xərclərin ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, cavabdehlərin qanunsuz hərəkətlərinin qarşısının alınması üçün tibbi xidmətlər göstərməsi barədə fəaliyyətinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə yaxın münasibətdə olmuş və onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən binanın zirzəmi hissəsindəki “Arzum Fit” gözəllik salonuna gedərək təxminən iki il ərzində müştəri kimi lazer xidmətlərindən istifadə etmişdir. Həmin gözəllik salonunu Cavabdeh1 əri Cavabdeh2 işlədir. İki il ərzində lazer proseduru aldığı zaman iki dəfə yanıq xəsarəti almışdır. Birinci dəfə qarın nahiyyəsində qızartı əmələ gəlmişdir. Cavabdeh1 üzr istəmiş, aparatın çox qızdığını bildirmişdir. Bundan xeyli müddət keçəndən sonra da Cavabdeh1 xitmətindən istifadə etməyə davam etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə “Arzum Fit” gözəllik salonuna getmiş və Cavabdeh1 tərəfindən onun bədənində “kriolipoliz” aparatı ilə lazer preseduru aparılmışdır. Bu zaman onun sağ ayağın bud nahiyəsinin aşağı 1/3 hissəsində uzunsov dairəvi yanıq izi əmələ gəlmişdir. O, bir həftə evdə qalmış, vəkil kimi fəaliyyət göstərə bilməmişdir. Ona maddi və mənəvi zərər dəymişdir. O, Cavabdeh1 müalicəsi üçün tələb olunan xərclərə görə 500-600 manat ödəməsini təklif etmişdir. Lakin Cavabdeh1 razı olmamış, ona öz tanışlarının yanında müalicə olunmasını təklif etmişdir. O, bununla razılaşmadığına görə mübahisəni öz aralarında həll edə bilməmişlər. O, polisə şikayət etmiş və tibbi ekspertizadan keçmişdir. Ekspert rəyi ilə təsdiq edilmişdir ki, onun sağ ayağın bud nahiyəsinin aşağı 1/3 hissəsində uzunsov dairəvi yanıq izi əmələ gəldiyi və “kriolipoliz” aparatı ilə aparılmış prosedur zamanı baş verdiyi təsdiq edilmişdir. O, müalicə olunmaq üçün “Çöhrə” Estetik Mərkəzinə müraciət etmiş və yanmış dərisinin bərpa olunması üçün müalicə alır. Müalicəsi üçün xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024cü ildə 180 manat, xx.xx.2024-cü ildə 180 manat, xx.xx.2024-cü ildə 150 manat olmaqla, cəmi 910 manat pul ödəmişdir. Dərmanların və müalicəvi kremlərin alınması üçün xərclədiyi vəsaitlərin ödəniş qəbzlərini saxlamadığı üçün məhkəməyə təqdim edə bilmir. Hazırda da müalicəsi davam edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 31 mart tarixli 49 nömrəli qərarı ilə lisenziya tələb olunan tibbi xidmətlərin siyahısına dermatologiya sahəsində olan xidmətlərin də daxil olması müəyyən edilmişdir. Cavabdehlər lisenziya olmadan qanunsuz fəaliyyətlə məşğul olurlar. Cavabdehlərin hərəkətləri nəticəsində onun sağlamlığına zərər dəyməklə yanaşı ona mənəvi ziyan da vurulmuşdur.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 1303/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı səhhətinə vurduğu zərərin (yəni, yanmış dərinin əvvəlki vəziyyətinin bərpası üçün çəkdiyi xərclər) əvəzi olaraq 910 manat, mənəvi zərərin əvəzi olaraq 300 manat olmaqla, cəmi 1.210 (min iki yüz on) manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmənin qənaətinə görə iddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh2 işlətdiyi və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən binanın zirzəmi hissəsindəki “Arzum Fit” gözəllik salonuna getmiş və Cavabdeh1 tərəfindən İddiaçı bədənində “kriolipoliz” aparatı ilə lazer preseduru aparılmışdır. Bu zaman iddiaçının sağ ayağının bud nahiyəsinin aşağı 1/3 hissəsində (11x5 sm) uzunsov dairəvi yanıq izi əmələ gəlmişdir. “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 verdiyi xx.xx.2024-cü il tarixli 67/KEŞ nömrəli məhkəmə tibbi ekspertizası rəyindən müəyyən edilir ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı hazırda onun sağ bud nahiyəsinin 1/3-nin iç səthində uzunsov dairəvi yanıq izinin olduğu müəyyən edilmişdir ki, bu da qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni “kriolipoliz” aparatı ilə aparılmış prosedur zamanı baş vermişdir. İddiaçının təqdim etdiyi ödəniş qəbzlərindən müəyyən edilir ki, İddiaçı müalicəsi üçün xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024cü ildə 100 manat, xx.xx.2024-cü ildə 180 manat, xx.xx.2024-cü ildə 180 manat, xx.xx.2024-cü ildə 150 manat olmaqla, cəmi 910 manat pul ödəmişdir. Bu səbəbdən iddiaçı onun səhhətinə vurulmuş maddi zərərin əvəzinin, yəni müalicəsinə çəkdiyi xərcin əvəzi kimi 910 manat vəsaitin zərərvuran Cavabdeh1 və onun işlədiyi “Arzum Fit” gözəllik salonunun sahibi Cavabdeh2 müştərək qaydada ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı müalicəsinə 3.000 manat vəsait xərclədiyini qeyd etsə də, yalnız 910 manat vəsaitə dair ödəniş sənədlərini məhkəməyə təqdim etmişdir. Həmçinin cavabdehlərin hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntı, iztirab keçirmiş, ona mənəvi zərər dəymişdir. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 300 manat kompensasiya ödənilməsini yetərli və ədalətli hesab etmişdir.
6. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 1097.1, 1118.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı və Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişlər.
8. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, iddia tələblərindən biri cavabdehin qanunsuz fəaliyyətinin qadağan edilməsi göstərilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyinin cavab məktubunda göstərilir ki, cavabdehin tibbi və kosmetoloji xidmətlər göstərməsi üçün nəzərdə tutulan lisenziyası mövcud deyil. X2 03 fevral 2024 tarixli arayışından müəyyən olunur ki, ləkənin aparılması hələ ki qeyri-müəyyəndir, ləkəni aparmaq üçün seanslar hər dəfə davam etdiriləcək, hər seansda 100-300 manat məbləğində ödənişlər olunur, bu 10 seans da ola bilər, 20 seans da ola bilər, belə olan halda vurulan ziyanın miqdarı 4000- 5000 manatdan çox ola bilər. Məhz buna görə də iddia ərizəsində dərinin əvvəlki vəziyyəti bərpa edilənə qədər çəkilən xərclərin əvəzinin ödənilməsi tələbi qoyulmuşdur. Lakin məhkəmə iddia tələbinin bu hissəsinə ümumiyyətlə münasibət bildirməmişdir. İddiaçı qətnamənin ləğv, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti əsasında onun bədənində “kriolipoliz” aparatı ilə lazer preseduru aparılmış, bu zaman dəri həssaslığı səbəbindən dəridə yanıq deyil, qızartılar yaranmışdır ki, bu da həssas dərili pasiyentlərdə baş verən hallardandır və qısa zaman ərzində sovrulub gedən bir qızartıdır. Lakin iddiaçı bunu səhhətinə vurulmuş ziyan kimi təqdim edərək, əsassız varlanmasına səbəb olan məhkəmə qətnaməsi çıxarılmasına nail olmuşdur. Məhkəmə qətnaməsini əsaslandırarkən istinad etdiyi sübutlar – yəni iddiaçı tərəfindən təqdim edilmiş qəbzlər də mötəbər sübut hesab edilə bilməz. Həmin ödəniş qəbzləri ilə iddiaçının ödəniş müqabilində hansı xidmətlərdən istifadə etməsi, bildirdiyi yalnıq izlərinin aparılması üçün zəruri prosedurların keçirilməsini təsdiq və sübut edə bilməmişdir. Həmin ödənişlərlə tibb müəssisəsində istənilən xidmətlərdən istifadə etmək mümkündür. Nəzərə alsaq ki, iddiaçını kosmetoloji xidmətlərdən mütamadi istifadə edən şəxsdir və bu ödəniş qəbzləri müqabilində onun digər xidmətlərdən istifadə etməsi istisnasızdır. Lakin məhkəmə bunu nəzərə almamış, tərəfimizdən məhkəmə baxışı zamanı qeyd edilməsinə baxmayaraq bu xüsusatı araşdırmamış, şübhəli məqamlar və sübutlar üzrə qətnamə qəbul etmişdir. Həmçinin, iddiaçının ona mənəvi zərərin dəyməsini də isbat edə bilməmişdir. Məhkəmə mənəvi zərəri təmin edərkən qətnaməsini ümumiyyətlə əsaslandırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
12. Cavabdeh isə məhkəmə kollegiyasının iclasında izahat verərkən özünün verdiyi apellyasiya şikayətinin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi.
13. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının və digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Cavabdeh qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
16. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı işdə iddia qismən təmin olunduğundan və qətnamə həm iddianın təmin olunan hissəsində, həm də rədd olunan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi və ləğvi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
19. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
20. Hazırkı işdə iddiaçı pul tələbini cavabdehlər tərəfindən ona maddi və mənəvi zərər vurulması ilə əsaslandıraraq, qeyd etmişdir ki, cavabdeh tərəfindən onun bədənində lazer proseduru aparılmış, bu zaman onun sağ ayağın bud nahiyəsinin aşağı 1/3 hissəsində uzunsov dairəvi yanıq izi əmələ gəlmişdir. O, 3000 manat məbləğində maddi zərərə məruz qaldığını bildirərək uğradığı zərərin əvəzinin ödənilməsini tələb edir.
21. Birinci instansiya məhkəməsi isə iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulmasının sübuta yetirildiyinə və iddiaçının zərərin aradan qaldırılmasına 910 manat vəsait sərf etdiyinə dair sübutları təqdim etdiyinə istinad edərək iddianı qismən təmin etmişdir. Məhkəmə qətnamə çıxararkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 verdiyi xx.xx.2024-cü il tarixli 67/KEŞ nömrəli məhkəmə-tibb ekspertizasının rəyinə əsaslanmışdır. Həmin rəydə qeyd olunur ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı hazırda onun sağ bud nahiyəsinin 1/3nin iç səthində uzunsov dairəvi yanıq izinin olduğu müəyyən edilmişdir ki, bu da qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni “kriolipoliz” aparatı ilə aparılmış prosedur zamanı baş vermişdir. Qeyd olunan prosedurlarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır.
22. Məhkəmə Kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız sayaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir.
23. Kollegiya ilk növbədə diqqətə çatdırır ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
24. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
25. Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin, o cümlədən mənəvi zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz.
26. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində zərərə məruz qaldığını təsdiq edən sübutları (ekspert rəyini və s.) məhkəməyə təqdim etmiş, Cavabdeh1 isə lazer prosedurundan sonra dəridə qızartının olmasının normal olduğunu bildirmişdir. Lakin göründüyü kimi, ekspert rəyi ilə bu hal qızartı deyil, yanıq izi kimi qiymətləndirilmiş, iş üzrə keçirilmiş ekspertiza nəticəsində iddiaçının bədənində yanıq xəsarətlərinin “kriolipoliz” aparatı ilə aparılmış prosedur zamanı baş verdiyi müəyyən olunmuşdur.
27. Cavabdeh apellyasiya şikayətində zərərin məbləği ilə razı olmadığını, ödəniş qəbzləri ilə iddiaçının ödəniş müqabilində hansı xidmətlərdən istifadə etməsi, bildirdiyi yanıq izlərinin müalicəsi üçün zəruri prosedurların keçirilməsini təsdiq və sübut edə bilmədiyini iddia etmişdir.
28. Halbuki, iddiaçının təqdim etdiyi “Çöhrə” estetik klinikasının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçı klinikaya müraciət etmiş, sağ ayağın bud nahiyəsində yanıqdan sonra qalan ləkənin müalicəsi üçün Q svitched ND YAG lazer proseduru təyin olunmuşdur. Ləkənin aparılması üçün təyin olunan seansların sayı qeyri-müəyyəndir. İddiaçı müalicəsi üçün xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə 180 manat, xx.xx.2024-cü ildə 180 manat, xx.xx.2024-cü ildə 150 manat olmaqla, cəmi 910 manat pul ödəmişdir.
29. Məhkəmə kollegiyası iddiaçının hələ çəkilməmiş xərclərin cavabdehdən tutulması tələbi ilə bağlı qeyd edir ki, həmin tələb qeyri-müəyyən olduğundan birinci instansiya məhkəməsi onu rədd etməkdə haqlı olmuşdur.
30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticənin MPM-nin 217-ci maddəsinin tələblərinə cavab verdiyini qeyd edir və həmin qətnaməni qanuni və əsaslı sayır.
31. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 12 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.