Məhkəmə qərarları › İş №2(103)-58/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-58/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-58/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlunun və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələblərinə dair iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-93/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-93/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 24.209.64 ABŞ Dolları məbləğində əsas kredit borcu, 9657,15 ABŞ Dolları məbləğində faiz borcu və 1000 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 34866,79 ABŞ Dolları (məhkəmə qətnaməsinin icra olunduğu günə olan manat məzənnəsi ilə) məbləğində borc pulun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən, Cavabdeh1 mülkiyyətindəki 0.0448 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin ilkin satış qiymətinin 45.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və cəmi 34866,79 ABŞ Dolları məbləğində borc pulun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, həmin torpaq sahəsinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin torpaq sahəsindən çıxarılmaları, torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət nəfinə keçirilməsi, ipoteka predmetinin satışından iddiaçıya olan borc tam ödənildikdən sonra artıq qalan məbləğin Cavabdeh1 qaytarılması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun banka qarşı qaldırdığı iddia üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırki iş üzrə icraatın dayandırılmasını və qətnamənin ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 İddiaçı QSC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək hazırki iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qərardadı ilə icraatın dayandırılmasına səbəb olan hal aradan qalxdığından iş üzrə icraat təzələnmiş və iş üzrə məhkəmə iclası 19 yanvar 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı QSC tərəfindən elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlanaraq, hazırki iş üzrə iddiadan imtina edildiyi bildirilməklə göstərilmişdir ki, cavabdeh tərəfindən banka olan borc sonradan əldə olunmuş razılaşmaya uyğun olaraq ödənilmişdir, buna görədə iddia tələblərindən imtina edilir və iddiadan imtinanın nəticələri aydındır. Qeyd olunanlara əsasən iddiadan imtinanın qəbul edilərək, iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iş materiallarını tədqiq edərək hesab edir ki, iddiadan imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı QSC-nin iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-93/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Birinci instansiya məhkəməsi zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat məbləğində vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət nəfinə keçirilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar