Məhkəmə qərarları › İş №2(103)-5801/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5801/2025

27.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5801/2025 27.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh QSC-yə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “ zərər” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1815/2025 saylı işi üzrə 11 avqust 2025-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Cavabdeh QSC-dən 690,12 manat zərərin və 30 manat hüquqi yardım üçün ödənilmiş pulun tutulması barədə iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1815/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus Toyota Prius markalı, ** AC *** dövlət nömrə nişanlı avtomobil hərəkətdə olduğu zaman xx.xx.2025-ci il tarixdə iddiaçıya məxsus olan Mercedes Benz markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, bundan sonra iddiaçının avtomobili qarşıda hərəkət olan digər avtomobilə dəymişdir. "xxxx" ASC tərəfindən 3915 manat zərər hesablanmış və 3224,88 manat ödəniş edilmişdir. Sığorta şirkətindən bildirmişdirlər ki, hadisə zamanı başqa bir avtomobilə də zərər dəydiyi üçün onlar tərəfindən mütənasiblik tətbiq edilir və bu səbədən ona 3224,88 manat ödəniş edilir. İddiaçıya dəymiş zərər tam bağlanmadığından qalan 690,12 manat zərər əvəzi də cavabdehdən tutulmalıdır. 2.Qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "N.Qədirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 dekabr 2017-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 220.5-ci maddəsinə istinadən qeyd edilmişdir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 "Call Center” QSCdə sürücü vəzifəsini yerinə yetirərkən QSC-yə məxsus nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək "Mercedes Benz C 180” markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilə və başqa bir avtomobilə zərər vurmuşdur. "Mercedes Benz C 180” markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3915 manat məbləğində qiymətləndirilmiş və həmin məbləğdən 3224,88 manat sığorta ödənişi avtomobilin sahibinə edilmiş, qalan məbləğ isə digər zərərçəkmişə ödənilmişdir. Sığorta şirkəti iki avtomobilə dəymiş zərəri mütənasib şəkildə qarşılayaraq 5000 manat məbləğində sığorta ödənişini tam ödəmişdir. Lakin iddiaçıya hadisə nəticəsində 3915 manat dəyərində zərər dəymişdir. Bu səbəbdən həmin məbləğdən sığorta şirkəti tərəfindən ödənilən məbləğ çıxılmaqla qalan 690,12 manat məbləğində zərərin əvəzi zərərvuran qismində cavabdehdən tutulmalıdır. Mercedes Benz C 180 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 olmasına baxmayaraq, hazırki iddiaçı sözügedən əmlaka dəymiş zərəri tələb etmək üçün subyektiv hüquqa malikdir. Belə ki, mülkiyyətçi D.Zeynalov sözügedən əmlaka dair İddiaçı sərəncam hüququnu verməklə eyni zamanda onun əmlakdan sahiblik və istifadə hüququnu da tanımışdır. 3.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki : - İXP 717089 inzibati xəta haqqında protokolun və TP ******* inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən, xx.xx.2025-ci il tarixdə Toyota Prius markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir; - xx.xx.2025-ci il tarixli sığorta aktında qeyd edilir ki, "Call Center” QSC-yə məxsus Toyota Prius markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığorta edilmişdir, "Mercedes Benz C 180” markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 3915 manat təşkil edir və 3224,88 manat mütənasib qaydada sığorta ödənişi zərərçəkmiş şəxs X3 hesabına köçürülmüşdür; - Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair 18 mart 2025-ci il tarixli etibarnaməyə əsasən X4 "Mercedes Benz C 180” markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilə dair sərəncam hüququnu İddiaçı etibar etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.Cavabdeh apellyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin2(009)-1815/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şikayətdə “Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.19-cu və 22.1.5.-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, iddiaçının özünün qeyd etdiyi məlumata əsasən dəymiş zərəri sığorta şirkətindən tələb etmiş lakin, pul ona tam ödənilməmişdir. Belə olan halda iddiaçı dəymiş zərəri MMC-dən deyil sığorta şirkətindən tələb etməlidir. Həmçinin bu zaman zərərin məhz iddia həcmdə olmasını sübut etməlidir. Bu isə öz növbəsində, Sığorta Şirkətini məsuliyyətə cəlb etmədən mümkün deyildir. Yəni ,Sığorta Şirkətinə məxsus məsuliyyət sübut olunmadan “Call Center" QSC-yə həvalə edilmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar 5.Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məcəllənin 10.8-1 və 394-1-ci maddələrinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Apellyasiya baxışının hədləri: 6.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80, 82, 119, 217.4, 385-390-cı maddələrinə istinadən qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün nəticəyə gəlinmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C 180” markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3915 manat məbləğində qiymətləndirilmiş və həmin məbləğdən 3224,88 manat sığorta ödənişi avtomobilin sahibinə edilmiş, qalan məbləğ isə digər zərərçəkmişə ödənilmişdir. İddiaçı haqlı olaraq sığorta şirkəti tərəfindən ödənilən məbləğ çıxılmaqla qalan 690,12 manat məbləğində zərərin əvəzinin zərərvuran qismində cavabdehdən tutulmasını tələb edir. Sığorta şirkəti tərəfindən mütənasiblik prinsipinə əməl edildiyindən və ümumi olaraq 5000 manat zərər qarşılandığından hazırkı mərhələdə iddiaçının yerdə qalan 690, 12 manat məbləği sığorta şirkətindən tələb etməsi üçün hər hansı əsas müəyyən edilmir.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 9.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Qərarı”nda qeyd edilir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. 10.Qeyd edilənlərdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci isə onu ödəyən şəxsə aid edilməlidir. 11.Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. 12.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1815/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar