Məhkəmə qərarları › İş №2(103)-5802/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5802/2020

04.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5802/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh X3 iştirakı ilə, Barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2009-cu il tarixli qərardadının ləğv olunması barədə İddiaçı ərizəsinin təmin olunmaması barədə həmin məhkəmənin xx xxxx 2020-ci il tarixli 2(006)-533/2009 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda X1 Aidə Mikayıl qızına qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2009-cu il tarixli 2(006)-233/2008 saylı qərardadı ilə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilərək mülki işin icraatına xitam verilmiş, X7 tərəfindən verilmiş razılığa əsasən Bakı şəhəri 5-ci mikrorayon A.Məhərrəmov küçəsi 44 saylı evin 29 saylı mənzilinin İddiaçı tərəfindən özəlləşdirilməsi və satılması, satışdan əldə edilmiş vəsaitin onunla X7 arasında bölünməsi qərara alınmışdır. xx xxxxxx 2020-ci il tarixdə həmin qərardaddan İddiaçı şikayət verərək cavabdeh X7 tərəfindən barışıq sazişinin şərtlərinə riayət olunmadığına görə qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, barışıq sazişi bağlayarkən aldadılmış, mənzilin qiyməti ilə bağlı ona yanlış məlumat verilmiş və onun mənzil ala biləcəyinə dair yalan vədlər verilmişdir. Hal-hazırda isə mənzilin çox ucuz qiymətə satılacağı məlum olmuş və mənzilin real olaraq satılması prosesinə başlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-533/2009 saylı qərardadı ilə barışıq sazişinin ləğv edilməsi barədə ərizə əsassız olduğundan rədd edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(006)-533/2009 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, X7 isə şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-533/2009 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2009-cu il tarixli 2(006)-233/2008 saylı qərardadı ilə İddiaçı cavabdeh X4 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair ilk, X3 İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə tərəflər arasında barışıq sazişi bağlanaraq mülki işin icraatına xitam verilmiş və tərəflərə eyni tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair məhkəməyə təkrar müraciət edilməsinə yol verilmədiyi və barışıq sazişi təqsdiqləndikdən sonra iş üzrə icraata xitam verilərkən onun nəticələri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. İş materiallarından da görünür ki, barışıq sazişini təsdiq edənə qədər məhkəmə tərəflərə müvafiq prosessual hərəkətlərin nəticələrini izah etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, barışıq sazişinə cavabdeh tərəfindən riayət edilməməsi məhkəmə tərəfindən iş üzrə icraata xitam verilməsi haqqında qərardadın ləğvi üçün əsas ola bilməz. Bu halda tərəflərdən biri qeyd olunan qərardadın məcburi icra olunması üçün müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Şikayətin dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-533/2009 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar