Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5803/2025 01.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı mülki iş (Açar sözlər: «maddi ziyanın ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı "xxxx" Elektrik Şəbəkə X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1609/2025 saylı, 28 avqust 2025ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: “Ford Fusion” markalı, 90NT006 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 adına qeydiyyata alınıb.
2. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “X9 və İşıqlandırması” MMC-nin direktoru H.Nağıyev, direktor müavini H.Məmmədov, baş mühasib R.Məmmədəlizadə, aparıcı mühəndisi F.Dadaşov, digər tərəfdə "xxxx" EŞM-nin baş mühəndisi M.Babayev, Yasamal TİR-nin rəisi Y.Əsədov, baş mühasib F.Əliyev və Texniki İstismar Xidmətinin rəisi K.Zeynalov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli akta əsasən Bakı şəhəri Yasamal rayonu, “Şəfayət Mehdiyev” küçəsinin 650 p/m hissəsində inşa edilmiş işıqlandırma sistemi (22 ədəd H9MT işıq dirəyi (2 konsol), 44 ədəd 250 Vt projektor və s. cəmi 48.977,98 manat) əvəzsiz olaraq "xxxx" EŞM-nin balansına təhvil verilib.
3. xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə saat 03.30 radələrində “Ford Fusion” markalı, 90NT006 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək Bakı şəhər İcra Hakimiyyətinin "xxxx" EŞMnə maddi zərər yetirmişdir. Hadisə nəticəsində Cavabdeh1 İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilib.
4. "xxxx" EŞM tərəfindən verilmiş smetaya əsasən Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində naməlum sürücünün idarə etdiyi “Ford” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş dirəyin bərpasına sərf olunan xərcləri: 1 ədəd H-9 m işıq dirəyi – 973 manat, 2 ədəd 250 vt projektor – 687 manat, cəmi 1660 manat təşkil etmişdir.
5. Bakı şəhər İcra Hakimiyyətinin "xxxx" X10 tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlığa əsasən "xxxx" ASC-də sığortalı olan “Ford Fusion” minik markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobili, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 idarə edən zaman idarə etməni itirərək Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X7 məxsus işıq dirəyi zərərə uğrayaraq sıradan çıxmışdır. Hadisə nəticəsində müəssisəyə 1660 manat məbləğində maddi ziyan dəymişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı qəbul edilmiş, Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı inzibati xəta haqqında protokol və xx.xx.2021-ci il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli şəxs “Ford Fusion” minik markalı, **- NT-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 tanınmışdır. Qeyd edilən nəqliyyat vasitəsinin sahibliyinin mülki məsuliyyətinin icbari sığortasının "xxxx" ASC-də sığortalandığını nəzərə alaraq və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsini rəhbər tutaraq Sığorta ödənişinin ödənilməsi məqsədi ilə tərəflərdən Cəmiyyətə 2021-ci il tarixdə müraciət məktubu göndərilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən Sığorta ödənişinin verilməsi və ya ödənişdən imtina edilməsi müddəti bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Lakin sənədlərin sığortaçıya təqdim edildiyi tarixdən 2 il 4 ay vaxt keçməsinə baxmayaraq qeyd edilən hadisə üzrə müəssisəyə hər hansı bir məlumat verilməmiş və sığorta ödənişi ödənilməmişdir. Qeyd olunanlardan göründüyü kimi "xxxx" X10 dəymiş zərəri tələb etmək hüququna malikdir. Bu səbəbdən də mübahisənin məhkəmədən kənar yolla həll olunması üçün vurulmuş maddi ziyana görə 1660 manat məbləğində pul vəsaitinin 5 gün müddətində "xxxx" X6 bank hesabına köçürülməsini xahiş edilmişdir. Əks halda qeyd olunan vəsaitin və hər gecikmiş gün üçün hesablanmış dəbbə pulunun tutulması üçün aidiyyəti məhkəmə orqanına müraciət ediləcək.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı "xxxx" X10 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1660 manat məbləğində maddi ziyanın müştərək qaydada cavabdehlərdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
7. İddiada göstərilib ki, hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə əvəzsiz olaraq "xxxx" X6 balansına verilib. Cavabdehlərə maddi ziyanın ödənilməsi üçün müraciət olunmuş, lakin onlar üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişlər. Həmçinin, sığorta ödənişinin ödənilməsi üçün Cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu ilə rəsmi qaydada müraciət də edilmişdir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1609/2025 saylı, 28 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakim Abdullayev Şahin) iddia tələbinin qismən təmin edilərək Cavabdeh1 vurulmuş maddi ziyanın əvəzi kimi "xxxx" X6 xeyrinə 1660 (min altı yüz altmış) manatın tutulması, Cavabdeh1 dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 36,60 (otuz altı manat, altmış qəpik) manat məbləğində pulun tutulması, iddia tələbinin Cavabdeh2 Sığorta Şirkəti ASC-yə münasibətdə əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə ilk növbədə hazırkı tələb üzrə Cavabdeh2 Sığorta Şirkəti ASC-nin cavabdehlik daşıması ilə bağlı iddiaçının dəlillərinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Qanunun tələblərindən aydın olduğu kimi sığorta ödənişi vermək öhdəliyinin yaranması üçün tərəflər arasında sığorta müqaviləsi bağlanılmalıdır. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hadisənin baş verdiyi xx.xx.2021-ci il tarixdə hadisəni törədən “Ford Fusion” minik markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən sığorta müqaviləsi bağlanılmamışdır. Hadisənin baş verdiyi xx.xx.2021-ci il tarixdə həmin avtomobil üzrə sığorta şirkəti ilə sığorta münasibətləri yaranmamışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı sığorta şirkətinin hər hansı öhdəliyi mövcud olmadığından, iddia tələbi Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı olan hissədə təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolla təsdiq edilmişdir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli hesab olunaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Mülki hüquq pozuntusu törətmiş Cavabdeh1 baş vermiş hadisədə təqsirli olması iş materiallarında olan sübutlarla tam təsdiq olunduğundan, iddiaçı hazırki tələblə ona qarşı iddia qaldırmaqda tam haqlı olmuşdur. Məhkəmə iclasında baş vermiş hadisə nəticəsində işıq dirəyinin yararsız vəziyyətə düşməsi səbəbilə dəymiş ziyanın 1660 manat olması müəyyən edildiyindən, həmin ziyanın ödənilməsinə məsul olan şəxs isə yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli olan nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 olduğundan, iddia tələbi Cavabdeh1 münasibətdə əsaslı hesab edilməli və təmin edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh1 apellyasiya şikayətində qətnamənin qismən təmin edilməsinə dair hissədə ləğv, iddianın isə həmin hissədə rədd edilməsini xahiş edib göstərir ki, Cavabdeh1 yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi Ford Fusion markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortlanmışdır. Bunu təsdiq edən PAT ********** saylı sığorta şəhadətnaməsidir. Həmin sığorta şəhadətnaməsinə diqqət yetirsə məlum olar ki, Ford Fusion markalı 3FA 6P 0HD6K R 1984b75 BAN nömrəli ** OU *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmışdır. Cavabdeh1 da xx.xx.2021-ci il tarixdə idarə etdiyi avtomobildə eyni BAN nömrəli avtomobildir (bunu təsdiq edən DYP-dən çıxarışları şikayətinə əlavə edir) sadəcə dövlət qeydiyyat nömrəsi dəyişib, sığorta müqaviləsi bağlananda ** OU *** olub, hadisə zamanı ** NT ***. Həmin sığorta şəhadətnaməsi də xx.xx.2021-ci il tarixə kimi qüvvədə olub. Yani hadisə zamanı avtomobilin sığortası olub. Belə olan təqdirdə ziyanı Atəşgah Sığorta qarşılamalıdır. Qeyd olunan amillərə məhkəmə qiymət verməyərək əsassız qərar qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında iddiaçı "xxxx" Elektrik Şəbəkə X2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi sonuncu məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
14. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Maddə 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Maddə 20.3. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Maddə 20.5. Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Maddə 20.6. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz. Maddə 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: - fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi yəni iddianın təmin olunduğu hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
22. Əvvəla, cavabdeh sığorta şirkətinə qarşı iddia tələbi rədd edilsə də, vəsatətlə məhkəməyə müraciət edərək zərərin müəyyən edilməsi üçün iş üzrə ekspertiza təyin edilməsini xahiş etməsi ona dəlalət edir ki, birinci instansiya məhkəməsinin ona münasibətdə gəldiyi qənaət düzgün olmayıb. Ancaq sığorta şirkətinə münasibətdə iddianın rədd edilməsini iddiaçı mübahisələndirmədiyindən, qətnamə yalnız cavabdehin mübahisələndirdiyi, yəni təmin edilən hissədə yoxlanılır. Demək ki, apellyasiya şikayəti üzrə qətnamənin yalnız iddianın təmin edilən hissəsi üzrə qərar qəbul edilə bilər.
23. Cavabdeh1 apellyasiya şikayətində qətnamənin qismən təmin edilməsinə dair hissədə ləğv, iddianın isə həmin hissədə rədd edilməsini xahiş etsə də bunun üçün qanuni əsas mövcud deyil. Çünki yol nəqliyyat hadisəsini törədərək iddiaçıya zərər vurması işin mübahisəsiz halıdır. Hadisə zamanı idarə etdiyi avtomobilin icbari sığorta olunması faktı həqiqi olsa belə, bu da heç nəyi dəyişmir. Başqa sözlə, nəqliyyat vasitəsinin sahibi kimi mülki məsuliyyəti icbari qaydada sığortalanmış olması şikayətinin əsaslı olduğuna dəlalət etmir. Çünki “İcbari Sığortalar haqqında” Qanunun 20.5-ci maddəsi zərərçəkən iddiaçıya onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilməsini nəzərdə tutub. İddiaçı da bu hüququndan istifadə edib və məhkəmə də iddiasını təmin edib.
24. O başqa məsələ ki, Cavabdeh1 həqiqətən hadisə baş verən zaman idarə etdiyi, sonradan dövlət qeydiyyat nişanını dəyişdirdiyi avtomobili icbari qaydada sığorta olunmuşdursa, demək ki, sığorta hadisəsi nəticəsində iddiaçının əmlakına vurulan zərərin əvəzini tam ödəyəcəyi halda “İcbari Sığortalar haqqında” Qanunun 20.6-cı maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində ona verəcək və verməlidir. Ona görə də hazırkı vəziyyətdə şikayətinin dəlilləri qətnaməni mübahisələndirdiyi hissədə ləğv etmək üçün əsas deyil.
25. Şərh olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1609/2025 saylı, 28 avqust 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1609/2025 saylı, 28 avqust 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.