Məhkəmə qərarları › İş №2(103)-5808/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5808/2021

02.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5808/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh Kamil oğluna qarşı “uşağa çəkilmiş xərcin əvəzinin ödənilməsi və aliment tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 mart 2021-ci il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı ayrılıqda verdikləri apellyasiya şikayətləri üzrə apellyasiya icraatının mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı irəli sürdüyü “uşağa çəkilmiş xərcin əvəzinin ödənilməsi və aliment tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında olmuş və məhkəmə qaydasında pozulmuş nikahdan olan uşağa görə çəkdiyi xərcin bir hissəsinin, yəni 5.617 manatın, habelə uşağın yetkinlik yaşına çatana kimi saxlanılması cavabdehin gəlirinin 1/4 hissəsinin və əlavə olaraq 500 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 04.03.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. İş üzrə tərəflər həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) ayrı ayrılıqda apellyasiya şikayətləri vermişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün olsa da, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 112.1.3-cü maddəsinin mənasına görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə iddianın qiyməti, alimentin bir il ərzində ödənilməli olan məcmusu 500 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1 və 8.1.2-ci maddəsinin mənasına görə, məhkəməyə iddia ərizəsi verilərkən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan qətnamədən apellyasiya şikayəti vermək istəyən cavabdeh, 15 manat dövlət rüsumu ödəmək vəzifəsi daşıyır. Çünki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinə görə isə, apellyasiya şikayəti verilərkən, ödənilməli olan dövlət rüsumunun məbləği, bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizini təşkil etməlidir. İş materiallarından isə görünür ki, apellyasiya şikayəti vermiş cavabdeh dövlət rüsumu ödəməmişdir. Apellyasiya şikayətinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. MPM-nin 363.1.2-ci maddəsinə görə, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətini qaytarmamış, onu mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından həmin apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Məhkəmə eyni zamanda iddiaçının apellyasiya şikayətini və mülki iş materiallarını nəzərdən keçirib, iddiaçının şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti MPM-nin tələblərinə uyğun olaraq tərtib edilmiş, apellyasiya şikayəti buna hüququ olan şəxs tərəfindən və qanunda nəzərdə tutulmuş müddətdə verilmişdir. Bu apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar vardır. MPM-nin 366-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda hesab edilməlidir ki, apellyasiya icraatı iddiaçının apellyasiya şikayətinə münasibətdə mümkün olsa da, cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyri-mümkündür. Apellyasiya cavabdehə münasibətdə qeyri-mümkün olduğundan hazırki işin apellyasiya baxışına təyin edilməsi hazırki mərhələdə mümkün deyil. Buna görə də, cavabdehin apellyasiya şikayətinin qaytarılması üçün iş Rayon Məhkəməsinə göndərilməli, bu qərardadda göstərilən nöqsan cavabdeh tərəfindən aradan qaldırıldıqdan sonra və yaxud nöqsan aradan qaldırılmadığı halda şikayətin qaytarılması barədə qərardad qanuni qüvvəsini aldıqdan sonra iş, iddiaçıya aid hissədə apellyasiya şikayətinə əsasən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Kamil oğluna qarşı “uşağa çəkilmiş xərcin əvəzinin ödənilməsi və aliment tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 mart 2021-ci il tarixli qətnaməsindən iş üzrə tərəflərin ayrıayrılıqda verdikləri apellyasiya şikayətləri üzrə apellyasiya icraatı cavabdehə aid hissədə qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin qaytarılması üçün mülki iş Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar