Məhkəmə qərarları › İş №2(103)-5810/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5810/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5810/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(011)-173/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: İş materiallarında olan AZ-İİ seriyalı 100142 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İddiaçı X3 arvadı olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qanun üzrı vərəsəlik hüququ haqqında şəhadətnamənin elektron çıxarışından görünür ki, İddiaçı X3 vərəsəsidir. X4 məhkəməyə müraciət edərək 2020-ci ilin may ayında vəfat etmiş əri X3 Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində çörək sexi işlədən Cavabdeh un məlumatlarını verdiyini, lakin Cavabdeh borclu qaldığı 60.000 manatın ona qaytarmadığını iddia etmişdir. İş materiallarında olan Xətai RPİ-nin 37-ci PŞ-nin xx.xx.2021-ci il tarixli qərarı ilə əməldə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və yaranmış mübahisəli məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüquqlarının olması və müraciətin formasının izah olunması qərarı verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 60000 manat əsas borcun, 3000 manat gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X6 ilə 1989-cu ilin iyun ayının 22-də Sabunçu rayonun qeydiyyat şöbəsində qeydiyyatdan keçməklə rəsmi ailə həyatı qurmuş, birgə nikahlarından iki uşaqları dünyaya gəlmiş, 27 may 2020-ci ildə həyat yoldaşı qəflətən dünyasını dəyişmişdir. Hazırda o, qanun üzrə vərəsədir, bu barədə ona şəhadətnamə də verilmişdir, yoldaşı təxminən 1990-cı illərdən un alıb satmaqla, çörək sexlərinə verməklə məşğul olmuş, evdə həmişə ona demişdir ki, NZS qəsəbəsində Cavabdeh 90.000 manat borcu vardır, onun NZS qəsəbəsindəki un sexinə vermişdir, lakin bu gün sabah edərək pulu ödəməkdən yayınmış, iş dəftərində də bu barədə qeyd olunmuşdur. Həyat yoldaşının müraciətindən sonra dəfələrlə pulu istəsə də, hər dəfə verəcəyini bildirərək, borcu qaytarmaqdan yayınmış, hətta onunla telefon danışıqlarında səsini də yazmış, bildirmişdir ki, həyat yoldaşına 90.000 manat yox, 68.575 manat borcu vardır və tez bir zamanda qaytaracaqdır O, məcbur olub Bakı şəhəri BPİ-nə şikayət ərizəsi yazmışdır. Belə ki, yoldaşı yaşadıqları evi Dəvəçi un dəyirmanına girov qoyaraq un götürüb paylamış, həmin vaxt dəyirmana 60000 manat borcu qalmışdır. Həmin borc hələ də qalmışdır. Baş Polis İdarəsində cavabdeh həmin borcdan 8000 manatı ödəmişdir, hazırda 60000 borcu qalmışdır, xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Xətai RPİ-nin 37-ci PŞ-nin “Cinayət işinin başlanılması haqqında” Qərar qəbul edilmiş, cavabdeh özü izahat verərək 60000 borcu olduğunu bildirmişdir. Bundan başqa cavabdeh borcu qaytarmağı gecikdirdiyi üçün həyat yoldaşının vəfat etməsindən sonra bir il üçün 60000 manat qalmış borcun 5 faizini vurduğu zərərə görə 3000 manat ödəməlidir. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının həyat yoldaşı ilə 14-15 il bundan əvvəl tanış olaraq iş birlikləri olmuşdur, müxtəlif vaxtlarda ona un məmulatı vermiş, o isə onun pulunu qaytarıb yeni un məmulatı almışdır, bir müddət keçdikdən sonra iddiaçı Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmiş, güya onun həyat yoldaşına 68.575 manat borcunun olmasını bildirmişdir, hətta izahatında bildirmişdir ki, onun yoldaşı ilə 10 il ticarət etmişdirlər, bundan sonra iddiaçı Polis Bölməsinə müraciət edərək, ondan 90.000 manat pul tələb etmişdir, bu zaman bölmədə təhqiqat aparılmış təhqiqat zamanı da bildirmişdir ki, iddiaçının həyat yoldaşı tərəfindən ona verilmiş un məmulatlarının istifadəyə yararsız olduğu səbəbindən vermiş olduğu un məmulatının böyük hissəsini iddiaçının yoldaşına İ.Təhməzova qaytarmışdır, həmin borcun bir hissəsini yəni 38.000 manatlıq hissəsində un məhsulunu İ.Təhməzovun özünə qaytarmışdır, 30.575 manat borcu qaldığını bildirmişdir, həmin borcdan iddiaçıya 8000 manat da qaytarmışdır, təhqiqat materiallarında açıq aşkar göstərilmişdir, hazırda ümumilikdə iddiaçının mərhum həyat yoldaşına 22575 manat borcu qalmışdır, yaxın zamanda da ona olan borcunu ödəməyə çalışacaqdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(011)-173/2022 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh əsas borc kimi 60000 manat, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 3000 manat faiz borcu, ümumilikdə 63000 (altmış üç min) manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 385.1, 427.2, 442, 443.1, 445.7, 448.1, 449.1, 449.4, 600.1, 600.4, 600.5, 739.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 107, 14.2, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandıraraq, belə nəticəyə gəlmişdir ki, cavabdeh əvvəllər İ.Təhməzovdan 68.575 manat məbləğində un məmulatı aldığını etiraf etdiyindən, bundan geri qaytarmalar və ya ödənişlərin aparılması barədə hallara dair də sübutetmə vəzifəsi daşıyır. Lakin iş materiallarına bununla bağlı sübutlar əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. İddia tələbinin “illik 5 faiz olmaqla 3000 manat məbləğinin ödənilməsi” hissəsinə münasibətdə isə qeyd etmişdir ki, borc məbləği xx.xx.2020-ci il tarixdən əvvəl yarandığından və bu məbləğ iddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxta qədər ödənilmədiyindən, o, “gecikdirilmiş vaxt üzrə illik faiz tutulması” barədə tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, həmin məbləğin həddinə münasibətdə isə qeyd etmişdir ki, gecikdirilmiş müddət dövrü 1 ildən çox olmasına baxmayaraq, iddiaçının tələb etdiyi faiz məbləği “60000 manat borc məbləğinin illik 5%-ni təşkil edən 3000 manat” həddində olduğundan, bu məbləğin gecikdirilmiş vaxt üzrə faiz borcu kimi müəyyən olunması da mümkündür. Apellyasiya instansiyası məhkəməsində icraat Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki: -cavabdeh iddiaçıya 38600 manat borcdan 14800 manat qaytarmış və qalan məbləği də qaytaracağını bildirərək öhdəliyin icrasından qərəzli olaraq boyun qaçırmamışdır. -60.000 manat məbləğə münasibətdə borc müqaviləsi olmamış, bu norma yalnış tətbiq edilmiş, borc müqaviləsi üzrə 22575 manat borc qalmışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Son məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X4 apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin bütövlükdə yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasəн, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etməsə də, məhkəməyə təqdim etdiyi etirazında iddianı tam qəbul etməyərək göstərmişdir ki, iddiaçının həyat yoldaşı tərəfindən ona verilmiş un məmulatlarının istifadəyə yararsız olduğu səbəbindən vermiş olduğu un məmulatının böyük hissəsini iddiaçının yoldaşına İ.Təhməzova qaytarmışdır, həmin borcun bir hissəsini yəni 38000 manatlıq hissəsində un məhsulunu İ.Təhməzovun özünə qaytarmışdır, 30.575 manat borcu qaldığını bildirmişdir, həmin borcdan iddiaçıya 8000 manat da qaytarmışdır, təhqiqat materiallarında açıq aşkar göstərilmişdir, hazırda ümumilikdə iddiaçının mərhum həyat yoldaşına 22.575 manat borcu qalmışdır, yaxın zamanda da ona olan borcunu ödəməyə çalışacaqdır. Apellyasiya şikayətinin dəlilərinə əsasən məhkəmə cavabdehin ididaçıdan aldığı 38600 manatın 14800 manatını ödəməsini, qalıq məbləğin ödənilməsindən boyun qaçırmamasını, iddiaçıya 60.000 manat məbləğində borc olmamasını, iddiaçı tərəfin iddia tələbinin əsasını təşkil etdiyi borc məbləğinin ödənilməməsini sübuta yetirə bilməməsinə diqqət yetirməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, iş üzrə üzrə tam və hərtərəfli araşdırma aparılması məqsədi ilə Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı X7 09 mart 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının məzmunu ilə kifayətlənməyərək iş üzrə toplanmış 1 saylı HK-da 377 sayla qeydiyyata alınmış materialı sorğu ilə təlsb etmiş və təqdim olanun material kollegiya tərəfindən ətraflı araşdırılaraq müəyyən edilmişdir ki, cavabdeh izahatında iddiaçının ərini 14 ildən çox müddətə un satıcısı kimi tanıdığını, ona 68.575 manat pul borclu olduğunu etiraf etmiş və həmin məbləğdən 8000 manat ödəmiş və bu məbləğ iddiaçı tərəfindən təhvil alınmışdır. İş üzrə tədqiqat aparılan zaman Cavabdeh tərəfindən iddiaçıya əlavə hər hansı məbləğdə ödəniş edilməmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində və məhkəmə kollegiyasının iclaslarında araşdırma zamanı borc məbləğinin düzgün hesablanmadığını, borcunun məbləğinin 22.575 manat təşkil etdiyini bildirsə də, bu barədə hər hansı sübut təqdim etməmiş və iş üzrə tədqiq edilmiş sübutların mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə və cavabdehin dəlillərinə münasibətdə düzgün olaraq bu qənaətə gəlmişdir ki, cavabdeh əvvəllər İ.Təhməzovdan 68.575 manat məbləğində un məmulatı aldığını etiraf etdiyindən, bundan geri qaytarmalar və ya ödənişlərin aparılması barədə hallara dair də sübutetmə vəzifəsi daşıyır. Lakin iş materiallarına bununla bağlı sübutlar əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdı. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidi Başqa sözlə, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Kollegiya qeyd edir ki, Xətai RPİ-nin 37-ci PŞ-nin təqdim etdiyi 1 saylı HK-da 377 sayla qeydiyyata alınmış materiala əlavə edilmiş cavabdehin iddiaçı ilə aralarında olan səs yazısı koçürülmüş disk dinlənilmiş, məlum olmuşdur ki, cavabdeh iddia olunan məbləği bir daha etiraf etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin “illik 5 faiz olmaqla 3000 manat məbləğinin ödənilməsi” hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə də razılaşır. Belə ki, borc məbləği xx.xx.2020-ci il tarixdən əvvəl yarandığından və bu məbləğ iddiaçıya xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxta qədər ödənilmədiyindən, o, “gecikdirilmiş vaxt üzrə illik faiz tutulması” barədə tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Gecikdirilmiş müddət dövrü 1 ildən çox olmasına baxmayaraq, iddiaçının tələb etdiyi faiz məbləği “60.000 manat borc məbləğinin illik 5%-ni təşkil edən 3.000 manat” həddində olduğundan, bu məbləğin gecikdirilmiş vaxt üzrə faiz borcu kimi müəyyən olunması da mümkündür. Apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almaqla, mübahisəni tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(011)-173/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar