Məhkəmə qərarları › İş №2(103)-5810/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5810/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5810/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin mübahisələndirilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun mübahisələndirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin mübahisələndirilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(011)-136/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış 30 iyul 2021-ci il tarixli, GL/0xx/xx/277929 nömrəli kredit və girov müqaviləsindən görünür ki, Cavabdeh QSC tərəfindən İddiaçı illik 26 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 12827 ABŞ dolları məbləğdə kredit verilmişdir. Öhdəliyin təminatı olaraq 30 iyul 2021-ci il tarixli zərgər aktı ilə təsdiq edilmiş, dəyəri 8228 ABŞ dolları qiymətləndirilmiş, İddiaçı mülkiyyətində olan qiymətli metallar girov predmeti olaraq kreditor – girov saxlayanın sahibliyinə verilmişdir.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 fevral 2023-cü il tarixli, 9/8932 nömrəli ekspert rəyinə əsasən İddiaçı cavabdeh qarşısında 03 avqust 2022-ci il tarixinə icra edilməmiş 12827 ABŞ dolları əsas, 1365,30 ABŞ dolları faiz borcu qalmışdır.

3. Şahid qismində dindirilmiş Şahid izahatında göstərmişdir ki, istinad olunan girov qoyulmuş əmlaklar satılmamış, hazırda da cavabdeh təşkilatın balansında qalmaqdadır. İddiaçı tərəfindən ödəniş ediləcəyi təqdirdə cavabdeh təşkilat ona qızılları qaytarmağa hazırdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-nin iddiaçıya hesabladığı, yəni qanunsuz olaraq ondan tutmaq istədiyi artıq pulların silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə 30 iyun 2022-ci il tarixə qədər iddiaçının heç bir gecikməsi olmamışdır. Həmin tarixdə aldığı krediti tam bağlamaq üçün Cavabdeh QSC-nə yaxınlaşarkən, onlar iddiaçıdan pulu götürməmişlər. İddiaçı pulu ödəmək istədiyini israrla bildirsə də, Cavabdeh QSC müxtəlif bəhanələr gətirərək iddiaçıdan bütöv pulu almamışlar. Bir müddət keçəndən sonra iddiaçıya Cavabdeh QSC tərəfindən bildirilmişdir ki, onun cavabdehə 26000 manat borcu vardır.

6. İddiaçı iddia ərizəsinə əlavə ilə müraciət edərək, Cavabdeh QSC-də girov predmeti olan ümumi çəkisi 25.7 qr, xalis çəkisi 25.7 qr olan 3 ədəd 875 prob 10-luq qızıl qəpik, ümumi çəkisi 17.72 qr, xalis çəkisi 17.32 qr olan 3 ədəd 875 prob kulon, ümumi çəkisi 13.46 qr, xalis çəkisi 13.46 qr olan 2 ədəd 875 prob üzük, ümumi çəkisi 10 qr, xalis çəkisi 10 qr olan 1 ədəd 875 prob qolbaq, ümumi çəkisi 59.32 qr, xalis çəkisi 54.32 qr olan 2 ədəd 750 prob boyunbağı, ümumi çəkisi 73.30 qr, xalis çəkisi 72.30 qr olan 3 ədəd 750 prob kulon, ümumi çəkisi 19.8 qr, xalis çəkisi 16.6 qr olan 1 ədəd 583 prob ağlı komplekt, ümumi çəkisi 15.06 qr, xalis çəkisi 15.06 qr olan 1 ədəd 750 prob üzük ağlı, ümumi çəkisi 14.90 qr, xalis çəkisi 14.10 qr olan 1 ədəd 750 prob sırğa ağlı, ümumi çəkisi 8.7 qr, xalis çəkisi 8.7 qr olan 1 ədəd 750 prob sırğa, ümumi çəkisi 26.23 qr, xalis çəkisi 22.23 qr olan 2 ədəd 585 prob üzük, ümumi çəkisi 196 qr, xalis çəkisi 50 qr olan 1 ədəd 750 prob saat zinət əşyalarının iddiaçıya geri qaytarılması və yaxud cavabdeh zinət əşyalarını qaytara bilməyəcəyi təqdirdə, zinət əşyalarının bazar dəyəri hesablanaraq pul məbləği şəklində iddiaçıya geri qaytarılması, 10000 manat mənəvi zərər və iddia ərizəsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, cavabdeh özbaşınalıq edərək iddiaçını təzyiqlərə məruz qoyaraq qanunazidd hərəkətlər və hərəkətsizliklər edərək qızıl əşyalarını satdığına görə, iddiaçını aldadaraq 5600 ABŞ dolları pul tələb etdiyinə görə barəsində xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(011)- 136/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmə qızılların qaytarılması tələbinə münasibətdə qeyd etmişdir ki, qızıllar müqavilənin təminatı olaraq girov qoyulmuşlar və onların qaytarılması yalnız əsas öhdəliyin icra edilməsi nəticəsində mümkün ola bilər. Beləliklə hazırkı mərhələdə İddiaçı cavabdeh təşkilata olan 12827 ABŞ dolları əsas, 1365,30 ABŞ dolları faiz borcunu ödəmədən qızılların ona qaytarılması mümkünsüzdür. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyana görə 10000 manat pulun cavabdehdən onun xeyrinə tutulması hissəsinə qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, iddiaçı məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 158, 269, 448.1, 739-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Şikayətinin dəlillərinə görə, 16 avqust 2022-ci il tarixdə onun xəbəri olmadan girov qoyulmuş qızıl əşyaları hərrac yolu ilə zərgər Hacıyev Rəşada 25575 manat (15022 ABŞ dolları) məbləğinə satılaraq borca yönəldilməsinə, əsas faiz cərimə borc ardıcıllığı ilə silinərək qalıq cərimə iki aylıq faiz və iki qat faiz borc bağışlanmaqla kredit bağlanaraq girovdan azad edilməsinə dair qızılın satış qərarı verilmişdir. Hansı ki, 20 avqust 2022-ci il tarixə qədər ona möhlət vermişdilər. Onunla cavabdeh arasında olan anlaşılmazlıq, cavabdehin ona artıq ödənişlərin yükləməsidir, yəni qızıl əşyalarımın satılması ilə məni qorxudaraq artıq ödənişləri ona ödətdirmək olmuşdur. Bu məsələni məhkəmədə mübahisələndirmək istəyərkən, cavabdeh məhkəmə gedişatında onun girovunda olan ziynət əşyalarımı satmış, ondan qanunsuz olaraq tələb etdiyi 5600 ABŞ dollarının adını belə çəkmədən kredit borcumun bağlanmasına qərar vermişdir. Girov predmetinin satılması haqqında cavabdeh məhkəməyə bildiriş təqdim etmişdir. Guya həmin bildirişi ona göndərmişdir. Bildiriş hansı tarixdə yazılması barədə heç bir tarix göstərilməmiş və uydurma kuryer qəbzini də əlavə edərək göstərirlər ki, giya kuryerlə bu bildirişi ona göndərmişlər. Hansı ki, belə bildirişlər ilk öncə poçt vasitəsi ilə göndərilməli, əgər məktub geri qaytarılarsa onda kuryer vasitəsi ilə göndərilməlidir. Onun telefon nömrəsi cavabdehdə olduğu halda onun kuryerin gətirdiyi məktubu almaması anlaşılmazdır. Cavabdeh bütün bu olanları ondan gizlətmiş, heç bir zaman ona yazılı qaydada hesabat təqdim etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13.Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir; Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir; Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edildiyindən məhkəmə aktı apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

19. İşdən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında 30 iyul 2021-ci il tarixdə kredit və girov müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə 12827 ABŞ dolları məbləğdə kredit verilmiş, öhdəliyin təminatı olaraq cavabdehin mülkiyyətində olan qiymətli metallar girov predmeti olaraq girov saxlayanın sahibliyinə verilmişdir.

20. İddiaçı tələbinin əsası kimi 30 iyun 2022-ci il tarixə kimi heç bir gecikməsinin olmadığını bildirmiş, apellyasiya şikayətində isə girov predmeti əmlakların onun xəbəri olmadan satılması, eyni zamanda cavabdehin ona artıq ödənişlər hesablaması ilə bağlı dəlillər irəli sürmüşdür.

21. İlk növbədə tərəflər arasında olan həqiqi münasibətlər, tərəflər arasında olan müqavilələrin həqiqi məzmunu məsələyə hansı maddi hüquq normasının tətbiqi baxımından və eləcədə mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Elə buna görə də, cavabdeh təşkilatın hansı fəaliyyət növü ilə məşğul olması müəyyənləşdirilməli, daha sonra mübahisəyə mahiyyəti üzrə qiymət verilməlidir.

23. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2(103)-1341/2022 nömrəli qərardadından görünür ki, yuxarı məhkəmənin göstərişi əsasında aparılmış araşdırma nəticəsində Cavabdeh QSC-nin fəaliyyət istiqamətinin lombard fəaliyyəti olduğu müəyyən edilmişdir.

24. Bu istiqamətdə araşdırma aparan kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçının dəlillərinin heç biri əsaslı sayıla bilməz.

25. Belə ki, işdən görünür ki, iddiaçının tələblərinin birincisi girov predmeti olan əmlakların qaytarılması barədədir ki, bu tələb iddiaçının cavabdeh qarşısında öz üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmədiyinə görə təmin edilə bilməz. Nəzərə alınmalıdır ki, bu fakt, yəni iddiaçının öhdəliyini icra etməyərək, borc məbləğini cavabdeh təşkilata qaytarmaması mübahisəsizdir. İddiaçı şikayətində borun məbləğini mübahisələndirsə də, iş materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən mötəbər sübut kimi qəbul edimiş ekspert rəyi ilə borcun məbləği dəqiq müəyyənləşdirilmişdir.

26. Belə olan halda, iddiaçının girov predmeti əmlakların geri qaytarılması barədə tələbinin təmin olunması üçün qanuni əsas mövcud olmur. İddiaçının qeyd etdiyi kimi girov predmeti əmlakların onun xəbəri olmadan satılması halı mövcud olsa belə, nə qədər ki, icra edilməmiş öhdəlik mövcuddur, sonuncunun belə məlumatsızlığı hazırkı tələbin qanuni əsasını yaratmır.

27. İddiaçının bu tələbi əsaslı olmadığından, əsas müqəddəratı bu tələbdən asılı olan mənəvi zərərin tutulması və cavabdehin barəsində xüsusi qərarın çıxarılması barədə tələbləri təmin oluna bilməz. Belə ki, hazırkı iş üzrə cavabdehin iddiaçıya münasibətdə hər hansı qanunazidd hərəkəti müəyyən olunmur.

28. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

29. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel il tarixli, 2(011)-136/2023 nömrəli nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri qətnaməsi 12 aprel 2023-cü il tarixli, 2(011)-136/2023 nömrəli dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar