Məhkəmə qərarları › İş №2(103)-5813/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5813/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5813/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin ləğv edilməsi və kreditin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilənin ləğv edilməsi və kreditin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən borcalan - Cavabdeh1 Bankdan 60 ay müddətinə, xx.xx.2021-ci ilədək qaytarmaq və illik 10 % ödəmək şərti ilə aldığı 7040 USD krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2019cu il tarixə ödənilməsi gecikdirilən borcun məbləği: a) əsas borc üzrə 3.880,71 USD; b) faizlər üzrə 00,00 USD; c) cərimə üzrə 00,00 USD təşkil edir. Borcalan və bankla bağladığı xx.xx.2016-cı il tarixli zaminlik müqavilələrinə əsasən onun öhdəliyinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüş zaminlər Cavabdeh2 və Cavabdeh3 dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxma-yaraq, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Göstərilənlərə əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 002CASA163160009 №-li kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 3880,71 ABŞ dolları əsas kredit borcunun və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 348/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 002CASA163160009 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə əsas kredit borcu üzrə 3880 (üç min səkkiz yüz səksən) ABŞ dolları 71 (yetmiş bir) sent (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaitinin tutulması, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-348/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qeyd edilən qətnaməni maddi və prossessual hüquq normalarının pozulması ilə çıxarmışdır. Məhkəmə iclası onun iştirakı olmadan keçirilmiş, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmamışdır. Bununla da, cavabdehin hüquqları pozularaq iddiaya dair etirazını təqdim etmək imkanından məhrum olunmuşdur. O, həqiqətən də kredit götürdüyünü və ilkin olaraq kreditin manatla verildiyini, kredit üzrə öhdəliklərini yerinə yetirəndən bir müddət sonra banka müraciət edərək, kreditin ödənilməsində çətinlik çəkdiyini bildirmiş, müqavilənin müddətin uzadılması və nəticədə aylıq ödənişin azaldılmasını xahiş etmişdir. Bank onun təklifinə əsasən götürdüyü manat məbləğini dollara çevirmiş və faizləri də üstünə gəlib cədvəl tərtib edərək 2017-ci ilədək ödəmə müddətini uzatmışdır. Cədvəl üzrə ödənişlər aparmış, lakin ölkədə baş verən hadisələr, manatın dollara nisbətdə 35% ucuzlaşması çox çətin vəziyyət yaratmış və nəticədə 2015-ci ilin iyul ayından ödəmə apara bilməmiş, öhdəliklərin köhnə kursla manatla qəbul edilməsini xahiş etsə də, bank bundan imtina etmişdir. Ödəmələri 2015-ci ilin iyul ayına kimi tam, iyuldan sonra hissə- hissə ödəmişdir. Borcun düzgün hesablanması üçün ekspertiza təyin edilməsini və ödənişin dolların bahalaşmadan öncəki manata məzənnəsi ilə aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, 002CASA********** saylı xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 10% ilə 7040 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehlər Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 002FİZAM40010603 saylı xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi və Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 002FİZAM40011803 saylı xx.xx.2016-cı il tarixli zaminlik müqavilələrinə əsasən Cavabdeh3 və Cavabdeh2 borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə, onun bank qarşısında əsas borc üzrə 3880.71 ABŞ dolları məbləğində borcu yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmasıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir. Belə ki, Cavabdeh1 məhkəmə iclasında onun iştirakının təmin olunmamasını qeyd etsə də, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən onun rəsmi qeydiyyatda olduğu ünvana məhkəmə bildirişləri göndərilmişdir. Bundan əlavə o, məhkəmə bildirişini şəxsən imzalayaraq digər cavabdehlərə də təqdim edəcəyini qeyd etmiş və məhkəmə iclasında iştirak etmişdir. Bundan başqa cavabdeh apelyasiya şikayətində borcun düz hesablanmadığını, ekspertiza keçirilməsini xahiş etmiş, lakin irəli sürdüyü dəlilini təsdiq edən hər hansı sübutu (onun tərəfindən ödənilmiş və nəzərə alınmayan ödənişin edilməsini təsdiq edən maliyyə sənədlərini, alternativ mühasibatlıq sənədlərini və s.) məhkəməyə təqdim etməmiş, göstərdlikləri halları əsaslandırmamışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 348/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar