Məhkəmə qərarları › İş №2(103)-5813/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5813/2022

01.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5813/2022 01.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: alimentin artırılması, yaşayış minumumu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X5, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Cavabdeh ilə İddiaçı 2006-cı ildə ailə həyataı qurmuş, nikahları xx.xx.2011ci il tarixdə Masallı rayon İcra Hakimiyyəti başçısının Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydə alınmış (rəsmiləşdirilmiş), nikahlarından (birgə yaşayışlarından) xx.xx.2007-ci il tarixdə Barat, xx.xx.2010-cu il tarixdə Eldəniz adını verdikləri uşaqları dünyaya gəlmişdir.

2. Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş, bu barədə Masallı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə qeydiyyat aparılmış, Susana Quliyevaya nikah pozulduqdan sonra “Ağayeva” soyadı verilmişdir.

3. Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa görə ayda 95 manat olmaqla cəmi 190 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir.

4. Masallı Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qətnaməsi ilə 15 aprel 2007-ci il təvəllüdlü X8 və 23 may 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 15 aprel 2007-ci il təvəllüdlü X8 və 23 may 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində alimentin, xx.xx.2010-cu il təvəllüdlü X1 ilə bağlı əlavə xərclərə görə hər ay 100 manatın tutularaq X9 ödənilməsi qət olunmuşdur.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin məhkəmənin 15 aprel 2019-cu il tarixli qətnaməsi əsasında müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 15 aprel 2007-ci il təvəllüdlü X8 və 23 may 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir.

7. Hazırda cavabdeh hər ay iddiaçıya ümumilikdə 450 manat məbləğində aliment ödəyir.

8. Masallı regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı 654089 №-li doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.2021-ci il təvəllüdlü X2 rayonunda anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında isə X12 qeyd edilmişdir.

9. Masallı regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 483527 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən, Cavabdeh ilə X7 nikahı xx.xx.2022-ci il tarixdə, nikahın bağlanması haqqında akt qeydləri kitabında 240 № ilə qeydə alınmışdır. Həbibə Məmmədovaya nikahdan sonra Quliyeva soyadı verilmişdir.

10. Masallı rayon icra hakimiyyəti başçısının Birinci Səmidxan kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X4 rayonunun Ətcələr kəndində yaşayır.

11. Masallı rayon Təhsil şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X13 2021-2022-ci tədris ilində Mərdan İbayev adına Səmidxan kənd orta məktəbin V sinfində təhslini davam etdirir.

a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

12. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə nikahlarından olan uşaqları - xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarının artırılaraq hər ay hər uşağa görə 193 manat olmaqla müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2006-cı il tarixdə faktiki ailə münasibətlərinə daxil olmuş, nikahdan kənar xx.xx.2007-ci il təvəllüdlü X18 və xx.xx.2010-cu il təvəllüdlü X13 adlı uşaqları anadan olmuş, sonradan xx.xx.2011-ci il tarixdə - nikahları Masallı rayon İHB-nın Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydə alınmışdır. Əvvəllər ailə münasibətləri normal olsa da, sonradan xasiyyətləri uyğun gəlmədiyindən Masallı Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, aliment tələbi əsasında Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa görə ayda 95 manat olmaqla cəmi 190 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X18 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa görə ayda 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin qət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa görə ayda 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində alimentin, xx.xx.2010-cu il təvəllüdlü X1 ilə bağlı əlavə xərclərə görə hər ay 100 manatın, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa görə ayda 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin Cavabdeh tərəfindən ödənilən aliment xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X6 tələbatlarının ödənilməsi üçün kifayət etmir. Həmçinin son illərdə ölkə üzrə yetkinlik yaşına çatmayanların yaşayış minimumu da artırılmışdır. Uşaqların maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir.

14. Cavabdeh iddianı qəbul etməmiş, izahatında göstərmişdir ki, uşaqlarının saxlanılmaları üçün qətnamə ilə müəyyən edilmiş aliment məbləğini hər ay gecikdirmə olmadan ödəmişdir. X3 adlı qadınla ailə həyatı qurmuş və xx.xx.2021-ci il təvəllüdlü Nuray adlı uşaqları anadan olmuşdur. Gəlirləri aşağıdır, gəlirlərində heç bir artım yoxdur, məhkəmə qətnamələri ilə müəyyənləşdirilən 450 manat məbləğində alimenti iddiaçıya böyük çətinliklə ödəyə bilir və bundan artıq alimentin ödənilməsinə heç bir imkanı yoxdur. Eyni zamanda uşaqları Barat və Eldənizin Masallı rayonunda yaşadıqlarının nəzərə alınmasını xahiş etmişdir.

15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

16. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. ...İdiaçı əvvəllər müəyyənləşdirilmiş alimentin uşağın tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla alimentin miqdarının artırılmasını tələb etsə də, tərəfindən cavabdehin maddi vəziyyətində dəyişilik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin avtomobil alveri ilə məşğul olaraq kifayət qədər qazanc əldə etməsi iddiaçının izahatından başqa hər hansı digər sübutla təsdiq olunmamışdır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, təkcə bu müddət ərzində uşaqlar üçün yaşayış minimumunun artması alimentin artırılması üçün əsas ola bilməz, bunun üçün qanunda göstərilən paralel əsaslar da olmalıdır. İddiaçı alimentin miqdarının Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən etdiyi məbləğdən (hər uşaq üçün 175 manat) daha artıq təyin olunması istiqamətində məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, dəlillərini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Bunun əksinə olaraq, Cavabdeh məhkəməyə təqdim etdiyi sənədlərin surətlərindən görünür ki, o, yeni ailə qurmuş və xx.xx.2021-ci il təvəllüdlü X15 övladı anadan olmuşdur.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahından anadan olmuş 23 may 2010-cu il təvəllüdlü X6 Masallı rayonunda yaşaması və təhsil alması, rayon üzrə həyat standartları, yaşayış səviyyəsi və istehlak qiymətləri, həmçinin onun saxlanılması ilə bağlı əlavə xərclərə görə cavabdehdən hər ay 100 manat pulun tutulması, habelə cavabdehin ikinci nikahdan da azyaşlı uşağının saxlanması kimi vəzifəsinin olması nəzərə alınmalıdır.

18. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Mülki Prosessual Məcəllənin 233.4-cü, Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü, 78-ci və 112-ci maddələrinə istinad etmişdir.

19. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək onun ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmiş, şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün qiymət vermədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəs edən halları aydınlaşdırmadığı, işin hallarına uyğun gəlməyən qərar çıxardığı irəli sürülmüşdür.

b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

20. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə edərək və Cavabdeh avtomobil alveri ilə məşğul olmaqla kifayət qədər gəlir əldə etdiyini bildirməklə şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

21. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

22. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

23. Maddə 78.1 və 78.2. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

24. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Qanun

25. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

“Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanun

26. Maddə 1. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

38. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

39. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

40. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir (§ 24).

41. Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

42. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü bu hal təkbaşına alimentin məbləğinin artırılması üçün əsas ola bilməz; çünkü alimentin 175 manat həcmində müəyyənləşdirilməsi ilə bağlı yuxarıda qeyd olunan qətnamənin çıxarılmasından sonrakı dövrdə cavabdehin maddi vəziyyətində alimentin məbləğinin artırılmasına əsas verəcək dəyişiklik olduğu müəyyən olunmamış, iddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmişdur. Eyni zamanda, birinci instansiya məhkəməsinin də vurğuladığı kimi, tərəflərin birgə nikahından anadan olmuş 23 may 2010-cu il təvəllüdlü X6 Masallı rayonunda yaşaması və təhsil alması, rayon üzrə həyat standartları, yaşayış səviyyəsi və istehlak qiymətləri, həmçinin onun saxlanılması ilə bağlı əlavə xərclərə görə cavabdehdən hər ay 100 manat pulun tutulması, habelə cavabdehin ikinci nikahdan da azyaşlı uşağının saxlanması kimi vəzifəsinin olması nəzərə alınmalıdır.

43. Göstərilənlərə əsasən kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü hallar, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində baş vermiş və müvafiq olaraq alimentin miqdarının artırılmasını zəruri edən dəyişiklik kimi qəbul edilə bilməz. Qeyd olunmalıdır ki, Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun müəyyən olunmuş miqdarının dəyişdirilməsi zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir.

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2161/2022 saylı iş üzrə 24 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar