Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5815/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-1234/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 0084072AZN18894 saylı maliyyələşdirmə üçün ərizə üzrə 421.51 (dörd yüz iyirmi bir manat əlli bir qəpik) manat əsas borc, 102.48 (bir yüz iki manat, qırx səkkiz qəpik) manat faiz borcu, 665.27 (altı yüz altmış beş manat iyirmi yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 1189.26 (bir min yüz səksən doqquz manat iyirmi altı qəpik) manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumunun İddiaçı ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Nizami Rayon Məhkəməsinin 2(007)-1234/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli 0084072AZN18894 saylı maliyələşdirmə üçün ərizə üzrə 421,51 manat əsas borc, 102,48 manat faiz borcu, 30 manat cərimə borcu olmaqla ümumilikdə 553,99 manat vəsait və dövlət rüsumuna görə ödənilmiş 32 manat vəsaitin əvəzinin tutulması qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
3. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, cərimə məbləğinin 30 manat müəyyən edilməsi mütənasib olmamamışdır, bu səbəbdən, qətnamənin cərimə borcunun tutulmaı hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmiş, yalnız iddiaçı elektron kabinet vasitəsi ilə ərizə göndərərək, işə onun iştirakı olmadan baxaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
6. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 0084072AZN18894 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 180% olmaqla 500 (dörd min) manat məbləğdə işçi krediti verilmişdir.
7. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 0084072AZN18894 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2021-ci il tarixinə 421.51 (dörd yüz iyirmi bir manat əlli bir qəpik) manat əsas borc, 102.48 (bir yüz iki manat, qırx səkkiz qəpik) manat faiz borcu, 665.27 (altı yüz altmış beş manat iyirmi yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 1189.26 (bir min yüz səksən doqquz manat iyirmi altı qəpik) manat məbləğində borcu vardır. Hüquqi dəyərləndirmə:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən yalnız cərimə borcuna dair hissədə yoxlayır.
9. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
10. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
11. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 442-ci və 448.1-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
13. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir.
14. İddiaçının apellyasiya şikayətinin əsas dəlili rayon məhkəməsi tərəfindən müəyyən edilmiş 30 manat cərimə məbləğinin borc məbləğinə adekvat olmaması ilə bağlıdır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələb etdiyi əsas borc 421.51 (dörd yüz iyirmi bir manat əlli bir qəpik) manat, faiz borcu 102.48 (bir yüz iki manat, qırx səkkiz qəpik) manat, cərimə borcu isə 665.27 (altı yüz altmış beş manat iyirmi yeddi qəpik) manat olmuşdur. Rayon məhkəməsi cərimə məbləğini 30 manat müəyyən etmişdir.
16. Rayon məhkəməsi Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən cərimə məbləğini 30 manat müəyyən etməkdə haqlı olduğundan, həmin məbləğ əsas və faiz borcuna münasibətdə və işin hallarına müvafiq olmaqla apellyasiya şikayətinin dəlili əsassızdır və təmin edilə bilməz.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
18. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
20. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 oktyabr 2021-ci il tarixindən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə edilmiş dəyişikliyə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər (maddə 402.1). Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin 2(007)-1234/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Emin Mehdiyev Anar Tanrıverdiyev