Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-582/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbinə”nə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5476/2011 saylı, 20 sentyabr 2011-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehdan 18731 manat məbləğində əsas kredit borcun, 1502 manat məbləğində hesablanmış faiz borcunun, 1112 manat məbləğində dəbbə üzrə borcun, cəmi 21345 manat məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5476/2011 saylı, 20 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı "xxxx" ASC-nin xeyrinə Cavabdehdan 18731 (on səkkiz min yeddi yüz otuz bir) manat əsas kredit borcu, 1.502 (bir min beş yüz iki) manat məbləğində hesablanmış faiz borcu, 500 (beş yüz) manat məbləğində dəbbə pulu, cəmi 20.773 (iyirmi min yeddi yüz otuz bir) manat məbləğində borcun və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh narazı qalaraq apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini kredit müqavviləsi və kassa məxaric orderində olan imzaların ona məxsus olmadığı arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsi, ekspert qarşısında Mülki işin 6-8-ci səhifələrində olan 17 fevral 2011-ci il tarixli 2663 saylı kredit müqaviləsinəki və 15-ci səhifəsindəki 03M saylı kassa məxaric orderindəki imzalar Cavabdeh tərəfindən icra olunmuşdurmu sualının qoyulması, müqayisəli tədqiqat zamanı iş materiallarında olan imza (xətt) nümunələri isə eksperimental nümunələr qismində istifadə olunması, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi, rəy verilməsi üçün ekspertə mülki işin materialları təqdim olunması, ekspertə, Azərbaycan Respublikası CM-nin 297-ci maddəsində nəzərdə tutulan bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilməsi və rəy alınanadək işin icraatı dayandırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 31 may 2021-ci il tarixli qərardadı ilə işin dayandırılmasına səbəb olmuş hallar aradan qalxıdığından iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil, apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, təqdim edilmiş ekspert rəyinə əsasən kassa məxaric orderindəki imza Cavabdeh məxsus olmaması müəyyən edilmişdir. Belə olan halda da iddia tələbi rədd edilməli eyni zamanda imzanın saxtalaşdırılması faktı ilə bağlı xüsusi qərardad qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, izahatları dinləyərək məhkəmə kollegiyası aşağıdakı nəticəyə gəlir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, "xxxx" ASC-nin Qaradağ filialı ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2011-ci il tarixli 2663 saylı kredit müqaviləsinə əsasən Bank ona 24 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 19990 manat məbləğində kredit verilmişdir. İddiaçı məhz həmin müqaviləyə istinad edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də müqavilə əsasında cavabdehin öz öhdəliklərini icra etmədiyi qənaəti ilə iddianı qismən təmin etmişdir. Bununla belə, cavabdeh həmin kredit müqaviləsini mübahisələndirərək belə bir müqavilə bağlamadığını, bankdan hər hansı məbləğdə pul götürmədiyini irəli sürmüşdür. Apellyasiya baxışı zamanı işin obyektiv həlli üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması üçün iddiaçı bankdan tərəflər arasında bağlanmış kredit müqaviləsinin əsli eləcə də kassa məxaric orderinin əsli tələb edilmişdir. İddiaçı bank tərəfindən kassa məxaric orderi təqdim edilsə də, müqavilənin əsli təqdim edilməmişdir. Bu baxımdan da ekspertiza kassa məxaric orderinə münasibətdə həyata keçirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2021-ci il tarixli, 4/429 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 17 fevral 2011-ci il tarixli, 03m saylı kassa məxaric orderinin aşağı sağ hissəsində imza qrafasında olan imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 124 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi 17 fevral 2011-ci il tarixli 2663 saylı kredit müqaviləsinə əsasən verilmiş kreditin bankdan götürülməsinə dair həmin tarixli 03m saylı kassa məxaric orderindəki imzanın Cavabdeh məxsus olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsaslar olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 17 fevral 2011-ci il tarixli 2663 saylı kredit müqaviləsi üzrə verilmiş pulun götürülməsi barədə kassa məxaric orderindəki imza Cavabdeh məxsus olmadığından sonuncunun da iddiaçı bank qarşısında hər hansı öhdəliyinin olmamasını təsdiq edir. Beləliklə işin materialları ilə müəyyən edilmiş halı ondan ibarətdir ki, Cavabdeh tərəfi olduğu kredit müqaviləsi ilə bağlı sənədlərə imza etməmiş, müqaviləyə dair hüquqi proseslər barəsində tərəf kimi faktiki iştirak etməmiş, hərəkətləri ilə mülki hüquqlar əldə etməmiş və özü üçün mülki vəzifələr yaratmamış, müqavilə şərtləri onun iradəsi çərçivəsində müəyyənləşdirilməmiş, bankdan pul götürməmişdir. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi rədd edildiyindən ekpertiza tədqiqatının dəyəri olan 124 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci və 385.1.3-cü maddələrinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5476/2011 saylı, 20 sentyabr 2011-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbinə”nə dair iddiası təmin edilməsin. İddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 124 (bir yüz iyirmi dörd) manat iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-582/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-582/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver