Məhkəmə qərarları › İş №2(103)-582/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-582/2023

27.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-582/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh İsgəndər qızına qarşı “mənzilə köçürülmə, mənzildən istifadə qaydalarının müəyyən edilməsi və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzilə köçürülmə, mənzildən istifadə qaydalarının müəyyən edilməsi və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı1, Cavabdeh iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-3196/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı – iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 yetkinlik yaşına çatmayan X3 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 68 ünvanında yerlləşən 3 otaqdan ibarət olan 97 nömrəli mənzilə köçürülməklə, mənzildən istifadə qaydasının müəyyən edilməsi və mənzildən istifadəyə Cavabdeh və digər şəxslər tərəfindən olan maneənin aradan qaldırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.1974-cü ildə Bakı şəhərində doğulmuşdur. 1983-cü il tarixindən yuxarıda qeyd olunan ünvan 1 ünvanında yaşamışdır. 1993-cü ildə isə müddətli həqiqi hərbi xidmətə getmiş və hərbi xidmətdən qayıtdıqdan sonra təkar həmin ünvana qayıtmış, 2000-ci il tarixində İddiaçı3 ilə faktiki ailə həyatı qurmuş və birgə nikahlarından iki övları xx.xx.2001-ci il təvəllüdlü İddiaçı2 Yusif oğlu və xx.xx.2005-ci il təvəllüdlü X3 doğulmuşdur. Nikahlarını xx.xx.2007-ci il tarixində rəsmiləşdirmişlər. X2 xx.xx.2016-ci il tarixində vəfat etmiş, bundan sonra ailə münasibətləri pozulduğundan məcburiyyət qarşısında qalaraq, müxtəlif ünvanlarda kirayədə yaşamağa məcbur qalmış, hal-hazırda ünvan 2 ünvanında həyat yoldaşı İddiaçı3, oğlu İddiaçı2 və qızı ilə birlikdə kirayədə yaşayır. Cavabdeh dəfələrlə qeydiyyatda olduqları mənzilə ünvan 1 ünvanına qayıtmaq və həmin mənzildə yaşamaq istədiklərini bildirsə də, lakin buna etiraz edərək razı olmamışdır. Hazırda mövcud vəziyyətlə əlaqədar gəlirləri azalmışdır, dolanışıq xərclərini ödəməkdə çətinliklər çəkirlər. Kirayə qaldıqları evin sahibi qohumu olsa da, faktiki yaşadığı evdən çıxmaqlarını tələb edir. Anası hazırkı iş üzrə Cavabdeh isə qəti olaraq iddiaçıların həmin ünvana köçüb yaşamağına etiraz edir. Belə ki, həmin mənzil anası Cavabdeh mülkiyyətindədir və onun mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatından keçmişdir. İddiaçı1, oğlu İddiaçı2, qızı X3, anası Cavabdeh, X1 və onun oğlu X6 həmin evə qeydiyyatdadırlar. Həmin mənzildə Cavabdeh tək yaşayır. X1 və onun oğlu X6 həmin ünvanda qeydiyyatda olsalar da, ünvan 3i olaraq yaşayırlar.

3. Xətai Rayon Məhkəməsinin 2(011)-3196/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Lalə Rəhimli) ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. İddiaçılar qətnamədən birgə verdikləri apellyasiya şikayəti məzmunca iddia ərizəsi ilə eyni məzmunludur, həmçinin qeyd edirlər ki, ailə münasibətləri pozulduğuna həmin ünvandan köçmək məcburiyyətində qalmışlar, hazırda maddi imkanları olmadığından qeydiyatda olduqları mənzilə köçürülməyi tələb edir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaq təmin edilməməsini xahiş etdi, bildirdi ki, İddiaçı1 onun oğludur, 1983-cü ildə əsgər getmişdi, 4 il orada qaldı, orada həbsxanaya da düşmüşdü, sonra gələndə bildirdi ki, evlənmək istəyir, 2000-ci ildə qız qaçırdı, Novruz bayramına yaxın idi, gəlini onların evinə gətirmədi, gəlin bir gün belə onun evində yaşamayıb, onun evə qeydiyyatı da yoxdur, nəvələri də həmin evdə doğulmayıb. O, evi 2014-cü ildə özəlləşdirib, oğlu isə 2015-ci ildə qeydiyyata düşmüşdür. Sübutların tədqiqi:

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı1, X3, İddiaçı2, Cavabdeh, X5, X6, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 68 saylı evin 97 saylı mənzildə qeydiyyatdadırlar.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 68 saylı evin 97 saylı mənzili xx.xx.2014-cü il tarixindən tam pay olaraq Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən bildirilmişdir ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı1 xx.xx.2015-ci il tarixdən ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmış və hazırda həmin ünvanda qeydiyyatdadır. Əlavə olaraq bildirilir ki, Baş İdarəyə bilavasitə tabe olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzi üzrə regional qrup tərəfindən qeyd olunan şəxsə verilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda onun göstərilən ünvanda qeydiyyata alındığı tarix texniki səhv nəticəsində “31 may 2007-ci il” kimi göstərilmiş və qeyd olunan səhv aradan qaldırılaraq onun adına təkrar arayış verilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasinin Konstitusiyası

10. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

11. Maddə 29.İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

12. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi:

13. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

14. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

16. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

17. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

18. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

19. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi

20. Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri

21. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.

22. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.

23. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

24. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

25. Maddə 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ

26. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir.

27. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.

28. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

29. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması

30. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

31. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması

32. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir.

33. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

34. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və digər qanunvericilikdə göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarı:

36. ...Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

40. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

41. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

42. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

43. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

46. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

47. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

48. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

49. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıların birgə şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

50. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

51. Kollegiya qeyd edir ki, iddiaçı həmin mənzildə 2016-cı ilə kimi ailəsi yaşadığını qeyd etsə də, bunun təsdiqi kimi hər hansı sübut verməmişdir.

52. Əksinə cavabdehin izahatı ilə onun evdən uzun müddətdir çıxıb getdiyi, 2014cü ildə cavabdehin adına özəlləşdirilən mənzilə 2015-ci ildə qeydiyyata düşdüyü təsdiq edilir (bənd: 8, 9,).

53. Azərbaycan Respublikasının xx.xx.1982-ci il tarixli qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır.

54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

55. Belə olan halda, qeyd edilən mənzilin mülkiyyətçisi olan cavabdeh ilə iddiaçılar arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da onların qeyd edilən mənzildən istifadə hüquqları yaranmadığından, rayon məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.

56. Kollegiya yuxarıda qeyd edilən əsaslara görə qeyd edir ki, MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

57. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etbarı ilə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçıların özünə aid edilməlidir.

59. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-3196/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar