Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5820/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-nə qarşı "icarə müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borcun ödənilməsi” tələbi) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-194/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh MMC-nə qarşı "icarə müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMCdən 20 may 2019-cu il tarixli icarə müqaviləsi üzrə 6675 manat icarə haqqı borcu, 333,75 manat faiz borcu, vəkilin göstərdiyi yardıma görə 200 manat xərc, dövlət rüsumu olaraq ödənilmiş 92,08 manat, yekun olaraq 7300,83 manat pulun tutularaq iddiaçı X1 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı müİkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini 20 may 2019-cu il tarixdə aylıq 800 manat ödəmək şərtilə Cavabdeh MMC ilə müqavilə bağlayaraq icarəyə vermişdir. Müqaviləni etibarnamə əsasında onun nümayəndəsi X2 imzalamışdır. Həmin müqaviləyə tərəflər arasında sonradan 9 iyun 2021-ci il tarixində dəyişilik edilmiş, müqaviləni müddəti xx.xx.2021-ci il tarixinə qədər, aylıq icarə haqqının məbləği isə 300 manat müəyyən olunmuş və əlavə sazişin xx.xx.2021-ci il tarixindən qüvvəyə minməsi razılaşdırılmışdır. 2022-ci ilin yanvar ayında icarəçi Cavabdeh MMC müqavilədə nəzərdə tutulmuş qaydada təhvil-təslim aktı imzalamaqla icarə obyektini təhvil verməli olduğu halda, sadəcə obyektin açarlarını vermiş və icarə müqaviləsi üzrə borclarını ödəyəcəyinə söz versə də, buna əməl etməmişdir. 20 may 2019-cu il tarixli müqavilə üzrə xx.xx.2020-ci il tarixinə kimi icarəçi Cavabdeh MMC aylıq icarə haqqını ödəmişdir. İcarə haqqının Beynəlxalq Bankda açılmış hesaba köçürülmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin 01 mart 2020-cil tarixindən başlayaraq, icarəçi müqavilə üzrə öz öhdəliyini tam yerinə yetirməmişdir. Ümumilikdə müqavilə üzrə üzrə icarəçi Cavabdeh MMC 6575 manat əsas borcla birlikdə, 328,75 manat faiz borcunu icarəyə verənə ödəməlidir. 19 oktyabr 2022-ci il tarixdə pretenziya məktubu ilə icarəçi Cavabdeh MMC-yə müraciət olunaraq xahiş olunmuşdur ki, bir həftə ərzində qeyd edilən borcu icarəyə verənin Bank hesabına keçirsin, əks halda məhkəməyə iddia ərizəsi ilə müraciət olunacaqdır. Lakin icarəçi pretenziya məktubuna cavab verməmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir)
3. Səbail Rayon Məhkəməsinin 2(009)-194/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia qismən təmin edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən İddiaçı xeyrinə xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 5894,75 manat icarə haqqı borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə 294,75 manat, hüquqi xidmət üçün 200 manat və ödənilmiş 92,08 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6481,58 manatın tutulması müəyyən edilmiş, qalan hissədə iddia təmin edilməmişdir.
4. İddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh isə qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, həqiqətən də iddiaçı ilə icarə müqaviləsi bağlanmışdır. Tərəflər arasında olan razılaşmaya əsasən icarə haqqı bank hesabına köçürülməli idi. Hesaba köçürülməyən icarə haqqı nağd şəkildə iddiaçının özünə ödənilmişdir, buna görə də iddiaçı bu müddətdə bir dəfə də olsun icarə haqqının ödənilməsinə görə müqavilənin ləğvi ilə bağlı tələb qaldırmamış, yalnız müqavilə müddəti bitdikdən sonra, icarə obyektini tərk etdikdən sonra hazırki iddianı irəli sürmüşdür. İcarə müqaviləsinə dəyişiklik edilməsinə dair xx.xx.2021-ci il tarixli müqavilədə, ümumiyyətlə, icarə haqqı üzrə borcun olması qeyd edilməmişdir. Bu onu təsdiq edir ki, iddiaçı icarə borcunun olmaması ilə razılaşmışdır. Məhkəmə isə iş üçün əhəmiyyətli olan bu hala əhəmiyyət verməmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, ödəyəcəyinə söz versə də, bundan yayınmış, xx.xx.2022-ci il tarixli pretenziya məktubuna məhəl qoymamışdır. İcarə haqqının qalan hissəsinin nağd formada ödənildiyini bildirən cavabdeh bunu sübut etməlidir, lakin onun belə bir sübutu yoxdur. Qarşı tərəf sadəcə vaxt qazanmaq üçün şikayət vermişdir, ona görə də şikayətin təmin edilməməsini, qətnamənin qüvvədə qalmasını xahiş etdi.
7. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, səbəbələri barədə məhkəməyə məlumat verilməmişdir. Belə olan halda, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
8. 20 may 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, 20 may 2019-cu il tarixində icarəyə verən fiziki şəxs İddiaçı Abdutovna ilə icarəçi Cavabdeh MMC arasında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 142.1, kv metrdən ibarət olan icarə obyekti üçün ayda 800 (səkkiz yüz) manat icarə haqqı ödənilməsi şərti ilə icarə müqaviləsi bağlanılmışdır.
9. xx.xx.2019-cu il tarixli, 3M-152 nömrəli icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında əlavə müqavilə (saziş)-indən görünür ki, həmin müqaviləyə tərəflər arasında sonradan 9 iyun 2021-ci il tarixində dəyişilik edilmiş, müqaviləni müddəti xx.xx.2021-ci il tarixinə qədər, aylıq icarə haqqının məbləği isə 300 (üç yüz) manat müəyyən olunmuş və əlavə sazişin xx.xx.2021-ci il tarixindən qüvvəyə minməsi razılaşdırılmışdır.
10. Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvani küçəsi,10 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır.
11. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış uçota dair xx.xx.2022-ci il tarixli, **********766800 nömrəli arayışdan görünür ki, vergi ödəyəcisinin dövlət reyestrində olan məlumatlara əsasən vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir.
12. "xxxx" ASC-nin ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 4 saylı Vəkil Bürosuna hüquqi yardıma görə 200 manat ödəniş olmuşdur.
13. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2023-cü il tarixli, 9/2103 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 20 may 2019-cu il tarixli və 20 iyun 2021-ci il tarixli müqavilələrində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh MMC-nin İddiaçı xx.xx.2022-ci il tarixə olan borcu 6.190.00 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 5.894,75 manat, cərimə borcu üzrə 294,75 manat müəyyən edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
14. Maddə 6.2. Fıziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
15. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. (Maddə 405.1.) Qanunun yuxarıda göstərilən normalarının dispozisiyasına əsasən bağlanmış müqavilələr o şərtlər əsasında yerinə yetirilməlidir ki, tərəflər bu şərtlər əsasında razılığa gəlmişlər və bu şərtlər dəyişilməzdir. Ona görə də, müqavilənin qüvvəsi bir qayda olaraq onun iştirakçılarının öz öhdəliklərini tamamilə icra etməsi ilə bitir.
16. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır.
20. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
21. Maddə 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan
23. istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
26. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
27. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
28. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
29. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
32. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
34. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Cavabdehin apellyasiya şikayətinin iki dəlili var: 1) tərəflər arasındakı razılaşmaya əsasən bank hesabına köçürülməli olan icarə haqqı nağd şəkildə iddiaçının özünə ödənilmişdir; 2) icarə müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli müqavilədə, ümumiyyətlə, icarə haqqı üzrə iddiaçının iddia etdiyi borc məbləği qeyd edilməmiş, bu da onunla təsdiq edilir ki, cavabdehin borcu olamamışdır.
37. Kollegiya şikayətinin “cavabdehin icarə haqqını bank hesabına deyil, nağd şəkildə iddiaçının özünə ödəməsilə bağlı” dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasındakı icarə müqaviləsinin şərtinə görə icarə haqqı bank hesabına ödənilməli idi, cavabdeh isə aylıq icarə haqqını iddiaçının bank heabına deyil, iddiaçının özünə nağd şəkildə ödədəyini bildirir, bu halı sübut etmək cavabdehin vəzifəsidir, buna baxmayaraq, cavabdeh bununla bağlı apellyasiya şikayətinə hər hansı sübut əlavə etməmişdir, halbuki AR MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu mənada, cavabdeh tərəfin belə bir sübutu olsaydı, onu şikayətə əlavə etməsi qaçılmaz idi. Deməli, cavabdehin belə bir sübutu olmamışdır. Bundan başqa, mülki işdə olan "xxxx" ASC-nin hesabdan çıxarışından görünür ki, cavabdeh tərəfindən iddiaçı tərəfin bank hesabına müəyyən ödənişlər edilmişdir. Buna görə də apellyasiya şikayətinin bu dəlili əsassızdır və təmin edilə bilməz.
38. Apellyasiya şikayətinin digər dəlili - icarə müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı müqavilədə, ümumiyyətlə, icarə haqqı üzrə iddiaçının iddia etdiyi borc məbləğinin qeyd edilməməsi, bununla da onun borcunun olmaması qənaətinə gəlinməsi” barədə bildirdikləri sadəcə subyektiv mülahizələrdən və ehtimallardan ibarət olmuşdir, sübut deyildir, buna görə də apellyasiya şikayətinin bu dəlili də əsassız olmuşdur, demək ki, şikayət təmin oluna bilməz. Nəticə:
39. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
40. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
41. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-194/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov