Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5823/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi üzrə (Açar sözlər: aliment) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3042/2023 nömrəli, 09 iyun 2023cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuşlar.
2. Tərəflərin birgə nikahından iki övladları, xx.xx.2015-ci il təvəllüdlü Mustafazadə Mədinə Emin qızı və xx.xx.2017-ci il təvəllüdlü Mustafazadə Amira Emin qızı doğulmuşdur. Tərəflərin nikahı Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-3029/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, birgə nikahdan doğulmuş 2 uşağın iddiaçının himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehdən xx.xx.2015-ci il təvəllüdlü Mustafazadə Mədinə Emin qızı və xx.xx.2017-ci il təvəllüdlü Mustafazadə Amira Emin qızının yetkinlik yaşına çatana kimi saxlanması məqsədilə hər ay hər uşağa görə sabit pul məbləğində 220 manat pulun xeyrinə tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə rəsmi nikaha daxil olmuşlar. Ailə həyatı qurduqdan sonra birgə nikahdan 2 övladları dünyaya gəlmişdir. Yetkinlik yaşına çatmamış övladları böyüdükcə onların təlabatı və müvafiq olaraq xərcləri də artır. Övladlarının xərclərini qarşılamaq üçün hazırda heç bir maddi imkanı yoxdur. Özünün heç bir rəsmi işi, ümumiyyətlə hər hansı bir gəliri yoxdur. Övladlarını saxlamaq üçün çox böyük maddi və mənəvi çətinliklərlə üz-üzədir, əgər övladlarının saxlanması üçün atası tərəfindən yaşayış minumumu məbləğində aliment ödənməzsə, onların şəxsi inkişafı, təhsili, bir sözlə, cəmiyyətə inteqrasiyası dayanacaq, həyatları məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaqdır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3042/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddianın qismən təmin edilməsi, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-3029/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü Mustafazadə Mədinə Emin qızı və xx.xx.2017-ci il təvəllüdlü Mustafazadə Amira Emin qızının yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1 və 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbindən göründüyü kimi, bir uşağın saxlanılması üçün minumum 220 manat nəzərdə tutulmuşdur. Göründüyü kimi məhkəmə qanunun bu tələbini kobud şəkildə pozmaqla bərabər iddiaçı və uşaqları ağır maddi durumda qalmışdır, uşaqların nəinki saxlanmasına, heç yeməyinə belə çatmayacaq məbləğdə (300 manat) aliment təyin etmişdir. Birinci instansiya məhkəməsi qətnamədə uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi cavabdehin maddi vəziyyətinin aşağı səviyyədə olması qənaətinə gəlmiş, lakin bunu əsaslandırmamışdır. Eyni zamanda, iddiaçının məhkəmədən gizlədə biləcəyi bir gəlirinin olması ehtimalı araşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
12. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
13. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
14. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
15. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
16. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
17. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun
18. Maddə 13 uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır.
19. “Azərbaycan Respublikasında 2022-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.3 apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırki halda iddiaçı qətnamənin dəyişdirilməsini xahiş etdiyindən, qətnamə apelyasiya şikayəti həddində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3042/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qətnaməsi “xx.xx.2015-ci il təvəllüdlü Mustafazadə Mədinə Emin qızı və xx.xx.2017-ci il təvəllüdlü Mustafazadə Amira Emin qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin müəyyən edilməsi hissəsində dəyişdirilərək, həmin məbləğ hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat məbləğində müəyyən edilməlidir.
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aliment məbləğinin müəyyən edilməsi ilə bağlı gəlmiş olduğu nəticədə haqlı olmamışdır.
29. Belə ki, yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini başlıca olaraq, uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılmasını tələb edir və iddiasının əsas dəlili kimi qeyd edir ki, təyin edilmiş aliment uşağın daimi artan zəruri maddi ehtiyaclarını ödəmək üçün yetərli deyil.
30. Məhkəmə kollegiyası iddiaçının göstərdiyi dəlililə bağlı qeyd edir ki, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir.
31. Göstərilən müddəadan da görünür ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zərurliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların böyüməsi ilə onların zəruri (qida, geyim, məktəb və s.) təlabatlarının artması alimentin məbləğinin artırılmasını şərtləndirən hal kimi qəbul oluna bilər.
32. Nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün alimentin artırılması barədə sonuncu qətnamə qəbul edildikdən sonra, yəni 2021-ci il tarixdən bəri uşaqların saxlanması üçün minumum xərc, eləcə gündəlik qida, geyim, habelə dərman və s. həyat üçün zəruri vasitələrin dəyəri əhəmiyyətli dərəcədə artmışdır.
33. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, uşağın böyüməsi ilə onun xərclərinin və yuxarıda qeyd edilən tələbatlarının artması hazırda onun zəruri maddi ehtiyaclarının tam ödənilməsi üçün yetərli hesab edilə bilməz.
34. Odur ki, birinci instansiya hər ay hər bir uşaq üçün 150 manat sabit pul məbləğində aliment məbləğini müəyyən etməsi bir uşağın saxlanması üçün qanunla müəyyən edilmiş minimum xərcin məbləğinin artırılmasını, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanılması üçün yetərli deyil.
35. Kollegiya tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün təyin edilmiş alimentin məbləği hər ay hər uşaq üçün 200 manat məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Həmçinin, nəzərə alınmalıdır ki, artan xərclər nisbətində əvvəl müəyyən edilmiş aliment cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını da tam əhatə etmir.
36. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində də tövsiyyə edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
37. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2023-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmiş olsa da, qanunvericiliyin tələbinə görə valideynlərin hər ikisi öz uşaqlarını saxlamaqda bərabər hüquq və vəzifələrə malikdirlər.
38. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 220 manat olmaqla, 440 manat məbləğində alimentin tutulması onun maddi vəziyyətini həddən artıq ağırlaşdıra bilər, belə ki, cavabdehin maddi imkanı göstərilən həcmdə aliment ödəməsinə imkan vermir. İddiaçı da cavabdehin qazancı, yaxud tələb etdiyi alimenti onun ödəyə biləcəyi maddi duruma sahib olması barədə məhkəməyə əlavə sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehdən tutulacaq alimentin artırılaraq hər ay hər uşaq üçün 200 manat olmaqla, 400 manat müəyyən edilməsini daha məqsədə uyğun hesab edir.
39. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3042/2023 nömrəli, 09 iyun 2023cü il tarixli qətnaməsi “xx.xx.2015-ci il təvəllüdlü Mustafazadə Mədinə Emin qızının və xx.xx.2017-ci il təvəllüdlü Mustafazadə Amira Emin qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin müəyyən edilməsi hissəsində dəyişdirilərək, həmin məbləğ hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat məbləğində müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.