Məhkəmə qərarları › İş №2(103)-5826/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5826/2021

16.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5826/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1903/2021 saylı 19 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli, 2(010)-4914/2015 saylı qətnaməsi ilə Cavabdeh hər ay bir uşaq üçün 160 (yüz altmış) manat məbləğində aliment pulunun miqdarı artırılaraq, 10 dekabr 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 176 (bir yüz yetmiş altı) manat sabit pul məbləğində alimentin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Suraxanı Rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli, 2(010)- 4914/2015 saylı qətnaməsi ilə 10 dekabr 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli, 2(010)-4914/2015 saylı qətnaməsi ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2573/2010 saylı, 26.11.2010-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin cavabdehdən hər ay aylıq qazancının (başqa gəlirinin) 1/3 hissəsi miqdarında alimentin tutulmasıilə bağlı hissədə dəyişdirilmədən və həmin qətnamə ilə sabit pul miqdarında müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh birgə nikahlarından doğulmuş 24 noyabr 1999-cu il təvəllüdlü X2 və 10 dekabr 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 26 may 2015-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 80 manat, cəmi 160 manat, sabit pul məbləğində aliment pulu alması qət dilmişdir. Qətnamə qət edildiyi gündən o, Cavabdeh aliment pulunu almışdır. 24.11.2017-ci il tarixdə qızı X4 yetkinlik yaşına çatmışdır. 2017-ci ilin noyabr ayından Cavabdeh ona yalnız 10 dekabr 2004-cü il təvəllüdlü X1 aliment üzrə ödəmələrini etmişdir. O da hər ay bir uşaq üçün əmək haqqından 80 manat və sabit pul məbləğində 80 manat olmaqla 160 manat təşkil edir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1903/2021 saylı 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4914/2015 nömrəli iş üzrə qəbul etdiyi 16 iyul 2015-ci il tarixli qətnaməsi ilə 10 dekabr 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi, dəyişdirilən aliment məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh oğlu verdiyi apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Badamdar qəsəbə Mədəniyyət evində direktor işləyir və aylıq maaşı 406 manatdır. Ailə Məcəlləsinin 78-ci maddəsində sabit pul məbləğində alimentin tutulmasının qaydaları müəyyən edilmişdir. O, işlədiyindən bu maddə ona tətbiq edilə bilməz. Həmçinin o, ailə həyatı qurmuş və həmin nikahdan bir övladı var. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdej məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdehin məhkəmə iclasına üzürlü səbəb olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1903/2021 saylı 19 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4914/2015 nömrəli iş üzrə qəbul etdiyi 16 iyul 2015-ci il tarixli qətnaməsi ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2573/2010 saylı 26.11.2010-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin cavabdehdən hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulması ilə bağlı hissədə dəyişdirilmədən və həmin qətnamə ilə sabit pul miqdarında müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh tərəflərin birgə nikahından doğulmuş 24 noyabr 1999-cu il təvəllüdlü X2 və 10 dekabr 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 26 may 2015-ci il tarixindən başlayaraq, hər ay hər uşağa görə 80 manat, cəmi 160 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasıəsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, hazırki iddia tələbi iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli, 2(010)-4914/2015 saylı qətnaməsinə əsasən tutulan alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Tərəflər arasındakı hazırki mübahisənin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Lakin mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü nəzərə alındıqda iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Buna görə də, birinci instansiya məhkəməsi ölkə üzrə 2021-ci il üçün uşaqlar yaşayış minimumunu nəzərə almaqla alimentin miqdarının 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Alimentin məbləği ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, cavabdeh 406 manat məvacib aldığını və bundan başqa gəlirinin olmadığını qeyd etmişdir. Cavabdehin qeyd etdiyi hallar qəbul edilsə belə, sonuncunun uşağının saxlanılmasında, getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Ona görə də, kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsaslı sayıla və təmin edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayəti yuxarıda qeyd edilənlərə əsasən təmin edilə və şikayətdə göstərilən hallar həmin qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1903/2021 saylı 19 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1903/2021 saylı 19 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kasasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar