Məhkəmə qərarları › İş №2(103)-5827/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5827/2024

24.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5827/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: dəymiş zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-402/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. 13 sentyabr 2023-cü il tarixdə baş vermiş hadisə zamanı İddiaçı məxsus “Renault Clio” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə Cavabdeh məxsus “VAZ” 2104 markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən zərər dəymişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən vurulmuş zərərə görə 5840 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 13 sentyabr 2023-cü il tarixdə Cavabdeh idarə etdiyi “Lada 04” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq iddiaçının idarə etdiyi “Renault” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəsdən 5840 manat məbləğində zərər vurmuş və maşının hər iki tərəfini yararsız hala salmışdır. Cavabdeh vurduğu zərərin aradan qaldırılması ilə bağlı heç bir hərəkət etməmiş, dəfələrlə vurulan zərərin ödənilməsi tələb edilsə də, heç bir nəticə verməmişdir. Bu səbəbdən də iddiaçı məhkəmə müdafiəsi hüququndan istifadə etmək məcburiyyətində qalmışdır.

4. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-402/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh dəymiş zərərə görə 2815 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh həmin zərərin onun tərəfindən qəsdən vurulmadığına görə məsuliyyətinin istisna olunduğunu hesab etsə də məhkəmə qeyd edir ki, zərərin qəsdən vurulmaması təqsirsizliyi ehtiva etmir. Hətta bu qəbildən olan mübahisələrdə təqsir olmadan da zərərin vurulmasına görə mülki məsuliyyət nəzərdə tutulmuşdur. Çünki, Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Maddi ziyanın məbləği ilə bağlı qeyd etmişdir ki, iddiaçı maddi ziyana görə cavabdehdən 5840 manat tələb etsə də, xx.xx.2024-ci il tarixli 9/2416 saylı ekspert rəyi ilə nəqliyyat vasitəsinə dəymiş maddi ziyan 2815 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Ekspert rəyi ilə müəyyən edilən maddi ziyanın məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalqa maddi ziyanın tutulması hissəsində iddia qismən təmin edilməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1, 21.2, 1096, 1097, 1108-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-402/2024 saylı qətnaməsinin ləğv edib apellyasiya şikayətinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin hazırlıq iclasında, məhkəmə baxışında dəfələrlə şihfahi olaraq baş vermiş məsələ ilə bağlı qərar qəbul edilməmişdən əvvəl vurulmuş zərərin sığorta hissəsindən qarşılanması üçün Suraxanı RPİ-dən sığorta üçün tələb olunan forma 4 arayışının veriməsini təmin edilməsini və məhkəmə baxışına ehtiyac qalmayacağını, vurulmuş zərərin həddindən artıq çox olmasını, sığorta tərəfindən vurulmuş zərərlə bağlı hər hansısa bir qiymətləndirilmə aparılmadığını bildirməyinə baxmayaraq bir nəticəyə hasil ola bilmədi. Məhkəmə qətnaməsində Mülki Məcəllənin istinad edilən normalarından göründüyü kimi mülki hüquq pozuntusu vurulmuş zərərə görə mülki məsuliyyət daşımaqdadır. Həmin məsuliyyətin aradan qaldırılması məhkəmə prosesindən əvvəl nizama salınır. İlk olaraq həmin normaların tənzimlənməsindən əvvəl o halda baş verə bilərdi ki, göstərilən xüsusatlar aradan qaldırılmış olmasın. Hesab edilməlidir ki, vurulmuş zərər avtomobil üçün 2815 manat təşkil etməkdədir ki, həmin zərər sığorta hissəsi ilə də qarşılanır. Məhkəmə işi icraata qəbuledib qətnamə qəbul etməmişdən əvvəl mülki iş üzrə əhəmiyyətli olan sübutların əldə edilərək nəticə etibarı ilə mümkünlüyünü aradan qadırmalı idi

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

10. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında əlavə olaraq bildirir ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Sığorta üçün tələb olunan Forma 4 arayışını ala bilməmidir. Sığorta hadisəsi ilə bağlı müraciətlər olmayıb. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

11. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, cavabdeh maşını qəsdən həyətdə vurub. Onun oğlu şəhid olub. Digər iki uşağına təkbaşına baxır. Cavabdeh uşaqlarına baxmır. Onun ayaqlarında problem olduğu üçün 13 yaşında uşağı, qab yuyur ki, qazanc əldə etsin. Onun uşağı günü 5-10 manata qab yuyur. Apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş edir.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

18. İşin halları ilə müəyyən edilir ki, 13 sentyabr 2023-cü il tarixdə baş vermiş hadisə zamanı İddiaçı məxsus “Renault Clio” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə Cavabdeh məxsus “VAZ” 2104 markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən zərər dəymişdir.

19. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan “Renault Clio” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərin ödənilməsini xahiş edir.

20. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin TŞ-də verilmiş izahatın məzmunundan müəyyən olunur ki, “...xx.xx.2023-cü il tarixdə saat təxminən 12-13:00 radələrində evdən ona zəng gələrək bildirilmişdir ki, Fərqanə yenə gəlmiş, evin pəncərələrinin şüşələrini qıraraq evə girmək istəyir. O da dərhal özünə məxsus “VAZ” 2104 markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək sürətlə evinə doğru hərəkət etmiş və evə çatanda avtomobilin əyləci tutulmuş və yer yaş olduğu üçün avtomobil sürüşərək Fərqanənin avtomobilə dəymişdir. Fərqanə hadisənin qəsdən baş verdiyini bildirərək “DİN”nin 102 xidmətinə zəng etmiş və hadisə yerinə Polis əməkdaşları gəlmişdir. Onun avtomobilinin ili köhnə olduğu üçün əyləcdə nasazlıq yaranmış, həmçinin yer yaş olduğu üçün avtomobil sürüşərək Fərqanənin avtomobilinə dəymişdir ”.

21. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin TŞ-də verilmiş izahatın məzmunundan müəyyən olunur ki, “...xx.xx.2023-cü il tarixdə yenidən həmin evə getmiş, qapını neçə dəfə döysə də qapını açan olmamışdır. O da özünə məxsus “Renault Clio” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək geri qardaşının evinə getmək istəyərkən keçmiş həyat yoldaşının sol tərəfdən gəldiyini görmüşdür. Keçmiş həyat yoldaşı qəsdən sürəti artıraraq onun istiqamətinə doğru hərəkət etməyə başlamış və qəsdən onun avtomobilinin sol tərəfinə çırpılmışdır. Sonra avtomobildən enərək onun avtomobilinə doğru gəlmiş və onu avtomobildən çıxararaq döyməyə başlamışdır. O isə həyat yoldaşının əlindən birtəhər çıxaraq, avtomobili orada qoyaraq hadisə yerindən qaçmış və “DİN”in 102 xidmətinə zəng etmiş və az sonra da hadisə yerinə polis əməkdaşları gəlmişlər.

22. İşin halları ilə müəyyən edilir ki, İddiaçı ilə "xxxx" ASC arasında imzalanmış müqaviləyə əsasən “Renault” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023 – xx.xx.2024-cü il müddətinə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmış, "xxxx" ASC ilə Cavabdeh arasında hadisə xx.xx.2023-cü il tarixli icbari sığorta müqaviləsi bağlanmışdır.

23. Cavabdehin etirazının və apellyasiya şikayətinin dəlili odur ki, baş vermiş hadisə zamanı Cavabdeh təqsiri olmamışdır.

24. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 1097.1-ci maddəsində qeyd edilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (Maddə 1097.3).

25. Mülki Məcəllənin 1108.1-ci maddəsində qeyd edilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

26. Hazırkı işin hallarından görünür ki, cavabdeh baş vermiş hadisə zamanı cavabdehə məxsus avtomobilə dəymiş ziyanla bağlı hər hansı təqsirinin olmasına istinad etsə də, ona zərərin əvəzinin ödənilməsi vəzifəsindən azad edilmək hüququ verən hallar - zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəlməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

28. Birinci instansiya məhkəməsi dəymiş zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 9/2416 nömrəli ekspert rəyində qeyd edilir ki, nəzəri hesablama yolu ilə iddia ərizəsində qeyd edilən xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı, “Reno” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2815 manat müəyyən edilir. O cümlədən: 1) Dəyişilməli hissələrin qiyməti – 1615 manat; 2) Təmir-bərpa işlərinin qiyməti – 1200 manat;

29. Məhkəmə kollegiyası dəymiş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı ekspert rəyinin mötəbər sübut qismində qiymətləndirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mülki Prosesual Məcəllənin 101.7-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

30. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

31. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Cavabdeh tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qətnaməsi əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

32. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

33. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-402/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar